Beynəlxalq konvensiyalara
qoşulmaq ölkəmizin əlaqələrini daha da möhkəmləndirir
Oqtay Əsədovun sədrliyi
ilə Milli Məclisin dünən keçirilən iclasında
gündəlik səsə qoyularaq təsdiqləndikdən
sonra deputatlar rəy və təkliflərini bildirdilər.
Sonra Milli Məclisin
iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə
“Azərbaycan Respublikasının Milli Bankı və Amerika
Birləşmiş Ştatlarının Beynəlxalq
İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu”nun təsdiq
edilməsi haqqında qanun layihəsini təqdim etdi. Qeyd olundu
ki, bu sənəd 2008-ci il noyabrın 25-də Bakı şəhərində
imzalanıb. Sazişin əsas məqsədi makroiqtisadi və
maliyyə idarəetmə siyasət və təlimatları,
Milli Bankın tədqiqat, proqnozlaşdırma və modelləşdirmə
imkanını artırmaq, çirkli pulların yuyulmasına
qarşı siyasətə və institusional islahatların
aparılmasına institusional hüquqi və texniki yardım
göstərib əməkdaşlıq etmək və digər
mühüm əhəmiyyətli tədbirlərin həyata
keçirilməsidir. Eyni zamanda, bu, Azərbaycanın beynəlxalq
aləmdəki əlaqələrini daha da möhkəmləndirəcək.
Çıxış edən
deputatlar son illər Azərbaycan — Amerika əlaqələrinin
daha da inkişaf etməsindən söhbət açdılar
və belə bir qüdrətli dövlətlə digər sahələrdə
də əməkdaşlığı davam etdirməyi
yüksək qiymətləndirdilər. Bu baxımdan
sazişin böyuk əhəmiyyət kəsb etdiyi diqqətə
çatdırıldı. Qanun layihəsinin vacibliyini qeyd edən
deputatlar sənədi yekdilliklə qəbul etdilər.
Müzakirəyə təqdim
olunan “Azərbaycan Respublikası hökuməti və
Yunanıstan Respublikası hökuməti arasında gəlirlərə
və əmlaka görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan qaldırılması və vergidən
yayınmanın qarşısının alınması
haqqında” Konvensiya, həmçinin “Azərbaycan
Respublikası hökuməti və Yunanıstan hökuməti
arasında hava əlaqəsi haqqında” saziş rəğbətlə
qarşılandı. Deputatlar bildirdilər ki,
hər iki sənədin təsdiq edilməsi vacibdir. Çünki bu sənədlər ölkəmizin
iqtisadi inkişafına
təkan verəcək,
beynəlxalq əlaqələrini
genişləndirəcək, ölkəmizin nüfuzunun
artmasına təsir göstərəcək. Qeyd
olundu ki, ölkəmizin iqtisadi qüdrəti artdıqca, inkişaf etmiş dövlətlərlə əlaqələri
də möhkəmlənir.
Ona görə də belə sənədlərin təsdiq
olunması vacibdir.
Hər iki sənəd təsdiq
olunduqdan sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
və “Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında” Qanuna əlavələr və
dəyişikliklər edilməsi haqqında qanun layihələri
diqqətə çatdırıldı. Qeyd olundu ki, qanunlara və
məcəllələrə edilən əlavə və dəyişikliklər
ölkəmizin inkişafından, habelə qəbul olunan
qanunların dünya standartlarına
uyğunlaşdırılmasından irəli gəlir. Deputatlar
hər iki qanun layihəsinin təsdiqinə səs verdilər.
Milli Məclisin mədəniyyət
məsələləri daimi komissiyasının sədri Nizami
Cəfərov “Televiziya və radio yayımı haqqında”
Qanuna təklif olunan əlavələr və dəyişikliklər
barədə məlumat verdi. Komissiya sədri dedi ki, bu sənəd
insan hüquqları daimi komissiyası və mütəxəssislərlə
birlikdə müzakirə edildikdən sonra parlamentin
iclasına tövsiyə olunub. Əlavə və dəyişikliklərin
əsas məqsədi televiziya və radio
yayımlarının daha keyfiyyətli olmasına, özəl
teleradio yayımçılarının hüquqlarının
qorunmasına, özəl teleradio
yayımçısının hansı mənbələr
hesabına maliyyələşdirilməsini müəyyənləşdirməkdən
ibarətdir. Həmçinin teleradio yayım sahəsində
dövlətin əsas funksiyaları və vəzifələrində
də bir sıra dəyişikliklər təklif olunur. Qeyd
olundu ki, bu qanunun tələbləri, xüsusi
razılığın (lisenziyanın) qayda və şərtləri
pozulduqda inzibati tənbeh tədbirləri tətbiq edilir və
ya məhkəmə qarşısında iddia
qaldırılır. Təklif olunan digər əlavələrdə
isə bildirilib ki, teleradio yayımçıları xüsusi
razılığın (lisenziyanın) qayda və şərtlərini
və ya bu qanunun tələblərini pozduqda, xüsusi
razılığın qüvvəsi və ya hər hansı
proqramın yayımı məhkəmənin qərarı ilə
bir ayadək müddətə müvəqqəti
dayandırıla bilər.
Deputatlar təklif olunan
digər əlavə və dəyişiklikləri müsbət
hesab etdilər və bundan sonra qanunun daha da təkmil
olacağını diqqətə çatdırdılar.
Qanun layihəsi geniş
müzakirədən sonra təsdiq edildi. Gündəlikdə
nəzərdə tutulmuş digər məsələlər də
müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2009.- 4 aprel.- S. 2.