Avropa Bankı uçot dərəcəsini yenidən endirdi

 

Avropa Mərkəzi Bankı avronun əsas uçot dərəcəsini rekord səviyyədə - 1,25 faizə qədər aşağı salmağı qərara alıb. Bu vaxta qədər avro məkanında uçot dərəcəsi 1,5 faiz təşkil edirdi. Əksər iqtisadçılar bu rəqəmin 1 faizə qədər endiriləcəyini ehtimal edirdilər.

Xatırladaq ki, 2008-ci ilin oktyabrına qədər qitədə uçot dərəcəsi 4,25 faiz təşkil edirdi. Mərkəzi Bank qlobal maliyyə böhranı başlanandan üzü bəri “köhnə qitə”də bazar iqtisadiyyatını təşviq etmək, kreditlərin daha geniş miqyasda verilməsini sürətləndirmək üçün bu quruma üzv olan bankların uçot stavkalarını bir neçə dəfə aşağı salıbdır. Avropanın əsas maliyyə mərkəzlərindən olan Böyük Britaniya bankirləri uçot dərəcəsini aşağı salmaq istiqamətində daha qətiyyətli addım atıblar. Hələ bu ilin mart ayının əvvəllərində Böyük Britaniya Mərkəzi Bankı funt-sterlinqin uçot dərəcəsini 1 faizdən 0,5 faizə qədər endirmişdi.

Avropa ölkələrində hazırda iqtisadi geriləmə davam etməkdədir. Bu il qitədə ümumi daxili məhsulun 2,2 faizdən 3,2 faizə qədər azalacağı gözlənilir. Lakin Avropa Əməkdaşlıq və İnkişaf Təşkilatının (AƏİT) ekspertləri hesab edirlər ki, geriləmənin səviyyəsi 4,1 faizdən az olmayacaq. AƏİT-dən həmçinin bildiriblər ki, 2010-cu ilə kimi Avropa Birliyi ölkələrində işsizliyin səviyyəsi 12 faizə qədər yüksələ bilər. Bu ilin fevral ayında bu göstərici qitədə 8,5 faiz olub ki, bu, son üç ildə ən yüksək rəqəmdir.

Avropa Birliyi Statistika Agentliyi təsdiq edib ki, təkcə fevral ayında Avropada 13 milyon adam iş yerini itirib. Bu da ötən ilin müvafiq dövründəkindən 2 milyon nəfər çoxdur. Birlik dövlətləri içərisində işsizlikdən ən çox İspaniya əhalisi əziyyət çəkir. Bu ölkədə əmək qabiliyyətli adamların 15,5 faizi iş tapa bilmir. Qitədə məşğulluğun ən yüksək səviyyəsi isə Niderlandda qeydə alınıb. Bu ölkədə cəmi 2,2 faiz işsiz əhali var.

Analitiklər qlobal böhranın hələ xeyli vaxt davam edəcəyini təxmin edərək qitədə işsizlərin sıralarının artacağını bildirirlər. Əksər Avropa dövlətləri işsizlik probleminin yaxın aylarda kəskin sosial fəsadlar törədəcəyindən ehtiyat edirlər.

 

 

M. HACIXANLI

 

Xalq qəzeti.- 2009.- 4 aprel.- S. 6.