Ulu öndərin
Sumqayıta tarixi səfərini şəhər
sakinləri ehtiramla xatırlayırlar
Sumqayıtın tarixində
ulu öndər Heydər Əliyevin 2003-cü il aprelin 3-də
bu şəhərə səfərinin xüsusi yeri var.
O vaxt unudulmaz
böyük şəxsiyyətin gənclik şəhərinə
gəlişi, fəallar yığıncağında söylədiyi
nitq, bildirdiyi iradlar, verdiyi tövsiyələr
Sumqayıtın ictimai-siyasi həyatına yeni nəfəs
vermiş, burada təmiz mənəvi ab-hava yaranmasına təkan
olmuşdur.
Artıq altı ildir ki,
Sumqayıtda ümummilli liderin tarixi səfərinin
ildönümü qədirbilənliklə qeyd edilir. Ənənəyə
sadiq qalan sumqayıtlılar da aprelin 3-də yenə də ulu
öndərin şəhərdəki möhtəşəm
abidəsinin qarşısına toplaşmışdılar. Əvvəlcə
maraqlı bədii kompozisiya təqdim olundu. Altı il öncə
həmin gün dövlət başçısının sərəncamı
ilə şəhərə rəhbər təyin edilmiş
Vaqif Əliyev ictimaiyyət nümayəndələrinin
qarşısında məruzə ilə çıxış
etdi. O, bildirdi ki, ulu öndərin Sumqayıta son səfəri
şəhərin yeni inkişaf tarixinin
başlanğıcı olub, burada sağlam mənəvi-siyasi
iqlim bərpa edilib. Dahi rəhbərin nitqindən irəli gələn
müddəalar fəaliyyət proqramı kimi həyata
keçirilib, etimadı layiqli işlərlə doğruldan
sumqayıtlılar ötən altı ildə böyük
sosial-iqtisadi, mədəni inkişaf yolu keçiblər. Prezident
İlham Əliyevin gündəlik qayğısı ilə əhatə
olunan Sumqayıt şəhəri tanınmaz dərəcədə
dəyişib, gözəlləşib, abadlaşıb. Ulu
öndərin tarixi səfəri beləcə xoş xatirələrlə
anıldı, onun xeyir-duası ilə başlanan işlərin
fərəhli nəticələrindən ətraflı bəhs
olundu.
Sonra şəhər
ictimaiyyətinin nümayəndələri, sənaye, elm, təhsil,
mədəniyyət kollektivləri, ziyalılar ulu öndərin
möhtəşəm abidəsini böyük ehtiramla ziyarət
etdilər, gül dəstələri qoydular. Müasir şəhərsalma
meyarlarına tam uyğun gələn, genişliyi və
abadlığı ilə göz oxşayan və 2004-cü
ilin aprelindən dahi rəhbər Heydər Əliyevin
adını daşıyan küçədə — abidənin
qarşısındakı meydanda mərasim bir neçə
saat davam etdi. Qəlbinin hökmü ilə buraya gəlmiş
hər bir sumqayıtlı ümummili liderin ölməz xatirəsi
qarşısında baş əydi.
***
Aprelin 3-ü həm də
Sumqayıtda yenicə tikilmiş Ağsaqqallar evinin təntənəli
açılış mərasimi ilə yadda qaldı. Açılışın
məhz həmin günə salınması rəmzi xarakter
daşıyırdı. 2003-cü ilin aprelində Sumqayıta
tarixi səfər edən böyük el ağsaqqalı,
dünyada tanınmış görkəmli siyasi xadim, ulu
öndər Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərə
özəl münasibət bəsləyib, əmək və
müharibə veteranlarına, ağsaqqallara və
ağbirçəklərə hörmət-izzət örnəyi
nümayiş etdirib. Təsadüfi deyil ki, yeni, gözəl
binanın foyesində zövqlə tərtib edilmiş Heydər
Əliyev güşəsində ulu öndərin müdrik
fikri ilk baxışdan diqqət çəkir: “Ağsaqqal
milli-mənəvi həyatımızın qızıl
fondudur”.
Sumqayıt Şəhər
İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev mərasimdə
nitq söylədi. Ağsaqqallara, veteranlara göstərilən
qayğı və diqqətdən konkret misallarla söhbət
açdı və onları Ağsaqqallar evinin
açılışı münasibəti ilə təbrik
etdi, ən xoş arzularını çatdırdı.
Ağsaqqallar
Şurasının sədri Müzəffər Gülümov
40 ərazi şurasında, 265 dayaq məntəqəsində
birləşən minlərlə ağsaqqal və
ağbirçək adından bu gözəl töhfəyə
görə şəhər rəhbərliyinə minnətdarlıq
bildirdi. Şəhər ictimaiyyətinin ən fəal
qanadlarından olan Ağsaqqallar Şurasının bundan sonra
da vətənin çiçəklənməsində, gənclərin
tərbiyəsində fədakarlıq göstərəcəyini
bildirdi.
Rəmzi lent kəsildikdən
sonra binaya ictimai baxış oldu. Şəhərin mərkəzində tikilmiş
2 mərtəbəli, 7 otaqdan
ibarət, 180 nəfərlik
zalı və hər cür şəraiti olan Ağsaqqallar evinin hər güşəsi sözün əsl mənasında göz-könül
oxşayırdı. Bu, Sumqayıtın qarşıdan
gələn 60 illik yubileyi ərəfəsində
şəhərin inkişafında
zəhməti olan müdrik nəslin nümayəndələrinə ən gözəl hədiyyə kimi qiymətləndirildi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 4.