Rəssamlıq Akademiyasının yaranması
ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyası 2000-ci ildə ümummilli lider
Heydər Əliyevin fərmanı ilə
yaradılmışdır. Akademiya orta ixtisas məktəbləri,
ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə
olan tədris proqramlarını həyata keçirən və
ali rəssamlıq təhsilinin tələblərinə
uyğun məzmun və keyfiyyət
hazırlığını təmin edən, respublikada
bütün təsviri sənət növləri üzrə
professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.
Burada 102 nəfər
professor-müəllim heyəti, o cümlədən 2 elmlər
doktoru, 13 professor, 7 elmlər namizədi, 13 dosent fəaliyyət
göstərir.
Hazırda Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında 700- dən
artıq tələbə təhsil alır. Eyni zamanda,
universitetin tələbələri xarici ölkələrdə
təhsillərini davam etdirirlər.
Akademiyanın fəaliyyəti
ilə bağlı ətraflı məlumat almaq
üçün bu təhsil ocağının prorektoru, xalq rəssamı,
əməkdar incəsənət xadimi, professor Cəlil
Hüseynova müraciət etdik. Onunla söhbətimizi
oxucularımıza təqdim edirik.
— Cəlil müəllim,
Azərbaycan Rəssamlıq Akademiyası müstəqil Azərbaycanda
həyata keçirilən təhsil islahatının təşəbbüsçüsü
və müəllifi ulu öndər Heydər Əliyevin fərmanı
ilə yaradılmışdır. Ümumiyyətlə, belə
bir təhsil ocağının yaradılması zərurəti
nədən irəli gəlirdi?
— Doğrudan da, bizim
akademiyanın yaranması o böyük tarixi şəxsiyyətin
adı ilə bağlıdır. Ümummilli lider hələ
sovetlər dövründə Azərbaycanda ali rəssamlıq
məktəbinin yaradılmasına
çalışırdı. 1981-ci ildə Bakıda Heydər
Əliyevin təşəbbüsü ilə SSRİ ərazisində
fəaliyyət göstərən ali rəssamlıq məktəbləri
tələbələrinin diplom işlərinin sərgisi təşkil
olunmuşdu. Həmin sərgiyə SSRİ-nin ali rəssamlıq
məktəblərinin rektorları, məşhur rəssamlar dəvət
olunmuşdu. Məqsəd də Bakıda Rəssamlıq
Akademiyası açmaq idi. Burada məsələ
qaldırıldı ki, Azərbaycanda belə bir məktəb
yaradılsın. Ancaq bildirildi ki, SSRİ-də kifayət qədər
ali rəssamlıq məktəbləri var və Azərbaycan tələbələrinin
həmin məktəblərdə təhsil almasında
heç bir problem yoxdur. Onda ulu öndər belə bir məsələ
qoydu ki, İncəsənət institutu nəzdində rəssamlıqla
bağlı fakültələr yaradılsın. Həm də,
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində
rəssamlıq, qrafika, heykəltəraşlıq və sənətşünaslıq
ixtisasları üzrə fakültələr
açılsın. Bu dörd ixtisas üzrə 1982-ci ildən
İncəsənət institutunda tələbə qəbulu
aparıldı. O, bugünkü akademiyanın əsasıdır.
Sonradan bir sıra akademik ixtisaslar da yarandı. Müstəqillik qazanana qədər bu məsələ ulu öndərin nəzarətində
idi.
Ulu öndərin ikinci dəfə
ölkəyə Prezident kimi qayıdışına qədər
Rəssamlıq Akademiyasının yaranması ilə
bağlı iki fərman da olmuşdu. Lakin onların heç
biri reallaşmamışdı. Artıq ölkədə belə
bir akademiyanın yaranması üçün hər cür
şərait var idi. Kadr potensialı kifayət
qədər idi, digər məsələlər
də həllini gözləyirdi. 2000-ci ildə
ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Rəssamlıq
Akademiyası yarandı.
Biz artıq 2001-2002-ci
tədris ilində akademiyaya tələbə
qəbulu elan etdik. Beləliklə,
müstəqil Azərbaycanın
da öz Rəssamlıq Akademiyası
yaradılmış oldu.
Rektor isə, ulu öndərin sərəncamı ilə
xalq rəssamı, akademik Ömər Eldarov təyin edildi.
Bina məsələsini
də ulu öndər özü həll etdi. Bu binaya
köçəndən sonra gəlib baxdı və bəyəndi.
Doğrudur, ilkin vaxtlar bina baxımsız vəziyyətdə
idi. Ancaq buraya köçəndən sonra həm dərs
keçirdik, həm də binanı təmir edirdik.
— Akademiyanın
yaradılması sadə məsələ deyildi. Tədris
proqramları, yeni dərsliklər lazım idi. Bu məsələni
necə həll etdiniz?
— Bizə
tapşırılmışdı ki, müasir tipli Rəssamlıq
Akademiyası yaradaq. Yeni tədris proqramlarının
yaradılması üçün xarici ölkələrin rəssamlıq
akademiyalarının təcrübəsini öyrənmək
lazım idi. Bunun üçün məni ezam etdilər
Sankt-Peterburqakı Repin adına Rəssamlıq İnstitutuna. Bizə
tapşırıq var idi ki, həmin institutun oxşarı olan
bir tədris müəssisəsi yaradaq. Sankt-Peterburqdan sonra
Moskvadakı Surikov adına Rəssamlıq İnstitutunun
iş təcrübəsini öyrəndik, tədris planları
ilə tanış olduq. Oktyabr ayında artıq biz tədrislə
bağlı bütün materialları əldə etmişdik.
Dərslik problemini isə qismən həll etdik və bu
gün də bu məsələ ilə bağlı iş
aparılır. Deyim ki, az vaxt içərisində Azərbaycan
dilində bir sıra dərsliklər çap etdik. Onların
hamısının da müəllifləri öz müəllimlərimizdir.
Bu gün onların təkmilləşməsi
üzərində işlər davam etdirilir.
— Xarici ölkələrin
rəssamlıq institutları ilə əlaqələr
qurmusunuzmu?
— Bizdə müəllimlik
fəaliyyəti göstərən ixtisaslı pedaqoqların
hamısı Sovetlər İttifaqında mövcud olan rəssamlıq
institutlarının məzunlarıdır. Deyim ki, SSRİ-dəki
rəssamlıq təhsili dünyanın qabaqcıl təhsil
sistemlərindən hesab olunurdu. Onların da əsası 250 il
bundan əvvəl yaranmış İtaliya rəssamlıq məktəbinin
təcrübəsinə əsaslanırdı. Biz bu gün həmin
institutlarla əlaqələri davam etdiririk. Repin adına,
Surikov adına rəssamlıq institutları, Riqa Rəssamlıq
Akademiyası ilə ikitərəfli müqavilələrimiz
var. Bundan başqa Türkiyənin Memar Sinan adına Universiteti
ilə, Almaniyanın iki rəssamlıq institutu ilə əlaqələrimiz
yaranmışdır.
İran İslam
Respublikası, Gürcüstan Respublikası rəssamlıq
institutuları ilə qarşılıqlı əməkdaşlıq
edirik. Tələbələrimiz iki ildir Almaniya
institutlarına ezam edilirlər. Almaniyanın ölkəmizdəki
səfirliyi ilə xüsüsi əlaqələr
yaratmışıq. Akademiyada hər il Almaniya günləri
keçiririk. O cümlədən, İsrail səfirliyi ilə
də mütamadi əməkdaşlıq edirik. Eləcə də,
Kiprin və Türkiyənin institutları ilə tələbə
mübadiləsi aparırıq. Bizim müəllimlər bu
institutlarda, onların müəllimləri isə bizim
akademiyada ustad dərsləri aparırlar.
— Rəssamlığın
bütün sahələrini əhatə edə bilirsinizmi?
— Müasir rəssamlıq
sənətinin elə bir sahəsi yoxdur ki, bizim akademiyada
mütəxəssis hazırlanmasın. Həm də məzunlarımızın
heç bir iş problemi yoxdur. Bizim 3 fakültədə 16
ixtisas üzrə 750 tələbə təhsil alır. Bu il
isə yeni bir ixtisas-incəsənət əsərlərinin bərpası
və ekspertiza ixtisası üzrə tələbə qəbulu
aparmışıq.
— Akademiya ölkənin
ictimai-siyasi həyatında müəyyən rol oynaya bilirmi?
— Bizim tələbə
və müəllimlərimiz ölkənin bütün Bayram
tədbirlərinə cəlb olunurlar. Məsələn, elə
Novruz bayrammında, Gül bayramında tərtibat işlərində
tələbələrimiz yaxından iştirak ediblər. Elə
bir respublika əhəmiyyətli tədbir yoxdur ki, oraya bizim tələbələr
və müəllimlər cəlb olunmasınlar.
— Akademiyanın həyatında
son illər hansı yeni hadisələrlə əlamətdar
olub?
— İlkin olaraq deyim ki,
bizim yeni korpusumuz istifadəyə verilib. Orada muzey, kitabxana fəaliyyət
göstərir. Muzeydə bir neçə sərgi keçirmişik.
Bu yaxınlarda dünyanın məşhur heykəltəraşı
almaniyalı Gunter Yukerin sərgisini keçirik. Bizim tələbələrin
də işlərinin sərgisini bu muzeydə keçiririk. Bu
korpusun fəaliyyətə başlaması tədrisin keyfiyyətinə
güclü təsir göstərir. Təsəvvür edin,
heç bir rəssamlıq institutunda diplomçu tələbəyə
ayrıca emalatxana verilmir. Bizdə bu şərait
yaradılmışdır.
— Akademiyanın həyatında
hansı yeniliklər gözlənilir?
— Gələn il
akademiyamızın yaradılmasının 10 ili tamam olacaq. Buna
hazırlıq işlərinə indidən
başlamışıq. Yubleylə bağlı sərgilər
keçirmək fikrindəyik. Hətta Türkiyədə də
sərgi keçirmək fikrimiz var.
— Bu yaxınlarda xalq rəssamı
Tahir Salahovla da tələbələrin
görüşünü keçirdiniz.
— Uzun illərdir ki, xalq
rəssamı Tahir Salahov bizim diplomçulara rəhbərlik
edir. O, Dövlət Attestasiya Komissiyasının sədridir.
Bakıda olduğu vaxtlarda tez-tez akademiyamıza gəlir, vəziyyəti
öyrənir, öz tövsiyələrini verir, əlindən
gələni köməyi əsirgəmir. Ötən il bu
böyük rəssamın 80 illik yubileyi keçirildi və
bizim də akademiyada həm sərgi açdıq, həm də
onunla tələbələrin görünüşünü
təşkil etdik.
— Sizi hansı
problemlər bu gün daha çox
narahat edir?
— İlk
növbədə maliyyə
problemi. Bilirsiniz ki, rəssamlıq təhsilində tədris prosesi çox bahalıdır.
Rəssamlıq üçün müxtəlif avadanlıqların
alınması böyük
vəsait tələb
edir. Ekspertiza ixtisası üzrə
xüsusi analiz aparmaq üçün laboratoriya lazımdır.
Təzə korpusdan
başqa bizdə əlavə sexlər də tikilmişdir. Bizdə
hətta digər xarici ölkələrin rəssamlıq məktəblərində
olmayan qrafik estamp sexi var. Litoqrafiya dəzgahlarını
Almaniyadan almışıq. Tələbələr litoqrafiya
ilə çap üsulunu öyrənirlər. Yüksək
keyfiyyətə malik keramika peçlərini də Almaniyadan
almışıq.
Son olaraq bildirdim ki,
ölkə başçısı cənab İlham Əliyevin
rəssamlıq sənətinə göstərdiyi
qayğının nəticəsidir ki, akademiyamız ildən-ilə
genişlənir. Bu yaxınlarda Müasir İncəsənət
Muzeyinin açılışında iştirak edən
dövlət rəhbərimiz rəssamlığa bundan sonra da
xüsusi diqqət yetiriləcəyini bildirdi. İndi Azərbaycanda
analoqu olmayan Xalça muzeyi inşa edilir.
Bunlar böyük nailiyyətdir.
Bu gün ölkədə gedən quruculuq işləri bizim
kadrlara ehtiyacın artdığını bir daha təsdiq
edir. Çalışacağıq ki, bizə göstərilən
etimadı doğruldaq və akademiyamızı ölkənin
qabaqcıl təhsil ocaqları sırasına çıxaraq.
Mehdi MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.- 2009.- 3 aprel.- S. 6.