Kəlbəcərin işğalından 16 il keçir

 

Kəlbəcərlilərin ən ümdə arzusu doğma yurda qayıtmaqdır

 

Qarı düşmənimiz erməni millətçiləri Azərbaycan xalqının başına dəfələrlə müsibətlər gətirmişlər: 1905-1907-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni daşnakları Azərbaycan torpaqlarında — Bakıda, Qubada, Şamaxıda, Vedibasarda, Zəngəzurda, Göyçədə, Qarabağda, Dərələyəzdə, Gəncədə kütləvi qətliamlar, qırğınlar törətmiş, soyqırımı siyasəti həyata keçirmişlər. Azərbaycanlıların humanistliyindən, insanpərvərliyindən sui-istifadə edən daşnak tör-töküntüləri 1988-1989-cu illərdə 200 mindən çox soydaşımızı öz tarixi dədə-baba yurdlarından son nəfərinə kimi vəhşicəsinə qovdular.

Bunların davamı olaraq 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xankəndi şəhərində yerləşən keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın köməyi ilə Xocalı soyqırımını törətdilər. Bu qanlı faciəni yalnız XX əsrdə baş vermiş Xatın, Naqasaki, Xirosimo faciələri ilə müqayisə etmək olar.

Xocalı qətliamından sonra qanıqlaşmış ermənilər Azərbaycanın digər ərazilərini də zəbt etməyə başladılar. Təəssüf ki, bu dəfə erməni nankorluğu, o zamankı respublika rəhbərlərinin maymaqlığı, fərasətsizliyi ucbatından əsrin əvvəllərində 2 dəfə ermənilərin burnunu ovub yerində oturdan Kəlbəcərin də qəddini əydi.

Əfsanəvi məkan sayılan cənnət timsallı Kəlbəcər dəniz səviyyəsindən 3000-3700 metr hündürlükdə yerləşir. Sahəsi 1936 kvadratmetrdir. Azərbaycanın zəngin sərvətli və ən varlı rayonlarından biri olan Kəlbəcər təbii filiz yataqları, mineral suları, tikinti materialları, şüşə, qab sənayesində istifadə olunan müxtəlif növ qum yataqları, ziynət-bəzək əşyaları hazırlamaq üçün cürbəcür qiymətli daşları, sənayedə istifadə olunan müxtəlif növ boyaları, mebel sənayesinə lazım olan qiymətli ağacları, həmçinin şəfalı bulaqları, atlas yaylaqları, quşqonmaz qayaları, dərin dərələri, şiş təpələri ilə göz oxşayan, könül ovsunlayan bir yerdir.

Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.

Kəlbəcərin işğalı bir günün, beş günün işi deyildi. Qeyd etdiyim kimi, 1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminin baş qaldırdığı gündən hazırlanırdı.Kəlbəcər əhalisi doğma torpaq uğrunda ölməyə hazır idi, onu təcavüzdən qorumağa özündə güc tapırdı. Münaqişənin ilk illərindən 1992-ci ilə qədər kəlbəcərlilər ermənilərin qarşısında qeyrətlə dayandılar. Ermənilərin törətdikləri təxribatlar — yollarda pusqular quraraq dinc əhalini gülləbaran etmələri, Ağdam — Kəlbəcər elektrik xəttini partladıb rayonu işıqsız qoymaları, Yevlax-Kəlbəcər magistral yolunu bağlamaları da kəlbəcərlilərin əzmini qıra bilmədi. Yerli əhali torpaqlarımızı göz bəbəyi kimi qoruyurdu.

Lakin 1992-ci il may ayında AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə ölkədə yaranmış hakimiyyətsilik, xaos, özbaşınalıqlar sərhəd zonalarında, o cümlədən Kəlbəcərdə bütün müdafiə planlarını alt-üst etdi, hərc-mərcliyin bünövrəsini qoydu. O zamankı rəhbərlik Kəlbəcərin müdafiəsini dövlət səviyyəsində təşkil etmək adı ilə, əslində rayonun müdafiə sistemini dağıtdı. Orduda siyasiləşmə, yerli döyüşçülərin, könüllülərin rayonun müdafiəsindən uzaqlaşdırılması əhalinin döyüş əzmini sarsıtdı. Beş il düşmənlə mərdilklə vuruşan, bütün əzab-əziyyətə sinə gərən, yurdunu canından artıq sevən rayon əhalisi çıxılmaz vəziyyətə düşdü. Getdikcə pisləşən proseslər, hakimiyyətdaxili ziddiyyətlərin artması, xəyanətkarlıqların baş alıb getməsi, AXC-Müsavat cütlüyünün səriştəsizliyi ermənilərə əl-qol açmağa və 1993-cü ilin mart ayında Kəlbəcərə hücumları genişləndirməyə, aprelin 2-də Kəlbəcəri işğal etməyə əsas yaratdı.

Kəlbəcərin ermənilərə təslim edilməsi AXC-Müsavat cütlüyü hakimiyyətinin tarix və millət qarşısında ən ağır cinayətlərindən biridir. 1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə ümummilli liderimiz Heydər Əliyev demişdir: “Doğrudan da, Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər 1993-cü ilin mart ayının sonunda işğal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən Dağlıq Qarabağ, o zaman Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal olunmuşdu. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi”.

Təəssüflər olsun ki, nə Əbdürrəhman Vəzirovun, nə Ayaz Mütəllibovun, nə də AXC-Müsavat cütlüyünün hakimiyyətləri dövründə bu həqiqət dərk edilmədi. Kəlbəcərin strateji əhəmiyyəti qiymətləndirilmədi. Kəlbəcərin işğalı digər sonrakı rayonlarımızın işğalında ermənilərə böyük üstünlüklər qazandırdı.

İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İllərlə biz ağır sosial-məişət problemləri ilə üz-üzə durmalı olmuşuq. Şübhəsiz ki, millət vəkili Cavid Qurbanov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov soydaşlarımızın problemləri ilə hər gün məşğul olurlar. Lakin ən yüksək qayğı belə yurd itkisinin ağrısını unutdura bilməz.

Azərbaycan dövləti, möhtərəm Prezidentimiz cənab İlham Əliyev məcburi köçkünlərin ağır maddi durumunun, yaşayış tərzinin yaxşılaşdırılması üçün daim irimiqyaslı tədbirlər həyata keçirir. Artıq çadır şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınır.

Şübhəsiz ki, tariximizin qara səhifələri olan o illər heç zaman unudulmamalıdır. Bu tarix yaddaşlarımızda hər an təzələnməlidir ki, gələcək nəsillər bizim səhvlərimizi təkrar etməsinlər. Məktəblərimizdə, tədris ocaqlarında hər gün bu, baş mövzu olmalıdır. Burada səhlənkarlıq, başısoyuqluq özü bağışlanmaz səhvdir.

Hər bir kəlbəcərlinin ən ümdə arzusu doğma yurda qayıtmaqdır. Əlbəttə, biz inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin ağıllı və qətiyyətli siyasəti nəticəsində torpaqlarımız sülh yolu ilə azad ediləcək, bütövləşmiş Azərbaycanımız daha qüdrətli bir dövlətə çevriləcək. Lakin əgər düşmən sülhə gəlməsə, Azərbaycan Ordusunun, xalqımızın gücü ilə torpaqlarımız azad ediləcək. Bu gün hər bir kəlbəcərli torpağımızın azad edilməsi uğrunda canından keçməyə hazırdır.

 

 

Zahid MUXTAR,

“Kəlbəcər harayı”

qəzetinin baş redaktoru

 

Xalq qəzeti.- 2009.- 3 aprel.- S. 5.