Tarixən bütün
ölkələrdə referendumu
zaman tələb edib
Martın 18-də Azərbaycanda
keçirilmiş ümumxalq səsverməsi də xalqın
arzusuna, zamanın çağırışına cavab idi
Son illər Azərbaycanda
maraqlı və eyni zamanda, hamı tərəfindən qəbul
edilən bir tendensiya yaranıb. Bəlkə də bu
tendensiyadan daha çox qanunauyğunluqdur. Belə ki, ölkədəki
istənilən ictimai-siyasi prosesdən söz açan hər
kəs ya öz-özünə, ya da həmsöhbətinə
sual verir: “Bu məsələyə Heydər Əliyevin
münasibəti necə olardı?”. Yəni insanlar gündəlikdəki
məsələyə öz münasibətini bildirməzdən
əvvəl ulu öndərin siyasi məktəbinə
müraciət edir, onun tükənməz irsindən bəhrələnirlər.
Azərbaycan xalqı fəxr edə bilər ki, onun istənilən
məqamda üz tutduğu ünvan var — Heydər Əliyev
siyasi kursu. Bu gün — ölkəmizdə keçirlmiş 18
mart ümumxalq səsverməsidən sonra da ilk növbədə
məhz yuxarıda qeyd etdiyimiz qanunauyğunluğa əsasən
ulu öndərin möhtəşəm siyasi irsinə
müraciət etdik.
Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının rəhbəri,
fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin redaktorluğu,
görkəmli alimlər Əli Abbasov və Teymur Əhmədovun
tərtibçiliyi ilə hələ bir neçə il əvvəl
işıq üzü görmüş “Heydər Əliyev və
mətbuat” dördcildliyinin sonuncu cildində 2002-ci ildə Azərbaycanda
keçirilmiş referendumla bağlı dəyərli məqamlar
vardır. Daha doğrusu, burada ulu öndərin referendum
günü səs verdikdən sonra KİV təmsilçilərinin
suallarını cavablandırması da öz əksini
tapıbdır. Həmin cavabların hər biri sadəcə
bir örnəkdir. “Konstitusiyamız referendumda qəbul
olunduğuna görə — bu da yaxşı haldır, ona
parlament vasitəsilə, hər kəsin istədiyi kimi dəyişikliklər
etmək olmaz. Dəyişikliklər ancaq ümumxalq səsverməsi,
referendum yolu ilə edilə bilər”. Yaxud, “Dəyişikliklər
üçün yəqin ki, ehtiyac lazımdır. Mən sizə
dəfələrlə demişəm. Bu dəyişikliklər
elə deyil ki, oturdun, fikirləşdin ki, bunları edək. Bunlar
son illərdə yaranmış vəziyyətlə əlaqədar
gündəliyə gəlibdir. Ona görə də bu dəyişikliklər
edilir” və sairə.
Zaman nəyi tələb
edirdi, dəyişikliklərə nə üçün
ehtiyac yaranmışdı? Hamı bilir və getdikcə daha
geniş miqyasda inkarı mümkün olmayan bir həqiqət
kimi qəbul edilir ki, Heydər Əliyevin siyasi fəaliyyətinin
və ictimai məramının ən başlıca istiqamətlərindən
biri insanların hüquqlarının qorunması idi. 1995-ci
ildə qəbul edilmiş Əsas Qanunumuzda göstərilirdi
ki, Azərbaycanda parlament üzvləri mojaritar və
proporsional qaydada seçilirlər. Seçkidə beş, on və
ya on beş deputat yerini qazanmış partiya deputatları
öz daxili siyahısı ilə “seçirdi”. Ona görə
də tutaq ki, şərti adı “Amal” olan partiyanın rəhbərliyi
seçicilərin etimadı hesabına qazandığı
deputat yerlərini heç bir siyasi səviyyəsi, təcrübəsi
və cəmiyyətdə nüfuzu olmayan — ancaq partiya rəhbərliyinə
yaxın adamlar arasında bölüşdürürdü. Nəticədə
nə olurdu? Həm səs vermiş seçicilərin
hüququ pozulurdu, həm də “Amal” partiyasındakı
deputatlığa layiq şəxslərin. Ona görə də
2002-ci ilin avqustunda keçirilən referendumla Əsas
Qanunumuzda edilən dəyişikliklərdə bu qəbildən
olan hallar aradan qaldırıldı. İlk
Konstitusiyamızın qəbul edilməsindən ötən 7
il belə ehtiyacları zəruri etmişdi. Heydər Əliyev həmin zərurətləri
nəzərə almışdı.
Konstitusiyaya edilən
2002-ci il dəyişiklik və əlavələrindən
ötən növbəti 7 il də bir çox zərurətlər
yaratmışdır. Bu zərurətlər cəmiyyət həyatının
müxtəlif sahələrini əhatə edirdi.
Yarandığı gündən bəri daim xalqın arzu və
istəklərini reallaşdıran Yeni Azərbaycan
Partiyası bu məsələdə də özünün
siyasi fəallığını nümayiş etdirdi. Partiya sədrinin
müavini və icra katibi, parlamentin üzvü Əli Əhmədov
Milli Məclisin iclasında xalqın ümumi arzu və istəklərinin,
təkliflərinin nəticəsi kimi təmsil etdiyi siyasi
qurumun adından təşəbbüslə
çıxış edərək Konstitusiyaya bəzi əlavə
və dəyişikliklər edilməsi üçün zərurət
yarandığını əsaslandırdı. Geniş və
əsaslı müzakirələrdən sonra Milli Məclis
2008-ci il dekabrın 19-da “Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında” Referendum Aktının layihəsini təsdiq
etdi. Elə həmin gün bu layihənin rəy verilmək
üçün Konstitusiya Məhkəməsinə göndərilməsi
barədə qərar da qəbul edildi. Konstitusiya Məhkəməsi
plenumunun 24 dekabr 2008-ci il tarixli qərarıyla bu layihənin
referenduma çıxarılması üçün müsbət
rəy verildi. Qərarda qeyd edildi ki, təqdim olunan Referendum
Aktındakı təkliflər xalq hakimiyyəti və dövlətin
əsaslarına dair Azərbaycan Respublikası
Konstitusiyasının ümumi müddəaları ilə
ziddiyyət yaratmadığından və Əsas Qanunumuzun
155-ci maddəsinin tələblərinə uyğun olduğuna
görə ümumxalq səsverməsinə — referenduma
çıxarıla bilər. Daha sonra referendumun keçiriləcəyi
vaxt müəyyən edildi.
İndi əsas vəzifə
dövlətin idarə edilməsi üçün əsasnamə
olan Konstitusiyaya ediləcək bu dəyişiklik və əlavələrin
mahiyyətinin ölkə ictimaiyyətinə olduğu kimi
çatdırılması idi. Doğrudur, əhalinin
böyük əksəriyyəti, xüsusən, səsvermə
hüququna malik əhali qeyd edilən dəyişiklik və əlavələrin
hansı zərurətdən irəli gəldiyini çox
yaxşı bilirdi. Ancaq hər halda istənilən seçkidən
əvvəl olduğu kimi bu referendum ərəfəsində də
geniş izahat, təbliğat və təşviqat işlərinə
ehtiyac var idi. Mən məmnunam ki, Yeni Azərbaycan Partiyası
indiyədək olan bütün ictimai-siyasi proseslərdə
göstərdiyi fəallığı yenə də
nümayiş etdirdi. Partiyamız həmişə olduğu
kimi bu referendum ərəfəsində də öz fəaliyyətini
ölkəmizdə qüvvədə olan qanunvericilik əsasında
quraraq qarşıya qoyulan bütün vəzifələrin
öhdəsindən layiqincə gəldi.
Seçicilərə
demək istədiklərimiz nədən ibarət idi? ƏVVƏLA,
martın 18-də keçiriləcək referendumun sırf
olaraq 101-ci maddənin 5-ci bəndi ilə bağlanması qətiyyən
doğru deyildi. Kütləvi informasiya vasitələrindən
də məlum olduğu kimi Referendum Aktında Əsas
Qanunumuzun 29 maddəsində 41 dəyişiklik edilməsi nəzərdə
tutulurdu. İKİNCİ, müstəqil Azərbaycan dövləti
son illər özünün yüksək inkişaf mərhələsinə
qədəm qoymuş, bu inkişaf bizim beynəlxalq aləmə
inteqrasiyamızı sürətləndirmişdir. Məhz həmin
inteqrasiya nəticəsində rəsmi Bakı onlarla beynəlxalq
konvensiyaya qoşulmuşdur. Bu isə o deməkdir ki, biz həmin
konvensiyalarda nəzərdə tutulan müddəalara əməl
etmək barədə öhdəlik
götürmüşük. Məsələn, uşaq və
yeniyetmələrlə bağlı beynəlxalq sənədlərin
hamısında göstərilir ki, 15 yaşınadək olan
uşaqlar işə qəbul edilə bilməzlər. Bizim
Konstitusiyamızda isə bu barədə heç nə yox idi.
İndiki referendumdan sonra Əsas Qanunun 17-ci maddəsinə bu
məzmunlu 4 hissə əlavə edildi. Həmin maddəyə
əlavə edilən V hissədə yazılır: “15
yaşına çatmamış uşaqlar işə
götürülə bilməzlər” (88,11 faiz lehinə
olmaqla qəbul edilmişdir). Yəni sivil dövlət
quruculuğu kursu götürmüş ölkənin
qanunvericiliyi daha da təkmilləşdirilir.
Başqa bir məsələyə
diqqət yetirək. Təxminən 3-4 il əvvəl Azərbaycanda
yaşayan əcnəbilərdən biri dövlət rəmzlərimizdən
birinə açıq şəkildə hörmətsizlik etmişdi.
Həmin şəxsin çalışdığı
kollektivin etirazlarına və mətbuatın çoxsaylı
reaksiyalarına baxmayaraq dövlət rəmzimizə hörmətsizlik
edən şəxs barədə inzibati qaydada məsuliyyətə
cəlb edən tədbir görülmədi. Çünki
qanunvericiliyimizdə belə məqam nəzərdə tutulmamışdı.
Ona görə də Konstitusiyamıza edilən dəyişiklik
və əlavələr sırasında həmin məsələ
də öz əksini tapır. 75-ci maddəyə II hissə əlavə
edildi: “Dövlət rəmzlərinə hörmətsizliyin
nümayiş etdirilməsi qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur” (88,22 faizlə qəbul
edilmişdir). Eləcə də məhkəmələrin
çıxardığı qərarın icrası ilə
bağlı problem yaradan məsələlər də var idi. Kütləvi
informasiya vasitələrindən də məlum olduğu kimi,
belə hallara tez-tez olmasa da rast gəlinirdi. Qəzetlər “Məhkəmənin
qərarı icra edilmir”, “İcra edilməyən məhkəmə
qərarı” və sairə ifadələrə öz səhifələrində
yer ayırırdılar. Ona görə də referendum vasitəsilə
Konstitusiyanın 129-cu maddəsinə iki hissə əlavə
edildi. Hər ikisi önəmli olan həmin hissələri
olduğu kimi qələmə alaq: “II. Məhkəmə qərarının
icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə
səbəb olur”. “III. Məhkəmə qərarı əsaslandırılmalı
və sübuta yetirilmiş olmalıdır” (87,5 faiz lehinə
olmaqla qəbul edilmişdir). Yəni demokratik dövlət
quruculuğu kursu götürmüş Azərbaycanda vətəndaş
cəmiyyətinin formalaşdırılmasını daha da
sürətləndirmək üçün Əsas Qanunumuz təkmilləşdirilir.
Bunu zaman tələb edir, qoşulduğumuz beynəlxalq
konvensiyaların əsas müddəaları zəruri edir.
Konstitusiyanın 101-ci
maddəsinin V hissəsinin dəyişdirilməsinə gəlincə
isə qeyd etməliyik ki, burada təkcə hüquqi, siyasi və
ictimai məzmun deyil, həm də mənəvi məsələlər
önəm kəsb edir. Fikrimizi əsaslandıraq.
HÜQUQİ MƏZMUN: Konstitusiyanın 56-cı maddəsində
göstərilirdi ki, Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarına seçmək və seçilmək
hüququ vardır. Çox əcəb. 101-ci maddənin V hissəsində
isə açıq şəkildə məhdudiyyət
qoyularaq göstərilir ki, heç kəs iki dəfədən
artıq Azərbaycan Respublikasının Prezidenti seçilə
bilməz. Bu, Əsas Qanunun bir bəndinin özündən əvvəlki
bəndin müddəalarını pozması idi. Yəni, adi
seçicinin seçmək hüququ varsa, onda istədiyi namizədi
üçüncü və ya dördüncü dəfə
də prezident seçə bilər. Yaxud hər hansı bir
siyasətçinin seçilmək hüququ varsa, onda nə
üçün üçüncü və ya dördüncü
dəfə seçilə bilməsin? Yəni bu məhdudiyyət
aradan qaldırılır. Məsələnin SİYASİ MƏZMUNUNA
gəlincə isə qeyd etməliyik ki, bu məqam həm
Konstitusiyamızdakı xalq hakimiyyəti və dövlətin əsaslarına
dair müddəalarla ziddiyyət təşkil etmir, həm də
beynəlxalq təcrübə ilə. Yeri gəlmişkən,
Azərbaycan Prezidenti cənab İlham Əliyev yanvar ayında
İsveçrəyə səfəri zamanı ABŞ-ın
“Uoll strit jornel” qəzetinə verdiyi müsahibədə həmin
məqama kifayət qədər aydınlıq gətirmişdi:
“Bu təşəbbüs parlamentdə çoxluq təşkil
edən partiyamız tərəfindən irəli
sürülmüşdür. Eyni zamanda, demək istəyirəm
ki, xalqın bir şəxsin iki dəfədən artıq
prezident seçilməsinə səs vermək hüququna malik
olması demokratik prinsipdir. Referendum demokratik prosedurdur və
xalqın iradəsinə əsaslanır. Eyni zamanda, bu, Avropa təcrübəsinə
uyğundur”. Yəni biz Avropa dəyərlərini qəbul
edir, qitə miqyaslı beynəlxalq təşkilatlara
inteqrasiya ediriksə, öz qanunlarımızı da Avropa təcrübəsinə
uyğunlaşdırmalıyıq. Necə ki, martın 18-də
etdik. Çünki Avropanın və dünyanın bir
çox ölkələrində bu təcrübə
mövcuddur.
Məsələnin MƏNƏVİ
TƏRƏFİNƏ gəlincə isə bir hind aforizmini
xatırlatmaq yerinə düşərdi: “Öndə getməyi
o şəxsə etibar edin ki, o, bir dəfə öndə
getmiş və insanları ağ günə
çıxarmış olsun”. Bəri başdan deyim ki, burada
söhbət əvvəlcə Heydər Əliyev siyasi
kursundan, sonra isə cənab İlham Əliyevin 2003-2008-ci illərdəki
“öndə getmək” təcrübəsindən gedir. Əslində
İlham Əliyevin ictimai-siyasi və idarəçilik fəaliyyəti
Heydər Əliyev siyasi kursunun daha mükəmməl şəkildə
davam etdirilməsidir. Heydər Əliyev Azərbaycan dövlətçiliyini
məhv olmaqdan xilas etmiş və ona əbədilik
qazandırmışdırsa, İlham Əliyev bu dövlətə
dünya şöhrəti gətirdi. Azərbaycanın 200
dövlət arasında bir neçə göstərici
üzrə ilk yerləri tutması Heydər Əliyev siyasi
kursunun nəticəsidir. 1993-cü ilin yayında vətəndaş
müharibəsinin bir addımlığında, aclıq, səfalət,
məhrumiyyətlər girdabında olan Azərbaycan 2009-cu ilin
yazında istənilən beynəlxalq tribunadan öz
sözünü diqtə edir, kosmosa öz süni peyklərini
çıxarır, Şərqlə Qərbin
iqtisadiyyatını bir-birinə qovuşdurur, Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsində
önəmli rol oynayır. Çünki bu siyasətin təməlində
Heydər Əliyev siyasi dühası dayanır. Çünki
bu yol Heydər Əliyev yoludur. Yeri gəlmişkən, bu məqamda
şair Salman Qazinin vətəndaş təəssübkeşliyi
ilə qələmə aldığı “Bu yol Heydər
yoludur” şeirinin bir bəndi yadıma düşür:
Ey insan, dur, fikirləş,
öz yolunu seç, tanı,
Bu yoldan başqa bir yol
göstər görüm, de, hanı?
Bu yol zirvələrə
aparır Azərbaycanı,
Bu yol rifah yoludur, bu yol zəfər
yoludur,
Bu yol Heydər yoludur,
ulu öndər yoludur.
Qeyd etdiyimiz bu bir bənd
Azərbaycan vətəndaşlarının Konstitusiyanın
101-ci bəndinə edilən düzəlişə münasibətinin
ümumiləşdirilmiş ifadəsidir. Ona görə də
martın 18-də seçki məntəqələrinə gəlmiş
səsvermə hüquqlu vətəndaşlarımızın
91,76 faizi, yəni, 3 milyon 195 min 799 nəfəri məhz bu bəndin
lehinə səs vermişdir. Qeyd edək ki, Əsas Qanunumuzun
29 maddəsinə edilən dəyişikliklər arasında ən
böyük səs çoxluğu ilə qəbul edilən
düzəliş də məhz 101-ci maddəyə edilən
düzəliş olmuşdur.
Nəbi XƏLİLOV,
YAP Bəniqədi rayon
təşkilatının sədri
Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 4.