Şəki:
Dağlar qoynunda yeni tarix yaradılır
Zərinə Cavadova
Şəkidə dünyaya göz açıb, əmək fəaliyyəti
də həmişə Şəki ilə bağlı olub. O,
hazırda Şəki Şəhər İcra Hakimiyyəti
başçısının müavini kimi məsul vəzifə
daşıyır. Onunla mart ayının əvvəllərində
iş otağında görüşdük. Yorğun
görünürdü. Səbəbini soruşmaq istədim. Deyəsən,
ürəyimdən keçənləri hiss etdi. Özü
söhbətə başladı:
— Neçə
gündür İctimai Televiziyadan qonaqlarımız var. Kiş
kəndində çəkilişlər aparırlar. Yəqin
ki, bilirsiniz. Buradakı məbəd alban abidələri
arasında xüsusi statusa malikdir. O nəinki memarlıq abidəsi
kimi, həm də tarixi bir abidə kimi qiymətlidir. Məbədin
yaranma tarixi Qafqaz Albaniyasında xristianlığın
yayılma tarixi ilə bağlıdır.
Tarixi qaynaqlara görə,
məhz Kişdə I əsrdə apostol Faddeyin şagirdlərindən
biri — müqəddəs Yelisey “Qafqaz Albaniyasında alban kilsəsinin
anası” sayılan qədim kilsənin əsasını qoyur.
Zərinə xanım bax, beləcə həvəslə
danışır, Şəkinin başdan-başa mədəniyyət
abidələri ilə əhatə olunmasından fəxrlə
söhbət açır. Düşünürəm. Görəsən,
Şəkini onun qədər sevən çoxmu şəkili
var? Mən heç kəslə mübahisə etmək istəmirəm.
Amma bir həqiqəti bilirəm ki, tarix elmləri namizədi Zərinə
xanımın bütün söhbətlərinin baş
mövzusu Şəkidir. Onun fikrincə “məsul vəzifə”
sözündəki məsuliyyət sıravi vətəndaşların
məsuliyyətindən qat-qat çox olmalıdır. “Vəzifəmizin,
qanunların, ölkə rəhbərliyinin tövsiyə və
tapşırıqlarının layiqincə yerinə yetirilməsi
zərurətinin yaratdığı məsuliyyət nə qədər
böyük olsa da, onlardan da ali bir məsuliyyət var, — deyir
Zərinə Cavadova, — bu, yurdun, elin, obanın təəssübünü
çəkmək, təəssübkeşliyin geniş mənada
vətənsevərliyə çevrilməsinə nail olmaqdan
ibarətdir. Bu, bizə ulu öndər Heydər Əliyevin
verdiyi ən böyük dərslərdən biridir. Ümummilli
liderimiz deyirdi ki, öz ocağını, obasını, kəndini,
rayonunu sevə bilməyən kəs bütövlükdə
Azərbaycanı qətiyyən sevə bilməz. Çünki
Vətən evdən, eldən başlanır”.
Zərinə xanımdan
bu fikirləri dəfələrlə eşitmişəm. Amma
ötən il Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Şəkiyə səfərindən,
şəhər ictimaiyyətinin nümayəndələri ilə
görüşdəki nitqindən sonra Zərinə xanım
öz fikirlərində daha qətiyyətlidir:
İnkişaf, tərəqqi,
tikinti-quruculuq işləri zamanın tələbidir. Respublikamız
bütün dünyada ən iti sürətlə inkişaf edən
ölkələrdən biridirsə, Şəki nəinki bu tərəqqidən
geridə qalmamalı, əksinə ən öndə gedənlərdən
biri olmalıdır. Amma mən həmişə
düşünmüşəm və təkliflər
vermişəm ki, istənilən inkişaf prosesində yerli dəyərlər
qorunmalı, özünəməxsusluqlar mühafizə
olunmalıdır. Nə yaxşı ki, son illər bu prinsiplərə
yüksək səviyyədə əməl edilir. Elə cənab
Prezidentin Şəkidə olarkən söylədiyi ”Şəki
öz simasını saxlamaqla müasirləşir" ifadəsi
də məhz şəhər rəhbərliyinin
tikinti-quruculuq işlərini elmi əsaslar üzərində
inkişaf etdirdiyinin sübutu idi. Mən arzu edirəm ki, on illərdən,
yüz illərdən sonra da Şəki indiki gözəlliyini
qoruya bilsin. Çünki bizim Şəki həqiqətən
çox gözəldir, tayı-bərabəri olmayan
diyardır. İnanıram ki, bu gözəllik yurdsevər
insanların əliylə qorunacaq".
...Heç zaman şeir
yazmaq fikrinə düşməmişəm. Amma Zərinə
xanımın böyük və təmiz vətəndaş təəssübkeşliyi
ilə dilə gətirdiyi bu ifadələri eşidəndə
ürəyimdən iki hiss keçdi: Birinci, əsl şeir
mövzusudur. İkinci, Allah ulu öndərimizə min rəhmət
eləsin. Həqiqətən böyük incəliklə ifadə
edib ki, elini-obasını sevməyən kəsin Vətəni
sevə bilməsi inandırıcı deyil. Müstəqil
dövlətimizin bugünkü uğurları məhz həmin
yurdsevər insanların fəaliyyətinin birləşməsi
nəticəsində əldə edilibdir.
...Şəki öz
simasını saxlamaqla müasirləşir. Bu tezisin təsdiqini
ifadə edən başqa bir söz, demək olar ki, yoxdur. Bunun
üçün sadəcə Şəkini görmək
lazımdır. Dağların “üz ağlığı
olan”, hətta, yayın əvvəllərinə qədər əriməyib
tab gətirən qar marxalları, ildırımın, küləyin,
yağışın, dolunun qarşısını
alırmış kimi qollarını özündən
kiçik ağacların üstünə uzadan palıdlar,
yazda-payızda qonaqları səksəndirən “əsəbi”
dağ çayları, turistləri daş döşənmiş
ensiz yollarla tarixin dərinliklərinə aparan abidələr...
Şəkinin özünəməxsusluqları çoxdur.
Amma şəhər icra hakimiyyətinin
başçısı Nazim İbrahimovun fikrincə,
sadaladığımız bu çoxsaylı özünəməxsusluqların
sırasına yeni və müasir bir özünəməxsusluq
da əlavə edilibdir: “Biz bir çox layihələrdə
tarixin müxtəlif səhifələrinin bu günlə,
müasir günlərimizi isə tarixin hansısa dövrü
ilə əlaqələndirərək sırf özünəməxsus
layihələr həyata keçiririk. İnkişaf öz
yerində, tərəqqinin tələblərinə uyğun
şəkildə proqramlar icra edilir, tikinti-quruculuq işləri
zamanın çağırışları səviyyəsində
davam etdirilir. Ancaq bu fəaliyyət sahəsiylə
yanaşı, bütövlükdə Azərbaycan tarixinin qiymətləndirilməsi
istiqamətində də müəyyən işlər
görürük. Belə biz tezisimiz var ki, tarixin öyrənilməsi
alimlərin işidirsə, tariximizin müxtəlif səhifələrinin
təbliğ edilməsi, onların dünya ictimaiyyətinin
diqqətinə çatdırılması hər bir vətəndaşın
vəzifəsi, borcudur.
Məsələn,
2008-ci ildə Şəkinin sosial-iqtisadi sahədə
uğurları nə qədər çox olsa da — onlar barədə
konkret faktlara və rəqəmlərə əsaslanan məlumat
ala bilərsiniz — mənim fikrimcə, ən böyük nailiyyətlərimizdən
biri iyun ayının 28-də keçirdiyimiz tədbir olubdur. “Şəki—qədim
sivilizasiyalar diyarı” adlı beynəlxalq tədbirə
ölkəmizdə fəaliyyət göstərən 27 xarici
ölkənin səfiri, səfirliklərin əməkdaşları,
elm və incəsənət xadimləri, millət vəkilləri
iştirak edirdi. Bir gün əvvəl — iyunun 27-də şəhər
rəhbərliyinin Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix İnstitutu və Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə təşkil etdiyi eyni
adlı elmi-praktik konfransda qeyd edilmişdir ki, tariximiz, milli
varlığımız, sərhədlərimiz o zaman qorunub
saxlanılır ki, xalq öz tarixinə sahib
çıxmış olsun. Şəki Azərbaycanın elə
bir diyarıdır ki, bu şəhər Azərbaycan tarixinin formalaşmasında,
dövlətçilik ənənələrinin, orta əsrlərə
aid görünüşünün, memarlıq abidələrinin
qorunub saxlanılmasında mühüm rol
oynamışdır. Ona görə də Şəki Azərbaycan
üçün yalnız turizmin inkişafı
baxımından deyil, bütövlükdə tariximizin qiymətləndirilməsi
baxımından da xüsusi əhəmiyyət kəsb
edir".
İcra
başçısının söhbətindəki
bütün məqamlar maraqlı olsa da, həmin fikirlər
arasından mənim özüm və oxucularımız
üçün daha diqqət çəkən bir məsələni
xüsusilə qeyd etmək istəyirəm. Sən demə,
Şəkidə bütün dünyanı qarış-qarış
gəzmiş, xüsusən, Qafqaz xalqlarının tarixi və
soykökü barədə çoxsaylı elmi fikirlərini əsaslandırmış
görkəmli Norveç alimi, etnoqraf, arxeoloq və səyyah
Tur Heyerdalın büstü qoyulubmuş. Fazıl kəndində
eramızdan əvvəl II minilliyə aid olan “Təpəbaşı”
nekropolu var. “Şəki—qədim sivilizasiyalar diyarı”
adlı elmi-praktik konfransın və ertəsi günü təşkil
edilən möhtəşəm beynəlxalq tədbirin
iştirakçıları bu məkana gəlmiş,
üç min yaşı olan nekropolun yanında görkəmli
alimin büstünü görəndə Azərbaycanlıların
qədrşünaslığını yüksək qiymətləndirmişlər.
Rumıniya səfiri Niolaye Ureke Fazıl kəndində Tur
Heyerdalın büstünü görərkən
“dünyanın üç qitəsini təmsil edən”
diplomatlar adından Şəki rəhbərliyinə minnətdarlıq
ifadə etmişdir.
Bütün bunlarla
yanaşı Şəki son illər böyük sosial-iqtisadi
inkişaf yolu keçibdir və həmin yol barədə,
xüsusən, 2008-ci ildə əldə edilmiş nailiyyətlər
haqqında konkret faktlarla söhbət açmaq zərurəti
vardır. Məsələn, 2008-ci ildə rayonda
iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan
məhsul və xidmətlərin ümumi məbləği 205
milyon 636 min manat olub. Bu göstərici 2007-ci ilə nisbətən
38,2 faiz, 2003-cü illə müqayisədə isə 3,8 dəfə
çoxdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsini
xarakterizə edən göstəricilərdən biri də
adambaşına düşən məhsul istehsalıdır. 2008-ci
ildə Şəkidə adambaşına düşən məhsul
istehsalının məbləği əvvəlki ilə nisbətən
37,3 faiz artaraq 1,209 manat təşkil edibdir. “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrasının sonuncu ilində
Şəkidə 6571 yeni iş yeri açılıb. 2003-cü
il oktyabr ayının 1-dən 2009-cu il yanvar ayının 1-nə
qədər olan müddətdə isə bu rəqəm 26 min
73 təşkil edir.Söhbət yeni açılmış
iş yerlərindən düşmüşkən qeyd edək
ki, bunların böyük əksəriyyəti özəl
bölmənin payına düşür. Məhz bu səbəbdən
də Azərbaycan Prezidenti İlham Əliyev ölkənin
daxili siyasətinin əsas istiqamətlərindən biri kimi
sahibkarlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində
saxlayır. Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr
olunmuş geniş iclasında nitq söyləyən dövlət
başçısı deyibdir: “İndiyədək
Sahibkarlığa Kömək Milli Fondu, yəni dövlət
tərəfindən yerli sahibkarlara 400 milyon dollara qədər
kredit resursları verilibdir. Böyük məbləğdir.
Artıq bu ildən o kreditlərin bir hissəsi
qayıdacaqdır və hesab edirəm ki, o qayıdan vəsait
yenidən kredit şəklində, amma daha da böyük həcmdə
ölkə iqtisadiyyatına yatırılmalıdır. Biz bu
yolla sahibkarları dəstəkləyəcəyik, həm də
ki, kredit resurslarımız daha da artacaqdır”. Dövlət
başçısının əsas məqsəd kimi
qarşıya qoyduğu bu vəzifənin icrası zamanı
Şəkidə bir sıra konkret tədbirlər həyata
keçirilibdir. Yəni sahibkarlarla müxtəlif
görüşlər keçirilib, onlar arasında maarifləndirmə
işləri aparılıb, qarşıya çıxan
problemlərin həllində yaxından köməklik göstərilibdir.
Yeri gəlmişkən,
Qlobal İqtisadi Araşdırmalar Mərkəzi Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə
birlikdə Şəki şəhərində sahibkarlar
üçün “Azərbaycanın Ümumdünya Ticarət
Təşkilatına üzvlüyünün özəl sektor
üçün səmərəliliyi” mövzusunda seminar
keçiribdir. Seminarda Ümumdünya Ticarət Təşkilatının
prinsipləri, bu təşkilata daxil olmağın ölkə,
xüsusilə də özəl sektor üçün
faydası və başqa məsələlər müzakirə
olunubdur. Şəkidə keçirilmiş başqa bir tədbir
də bilavasitə bu məsələləri özündə
əks etdirirdi. Azərbaycan Dövlət İqtisad Universiteti,
Şəki Şəhər İcra Hakimiyyəti və şəhər
bələdiyyəsinin birgə təşkilatçılığı
ilə keçirilmiş “Qlobal maliyyə böhranı və
regional inkişafda yeni strategiyalar” adlı regional elmi-praktik
konfrans da özündən əvvəlki tədbir kimi özəl
bölmənin daha da inkişaf etdirilməsinin yollarını
aramışdır. Bu isə təkcə yerli iqtisadiyyata sərmayə
yatırılmasını və rayon büdcəsini
artırmayacaq, eyni zamanda çoxsaylı yeni iş yerlərinin
yaranmasına səbəb olacaqdır. Deməli, dövlətin
yerli icra strukturlarının qarşısına qoyduğu əsas
vəzifələrdən birinin icrası təmin ediləcəkdir.
Ötən il şəkililər
səhiyyə, təhsil, rabitə, xidmət və digər sahələrdə
kifayət qədər uğurlar əldə ediblər. Həmin
uğurların əksəriyyəti haqqında söz
açmışıq. Dövlət başçımız
Şəkidə olarkən Dünya Bankının və Azərbaycan
hökumətinin birgə həyata keçirdiyi “Tibbi xidmətlər
sahəsində islahatların artırılması” layihəsi
çərçivəsində inşa olunan Şəki Mərkəzi
Rayon Xəstəxanasının 100 çarpayılıq yeni
korpusunun təməlqoyma mərasimində iştirak edibdir. Cənubi
Qafqazda ən iri heyvandarlıq müəssisəsinin məhz
Şəkidə tikilib istifadəyə verilməsini yüksək
qiymətləndirən Prezident bölgələrdə bu qəbildən
olan müəssisələrin daha böyük şəbəkəsinin
yaradılmasının xüsusi əhəmiyyətə malik
olduğunu bildiribdir. Çoxsaylı yeni məktəblər
tikilib, yollar salınıb, körpülər inşa edilibdir.
Yəni sadalanmalı faktlar çoxdur. İdmançıların,
mədəniyyət işçilərinin, yaradıcı
ziyalıların uğurarını da əlavə etsək
böyük bir siyahı alınar. Amma nədənsə həmişə
Şəki haqqında söhbət açarkən Şəki
ipəyinin xüsusi vurğulanması zərurəti
yaranır.
Rayonun ən iri istehsal
müəssisəsi olan “Şəki-İpək” Açıq
Səhmdar Cəmiyyətində yeni istehsal sahəsinin —
pambıq sap əyirmə sexinin quraşdırılması
başa çatıbdır. İllik istehsal gücü 1700
ton pambıq sap olan bu sexdə 120 nəfər daimi işlə
təmin olunubdur. Bu günlərdə müəssisədə
yeni, daha məhsuldar — sutkada 200 kiloqram xam ipək istehsal edən
baramaaçan dəzgahlar istifadəyə verilibdir. Çin
Xalq Respublikasından gətirilən bu avdaanlıqlar məhsulun
keyfiyyətini yüksəltməklə yanaşı, burada
çalışan insanların əməyinin yüngülləşdirilməsinə
də imkan yaradıbdır.
Yuxarıda qeyd etdik ki,
Şəkidə 2008-ci ildə yeni məktəblər tikilib,
tədris korpusları istifadəyə verilir. Yaxşısı
budur şəhər təhsil şöbəsinin müdiri,
pedaqoji elmlər doktoru Firədun İbrahimovu dinləyək. Özü
danışsa yaxşıdır. Şəki təhsilinin
uğurları uzun illər rəhbər vəzifələrdə
çalışan Firədun müəllimin gözü
qarşısında olub. Odur ki, Firədun müəllitm həvəslə
danışdı. Bildirdi ki, Aydınbulaq kəndində 220,
Kosalı və Aşağı Kəldək kəndlərinin
hər birində isə 80 şagird yerlik məktəb
binaları tikilərək istifadəyə verilib. Yaxın
günlərdə Baş Göynük və Kiçik Dəhnə
kəndlərinin hər birində 640, Dərəcənnət
kəndində 240 yerlik məktəblər
qapılarını şagirdlərin üzünə
açacaqlar. Görürsünüzmü deyilənlər
ürəkaçandır. Bu harasıdır. Firədun müəllimin
deməyə o qədər sözü var ki...
... Biz 2008-ci ildə
Şəkidə görülmüş işlər,
regionların sosial-iqtisadi inkişafı Dövlət
Poqramının icrası zamanı əldə edilmiş
uğurlar barədə söz açmaq, qəzet materialı
hazırlamaq üçün bu dağlar diyarına üz
tutmuşduq. Nazim İbrahimov isə dünəndən deyil,
sabahdan söz açan iki cümlə ilə söhbətimizi
başa vurdu: “Bu yaxınlarda qeyd etdiyiniz proqramın ikinci mərhələsini
nəzərdə tutan ”2009-2013-cü illər regionların
solsial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın qəbul edilməsi gözlənilir. Hesab
edirəm ki, həmin proqramda digər rayonlar kimi, Şəkinin
də qarşıdakı illərdə sosial-iqtisadi
inkişafının sürətlənməsinə təsir
edə biləcək əhəmiyyətli məsələlər
öz əksini tapacaqdır".
Təki belə olsun. Təki,
şair demiş, dağlar qoynunda dağ kimi dayanmış
Şəkinin inkişafının yeni mərhələsi
başlansın. Uğurları, nailiyyətləri
işıqlandırmaq, qələmə almaq isə
bütün həmkarlarımız kimi bizə də
xoşdur.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 6.