London sammiti başa çatdı

 

Dünən Böyük Britaniyanın paytaxtı Londonda “Böyük iyirmilik”in dünya iqtisadi böhranı ilə bağlı sammiti başa çatıb. Sammitin ikinci günü öz işini “Eksel” sərgi salonunda iyirmilik ölkələri liderlərinin işgüzar səhər yeməyi ilə davam etdirib. Sonra liderlər birgə şəkil çəkdiriblər və sammitin plenar iclası açılıb. Bu barədə Rusiyanın İTAR-TASS agentliyi məlumat yayıb.

İlk müzakirələrdən sonra məlum olub ki, böyük dövlətlərin liderləri ümumi prinsiplərdən daha çox böhrandan fərqli çıxış yolları təklif edirlər. ABŞ və Böyük Britaniya yenə əvvəlki kimi məcmu ictimai tələbi təşviq yolu ilə istehsalın daha sürətlə dirçəldilməsi variantına üstünlük verirlər. Bu məqsədlə onlar əmək tutumlu investisiya layihələrinə daha çox sərmayə qoyulmasına zərurət yarandığını israr edirlər.

Liberal bazar prinsiplərinin oponentləri çoxdur. Məsələn, Almaniya Fransa liderləri hesab edirlər ki, bu ölkələrdəki ənənəvi sosial yönümlü iqtisadi sistem Amerikadakı son iqtisadi kataklizmlərdən az itkilərlə qurtulmağa imkan yaradır. Xanım A. Merkel çıxışında vurğulayıb ki, çağdaş dünya bazarına ciddi nəzarət edən beynəlxalq maliyyə qurumunun yaradılması zəruridir. Bu təklif Fransa Prezidenti Nikola Sarkozi tərəfindən dəstəklənib.

Dünyanın digər “ağır çəkili dövləti” Çin sammitdə ABŞ dollarını əvəz edən yeni beynəlxalq valyutaya ehtiyac yarandığına eyham vursa da, bu təklif ciddi müzakirə obyektinə çevrilməyib. Rəsmi Pekin həmçinin beynəlxalq bank sistemində “təftiş” aparılaraq burada sərt qoruyucu qanunları tətbiq etməyə çağırıb. İştirakçı dövlətlərin liderləri arasında Beynəlxalq Maliyyə Fonduna əlavə nizamnamə kapitalının yatırılması məsələsi də qızğın mübahisələrə səbəb olub.

Qeyd edək ki, BMF son illər Şərqi Avropa ölkələrinə yardım məqsədi ilə burada iri maliyyə vəsaitləri yatırdığı üçün hazırda bank kəskin vəsait qıtlığı ilə üzləşib. Sammit iştirakçıları qlobal böhrandan daha çox zərər çəkən ölkələrə yardım edilməsini vacib sayıblar.

Sammitin işində 30 nümayəndə heyəti - 22 ölkə və 8 beynəlxalq təşkilat iştirak edib. Sonda yekun bəyannamə qəbul edilib.

 

 

Mahmud QƏZƏNFƏROĞLU,

 

Xalq qəzeti.- 2009.- 3 aprel.- S. 6.