Azərbaycan İslam mədəniyyəti örnəkləri ilə zəngin ölkədir

 

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bir çox milli-mənəvi dəyərlər yenidən rişələnib formalaşmışdır. Ümummilli liderimiz Azərbaycanda insan hüquq və azadlıqlarının təşəkkülünə, din və vicdan azadlığının təmin olunmasına böyük önəm vermiş, gənclərin milli ruhda tərbiyə almasını, sağlam əqidə sahibi olmasını vacib sayırdı.

Bu nəcib ənənəni bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycanda etiqad azadlığı və tolerantlıq bir çox ölkələr üçün gözəl örnəkdir. Ötən il oktyabrın 24-də Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində vurğulamışdır:

Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq — budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində, mehriban şəraitdə yaşayırlar”.

Fevral ayında “Bakı—İslam mədəniyyətinin paytaxtı—2009" Mədəniyyət ilinin təntənəli açılış mərasimi bir daha göstərmişdir ki, xalqımızın dəyərli olan hər şeyə xüsusi münasibət göstərməsi dünyanın diqqətindən yayınmır. Tədbirdə İSESKO-nun baş direktoru, İslam Konfransı Təşkilatı baş katibinin müavini, çoxsaylı diplomatlar və xarici qonaqlar iştirak edirdilər. İslam aləmində, bütün dünyada elmin, mədəniyyətin, təhsilin inkişafına dəstək verən İslam Təhsil, Elm və mədəniyyət Təşkilatının Bakını özünə bir illik paytaxt elan etməsi çox fərəhli hadisədir. Bakı ”İslam Mədəniyyətinin paytaxtları" proqramında müəyyən edilən bütün meyarlara tamamilə uyğun gəldiyi üçün bu şərəfə nail olmuşdur. İftixarla xatırladım ki, hələ 2006-cı ildə münaqişələrin qarşısının alınmasında, sivilizasiyalararası dialoqun aparılmasında xidmətlərinə, uşaqlara diqqətinə, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adı verilmişdir. Bu ada indiyədək islam dünyasının nüfuzlu 4 ictimai və dövlət xadimi layiq görülüb və Azərbaycanın birinci xanımı bu sırada ilk qadındır. Ötən ilin martında İSESKO-nun Baş Qərargahında (Rabat) Azərbaycan Mədəniyyəti Günləri də milli-mənəvi örnəklərimizin dünyada təbliği baxımından çox böyük önəm daşımışdır.

Azərbaycan dünya müsəlman birliklərində yaxından iştirak edir, bu sahənin bütün beynəlxalq tədbirlərində fəallıq göstərir. Bu qəbildən olan konfrans və simpoziumların vaxtaşırı Bakıda təşkili də qürur doğurur. 1998-ci ilin dekabrında paytaxtımızda “İslam sivilizasiyası Qafqazda” mövzusunda ilk beynəlxalq simpozium, iki il öncə “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” mövzusunda beynəlxalq konfrans, həmçinin “Tolerantlıq örnəyi—Azərbaycan” konfransı və digər tədbirlər də bu qəbildəndir.

Son illərdə Azərbaycan hökumətinin fəaliyyəti ölkəmizdə dini durumun stabilliyinin möhkəmlənməsində böyük rol oynamışdır. DQİDK-nın dini qurumlarla səmərəli əməkdaşlıq əlaqələri qurulub və neqativ hallara qarşı birgə uğurlu mübarizə aparılır. Ölkəmizin dindarları arasında radikallıq meylləri yoxdur. Müxtəliflikdə bir harmoniya olan tolerantlıq insanın əsas hüquq və azadlıqlarının etiraf edilməsi əsasında formaşmış aktiv münasibətlər sisteminə çevrilmişdir.

Martın 18-də ölkəmizin Əsas Qanununa əlavə və dəyişikliklərlə bağlı referenduma çıxarılmış bəzi müddəalar insan hüquqları ilə bağlı təminatların təkmilləşdirilməsinə xidmət etmişdir. Biz də hər kəsin və hər bir qrupun qanun çərçivəsində fəaliyyət göstərməsinin tərəfdarıyıq. Lakin bəzən bu prinsipi pozmaq cəhdləri olur ki, bunların da qarşısı alınır. Məsələn, Sumqayıtda dini kitabların satışı ilə məşğul olan 25-dən çox mağaza fəaliyyət göstərir. Bunların bəzilərində istifadəsi qadağan olunmuş ədəbiyyatların satılması halları olub. Biz mağazalara vaxtaşırı baxış keçirir və qeyri-qanuni ədəbiyyatları götürərək, DQİDK-yə təhvil veririk.
Maarifləndirmə işinə də mühüm əhəmiyyət veririk. Sumqayıt şəhəri Kimyaçılar mədəniyyət sarayında 250 nəfərin iştirakı ilə seminar-treninq, şəhər icra hakimiyyətinin akt zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin, şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevin, habelə şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhərdə fəaliyyət göstərən dini qurumların nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmiş, şəhərdəki dini durum müzakirə olunmuşdur.

“Xəzər” Səhmdar Cəmiyyətinin akt zalında “Heydər Əliyev və dini dəyərlər” mövzusunda konfrans da maraq doğurmuşdur. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədov və YAP gənclər Birliyinin sədri Ramin Həsənov da iştirak etmişlər. Son bir ildə şəhərin 25 orta ümumtəhsil məktəbində “Məktəb və din” mövzusunda görüşlər keçirilmişdir.

Ümumiyyətlə, vaxtaşırı şəhərdə fəaliyyət göstərən dini qurumlarla müntəzəm görüşlər keçirilmiş, onların fəaliyyətinə nəzarət gücləndirilmişdir.

Sumqayıt şəhər hüquq-mühafizə orqanlarının nümayəndələri ilə də dəfələrlə görüşlərimiz olmuşdur. Onlarla, əsasən Sumqayıt şəhərində dini vəziyyətin bugünkü durumu haqqında fikir mübadiləsi aparmışıq.

Azərbaycan İslam dəyərlərinin uca tutulduğu, Şərq mədəniyyətinin örnək nümunələrinin qorunduğu ölkədir. Bu baxımdan qloballaşan dünya üçün bizdən görüb-götürməli nümunələrin çox olması fərəhlidir.

 

 

Neman ƏHƏDOV,

Dini Qurumlarla İş

üzrə Dövlət Komitəsinin

Şimal bölgəsi üzrə aparıcı

mütəxəssisi

 

Xalq qəzeti.- 2009.- 3 aprel.- S. 4.