Prezident
İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət
Azərbaycan xalqı tərəfindən tam dəstəklənir
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi
strateji xəttin Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi və yeni keyfiyyət
halına yüksəldilməsi Azərbaycanın sürətli
sosial-iqtisadi inkişafının əsasını təşkil
edir. Ölkənin inkişafını xarakterizə edən əsas
makroiqtisadi göstərici - ümumi daxili məhsul
istehsalı son beş ildə 2,6 dəfə, 2008-ci ildə isə
10,8 faiz və ya müqayisəli qiymətlərlə 3,7
milyard manat artaraq 38 milyard manata çatmışdır. 2003-cü
ildə iqtisadiyyatın bütün sahələri üzrə
mal və xidmətlər buraxılışında əlavə
dəyərin xüsusi çəkisi 55,9 faiz təşkil
edirdisə, son illər ərzində onun xüsusi çəkisinin
13 faiz artaraq 68,9 faizə çatması iqtisadiyyatın səmərəliliyinin
yüksəldiyini göstərir.
Ümumi daxili məhsulun
57,4 faizi sənaye sahələrində, 5,8 faizi kənd təsərrüfatı,
ovçuluq və meşə təsərrüfatında, 7,6
faizi tikinti kompleksində, 6 faizi ticarət və pullu xidmət
sahələrində, 5,1 faizi nəqliyyatda, 1,9 faizi rabitədə,
9,1 faizi digər xidmətlər və sosial sahələrdə
yaradılmış, 7,1 faizi isə məhsula və idxala xalis
vergilərin payına düşmüşdür.
Ölkə Prezidenti cənab
İlham Əliyev sahibkarlıq fəaliyyətinin
inkişafına daim qayğı göstərir və dəstək
verir. Bu isə son dövrdə həmin sahədə
böyük uğurların əldə edilməsinə səbəb
olmuşdur. Belə ki, ölkədə iqtisadi islahatların həyata
keçirilməsi sahibkarlıq fəaliyyətinin, xüsusən
özəl sektorun ildən-ilə inkişafında və onun
ölkə iqtisadiyyatında mühüm yer tutmasında həlledici
rol oynamışdır. 2008-ci ildə qeyri-dövlət müəssisə
və təşkilatları tərəfindən istehsal
edilmiş xalis məhsulun ÜDM-də payı 2003-cü ildəki
73,3 faizdən 85 faizədək artmışdır. Qeyri-dövlət
sektorunun payı sənayenin əlavə dəyərində
91,1 faizə, kənd təsərrüfatında 99,8 faizə,
ticarətdə 99,3 faizə, tikintidə 66,9 faizə, nəqliyyatda
isə 77,7 faizə çatmışdır. Neft sektorunda
ümumi daxili məhsul istehsalı 7 faiz, qeyri-neft sektorunda isə
15,7 faiz artmışdır. Adambaşına 4439,9 manatlıq
(5403,9 ABŞ dolları), yaxud 2007-ci ildəkindən 9,5 faiz
çox əlavə dəyər istehsal olunmuşdur.
Bütün bunlar onu
göstərir ki, respublikada aparılan uğurlu islahatlar
ölkədə ÜDM-in sürətlə artmasına və
xalqımızın güzəranının daha da
yaxşılaşmasına səbəb olmuşdur. Ölkə
iqtisadiyyatının davamlı inkişafında sənayenin
rolu getdikcə artır və bu sahə dinamik inkişaf edir. Son
beş ildə sənayenin real həcmi 2,5 dəfə
artmışdır.
Ümummilli liderimiz Heydər
Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Əsrin
müqaviləsi” çərçivəsində reallaşan
neft strategiyasının məntiqi nəticəsi olaraq bu sahənin
müəssisələri daha yüksək nəticələr
əldə etmişdir. Neft və qaz hasilatı sənayesində
birgə fəaliyyətlə bağlı dünyanın
inkişaf etmiş ölkələrini təmsil edən iri
şirkətlərlə bağlanan müqavilələr neft və
qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan
vermiş, neft və qazın hasilatı rekord səviyyəyə
çatmış, sənayenin digər sahələrində də
irəliləyişlər əldə edilmişdir. Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri,
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməri
istismara verilmiş, ölkəmiz qaz ixracatçısına
çevrilmişdir. Son beş ildə ölkədə qaz
kondensatı da daxil edilməklə 157,2 milyon ton xam neft, səmt
qazı daxil edilməklə 43,9 milyard kubmetr əmtəəlik
təbii qaz hasil edilmiş, 5,2 milyon ton avtomobil benzini, 10,6
milyon ton dizel yanacağı, 3,7 milyon ton ağ neft istehsal
olunmuşdur.
Ölkə Prezidenti
möhtərəm İlham Əliyev dəfələrlə
öz çıxışlarında ölkə
iqtisadiyyatının gələcəkdə neftdən
asılılığının azaldılması və
qeyri-neft sektorunun inkişafı məsələsini əsas vəzifə
kimi qarşıda qoymuşdur. Hazırda sənayenin qeyri-neft
bölməsində də irəliləyişlər əldə
edilmiş, bu sahədə sənaye məhsulu istehsalı hər
il orta hesabla 6,7 faiz artmışdır. Son illər Bakıda və
regionlarda yüksək keyfiyyətli müxtəlif gön-dəri
məmulatları istehsal edən müəssisələr,
Şamaxıda müasir standartlara cavab verən, müxtəlif
ölçülü televizorlar istehsal edən “Star Ltd” zavodu,
İmişlidə “Azərbaycan Şəkər İstehsalat
Birliyi” MMC, regionlarda modul tipli elektrik stansiyaları istismara
verilmişdir.
Son dövrdə ölkənin
maliyyə imkanlarının artması tikinti sektoruna daha
çox yerli vəsaitin yönəldilməsinə imkan
vermiş, daxili investisiyanın həcmi xarici investisiyaları
üstələmişdir. Əgər 2003-cü ildə daxili
investisiya ümumi investisiyanın 24,8 faizi səviyyəsində
olmuşdusa, 2008-ci ildə bu göstərici 75,5 faizə bərabər
olmuş və əvvəlki ilin səviyyəsini 67,2 faiz
üstələmişdir. Əsas kapitala yönəldilmiş
daxili investisiyanın 79,6 faizi dövlət mülkiyyətinə
məxsus müəssisə və təşkilatların, 20,4
faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin
payına düşür. Belə ki, son dövrdə
respublikanın paytaxtı Bakı şəhərində,
Sumqayıtda, Gəncədə, Şirvanda, rayon mərkəzlərində
böyük tikinti-abadlıq işləri həyata
keçirilmişdir.
Qeyd etmək
lazımdır ki, respublikamızın iqtisadiyyatının
inkişafında aqrar bölmənin inkişafı müstəsna
rol oynayır. Məhz buna görə də ölkədə
aqrar bölmənin inkişafı möhtərəm Prezidentimiz
İlham Əliyevin həmişə diqqət mərkəzindədir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsi, “Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23
yanvar tarixli sərəncamına uyğun olaraq kənd təsərrüfatı
məhsulları istehsalçılarının məhsul
istehsalı üçün istifadə etdikləri
yanacağın, motor yağlarının və mineral gübrələrin
dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən
ödənilməsi, eləcə də buğda
istehsalçılarının maddi marağının
artırılması və buğda istehsalının
stimullaşdırılması məqsədi ilə dövlət
büdcəsinin vəsaiti hesabına əkilən hər
hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlığa
təsir göstərən reproduksiyalı toxum
materialının satışına görə hər kq-a
30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması,
habelə həftənin altıncı və bazar günləri
kənd təsərrüfatı məhsullarının
satış yarmarkalarının təşkili yetişdirilən
məhsulun itkisiz yığılmasına müsbət təsir
etmişdir.
Bütün bunlar 2008-ci
ildə kənd təsərrüfatının ümumi məhsulunun
2007-ci ildəkinə nisbətən 6,1 faiz, o cümlədən
bitkiçilik məhsulları üzrə 7,2 faiz,
heyvandarlıq məhsullarının 4,1 faiz artmasını təmin
etmiş, son beş ildə isə kənd təsərrüfatının
ümumi məhsulu 25,1 faiz artmışdır. Dövlətin
qayğısı nəticəsində 2008-ci ildə
qarğıdalı da daxil olmaqla 904,7 min hektar sahədən
ilkin çəkidə rekord səviyyədə - 2498,3 min ton
taxıl məhsulu toplanılmış, hektarın orta məhsuldarlığı
2007-ci ilə nisbətən 0,5 sentner artaraq 27,6 sentnerə
yüksəlmişdir.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 25 avqust
tarixli sərəncamı ilə təsdiq edilmiş
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”nda hər il yanvarın 1-i vəziyyətinə
mal-qara və quşların tam uçotunun aparılması tədbiri
nəzərdə tutulmuşdur. Belə bir dövlət əhəmiyyətli
tədbirin həyata keçirilməsi kənd təsərrüfatı
iqtisadiyyatında heyvandarlığın yeri və rolunu daha
düzgün qiymətləndirməyə, son nəticədə
isə əhalinin ət, süd və yumurta məhsulları
ilə təmin edilməsi səviyyəsi barədə
etibarlı məlumatların əldə olunmasına imkan verəcəkdir.BMT-nin
məlumatlarına görə ərzaq qıtlığı,
enerji daşıyıcılarının və digər məhsulların
qiymətlərinin ilbəil artması, şəhərləşmə,
əkin torpaq sahələrinin get-gedə azalması və s.
bu kimi amillər ərzaq qıtlığına səbəb
olmuş və nəticədə son üç ildə
dünya bazarlarında ərzaq məhsullarının qiyməti
iki dəfə artmışdır. Belə bir gedişat hər
bir ölkənin ərzaq təhlükəsizliyinin təmin
edilməsini pioritet vəzifə kimi qarşıya qoyur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq
göstərir ki, “Biz iqtisadi cəhətdən təmin
olunmuş ölkəyik. Özümüzü əksər kənd
təsərrüfatı məhsulları ilə demək olar
ki, yüz faiz təmin edə bilərik. Beləliklə, biz ərzaq
təhlükəsizliyi baxımından yaxşı vəziyyətdəyik.
Biz güclü ölkə olmaq üçün bütün
bu illər çalışdığımız kimi, hələ
çox iş görməliyik”.
Respublikamızda ərzaq
təhlükəsizliyinin təmin edilməsi, strateji ərzaq
məhsulları ilə təminatın
yaxşılaşdırılması məsələsinə
xüsusi diqqət yetirilir və ərzaq müstəqilliyinin
daha da möhkəmləndirilməsi üçün əlverişli
zəmin yaradılır. İndi ölkə əhalisinin ərzaq
məhsullarına olan tələbatı yerli istehsal
hesabına ödənilir və hər il kənd təsərrüfatı
məhsulları üzrə ixracat imkanları
artırılır. Mal-qara və quşların sayının
artırılması, onların cins tərkibinin ilbəil
yaxşılaşdırılması, əkmə yem bitkiləri
sahələrinin daha da genişləndirilməsi
heyvandarlıq bölməsinin müvəffəqiyyətlə
fəaliyyət göstərməsini təmin edən amillərdəndir.
Son illərdə ölkə
Prezidenti İlham Əliyev nəqliyyat sektorunun
inkişafına xüsusi diqqət yetirir. Belə ki, hər
bir dövlətin iqtisadi potensialı, gücü və
qüdrəti həm də onun malik olduğu nəqliyyat
sektorunun inkişaf səviyyəsi ilə
ölçülür. Ümummilli liderimiz Heydər Əliyevin
siyasi kursu və dövlət idarəetmə ənənələri
ölkə Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilərək iqtisadiyyatın, o cümlədən
nəqliyyat sektorunun inkişafına yüksək dinanizm gətirib.
Ölkə iqtisadiyyatında son zamanlar əldə olunan
böyük uğurlarda bu sahədə görülən
işlər, həyata keçirilən tədbirlər
xüsusi qeyd etdirilmişdir.
Ölkənin nəqliyyat
sektorunda bir sıra transmilli layihələrin
reallaşması, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum
qaz boru kəmərlərinin işə salınması ölkə
iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya
olunmasına ciddi təkan vermişdir. Bununla yanaşı, nəqliyyat
infrastrukturuna böyük həcmdə investisiyaların
yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin
yeniləşməsi, yeni avtomobil yollarının çəkilişi,
yenidənqurulması və s. nəqliyyat sektoruna öz
müsbət təsirini göstərmişdir.
2008-ci ildə nəqliyyat
sektorunda yük daşınması 2007-ci illə müqayisədə
9,2 faiz, yük dövriyyəsi isə 13,6 faiz artmış,
son beş ildə bu göstəricilərin artımı
müvafiq olaraq 1,7 və 4 dəfə təşkil
etmişdir. Yük daşınmasının artımında əsas
rol oynamış magistral neft kəmərləri ilə 44,4
milyon ton neft nəql edilmişdir. Nəqletmənin dörddə
üç hissəsi ölkənin əsas nəqliyyat
infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri
ilə həyata keçirilmiş və ötən ildə bu
kəmər vasitəsilə Bakıdan 32,8 milyon ton və ya
15,3 faiz çox neft ötürülmüşdür. İlk
dəfə olaraq Qazaxıstan neftinin BTC kəməri ilə nəqlinə
başlanılmış və 2008-ci ilin son üç
ayında bu kəmərlə 285,1 min ton Qazaxıstan nefti
ötürülmüşdür.
2008-ci ildə magistral
qaz kəmərləri ilə 11,3 milyon ton və ya əvvəlki
illə müqayisədə 52,7 faiz çox qaz nəql
edilmişdir. Nəql edilmiş qazın 29 faizi Bakı-Tbilisi-Ərzurum
boru kəməri vasitəsilə həyata keçirilmiş,
bu kəmərlə 4,7 milyard kubmetr qaz
ötürülmüşdür.
Qeyd etmək
lazımdır ki, respublikamızda son beş ildə
adambaşına düşən əmtəə dövriyyəsinin
həcminə dair göstəricidə də ciddi artım
müşahidə olunmuşdur. Belə ki, 2003-cü ilə
nisbətən 2008-ci ildə adambaşına düşən əmtəə
dövriyyəsinin həcmi 908 manat artaraq 1285,4 manata bərabər
olmuşdur.
Azərbaycanda iqtisadi
potensialın artımı və sosial-siyasi sabitlik ölkənin
istər dünyada, istərsə də regionda mövqelərinin
möhkəmlənməsinə, digər dövlətlərlə
ikitərəfli və çoxtərəfli münasibətlərinin
inkişafına və dərinləşməsinə, eləcə
də beynəlxalq təşkilatlarla qarşılıqlı
faydalı əlaqələrinə müsbət təsir
göstərmişdir.
2008-ci ildə Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının 35,3
faizi İtaliya, 11,4 faizi Amerika Birləşmiş
Ştatları, 6,7 faizi İsrail, 4,6 faizi Hindistan, 4,5 faizi
Fransa, 3,5 faizi Rusiya, 2,8 faizi İspaniya, 2,6 faizi Niderland, 2,6
faizi Türkiyə, 2,6 faizi İndoneziya, 2,4 faizi Birləşmiş
Krallıq, 1,8 faizi Çin, 19,2 faizi isə digər ölkələrlə
həyata keçirilmişdir. Bütün bunlar onu göstərir
ki, artıq Azərbaycanın inkişaf etmiş ölkələrlə
iqtisadi əlaqələri get-gedə artır.
Ölkə iqtisadiyyatının və xalqın həyat səviyyəsinin
yüksəlməsinə aid olan fərmanların, sərəncamların,
qərarların reallaşması və onların həyata
keçirilməsi sonda dövlət büdcəsinin
formalaşmasında özünü büruzə verir. Məhz
bu məsələyə ölkə Prezidenti mühüm əhəmiyyət
verir. Bildiyimiz kimi, büdcə dövlətin ən ali maliyyə
sənədidir, dövlətin müəyyən etdiyi siyasi,
iqtisadi, humanitar kursun reallaşmasına maliyyə təminatı
yaradan başlıca vasitədir. 2009-cu ilin dövlət
büdcəsi 43,6 milyard manatlıq ÜDM proqnozları əsəsında
hazırlanmışdır. 2008-ci ildə ÜDM istehsalı
31,4 milyard manat təsdiq edilmişdi. Bir ildə ÜDM
istehsalında artım 12,2 milyard manat müəyyən edilməsi
dinamik inkişafın 2009-cu ildə də davam edəcəyini
göstərir.
2009-cu ilin dövlət
büdcəsi gəlirlərinin 5 milyard 750 milyon
manatını və ya 47-50 faizə qədərini Vergilər
Nazirliyindən daxilolmalar, 1,23 milyard manatı neft
hasilatının pay bölgüsü haqqında saziş
üzrə podratçı tərəflərin mənfəət
vergisindən, 1,450 miyard manatı Dövlət Neft Şirkətindən,
1,3 milyard manatı Dövlət Gömrük Komitəsindən
daxilolmalar və 45,2 milyon manatı dövlət müəssisələrindən
alınan dividendlər təşkil edəcəkdir.
Digər dünya ölkələrində
olduğu kimi, Azərbaycanda da büdcə
daxilolmalarının əsasını vergilər təşkil
edir. Vergi formalarından isə büdcə daxilolmalarında
fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin
mənfəət vergisi və ƏDV mühüm rol
oynayır. 2009-cu ildə bu vergi növləri büdcə
daxilolmalarında gəlirlərinin 4,5 milyard manatını, yəni
37 faizdən çoxunu təmin edəcəkdir. Sair daxilolmalar
isə büdcə gəlirlərinin 13-15 faizini təmin edəcəkdir.
Büdcə gəlirlərinin 4,9 milyard manatı və ya 40,3
faizi Dövlət Neft Fondundan transfertlər hesabına
formalaşması nəzərdə tutulur.
2009-cu ildə büdcə
xərclərinin gəlirlərlə örtülməyən
hissəsinin (büdcə kəsirinin) yuxarı həddi 178
milyon manat təşkil edəcəkdir. Büdcə kəsirinin
yuxarı həddinin ÜDM-ə nisbəti 0,4 faiz təsdiq
edilmişdir ki, bu da heç bir iqtisadi təhlükə
yaratmayan normal hədd daxilində büdcə prosesinin baş
verməsi deməkdir.
Dövlət büdcəsi
xərcləri sosial-iqtisadi həyatın hər bir sahəsində
dinamik inkişafı nəzərdə tutur. 2009-cu ildə
büdcə xərclərinin tərkibində təhsil xərcləri
1 milyard 353 milyon manata, müdafiə xərcləri 1 milyard 205
milyon manata, sosial müdafiə və sosial təminat xərcləri
527,5 milyon manata çatdırılmışdır. 2009-cu ildə
büdcə xərclərində müdafiə xərclərinin
xüsusi çəkisi 9,9 faiz, təhsil xərcləri 11,1
faiz, səhiyyə xərcləri 4,2 faiz, sosial müdafiə və
sosial təminat xərcləri 9,3 faiz təşkil edəcəkdir.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin hazırladığı
strateji xəttin uğurlu davamı və yeni keyfiyyət
halına yüksəldilməsi Azərbaycan dövlətinə
ən əlverişli maliyyə imkanları
yaratmışdır. Dövlətin əlverişli makromaliyyə
imkanlarına malik olmasına onun strateji valyuta
ehtiyatlarının 18 milyard dollardan çox olması əyani
sübutdur.
Qeyd etmək
lazımdır ki, qlobal maliyyə və iqtisadi böhran şəraitində
iqtsiadiyyatın sağlamlığının və
antiböhran tədbirlərinin həyata keçirilməsinə
hazır olmağın meyarlarından biri ölkənin xarici
borcunun həcmidir. 2009-cu il yanvarın 1-nə olan məlumata
görə, Azərbaycanın hökumət təminatı
verilən borcu ÜDM-in 6,4 faizinədək
azaldılmışdır (2008-ci ilin üçüncü
rübünün yekunlarına görə, 3 milyard dollar,
adambaşına 345 dollardır). Borcun əsas hissəsini
(87,5%) sərmayə layihələri üçün
götürülən vəsait təşkil edir - 2,6 milyard
dollar. Bu məbləğin 1,19 milyard dolları (39,8%)
elektroenergetikanın, 659,9 milyon dolları (22%) yol tikintisi və
nəqliyyatın, 230,9 milyon dolları (7,7%) kənd təsərrüfatının,
195,6 milyon dolları (6,5%) sosial sahənin və 183,9 milyon
dolları (6,13%) neft-qaz sektorunun payına düşür.
Ölkədə əhalinin
gəlirlərinin artması ilə əlaqədar onların
alıcılıq qabiliyyətinin yüksəlməsi pərakəndə
əmtəə dövriyyəsinin və əhaliyə
göstərilən pullu xidmətlərin kifayət qədər
yüksək artım sürətinin saxlanılmasını təmin
etmişdir. 2008-ci ildə hər ay orta hesabla ticarət və
xidmət şəbəkələrindən hər bir ölkə
sakini 140,5 manatlıq və ya əvvəlki ildəkindən
41,5 manat çox müxtəlif istehlak malları almış
və pullu xidmətlərdən istifadə etmişdir.
Əhalinin həyat səviyyəsinin
yüksəlməsi əmtəə bazarının strukturunun
formalaşmasına öz müsbət təsirini göstərmiş,
ticarət müəssisələrində satış qiymətlərinin
nisbətən daha baha olmasına baxmayaraq, bazar və
yarmarkalar ilə müqayisədə bu müəssisələrdə
əmtəə satışı nəzərəçarpacaq
dərəcədə yüksəlmişdir. Hüquqi şəxs
statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
göstərən fərdi sahibkarların ticarət müəssisələrində
pərakəndə əmtəə dövriyyəsinin real həcmi
2007-ci ilə nisbətən 24 faiz artdığı halda, bazar
və yarmarkalar üzrə bu artım 7,2 faiz təşkil
etmişdir.
Son illərdə əhalinin
gəlirləri xeyli artmışdır. 2008-ci ildə əhalinin
həyat səviyyəsini səciyyələndirən göstəricilərdən
biri olan əhalinin gəlirləri əvvəlki illə
müqayisədə 37,8 faiz artaraq 20,1 milyard manata,
adambaşına düşən məbləği isə 36,2
faiz artaraq 2343,2 manata çatmışdır. Gəlirlərin
66,1 faizi son istehlaka, 10,2 faizi vergilər, sosial sığorta və
könüllü üzvlük haqlarının ödənilməsinə,
23,7 faizi isə əmanətlərin və kapitalın
artırılmasına sərf olunmuşdur.
Son beş il ərzində əhalinin gəlirləri 3,5 dəfə
artmış, 2003-cü ildə ölkə əhalisinin hər
nəfərinə ayda orta hesabla 58,9 manat (və ya 60 ABŞ
dolları) məbləğində gəlir
düşmüşdüsə 2008-ci ildə həmin göstərici
195,3 manata (237,7 ABŞ dollarına) çatmışdır.
Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin
sərəncamı ilə son dövrdə müəllimlərin,
həkimlərin, incəsənət adamlarının, elmi
işçilərin əmək haqları və təqaüdlər
dəfələrlə artırılıb. Bu isə büdcədən
maliyyələşən təşkilatlarda
çalışan işçilərin maddi rifahının
yaxşılaşmasına səbəb olub.
Son beş ildə minimum
əmək haqqı 8 dəfədən çox - 2003-cü
ildəki 9 manatdan 2008-ci ildə 75 manatadək
artırılmışdır. Ölkədə muzdla işləyənlərin
orta aylıq əmək haqqı 2007-ci illə müqayisədə
24,2 faiz, 2003-cü ilə nisbətən isə 3,5 dəfə
artaraq 268,0 manata çatmış və inflyasiya səviyyəsini
1,7 dəfə üstələmişdir. Sənaye müəssisələrində
işləyənlərin orta aylıq əmək haqqı
428,9 manat, tikinti kompleksində - 406,7 manat, nəqliyyatda - 311,5
manat, rabitədə - 377,2 manat olmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli sərəncamı
ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı” pensiya təminatının daha da
yaxşılaşdırılmasına yönəldilmiş və
sığorta-pensiya sistemində həyata keçirilən
islahatların növbəti mərhələsini müəyyənləşdirmişdir.
Ölkə Prezidenti
İlham Əliyev dövlətin strateji sahə hesab etdiyi təhsil
sahəsinə böyük diqqət yetirir. Belə ki, son
dövrdə ölkədə təhsil sektorunun
inkişafına dair qəbul edilimiş 14 dövlət
proqramının uğurla həyata keçirilməsi davam
etdirilmişdir. Təhsil sistemində aparılan islahatlar nəticəsində
əhalinin təhsil səviyyəsi artır və bu gün 15
və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən
766-sı ali və tam orta təhsilə malikdir. 2008-ci ildə
15 və yuxarı yaşda olan əhalinin savadlılıq səviyyəsi
99,5 faizə çatmışdır.
Məktəblər
müasir kompyuter və digər İKT avadanlıqları ilə
təmin olunmuş, 14 mindən yuxarı müəllim İKT
üzrə treninqdən keçmişdir. Yeni nəsil dərsliklər
hazırlanmış və şagirdlərə pulsuz
paylanmışdır. 2004-2008-ci illərdə dövlətin əsaslı
vəsait qoyuluşu və Heydər Əliyev Fondunun dəstəyi
hesabına 1300-ü regionlarda olmaqla, 1600 məktəb
binası inşa edilmişdir.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyeva təhsil,
səhiyyə, mədəniyyət, idman və digər sahələrin
inkişafına önəmli töhfələr vermişdir. Təkcə
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi
çərçivəsində ən müasir avadanlıqla,
informasiya texnologiyaları ilə təmin olunmuş 238 məktəb
inşa edilmiş və ya yenidən qurulmuşdur.
Regionlarda səhiyyə
xidmətinin keyfiyyətinin yüksəldilməsi və
idmanın inkişafı məqsədi ilə 2004-2008-ci illərdə
16 yeni xəstəxana, 42 ambulatoriya-poliklinika, 42 özəl
tibb müəssisəsi, 8 diaqnostika mərkəzi, 19
feldşer məntəqəsi, 18 Olimpiya İdman Kompleksi tikilib
istifadəyə verilmişdir. 15 Olimpiya İdman
Kompleksinin və 9 diaqnostika mərkəzinin tikintisi davam
etdirilir.
Azərbaycan Prezidenti cənab
İlham Əliyev regionlarda mövcud olan əmək
ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli
istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafı və aqrar sektorda islahatları sürətləndirmək,
əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun
səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli
investisiya şəraiti, müasir müəssisələr,
yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin
həyata keçirilməsi məqsədi ilə 2004-cü il
11 fevral tarixli fərmanı ilə 2004-2008-ci illərdə
regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını
təsdiq etmişdir. Ölkə Prezidentinin
tapşırığı ilə 2009-2013-cü illəri əhatə
edən yeni dövlət proqramı
hazırlanmışdır. Proqramda Azərbaycan
iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli
inteqrasiyası, bölgələrin infrastruktur və kommunal
xidmətlərlə təminat səviyyəsinin və
xalqın rifah halının daha da yüksəldilməsi yeni
proqramın əsas vəzifələri kimi müəyyən
edilmişdir.
Azərbaycanın dinamik
inkişafını təsdiq edən əsas məqamlardan biri
son beş ildə dövlət büdcəsinin postsovet məkanı
ölkələri üçün tamamilə əlçatmaz
bir sürətlə artmasıdır. Beynəlxalq təşkilat
olan “UNCTAD” tərəfindən hazırlanan “Birbaşa xarici
investisiyaların cəlbi indeksi reytinqi” hesabatına əsasən,
ölkəmiz hələ 2007-ci ildə 140 ölkə
arasında birinci yerə çıxmışdır. Ekspertlər
qeyd edirlər ki, 2003-cü ildən sonra Cənubi Qafqaz ölkələrinə
yönəldilmiş bütün xarici investisiyaların 66-71
faizi Azərbaycanın payına düşür.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkənin
makroiqtisadi imkanları barədə demişdir: “Hazırda biz
makroiqtisadi sabitliyin pozulmaması məqsədi ilə ölkə
üçün vacib hesab edilən layihələrlə
bağlı tələbatların ödənilməsi, əmək
haqlarının və pensiyaların artırılması ilə
inflyasiyanın normal çərçivədə
saxlanılması arasında tarazlığı qoruyub
saxlamalıyıq”. Məhz bu tarazlığın qorunub
saxlanılması, vacib hesab edilən layihələrlə
bağlı tələbatların ödənilməsi nəticəsində
ölkədə 766 mindən çox yeni iş yeri
yaradıldı, yoxsulluq həddi 49 faizdən təxminən 13
faizə endirildi, Dünya Bankı ölkəmizi “ən
islahatçı ölkə” elan etdi, Azərbaycan Dövlət
Neft Fondu beynəlxalq təşkilatların “Şəffaflıq”
mükafatına layiq görüldü. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
düzgün siyasi idarəetmə və iqtisadi tənzimləmənin
həyata keçirilməsi nəticəsində bu göstəricilər
ölkəmizi regionun lider dövlətinə çevirdi.
Böyük uğurla həyata
keçirilən sosial-iqtisadi siyasət, son illərdə Azərbaycanda
yaradılmış güclü iqtisadi potensial belə deməyə
əsas verir ki, Azərbaycan hələ uzun illər bu liderlik
missiyasını davam etdirəcəkdir.
Arif ŞƏKƏRƏLİYEV,
əməkdar elm xadimi,
Beynəlxalq Menecment
Akademiyasının üzvü,
iqtisad elmləri doktoru,
professor
Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 3.