İlk poliqrafçı
alim haqqında kitab
Azərbaycanda poliqrafiya
sahəsində yeganə alim olan Şəddat Cəfərovu
respublika ziyalıları, elm, mədəniyyət, incəsənət
xadimləri, xüsusən media nümayəndələri
arasında tanımayan yoxdur. Ölkəmizdə “poliqrafiya
elminin ilk qaranquşu” olan, ömrünün təqribən 55
ilini Azərbaycan poliqrafiyasının inkişafına həsr
edən bu xeyirxah, təvazökar insanın zəhməti,
bilavasitə “xeyir-duası” ilə indiyədək işıq
üzü görən kitab, jurnal, qəzet və digər mətbu
nəşrlərin sayını-hesabını heç kəs
bilmir. Nəhayət, növbə
gəlib onun özünə çatmışdır.
Nəinki Azərbaycanda,
eləcə də keçmiş SSRİ məkanında
yaxşı tanınan poliqrafçı-alim, vətənpərvər
ziyalı Şəddat Cəfərovun mənalı həyat
yolundan və fəaliyyətindən bəhs edən
“Acılı-şirinli günlər” adlı kitab bu
yaxınlarda nəfis tərtibatla “Gənclik” nəşriyyatında
çapdan çıxmışdır. Yazıçı-publisist
Fatma Həsənqızının qələminin məhsulu
olan bu nəşr ilk baxışdan bir nəfərin həyat
və yaradıcılığına həsr olunmuş əsər
təsiri bağışlasa da, həmin sahəyə dərindən
bələd olan bir mütəxəssis kimi deyə bilərəm
ki, əsər poliqrafiya tariximizin yarım əsrlik
dövrünü əhatə etdiyinə görə də
qiymətlidir.
Kitab oxunaqlı dillə
qələmə alınıb, oxuduqca özünü bir
növ özünü hadisələrin
iştirakçısı kimi hiss edir, o anları
yaşayırsan.
Müəllif Şəddatın
nəsil şəcərəsindən söhbət
açıb təqribən bir əsr əvvələ ekskurs
edərək, o dövrə işıq saçır. Əsas
diqqəti bu fakta yönəldir ki, Şəddat müəllim
kimi insanlar əsl-nəcabəti olan bir şəcərədə
yetişirlər. Onun ata-babaları da adlı-sanlı, qeyrətli
və öz halal zəhmətləri ilə yaşayan insanlar
olmuşlar.
Zəhmətlə erkən
yaşda ünsiyyət bağlayan Şəddat 7-ci sinfi
bitirdikdən sonra işləmək arzusunda olduğunu
atasına bildirir və razılıq alır. Beləliklə,
16 yaşından taleyini poliqrafiyaya bağlayır. Mən
özüm o dövrün sinkoqrafiyasının mürəkkəb
texnologiyalarından, orqanizmə zərərindən xəbəri
olan mütəxəssis kimi deyə bilərəm ki, bu sahədə
10 ildən artıq iş təcrübəsi olan sinkoqraflar da
rəngli klişe hazırlamağa girişmirdilər. Şəddat
isə ağ-qara və qrafik-ştrixli klişələrin
hazırlanmasını 6 aya, rəngli klişelərin
hazırlanması proseslərini isə iki il müddətinə
mənimsəyərək uzun illər respublika
poliqrafçılarının ağsaqqalı sayılan,
çox tələbkar və gözəl təşkilatçı
olan Nazim Əhmədovun qarşısında imtahan verib
6-cı dərəcə alır. Azərbaycanda Şəddatdan
başqa 18 yaşında iki ilə rəngli klişe
hazırlayan ikinci poliqrafçı olmayıb. Sinkoqrafiya indi tədricən
poliqrafiyada öz yerini yeni texnologiyalara versə də, 20 il əvvəl
mətbəəni onsuz təsəvvür etmək
mümkün deyildi
Şəddat müəllimin
ömür yoluna işıq salan müəllif yeri gəldikcə
respublika poliqrafiyasının inkişafında xüsusi xidmətləri
olan Camal Nəsirovun, Hüseynqulu Axundovun, Yura Talıbovun, Əjdər
Balazadənin, Əjdər Xanbabayevin və digərlərinin də
adlarını çəkir və onların xidmətlərindən
danışır.
Müəllif öz qəhrəmanı
ilə bir kollektivdə — “Gənclik” nəşriyyatında
işlədiyindən onun ümumi həyat fəaliyyəti barədəki
materialları müxtəlif mənbələrdən toplasa
da, əmək fəaliyyətini şəxsən yaxından
müşahidə edərək öyrənmiş və qələmə
almışdır. Onun nə qədər zəhmətkeş
və peşəsinin vurğunu olduğunu nəzərə
çatdırmaq üçün Şəddatın
ayrı-ayrı sexlərdə usta, sex rəisi, baş mühəndis
işləməklə qiyabi yolla texnikumu, Azərbaycan Dövlət
Pedaqoji İnstitutunu bitirməsini, Moskvada Poliqrafiya İnstitutunda
və aspiranturada oxumasını, namizədlik
dissertasiyasını yüksək səviyyədə
müdafiə edərək alimlik dərəcəsi
almasını oxuculara təqdim etmişdir.
Keçmiş 26-lar mətbəəsində
Yeni kitab mətbəəsində və “Azərbaycan” nəşriyyatının
cildləmə sexlərində qurulan avtomatik axın xəttinin
istifadəyə verilməsi Şəddat müəllimin
adı ilə bağlıdır.
O dövrdə kitablar
cildləndikdən sonra presin altına qoyulur,
yapışqanın quruması üçün bir müddət
sexdə saxlanır, sonra isə araba ilə anbara
daşınırdı. Hər gün 30 mindən artıq
kitab cildlənib qalaqlandığı üçün sexdə
tərpənməyə yer olmurdu. Şəddat müəllim əl
əməyini aradan qaldırmaq, prosesin
avtomatlaşdırılması və kitabın maya dəyərinin
aşağı salınması üçün yollar
axtarır, Moskvanın sətirtökən maşınlar
istehsal edən zavodu və səmərələşdiricilərlə
məsləhətləşib axın xətti qurmaq qərarına
gəlir. Məsələni rəhbərliklə
razılaşdıqdan sonra Moskvadan mütəxəssislər
dəvət edir və axın xəttinin detalları
respublikaya gətirilir.
Bu yenilikdə
inkişafı görə bilməyən və onun
uğurlarına qısqanc münasibətdə olanlardan biri
prokurorluğa anonim məktub yazır ki, Ş.Cəfərov bu
işlə dövlətə böyük ziyan vurur. Əslində
isə, bu axın xəttinin tətbiqi əl əməyinin
aradan qaldırılması və hər il yüz minlərlə
manat vəsaitə qənaətə səbəb olmuşdu. Şəddat
məsələ ilə bağlı prokurorluğa təfsilatı
ilə hesabat verir və məktubun qərəzli
yazıldığı məlum olur.
Müəllif Şəddat
müəllimin Moskvada çox böyük müvəffəqiyyətlə
dissertasiya müdafiə etdikdən sonra Bakıda istfadəyə
verilmiş Yeni kitab mətbəəsində işləməsi
üzərində xüsusi olaraq dayanır. Həmin mətbəə
tələm-tələsik tikilərək 1972-ci ildə istifadəyə
verilmiş və əsasən köhnə avadanlıqla təchiz
olunmuşdu. Mətbəə dövlət planlarını 50
faizdən artıq ödəyə bilmirdi və bütün
SSRİ məkanında ən geridə qalan və perspektivsiz bir
müəssisə hesab olunurdu. Belə bir vəziyyətdə
gənc mütəxəssis Şəddat Cəfərov həmin
mətbəəyə direktor təyin edildi. Çox qısa
bir zamanda işi düzgün təşkil etməklə, o,
geridə qalan mətbəəni İttifaq miqyasında birinci
yerə çıxarmağa nail oldu. Bu fakt SSRİ Mətbuat
Komitəsi sədrinin nəzərindən yayınmadı və
komitənin sədri Keçici Qırmızı
Bayrağı mətbəəyə təqdim etmək
üçün şəxsən Bakıya gəldi.
Şəddat Cəfərovun
“Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatında direktor
müavini və direktor işlədiyi dövrlə
bağlı hissə də kitabda xüsusi maraq doğurur. Direktor
Nazim Əhmədov tərəfindən müavin vəzifəsinə
dəvət olunan Şəddat müəllim burada çox
qısa bir müddət ərzində bir çox yeniliklərin
həyata keçirilməsini təşkil edir. Kollektiv
üçün yaşayış binasının tikilməsi,
uşaq bağçasının açılışı,
bağçılıq təsərrüfatı yaradaraq il
boyu işçilərə tərəvəz məhsullarının
bazar qiymətindən 5-10 dəfə ucuz qiymətə
satışının təşkili, yeni istehsal sahələrinin
yaradılması və iş yerlərinin açılması
məhz onun təşəbbüskarlığı ilə həyata
keçirilir. Ulu öndər Heydər Əliyev Moskvaya getdikdən
bir qədər sonra Nazim Əhmədov “Kommunist” nəşriyyatının
direktoru vəzifəsindən uzaqlaşdırılır. Bir qədər
sonra yeni rəhbərliyin soyuq münasibətini hiss edən
Şəddat Cəfərov da özünə iş
axtarmalı olur və Ulyanovsk Vilayət Partiya Komitəsinin nəşriyyatına
direktor təyin olunur. Burada da o, ilk növbədə,
insanların qayğısına qalaraq onlar üçün
istirahət mərkəzi, uşaq bağçası və
işdə yeni texnologiyanın tətbiqinə nail olmaqla ən
yüksək nəticələr qazanır, deputat seçilir.
1990-cı il Yanvar hadisələrindən
sonra əvvəllər işlədiyi kollektivlərdən dəvət
alan Şəddatın qurub yaratmaq eşqilə Vətənə
qayıdışı Yeni kitab mətbəəsində və
“Azərbaycan” nəşriyyatında direktor işlədiyi
dövrdə gördüyü işlər haqqında
danışarkən müəllif çox maraqlı
faktları aşkarlayır. Belə ki, Azərbaycan nəşriyyatında
işləyərkən “Hər şey cəbhə
üçün” devizi ilə çıxış edərək
“Xalq ordusu” qəzetinin pulsuz çap olunması haqqında qərar
qəbul edir. Ulu öndər Naxçıvanda Ali Sovetin sədri
olduğu dövrdə “Naxçıvan yaşayır,
döyüşür” kitabını nəşr etdirir və
buna görə təzyiqlərə məruz qalır. Türkiyənin
“Zaman” qəzeti ilə sıx əlaqə yaradır, yeni
avadanlıqlar alır.
Hərbi nəşriyyatın
baş redaktoru Mərhəmət Abıyevin redaktəsi ilə
çap olunan kitabda poliqrafiya tariximizin yarım əsrlik bir
dövrünü əhatə edən və bu sahədə
çalışmış tanınmış mütəxəssislər
və xeyirxah insanlarla bağlı maraqlı faktlarla bərabər,
Şəddat Cəfərova həsr olunmuş şeirlər,
habelə onunla birgə çalışmış
insanların xatirələri və özünün yumoristik
hekayələri də verilmişdir. İnanırıq ki,
“Acılı-şirinli günlər” kitabı poliqrafiya sahəsində
çalışan mütəxəssislər, jurnalistlər,
habelə bu sahə ilə maraqlanan oxucular üçün
maraq kəsb edəcəkdir.
Hacı Mehman FƏRZULLAYEV
Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 6.