Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası üzvləri Azərbaycanda

 

Azərbaycan Türkiyə İş Adamları Birliyinin ofisində Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) heyəti və ATİB üzvlərinin görüşü keçirildi. Görüşün keçirilməsində məqsəd Azərbaycana investisiya yatırmaq istəyən türkiyəli iş adamlarına ölkənin iqtisadi mühiti barədə məlumat vermək idi.

Görüşü giriş sözü ilə açan ATİB İdarə Heyəti sədrinin müavini Cemal Yanğın ATİB-in ciddi profesional strukturu haqqında məlumat verərək qeyd etdi ki, təşkilat yalnız iki ölkə arasındakı əlaqələrin deyil, iki ölkənin üçüncü ölkədə də tanıdılması istiqamətində fəaliyyət göstərir: “ATİB-in ən böyük layihələrindən biri TAR (Türkiyə, Azərbaycan, Rusiya) layihəsidir. Bundan başqa, hazırda ən çox diqqət yetirdiyimiz məsələ ATAF US (Azərbaycan, Türkiyə, Amerika Fondu) və UBCCE (Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyi) ilə bağlı çalışmalardır”.

DEİK tərkibində fəaliyyət göstərən Türkiyə Azərbaycan İş Şurasının sədri Cengiz Gül mütəmadi olaraq ATİB vasitəsi ilə Azərbaycandakı iqtisadi mühit haqqında dolğun məlumatlar əldə etdiyini bildirdi. C.Gül təmsil etdiyi təşkilatın Azərbaycanın regionlarında iş qurmaq niyyətini xüsusi ilə vurğuladı.

Cengiz Gül ölkəmizə hazırkı gəlişi zamanı Lənkəran səfəri haqqında danışdı: “Azərbaycandakı əlverişli iqlim şəraitinin kənd təsərrüfatı sahəsinə investisiya yatırılması üçün çox yaxşı imkanlar yaratdığını düşünürəm. Təkcə Lənkəranda yetişən bitkilər Türkiyənin 3 bölgəsində — Orta Anadolu, Aralıq, Egey dənizi bölgəsində — yetişən bitkiləri əhatə edir. Bir bölgədə üzüm, banan, zeytun, çay, tütün kimi məhsulların yetişdirilməsi çox yüksək göstəricidir. Amma bu fürsətlərdən istifadə etmək üçün kifayət qədər səy göstərilmir”.

C.Gül ölkələrimiz arasındakı iqtisadi əlaqələrin Türkiyənin digər ölkələrlə olan əlaqələrindən fərqli olmasını arzuladığını ifadə edərək dedi: “Azərbaycanda olan əlaqələrin fərdi deyil, qurum müstəvisində qurulmasını məqsədəuyğun hesab edirəm”.

ATİB İdarə Heyəti sədrinin müavini Ali İnsan Genc Azərbaycanda üzümçülük, şərabçılıq, meyvə və tərəvəz istehsalı, gülçülük kimi sahələrdə geniş potensial olduğu barədə məlumat verdi.

ATİB İdarə Heyətinin üzvü İhsan Fatoğlu Azərbaycanın kənd təsərrüfatı sahəsindəki perspektivləri barədə ətraflı məlumat verdi. O, Qəbələdə istehsal edilən fındığın həm qabıqlı, həm də qabıqsız formada ixrac edilməsi, Rusiya bazarında Azərbaycan şərabına ehtiyacın artması haqqında danışdı, dünyanın ən keyfiyyətli narının Azərbaycanda yetişdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Görüşün sonunda Cengiz Gül dəvətə görə ATİB-ə təşəkkürünü ifadə etdi və DEİK adından xatirə hədiyyəsini Cemal Yanğına təqdim etdi.

 

 

ATİB-in İctimaiyyətlə Əlaqələr Şöbəsi

 

Xalq qəzeti.- 2009.- 3 aprel.- S. 5.