Asəf Zeynallının 100 illiyinə həsr olunmuş yubiley tədbiri

 

Azərbaycan bəstəkarlıq məktəbinin bünövrəsini qoymuş Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və digər korifeylərlə adı bir cərgədə çəkilən görkəmli musiqişünas Asəf Zeynallının 100 illik yubileyinin təntənə ilə keçirilməsinə ciddi hazırlıq işləri görülür. Bu məqsədlə silsilə tədbirlərə start verilib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində də dünən 100 illik yubileyə həsr olunmuş müəllimlər konfransı keçirilmişdir.
Konfrans başlanmazdan əvvəl kollecin müəllim heyəti dahi sənətkarın ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət etmiş, tər gül dəstələri düzmüşlər.

A.Zeynallının 100 illik yubileyinə həsr olunmuş müəllimlər konfransını giriş sözü ilə açan kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov dahi Azərbaycan musiqiçisi Asəf Zeynallının həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi. Sonra kollecin müəllimlərindən Həcər Babayeva “Azərbaycan musiqisinin ilk fədailərindən biri”, Nərmin Zeynalova “Asəf Zeynallının həyat və yaradıcılığı”, Rəhilə Abbasova “Asəf Zeynallı Azərbaycan mədəniyyətinin inkişaf yollarında”, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin direktoru, musiqişünas Şeyla Heydərova “Asəf Zeynallının həyat və yaradıcılığı muzey aspektində”, Sevda Mütəllimova “Asəf Zeynallının vokal yaradıcılığı” və Sevinc Seyidova “Asəf Zeynallının fortepiano və kamera-instrumental yaradıcılığı” mövzularında çıxış etmişlər.

Qeyd olundu ki, musiqimizin ilk fədailərindən olan Asəf Zeynallının 100 illik yubileyinin yekun gecəsi Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə mayın 7-də keçiriləcək.

Kollecin divarından asılmış “Asəf Zeynallı — 100" foto stendi maraqla qarşılanmışdır. Həmçinin bildirilmişdir ki, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Asəf Zeynallıya həsr olunmuş kitab hazırlayır. Yaxın vaxtlarda kitabın təqdimat mərasimi keçiriləcək.

Dahi Azərbaycan musiqiçisi Üzeyir Hacıbəyovun Asəf Zeynallıya hədiyyə etdiyi fortepiano Musiqi Kollecinin ən qiymətli eksponatlarındandır.

Tədbirdə Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullayeva, Milli Konservatoriyanın prorektoru, professor Vaqif Abdulqasımov, professor Zemfira Qarayeva, Bəstəkarlar İttifaqının üzvü Rəhilə Həsənova və digər tanınmış incəsənət xadimləri iştirak etmişlər.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 4 aprel.- S. 6.