Bir neçə gün
bundan əvvəl Moskvada keçirilmiş MDB ölkələrinin
maliyyə nazirlərinin iclasında Rusiya Federasiyası Baş
nazirinin müavini — maliyyə naziri Aleksey Kudrin Azərbaycanın
MDB ölkələri arasında ən yüksək sürətlə
inkişaf edən iqtisadiyyata malik olduğunu demişdir.
MDB Hökumətlərarası
Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycan
iqtisadiyyatı 2008-ci ildə Birlik ölkələri
arasında ən yüksək irəliləmə tempi ilə
seçilmişdir. Belə ki, bu rəqəm il ərzində
10,8 faiz olmuş, əsas kapital 34,7 faiz artmışdır. Avropa
Yenidənqurma və İnkişaf Bankının qiymətləndirməsinə
görə isə iqtisadi artım 15 faiz təşkil
etmişdir. Xatırladaq ki, bu bankın proqnozuna əsasən,
2009-cu ildə Azərbaycan iqtisadiyyatında artım 8 faiz
olacaqdır. Bu da o deməkdir ki, ölkəmiz dünyanı
bürümüş maliyyə böhranından daha az zərərlə
çıxmaqla yanaşı, iqtisadiyyatını da
inkişaf etdirəcəkdir.
Yuxarıda adı
çəkilən iclasda həmçinin ölkəmiz
üçün əhəmiyyətli bir fikir də səsləndirilmişdir.
Rusiya Təbiət Elmləri Akademiyasının müxbir
üzvü Y.Qoden vurğulamışdır ki, neftin qiymətinin
düşməsi təbii ki, Azərbaycanın
iqtisadiyyatına təsir etmişdir. Lakin ötən ilin
birinci yarısında toplanmış ehtiyatlar bu böhrandan
daha az itki ilə keçməyə imkan vermişdir. Həm də
unudulmamalıdır ki, Azərbaycan dünyanın bir çox
ölkələri ilə fəal əməkdaşlıq edir,
qeyri-neft sektorunu gücləndirir.
Onu da deyək ki, Azərbaycan
öz iqtisadiyyatının inkişafı naminə
mühüm islahatlara da xüsusi önəm verir. Diqqəti
belə bir məqama yönəldək. Dünya Bankı və
Beynəlxalq Maliyyə Korporasiyasının son “Duinq biznes-2009
hesabatına görə Azərbaycan 2008-ci ilin ən
islahatçı ölkəsi elan edilib. Bu, nə deməkdir?
Azərbaycan bu uğura hansı amillər hesabına nail olub? Dünya
Bankının nümayəndəsi P.Brukun kütləvi
informasiya vasitələrinə bildirdiyinə görə,
ölkəmizin ”ən islahatçı" hesab olunması
onu göstərir ki, Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsi
sahəsində əhəmiyyətli islahatlar həyata
keçirilib. Yəni mülkiyyət hüquqlarının
qeydiyyatı sahəsində müxtəlif bürokratik əngəllər
aradan qaldırılıb. Elə buna görə də Azərbaycan
2007-ci illə müqayisədə öz reytinqini 64 pillə
yaxşılaşdırıb. Bu, misli görünməmiş
nailiyyətdir. Ümumiyyətlə, belə bir uğur
artıq həyata keçirilmiş diplomatik və geniş
islahatların nəticəsidir.
Onu da qeyd edək ki,
ölkəmizin “ən islahatçı” adını alması
Azərbaycan üçün mühüm əhəmiyyət
daşıyır. Dünya Bankının yuxarıda adı
çəkilən nümayəndəsinin fikrincə, son illər
ərzində həyata keçirilən islahatların ən
böyük faydası ölkə daxilində sahibkarların fəaliyyəti
üçün daha əlverişli mühitin
yaradılmasıdır. Digər tərəfdən, ən
çox islahatlar keçirmiş ölkələr başqa
ölkələr üçün bir nümunəvi modelə
çevrilir. Yəni, bu ölkələrin təcrübəsini
digər dövlətlər öyrənməyə
çalışır. Eyni zamanda, investorlar bir qayda olaraq bu
hesabatda yaxşı nəticələr əldə etmiş
ölkələrə daha çox maraq göstərirlər.
Ümumiyyətlə,
son beş ildə əldə edilən uğurlar Azərbaycanda
həyata keçirilən məqsədyönlü
islahatların, iqtisadi strategiyanın, qəbul olunmuş
ümummilli proqramların uğurla
reallaşdırılmasının məntiqi nəticəsidir.
Təkcə onu demək kifayətdir ki, 2004-2008-ci illərdə
ölkə həyatının bir çox sahələrinin
inkişafını əhatə edən 70-dən artıq
dövlət proqramı qəbul edilmiş, onların bir
çoxu çevik şəkildə icra olunmuş, digərləri
isə tamamlanmaq üzrədir. Məhz bütün bunların
nəticəsidir ki, 2006-2007-ci illərdə Azərbaycanda
iqtisadi artım müvafiq olaraq 34,5 faiz və 25 təşkil
etmişdir.
Məlum olduğu kimi,
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
işlənib hazırlanmış yeni neft
strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın
iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli
artırmışdır. Artıq qlobal enerji layihələrinin
mərkəzinə çevrilmiş Azərbaycan təkcə
özünün deyil, həm də Avropa ölkələrinin
enerji təhlükəsizliyinin təminatına mühüm
töhfələr verir. Son illər neft gəlirlərinin əhəmiyyətli
dərəcədə artması Azərbaycanda qeyri-neft
sektorunun inkişaf etdirilməsi üçün çox
yaxşı zəmin yaratmışdır. Elə son dövrlərdə
ölkəmizdə qeyri-neft sektorunun inkişaf sürətinin
16 faizə çataraq neft sektorunu (7 faiz) üstələməsi
də bunun bariz nümunəsidir. Hazırda Azərbaycanın
valyuta ehtiyatlarının 18 milyard dolları ötməsi və
bu məbləğin getdikcə artması belə deməyə
əsas verir ki, ölkəmizin sosial-iqtisadi inkişafı,
rifahlı cəmiyyətin möhkəmlənməsi
tendensiyası qarşıdakı illərdə də davam edəcəkdir.
Son illər ölkəmizdə
ardıcıl və sistemli şəkildə atılan
bütün addımlar güclü iqtisadi potensialın
yaradılmasına, dövlətin möhkəmlənməsinə
və xalqın ictimai təhlükəsizlik və sabitlik
şəraitində yaşamasına müsbət təsir
göstərmişdir. Regionların tarazlı inkişafı,
yoxsulluğun azaldılması, işsizliyin aradan
qaldırılması istiqamətində mühüm
uğurlar qazanılmışdır. Son beş ildə
dünyada analoqu olmayan nəticələr əldə
edilmiş, iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi
olan ümumi daxili məhsul 2,6 dəfə artmışdır.
Maraqlı bir neçə
rəqəmə də diqqət yetirək. 2008-ci ildə
ümumi daxili məhsulun həcmi 38 milyard manat olmuş, əvvəlki
ilə nisbətən real artım 10,8 faiz təşkil
etmişdir. Qeyri-neft sektorundakı 15,7 faiz artım isə
ölkə iqtisadiyyatının inkişafının və
onun neft sektorundan asılılığının azaldılmasının
nəticəsidir. Əsas kapitala 9,1 milyard manat investisiya
yönəldilərək, əvvəlki illə müqayisədə
34,3 faiz artım əldə olunmuşdur. Burada diqqət
çəkən ən əsas məqamlardan biri odur ki, əsas
kapitala istiqamətlənmiş vəsaitin 75,5 faizini daxili investisiyalar
təşkil etmişdir.
Ölkədə sosial məsələlərin
həlli istiqamətində də mühüm göstəricilər
əldə olunmuşdur. Belə ki, orta aylıq əmək
haqqı 268 manata, əmək pensiyalarının orta aylıq
məbləği isə 96 manata
çatdırılmışdır. Son beş il ərzində
minimum pensiya 3,8 dəfə, minimum əməkhaqqı 8 dəfə,
orta aylıq əməkhaqqı isə 3,5 dəfə
artmışdır. Əhalinin sosial müdafiəsinin təmin
olunması, büdcə təşkilatlarında
çalışan işçilərin əməkhaqlarının
artırılması üçün Prezident İlham Əliyev
tərəfindən silsilə sərəncamlar
imzalanmışdır.
İqtisadi
inkişafın əsas hədəflərindən biri də
yoxsulluğun azaldılmasıdır. 2003-cü ildən
icrasına başlanılan müvafiq dövlət
proqramının həyata keçirilməsi nəticəsində
yoxsulluğun səviyyəsi 3,4 dəfə azalaraq, ötən
il 13,2 faizə enmişdir.
Yoxsulluğun
azaldılmasında regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramının uğurla həyata
keçirilməsi, yeni iş yerlərinin yaradılması
müstəsna rol oynamışdır. Son beş ildə
ölkə Prezidenti tərəfindən söz verilmiş 600
min iş yerinin müqabilində 766 min iş yeri
açılmışdır ki, onlardan da 547 mini daimi iş
yerləridir. Cənab İlham Əliyevin bütün digər
məsələlərdə olduğu kimi, bu məsələdə
də tutduğu prinsipial mövqe həm insanların rifah
halının yaxşılaşmasına xidmət göstərir,
həm də bölgələrdə gedən müsbət
iqtisadi və sosial proseslərə güclü təkan verir.
Yuxarıda qeyd edilənlərlə
yanaşı, diqqəti dövlət büdcəsində nəzərə
çarpan dinamikaya da yönəldək. Ölkə
Prezidentinin xüsusi diqqəti və qayğısı nəticəsində
dövlət büdcəsi investisiya yönümlü büdcəyə,
inkişaf və quruculuq büdcəsinə
çevrilmişdir. Büdcənin gəlir və xərclərinin
səmərəli və şəffaf şəkildə
icrasında əhəmiyyətli irəliləyiş əldə
olunmuşdur. Belə ki, son beş ildə dövlət
büdcəsi on dəfədən çox
artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın
dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə,
2008-ci ildə 13 milyard dollar olmuşdur. Dövlət büdcəsinin
xərclərində böyük əhəmiyyət kəsb
edən səhiyyə xərcləri 6,3 dəfə, kənd təsərrüfatı
və meşə təsərrüfatı xərcləri 5,2 dəfə,
təhsil xərcləri 4,8 dəfə, sosial müdafiə və
sosial təminat xərcləri 3,9 dəfə, müdafiə xərcləri
isə 9,7 dəfə artmışdır.
Son illər bank sektorunun da dinamik inkişafı
davam etmişdir. Onun aktivləri 53 faiz, kapitalı 47,8 faiz, əhalinin əmanətləri isə
29,6 faiz artmışdır.
Bankların regional əhatəsi genişlənmiş, göstərilən
xidmətlərin növü
və keyfiyyəti xeyli yaxşılaşdırılmışdır.
Milli Bankın və Dövlət Neft Fondunun vəsaitləri hesabına formalaşan strateji valyuta ehtiyatları ötən ilin sonuna 18 milyard dolları ötmüşdür. İl ərzində
valyuta ehtiyatlarının
idarə olunmasından
412 milyon dollardan artıq gəlir götürülmüşdür.
Bazar iqtisadiyyatı
prinsiplərinin tam bərqərar olduğu Azərbaycan
Respublikasında özəl bölmənin inkişaf etdirilməsi,
sahibkarlığın dəstəklənməsi dövlətin
qarşısında duran prioritet istiqamətlərdən
biridir. Son illər sahibkarlara böyük həcmdə güzəştli
kreditlərin verilməsi, xüsusən yerli istehsalın
stimullaşdırılması, aqrar sektora dövlət
subsidiyalarının yönəldilməsi, yeni texnikaların
gətirilməsi, ölkədə biznes mühitinin təkmilləşdirilməsi
məqsədilə “bir pəncərə” sisteminin tətbiqi
müsbət nəticələr vermiş, bu da qeyri-neft
sektorunun inkişafını bir qədər də sürətləndirmişdir.
Onu da deyək ki, 2008-ci
ildə ölkə iqtisadiyyatının ən mühüm sahələrindən
olan yanacaq-energetika kompleksinin inkişafı da davamlı
xarakter almışdır. Bütövlükdə isə son
beş ildə Azərbaycanda neft hasilatı 2,9 dəfə, qaz
hasilatı isə 3 dəfədən çox
artmışdır. Qaz hasilatındakı belə yüksək
artım Azərbaycanı qaz ixrac edən dövlətə
çevirməklə yanaşı, daxili tələbatın
ödənilməsini də xeyli
yaxşılaşdırmışdır. Təsadüfi deyil
ki, indi ölkəmizdə qazlaşdırmanın səviyyəsi
86 faizə çatdırılmış, bütün rayon mərkəzləri
“mavi yanacaq”la təmin olunmuşdur. Son beş ildə Azərbaycanın
elektroenergetika sənayesi də xeyli inkişaf etmiş, ölkəmizin
elektrik enerjisi idxalından asılılığı tam aradan
qaldırılmışdır. Bu sahədə infrastruktur
imkanları xeyli yaxşılaşdırılmış,
ümumi gücü 750 meqavat olan 6 yeni elektrik stansiyası
tikilmiş, istismar gücü 24,3 faiz
artırılmışdır.
Həyata keçirilən
uğurlu islahatlar nəticəsində aqrar sahədə də
müsbət nəticələr əldə olunmuşdur. Ötən
il kənd təsərrüfatı məhsulları
istehsalında 6,1 faiz, o cümlədən bitkiçilik məhsulları
istehsalında 7,2 faiz, heyvandarlıqda isə 4,1 faiz artım əldə
olunmuşdur. Meliorasiya və irriqasiya sistemlərinin,
kollektor-drenaj şəbəkələrinin, su
anbarlarının tikintisi, yenidən qurulması və əsaslı
təmiri istiqamətində mühüm tədbirlər həyata
keçirilmişdir. Ümumiyyətlə, 2008-ci ildə kənd
təsərrüfatına güzəştli şərtlərlə
152,5 milyon manat büdcə vəsaiti yönəldilmişdir.
Son illərdə istifadəyə
verilmiş, böyük tarixi əhəmiyyət kəsb edən,
transmilli infrastruktur layihələri olan Bakı—Tbilisi—Geyhan
neft və Bakı—Tbilisi—Ərzurum qaz kəmərləri
dövlətimizin iqtisadi qüdrətini artırmış,
geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 1.