Sazımız köklü, qılıncımız
kəsərli olsun
Beynəlxalq muğam
festivalının işığında
Həkimlərin ecazkar
musiqiyə məlhəm, ürəyin tac damarlarını genəldici
möcüzəli həb, əsəbləri sakitləşdirici
məcun, ağrı-acını azaldıcı heyrətamiz
mikstura kimi baxmaları qədimdən məlumdur. Görkəmli
cərrah İbrahim Topçubaşovun apardığı cərrahi
əməliyyatları xəstənin zövqünə
uyğun musiqi sədaları altında həyata keçirməsi
bu fəlsəfi-estetik duyğunun şahanə bir zirvədə
olduğuna öz möhürünü vurmuşdur.
Bu ilin Novruz bayramı ərəfəsində
Azərbaycan xalqı özünün zəngin milli-mədəni
sərvətlərinə görə, haqlı olaraq bir daha
qürur hissi keçirdi. İlk dəfə Azərbaycanda Beynəlxalq
muğam festivalının keçirilməsi haqqındakı
xoş xəbər bütün xalqımız, o cümlədən
həkimlər üçün də bahar müjdəçisi
qaranquşun gəlişi qədər sevincli, Novruz
bayramının rəmzlərindən olan novruzgülünun,
boynu bükük bənövşənin torpaqdan boylanması
qədər təravətli, ətirli, ürəkaçan, qəlbə,
könülə yatan oldu. Bu xəbər dahi Heydər Əliyev
ideyalarının təntənəsinə çevrildi. Bu xəbər
müxtəlif dövrlərdə yaşamış düha
sahiblərimizdən Nizami Gəncəvinin, Məhəmməd
Füzulinin, Üzeyir bəy Hacıbəylinin təfəkkür
süzgəcindən süzülmüş “Leyli və Məcnun”ları,
misralarına Xətai, Vaqif, Seyid Əzim, Səməd
Vurğun, Əliağa Vahid, Şəhriyar, Bəxtiyar və
digərlərinin poetik təravəti hopmuş şeir çələnglərini,
Cabbar, Seyid, Xan, Həqiqət, Şövkət, Sara, Fatma zəngulələrini,
Bülbül, Rəşid, Müslüm nəfəslərini,
, Cavanşir, Babək, Koroğlu, Nəbi qeyrətini, Tomris,
Nüşabə, Burlaxatun, Nigar, Həcər, Tuti Bikə, Natəvan
ismətini, yanğısını, Qara Qarayevin, Fikrət Əmirovun,
Niyazinin, Cahangir Cahangirovun, Cövdət Hacıyevin, Tofiq
Quliyevin, Vasif Adıgözəlovun, Soltan Hacıbəyovun, Asəf
Zeynallının, Əfrasiyab Bədəlbəylinin muğam
genezli əsərlərini, Qırat, Bozat kişnərtisini,
qartalları qıy vuran şiş qayaları, billur
bulaqları saldı yada!... Bu xəbər ana südü qədər
təmiz, saf, məğrur, yenilməz “Dədə-Qarqud”u,
“Avesta”nı gətirdi göz önünə. Bir də bu xəbər
Qarabağı, Şuşanı, Ağdamı, Zəngəzuru,
İrəvanı, Göyçəni, Dərələyəzi,
Xankəndini, Zəngilanı, Kəlbəcəri,
Laçını, Cəbrayılı, Füzulini... Xocalını
saldı yada... Bir də bu xəbərdən doğma, əziz,
mehriban, yağılar tərəfindən məqsədyönlü
şəkildə bölünərək parçalanan, formaca
kiçildilən, məzmunca böyükləşən,
yenilməz, vüqarlı Azərbaycan düşdü yada!
Vətənimizin
paytaxtı Bakıda ilk Beynəlxalq muğam festivalı
uğurla baş tutdu. “Muğam aləmi” adlı beynəlxalq
festivalın rəsmi açılışı mərasimində
Azərbaycan Prezidenti cənab İlham Əliyev nitq söyləyərək,
ölkəmizdə keçirilən bu həyəcan dolu şərəfli
günlərdən danışdı və qeyd etdi ki,
“Çox əlamətdar hadisədir, demək olar ki, Azərbaycanda
bu günlərdə muğam həftəsi yaşanır”. Bəli,
dünya miqyasında böyük maraq doğuran “Muğam həftəsi”
geniş rezonansa səbəb oldu. Beynəlxalq muğam
festivalı günlərində keçirilən muğam
üzrə elmi simpozium dəyərli nəticələri ilə
yadda qaldı.
Həmin dövrdə Azərbaycanda
olan YUNESKO-nun baş direktoru Koişiro Matsuura
çıxışında xüsusi vurğuladı ki,
“2003-cü ildə Azərbaycan muğamı YUNESKO tərəfindən
bəşəriyyətin dəyəri kimi elan edilmiş və
Ümumi Mədəni İrs siyahısına
salınmışdır. 2006-cı ildə YUNESKO Qeyri-maddi mədəni
irsin qorunması haqqında Konvensiyanı qəbul etdikdən
sonra bu sahədə ölkəniz bir çox səylər
göstərmişdir. Bu tədbirlərin keçirilməsi
bütün Azərbaycan xalqının iradəsini bir daha
nümayiş etdirir. Azərbaycanın milli-mənəvi dəyərlərinin
qorunması və gənc nəslə ötürülməsi
və çatdırılmasında böyük, vacib işlər
görülür".
Kim idi bu böyük,
vacib işləri görən? Necə oldu ki, Azərbaycan
muğamı YUNESKO tərəfindən bəşəriyyətin
dəyəri kimi elan edildi və Ümumi Mədəni İrs
siyahısına salındı?
Bunun yalnız bir
cavabı var: şimşəkdən daha sərrast, daha gur
işıq saçan, Azərbaycanın mədəni irsinin
qorunmasını nura qərq edən, onun yollarını
çil-çıraqlı edən Vətən məhəbbətli,
Vətən sevgili, təmiz və saf bir həkim ürəyi
oldu bu böyük, vacib işləri görən. Həkimlik
rəmzi ilə vətənpərvərlik, insanpərvərlik,
bəşərilik rəmzlərini qoşa tutan, bu
böyük, vacib işləri görən Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
oldu. Beynəlxalq muğam festivalının keçirilməsinə
qədərki mərhələlərdə o,
ölçüyəgəlməz xeyirxah işlər
gördü. Fədakarlıqla yerinə yetirilən bu misilsiz
xidmətlər bizi anbaan qəlboxşayan əvəzsiz tədbirə
yaxınlaşdırırdı. Festival da, müsabiqə də,
simpozium da baş tutdu. Festival Azərbaycan musiqi mədəniyyətinin,
incəsənətinin, ədəbiyyatının,
bütövlükdə Azərbaycan elminin, təhsilinin təntənəsinə
çevrildi.
Beynəlxalq muğam
müsabiqəsinin “Qran Pri” mükafatına Azərbaycan sənətçisi
Təyyar layiq görüldü. Bu qələbə təkcə
Təyyarın, virtuoz müşayiətçilərdən
Elçinin, Elvinin, tədbirin ən gənc
iştirakçısı Arzunun və onların mahir
ustadlarının, müəllimlərinin qələbəsi
deyildi. Bu, Azərbaycan muğamının, Azərbaycanın fəlsəfi-estetik
duyğularının, milli-mədəni irsinin qələbəsi
idi. Bu, Bəxtiyar Vahabzadənin “Muğam” poemasının
ürəklərdə oyatdığı duyğuların qələbəsi
idi. Ölkəmizdə muğam bayramı baş tutdu. Möhtəşəm
Novruz bayramı günlərində Mehriban xanım
xalqımıza ikinci bir möhtəşəm bayram
yaşatdı. Bu festivalda, bu müsabiqədə xəlqiliklə
milliliyin, milliliklə bəşəriliyin sıx vəhdəti
yarandı. Bundan sonra da şübhəsiz ki,möhtəşəm
Rast, Şur, Cahargah, Bayatı-Şiraz və s. kimi simfonik
muğamlara bənzər əsərlərin, Vaqif Mustafazadə
caz-muğamlarının sayı və sanbalı daha da artacaq,
dünya bu xoşməramlı tədbirləri yenidən
alqışlayacaq.
Bəzən deyirlər
ki, muğama fikir verilir, aşıq musiqisinə diqqət
yetirilmir. Belə düşünənlər, əlbəttə,
tələskənliklə nəticə çıxarırlar.
Əgər muğam varsa, muğam yaşayırsa, mütləq
aşıq musiqisi də yaşayacaq, dastanlarımız,
bayatılarımız da yaşayacaq, xalq musiqimiz,
meyxanamız, simfonik və estrada musiqimiz, caz musiqimiz də
yaşayacaq. Çünki onların hamısının
əsasında, özülündə,
bünövrəsində Azərbaycan
muğamı dayanır.
Həkim
yaralıları qəbul edəndə dərhal seçim
aparır ki, ilk növbədə hansı yaralıya yardım
etsin? Yüngül yaralıya, yoxsa ağır yaralıya? Əlbəttə,
həkim öz yardımını ilk növbədə
ağır yaralılara göstərərək, onları
şok vəziyyətindən çıxarır,
ölümün pəncəsindən xilas edir. Mehriban
xanım da yəqin ki, mədəni irsimizin köklərinə
bu baxımdan, bu meyardan, eləcə də həkimlik
etikası prizmasından yanaşaraq birinci növbədə
muğamımızı xilas etdi. Növbə, şübhəsiz
ki, digər sahələrə də çatacaq. Bunu YUNESKO-nun
baş direktoru Koişiro Matsuuranın söylədiyi bir məqamdan
da aydın sezmək mümkündür: “Mən çox
şadam ki, Azərbaycan özünün zəngin mədəni
irsinin qorunması istiqamətində aşıq sənətinin
də YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunduğu şah əsərlərin
siyahısına daxil olunmasını təklif etmişdir. Mən
bununla bağlı bildirmək istəyirəm ki, YUNESKO-nun
Qeyri-maddi Mədəni İrs Komitəsinin 2009-cu ilin
sentyabrında Abu-Dabidə keçiriləcək iclasında
bu təklifə baxılacaqdır. Ümidvaram
ki, Azərbaycan bu sahədə uğura nail olacaqdır”.
Biz də ümid edirik
ki, bu arzumuz da tezliklə reallaşacaq. Ona görə də, əminəm
ki, Azərbaycan Tibb Universitetinin qədirbilən professor-müəllim
heyəti də, müasir həyatla ayaqlaşmağı
bacaran istedadlı və bacarıqlı, həssas qəlbli tələbə-gəncləri
də Mehriban xanım Əliyeva başda olmaqla tədbirin
bütün təşkilatçılarına səmimi qəlbdən
minnətdar olmaqda və bu yolda onlara yeni möhtəşəm
uğurlar arzulamaqda mənimlə həmrəy, həmfikir
olarlar. Əziz həmkarlarıma özlərinin gözəl sənətlərilə
muğam gözəlliyinə, muğam heyrətamizliyinə
daha da yaxın olmağı arzulayıram.
Azərbaycanın əfsanəvi
qəhrəmanı Koroğlunun bir əlində qılınc,
digər əlində saz olub. Qılınc düşmən
üçün, saz dost üçündür. Qılınc
korşalarsa — saz kökdən düşər, saz kökdən
düşərsə — qılınc korşalar. Qılıncımızın
hələ korşalmadığını,
sazımızın, tarımızın, kamanımızın
hələ kökdən düşmədiyini Beynəlxalq
muğam festivalında, muğam müsabiqəsində bir daha
gördük. Festivalda və müsabiqədəki
iştirakçılarımızın hamısının
çıxışında bu nikbinliyi duyduq. Bununla
yanaşı, onların zəngulələrində cəngavərlik
şaqraqlığı ilə yanaşı, bir Qarabağ
niskili də sezdik. Sezdik və qürurlandıq.
Qürurlandıq ki, bu gün Azərbaycanın muğam
bayrağını başı üzərinə qaldıranlar
sabah qələbə bayrağını Qafqazın musiqi
beşiyi sayılan, sinəsi muğam üçün
göynəyən, muğamın yolunu səbirsizliklə
gözləyən Şuşaya sancacaqlar.
İnanırıq ki, gələcəyimiz
olan gənclərimiz dahi Səməd Vurğunun:
“Keçən
ağrıları unudub, danma!
Onu zaman-zaman
xatırlayraq,
Gələcək
günlərə sayıqlıqla bax!”- misralarındakı fəlsəfəyə
biganə qalmayacaq, ayıq-sayıq olacaq, daim sazlarını
kökdə, qılınclarını kəsərdə
saxlayacaqlar.
Mübariz ALLAHVERDİYEV
tibb elmləri doktoru,
ATU-nun mətbuat xidmətinin
rəhbəri
Xalq qəzeti.- 2009.- 3 aprel.- S. 5.