İnformasiya savaşının fədakar iştirakçısı

 

Rövşən Mustafayevin yaradıcılığı və şəxsiyyəti o qədər zəngindir ki, onun haqqında bir məqalədə hər şeyi demək qeyri-mümkündür. Digər tərəfdən, xatirələr, müsahibələr, məqalələr və televiziya verilişlərində Professor (məhz böyük hərflə!) barədə deyilən sözlərlə müqayisədə mənim hər bir ifadəm sadə təkrar kimi səslənə bilər. Lakin mən, bir dost olaraq, Rövşən müəllim haqqında yazmağa özünü mənən borclu sayıram. Quru, rəsmi dildə olan sənədlərin icrasına vərdiş etmiş bir şəxs kimi keçirdiyim hissləri təbii ki, qələmə almaq mənasız olardı. Ona görə yaşadığım hisslərin və keçirdiyim duyğuların dilinə daha çox üstünlük verdim bu yazıda.

Mən, hər şeydən əvvəl, Rövşən Mustafayevin alimliyinə, ziyalılığına, insani keyfiyyətlərinə vurğun bir azərbaycanlı kimi Professor haqqında öz vida sözümü deməyə borcluyam. Yalnız bundan sonra şəxsi münasibətlərin doğurduğu şirin xatirələrin ifadəsinə keçə bilərəm.

Azərbaycanın ilk siyasi elmlər doktoru Rövşən Mustafayevin millətimizə qoyub getdiyi zəngin irsin əsasında Azərbaycan siyasi elminin yeni nəsilləri yeni-yeni ixtiralara nail olacaqlar. Bu irsin unikallığı ondan ibarətdir ki, o adətən hər hansı alimdən qalan kitab və məqalələrlə məhdudlaşmır. Rövşən müəllim özünün “üçüncü övladı” kimi qiymətləndirdiyi İnsan Hüquqları İnstitutu, onun yaratdığı Beynəlxalq Elmi Şura, “Dirçəliş-XXI əsr” jurnalı, təşkil etdiyi çoxsaylı konfransların, xarici dövlətlərdə keçirdiyi tədbirlərin, nüfuzlu elmi forumlardakı çıxışlarının praktik nəticələri, beynəlxalq və xarici elitar elmi qurumlar tərəfindən təltif edildiyi çoxsaylı mükafat və adlar, 100-dən çox yaratdığı elmi əsər Vətənimizin milli intellektual sərvətində layiqli yer tutmuşdur. Ədəbiyyat pərəstişkarları Rövşən Mustafayevi daha çox doğma Azərbaycanımıza məhəbbətlə dolu, xalqımıza məxsus unikal psixoloji xüsusiyyətləri əks etdirən bədii əsərlərin müəllifi, yazıçılıq sahəsində yeni, 70-ci illərin “Bakı impressionizmi” adlandırıla bilən ədəbiyyat janrının yaradıcısı kimi tanıyırlar. Yazıcı Rövşənin povest və novellaları insanların qəlbinə təsirinə görə Professor Mustafayevin araşdırmalarının elmi fikrin formalaşmasına verdiyi töhfəsi ilə müqayisə oluna bilər. Həqiqət isə ondan ibarətdir ki, yazıçılıq istedadı Rövşən müəllimin elmi tədqiqatlarını daha da cəlbedici, onun alimliyindən gələn keyfiyyətlər isə bədii əsərlərinin daha dərin məzmunla dolğun olmasına imkan verirdi.

Mən bu məsələyə ona görə xüsusi diqqət yetirirəm ki, bir sıra “alimlərin” “elmi əsərləri”ndən fərqli olaraq, Rövşən Mustafayevin araşdırmaları geniş oxucu auditoriyasına sahib olur, onun elmi yaradıcılığı praktik nəticələrin əldə edilməsinə imkan verir, ictimai fikri formalaşdırır. Professor Mustafayevin elmi yaradıcılığının bu səmərəliliyi ilk növbədə ondan irəli gəlir ki, mürəkkəb elmi fikirlərin onun tərəfindən bəzi hallarda bədii, hətta emosional üslublardan istifadə etməklə təqdim olunması oxucunun əvvəlcə marağına, nəticə etibarı ilə isə bu fikirlərin qəbul edilməsinə şərait yaradır. Düşmən tərəfin bu üslublardan geniş istifadə etməklə yalan məlumatları yaydığını nəzərə alaraq, real faktlara əsaslanan Rövşən müəllimin “bədii-intellektual” metodikası erməni təcavüzkarları ilə aparılan informasiya savaşında bir sıra ciddi qələbələrin əldə edilməsinə imkan vermiş və səmərəliliyinə görə hələ də aktualdır.

Məhz bu səbəbdən Rövşən Mustafayevin irsini təhlil edərək, onlar digər nailiyyətlərlə müqayisədə qəddar düşmənin beynəlxalq səviyyədə rüsvay edilməsi istiqamətində əldə edilmiş ciddi irəliləyişlər, ən böyük nəticələr kimi qiymətləndirilməlidir. Və məhz bu səbəbdən dövlət başçısının hücum diplomatiyasına dair tapşırıqlarını məharətlə yerinə yetirən və təcavüzlə bağlı informasiya blokadasının yarılmasında əsl qəhrəmanlıq nümayiş etdirən Rövşən müəllim azərbaycanlıların yaddaşında, ilk növbədə, ölkəmizin həqiqət uğrunda apardığı informasiya müharibəsinin fədakar şəhidi kimi qalacaqdır...

Professor Rövşən Mustafayevin vətənpərvərliyi, onun millətə, dövlətə və ölkə başçısına olan yenilməz sədaqəti hər zaman iki ən mühüm amilə - yüksək peşəkarlıq və mənəvi seçimə əsaslanmışdır. “Milli maraqlarla bağlı məsələlərdə fəaliyyətin qeyri - professional yanaşmalara, mənəvi deyil, maddi və yaxud bürokratik dəyərlərə uyğun təşkil olunması nəinki hər hansı müsbət nəticə verməz, hətta böyük ziyana gətirib çıxara bilər”. Rövşən müəllimin həmsöhbətləri ilə daim vurğuladığı bu sözlər onun azərbaycanlı ziyalısı kimi nə qədər böyük bir şəxsiyyət olduğunu bir daha sübut edir.

Rövşən Mustafayevin irsinin digər mənəvi göstəricilərindən biri də onun alimlərə məxsus “insani yumşaqlığı” ilə yanaşı, milli maraqlarımızın müdafiəsində nümayiş etdirdiyi mübarizlikdir. Professorun bu xüsusiyyətinin maraqlı məqamı ondadır ki, o yalnız Azərbaycan və Türkiyə kimi qardaş dövlətlərin siyasət meydanlarında dövlətimizin mənafelərinin mühafizəsində “prinsipiallığı” ilə seçilənlərdən fərqli olaraq, barışmaz mövqeyini istənilən kənar auditoriyada belə cəsarətlə çatdırmaqdan heç zaman çəkinmirdi. Məsələn, böyük dövlətlərdən biri sayılan ölkənin Xarici İşlər Nazirliyi tərəfindən möhtəşəm auditoriya qarşısında təşkil olunmuş elmi-praktik konfrans zamanı Rövşən Mustafayevin məhz bu dövlətin xarici siyasətinin bir sıra məqamlarına, ilk növbədə, Ermənistan-Azərbaycan münaqişəsinə yanaşmalara görə kəskin tənqid etməsi tədbir iştirakçılarını şok vəziyyətinə salsa da, nəticə etibarı ilə bu rəqib meydanda Azərbaycanın elmi fikrinin qələbəsi oldu!

Ölkəmizə qarşı aparılan amansız informasiya müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi altında ilkin mərhələdə strateji dönüşə nail olması, hazırda isə Azərbaycanın bütün cəbhə boyu hücuma keçməsində Rövşən Mustafayev kimi döyüşçülərin fədakarlığı göz qabağındadır. İnformasiya müharibəsinin ön cəbhəsində də vuruşmuş Rövşən Mustafayev sözün əsl mənasında şəhidlik zirvəsinə ucalmışdır. Şəhidlərin adları və əməlləri isə nəsillər tərəfindən daim yaşadılmalıdır. Bu bizim Millətimiz, Dinimiz və gələcək nəsillər qarşısında məsuliyyətimizdən irəli gələn və informasiya müharibəsinin fədakar şəhidi olan Professor Rövşən Mustafayevə hələ ki, tam ödəmədiyimiz mənəvi borcumuzdur...

 

 

Fuad İSGƏNDƏROV,

Azərbaycan Respublikasının

Niderland Krallığındakı fövqəladə

və səlahiyyətli səfiri

 

Xalq qəzeti.- 2009.- 2 aprel.- S. 6.