İsmayıl
Şıxlı yaradıcılığının milli-mənəvi
qaynaqları
Böyük Azərbaycan
yazıçısı İsmayıl Şıxlının kəşməkeşli
tale yollarında üzləşdiyi olaylar qismət payı
kimi də qiymətləndirilə bilər. 1941-ci ildə
Qazaxın Kosalar kəndində müəllim kimi fəaliyyətə
başlayan İsmayıl Şıxlı az sonra savaşa
qatıldı, Qafqazdan Almaniyayadək uzun və ağır bir
döyüş yolu keçdi. Gənclik illərinin
yaşantılarından qaynaqlanan şeirlər az sonra onun bədii
nəsrin çevik janrı olan hekayəyə keçid
almasına zəmin yaratdı. Qazax poetik məktəbinə mənsub
Kazım ağa Salik, Mustafa ağa Arif kimi görkəmli
şairlərin nəslindən olan İsmayıl
Şıxlının bədii yaradıcılığa
öncə şeirlə başlaması təbii qəbul edilməlidir.
“Tənha” və “Yalqız” təxəllüsləri gənc
şairin lirik qəhrəmanının könül
ağrıları ilə həmahəng idi. 1938-ci ildə “Ədəbiyyat
qəzeti”ndə nəşr etdirdiyi “Quşlar” rədifli ilk
şeirindəki ovqatın böyük sələfi Molla Vəli
Vidadinin məşhur “Durnalar” qoşmasındakı
yaşantılara “bənzərliyi” aydın duyulur.
İlk şeirlərində
həsrət, sevgi yollarında çəkdiyi iztirablar,
könül həmdəmini aramaqdan doğan üzüntü,
fələyin kəməndinə tuş gəlməsi və nəticədə
bəxtiqaralarla birgə qəm evinə qapılması dilə
gətirilir. Lakin zaman irəlilədikcə poetik ruhunun
saflığı, ilkinlikdən boy verən istedadı
İsmayıl Şıxlının xalq mənəviyyatının,
milli həyatın mahir bilicisi, müdrik bir qələm sahibi
kimi inkişaf edib formalaşmasına zəmin yaratdı.
İsmayıl
Şıxlı müharibədən sonra bədii
düşüncəsini birbaşa nəsr sahəsinə
yönəltdi. Hekayə janrında yazılarını hələ
müharibədən əvvəl ərsəyə gətirsə
də, bu xüsusda ilk bədii örnəyi hesab olunan “Həkimin
nağılı”nı yalnız 1947-ci ildə “İnqilab və
mədəniyyət” jurnalında nəşr etdirə
bilmişdir. Ədibin “Kerç sularında” adlı ilk
kitabı isə 1950-ci ildə çap olunmuşdur.
1941-1945-ci illərin
qanlı savaşında iştirakı İsmayıl
Şıxlının istər yaradıcılıq
bioqrafiyasında, istərsə də ümumən tale
kitabında çeşidli qəmli məqamların yer
alması ilə müşaiyət olunur. Bunu
yazıçının gündəlik formasında
yazdığı “Cəbhə yolları” sənədli povesti
və “mən hər gün gördüyüm və
başıma gələn işləri dəftərimə qeyd
edirdim” düşüncə müstəvisinə cəm olunan
yaşantılar da isbat edir.
Ötən əsrin
40-50-ci illərində İsmayıl Şıxlının “Həkimin
nağılı”, “Səhəri gözləyirdik”, “Konserv
qutuları”, “Haralısan, ay oğlan” və digər hekayələri
ədəbiyyata yeni tipli bir bədii nəsr ustasının gəldiyindən
soraq verirdi. Hekayələrindəki lirik ovqat “Ayrılan
yollar”, “Dəli Kür” və ən nəhayət “Ölən
dünyam” kimi monumential romanlarda müəllifin epik - analitik
yazı tərzində uğurlar qazanmasına zəmin
yaratmış oldu.
Gerçək həyatla
təmasdan qaynaqlanan bitkin və kamil milli xarakter ilk öncə
İsmayıl Şıxlının “Ayrılan yollar”
romanında meydana çıxdı. İdeoloji basqılar
dönəmində yazılan bu romandakı hadisələrin təqdimatından
aydın görünür ki, müəllif kolxoz sədri
Qurban Kosaoğlu ilə gənc aqronom İmranın konfliktini
ictimai - siyasi zəmində incələməyə
üstünlük verir. Bu surətlərin təmsil etdiyi
yolların ayrılması zəruri və
qaçılmazdır. Qurban Kosaoğlunun xislətindəki
möhtəkirliyin, xəyanətin, “parçala, hökm
sür” “siyasət”inin bilavasitə sovet ictimai - siyasi gerçəkliyindən
qaynaqlandığını, tipin içərisində
dolaşdığı makromühitin yetirməsi olduğunu bədii
müstəviyə çıxaran İsmayıl
Şıxlı bununla cəmiyyət gerçəklərinə,
onun ideoloji dayaqlarına kəsgin etirazını,
müxalifliyini ortaya qoyur və sonucda belə bir fikir
formalaşdırır ki, Qurban Kosaoğlu xislətlilərə
boy verən bir ictimai quruluşun gələcəyinin
qaranlıq dalana dirənməsi labüddür. İctimai -
tarixi dönəmin gerçək axarının iç mənasının
cəmiyyət yetgililərinin davranış və rəftarlarının
yazıçıya könül ağrıları gətirməsi
bu kontekstdə təbii idi. Lakin xarakterindəki “nəsimiçilik”
ovqatı, əzm və iradə möhkəmliyi onu şəksiz
dönməz edirdi. “Ayrılan yollar” təbii axarı ilə
İsmayıl Şıxlını “Ölən dünyam”a
aparırdı. Lakin bu yol, əlbəttə ki, labüd
olaraq məhz “Dəli Kür”dən keçməli idi.
İsmayıl Şıxlı dərin erudisiyalı sənətkar
olaraq milli-tarixi kimlik mövzusunu bədii düşüncə
predmetinə çevirərkən, əlbəttə ki, özəl
ədəbi - estetik biçimlərini də ortaya qoymuş
olurdu. Xalqının kəşməkeşli tale yolunun
ağrılarını sinəsinə çəkən ədibin
adı çəkilən romanlarında milli
özünüifadə pafosunun özəl forma təzahürü
sənətkarlıq axtarışlarının
uğurlarından soraq verir.
İsmayıl
Şıxlı romanlarında incələnən milli əxlaq,
tarixi-etnik yaddaş, milli özünüdərk kimi konseptual məna
daşıyıcıları milli xarakteri birbaşa ehtiva
edirdilər. Cahandar ağa, Ömər koxa, Güllü
xanım, Çapıq Əmrah, Qacaq Süleyman, Qaçaq Kərəm,
Kabı Kəsəmənli və bu qəbildən olan digər
surətlərin xarakterində özünü göstərən
mərdlik, dədə-baba yoluna dayaqlanmaq, tarixi etnik
yaddaşla daşınan qürur, namus-qeyrət kimi mental dəyərlər,
əlbəttə ki, ümumən sözü gedən
çağların milli ədəbi prosesinə də
güclü təkan vermişdir. Məlum olduğu kimi, Azərbaycan
romanına daxili nəfəs genişliyi aşılayan,
janrı bədii biçimlərlə monumentallaşdıran
“Dəli Kür” müəllifinə nəsrimizdə yeni
inkişaf tendensiyasının yaradıcılarından biri
kimi böyük nüfuz qazandırıb. Hakim ideologiyanın
sinfi-partiyalı ədəbiyyatı gündəmə
çıxardığı bir dönəmdə sənətini
ruhi-mənəvi dəyərlərin çözümünə
yönəldən İsmayıl Şıxlı bununla həm
də yeni ədəbi nəslin boy göstərməsinə
münbit zəmin yaratmış olurdu. Belə ki, “Dəli
Kür” əsəri bədii düşüncə sferasına
daxil olandan sonra milli özünüifadə, milli
özünüdərk uğrunda mücadilə kimi
taleyönlü məsələlər ölkə ədəbiyyatında
daha geniş şəkildə bədii tədqiq obyektinə
çevrilməyə başladı. Bunun başlıca səbəbi
“Dəli Kür” romanının aparıcı qəhrəmanı
Cahandar ağanın mənəvi dəyanəti, azərbaycanlı
kişinin milli xarakterini özündə tam ehtiva etməsi
idi. Bir obraz olaraq genetikasını həm də milli folklor
qaynaqlarından alan Cahandar ağanın mərdlik, igidlik,
sözünün sahibi olmaq kimi mental dəyərləri
özündə cəmləşdirməsi bu baxımdan təbii
idi. Oxucularla görüşlərinin birində
yazıçıdan: “İndiki zamanda Cahandar ağa kimi
kişilər yetişə bilərmi?”-deyə soruşanda, o,
təbii olaraq, “Yox” — cavabını verib. İsmayıl
Şıxlının fikrincə, qüdrətli şəxsiyyətin
yetişməsi üçün gərək insan qürurunu,
mənliyini, heysiyyətini, mənəviyyatı
aşağılayan, rəzalətə rəvac verən cəmiyyət
qanunları olmasın. Hələ “Ayrılan yollar”da vətəndaş
ədibi mənəvi zənginliyi mənəvi müflisliyə
çevirən bir cəmiyyətdə yaşamağın
doğurduğu könül ağrılarını bədii
müstəviyə çıxarmış, ictimai basqılar
dönəmində yolların ayrılmasının
qaçılmazlığı barədə mövqe ortaya
qoymuşdur.Tarixin gərdişinə bu kontekstdə dəyər
verən ədib Cahandar ağa bahadırlığından
qaynaqlanan faciəsinin 30-50-ci illərin bəlalı Azərbaycan
cəmiyyətində baş verən olaylarla bir araya gətirmiş
olur. Başqa sözlə, “Ayrılan yollar”, “Dəli Kür” və
“Ölən dünyam” romanlarında bədii tədqiq obyektinə
çevrilən problemlər mahiyyətcə bir- birini şərtləndirir,
təkanlayır və inkişaf etdirir. Bu baxımdan
sözü gedən romanların problematikasının milliliyi
və bəşəriliyi, tarixiliyi və müasirliyi ehtiva
etməsi təbiidir. Zaman bu kontekstdə, əlbəttə ki,
sədd ola bilməzdi. Müəllifin konseptual bədii
düşüncə axarında çeşidlənib incələnən
qənaətlər sonucda belə bir fikir formalaşdırır
ki, alver dünyasının övladları olan Qurban
Kosaoğlular, Molla Sadıqlar, Fətullayevlər və
onların dayaqlandığı insanlar batil bir cəmiyyətin,
fənalığa məhkum bir dünyanın törəmələridir.
Bir yazıçı kimi İsmayıl Şıxlıya fərəh
verən dünyanın, necə deyərlər, heç də
xali olmaması, inam və etiqadla yaşayan, namus və qeyrətlə
ömür sürməyi, vətən və millət naminə
qurbana çevrilməkdən çəkinməyib
özünü xalq işi üçün fəda edən
insanların mövcudluğudur.
İsmayıl
Şıxlı yalan dünya ilə haqq dünyasını,
maddiyyat düşgünləri ilə mənəvi
paklığı uca tutanları, iblislərlə munisləri
qarşılaşdırmaqla oxucularını əsl mətləblərdən
agah edir, onların düşüncə sferasını
genişləndirir və dərinləşdirir. “Ölən
dünyam” romanının tragik qəhrəmanlarından olan
Çapıq Əmrah ölümdən çəkinməyərək
şərin təmsilçisi, iblisin yetirməsi,
vulqar-sosioloji gerçəkliyin kölə xislətli yetgilisi
Fətullayevə “Heç bilirsiniz, qürur nə deməkdir?
Bilməzsiniz”-deyə qəti mövqe ortaya qoyan, “öldü
var, döndü yox” inamı ilə yaşayan bu yenilməz
insanla ölümü son çarə kimi qəbul edib
silahlı kazakları heyrətləndirən Cahandar
ağanı əlbəttə ki, haqq yolunu qürurla keçmək
eşqi bir araya gətirir. “Dəli Kür”ün özəl,
ideya-estetik biçimlər kontekstində sərgilədiyi
ovqatı özündə ehtiva edən “Ölən dünyam”
milli əxlaq normasının pozulmasına qarşı
yazıçı-vətəndaş
dözümsüzlüyü müstəvisində yeni boy
göstərir. Bu kontekstin önəmi
yetmiş-doxsanıncı illərin dəyərli bədii
örnəklərini özündə cəm edən “Əfsanə
və rəvayətlər” silsiləsində və eyni zamanda
“Namərd gülləsi”, “Namus qaçağı”,
“Ölüləri qəbiristanda basdırın” hekayələrində
özünü aydın ifadə edir. Lakin İsmayıl
Şıxlının Haqqa qovuşmaq, yalan dünya ilə
halallaşmaq istədiyi çağ dəyərli bədii
örnəyi “Ölən dünyam” (1995) romanında namus, qeyrət,
kişilik qüruru kimi xüsusiyyətləri daha geniş
kontekstdə bədii tədqiq obyektinə çevrilməsi
başa düşülüəndir. Romanın bədii
konfliktini əks etdirən süjetdən məlum olur ki, on iki
yaşlı uşaq bacısının namusunu qorumaq
üçün kənd sovetinin sədri Qəzənfəri qətlə
yetirib. Sonra əməlini milis rəisi Kabı Kəsəmənliyə
etiraf edib. Kabı Kəsəmənlinin “Axı, nə üstə?”
sorğusuna uşaq - “Bacıma sataşmışdı” — deyə
cavab verir. Təbiəti etibarilə mərd, qeyrətli bir
insan olan milis rəisi “Kabı kişi uşağı
qucaqlayıb sinəsinə sıxdı: — ”Vallah kişi
qırığısan, kişi. Ananın südü sənə
halal olsun" alqışı Cahandar ağanın yuxudan
ayılıb nigaran və pərişan halda
köç-külfətinin yanına yaylağa doğru at
çaparkən düşündüklərini mahiyyət
müstəvisində Kabı Kəsəmənlinin namus
qisasçısı uşaqla mükaliməsindən doğan
qənaətlərlə kontekst təşkil edir: “O, (Cahandar
ağa-H.Q.) evdəkilərin birinin ölümünə,
mal-qaranın oğurlanmasına dözə bilərdi. Ancaq
arvad-uşağın namusuna sataşılmış
olsaydı... ”Aman Allah, sən belə bir
rüsvayçılıq eləmə... Cahandar ağanın
iç dünyasından qopan “Aman Allah, sən belə bir
rüsvayçılıq eləmə” sədası əsl azərbaycanlı
kişisinin namus, qeyrət məsələsindəki təəssübkeşliyinin
qurbansız və qansız ötüşməyəcəyindən
soraq verir. Bu kimi mental duyğu və düşüncə
sahibi Cahandar ağanın rüsvayçılıqdan xilas
olmaq naminə əziz bacısı Şahnigarın gözlərinə
baxa-baxa belə ona mərhəmət göstərməməsi,
sevimli Qəmərini könül ağrısı ilə
güllələməsi tragik qəhrəmanın namus ləkəsinin
qanla yuyulmasını yeganə çarə kimi qəbul etməsinin
ən bariz nümunəsidir. Kabı Kəsəmənli
(“Ölən dünyam”) mənsub olduğu xalqın mənəvi
meyarlarına dayaqlanan Cahandar ağa mənəvi-əxlaqi
şəcərəsinin davamçısıdır. Deməli,
zaman və məkan dəyişimi, tarixin gərdişi mənəvi-əxlaqi
normalara sədaqəti ilkinliyi əngəlləmək
kirdarında deyil.
Musavat ordusunun zabiti olmuş
Çapıq Əmrahın raykom katibi Fətullayevin
qarşısında mərdlik göstərib kişilik
qüruru nümayiş etdirməsi milli-mənliyi uca
tutanların diriliyini simvolizasiya edir. Xalq ruhunun tərcümanı
İsmayıl Şıxlı zəngin həyat təcrübəsinə
malik olan Ömər koxanın da özəl mənəvi
keyfiyyətlərinin bir bədii obraz olaraq milli xarakterində
nə kimi dəyər kəsb etdiyini müdrik
yazıçı məharəti ilə ortaya qoymuşdur.
Məqsədimiz əlbəttə
ki, İsmayıl Şıxlı kimi zəngin və mürəkkəb
yaradıcılıq yolu keçən ədibin bədii
örnəklərində yer alan xarakterləri çeşidli
parametrləri ilə dəyərləndirmək deyil. Məqsəd
sadəcə olaraq İsmayıl Şıxlı
yaradıcılığının səciyyəvi cəhətlərini
ümumi məxrəcə gətirməklə böyük
yazıçı-vətəndaş, əsl pedaqoq, müdrik
şəxsiyyət, yenilməz millət təəssübkeşi
haqqında söz söyləmək üçün söykənəcək
əldə etməkdir. Yəni İsmayıl
Şıxlının sənətində qabarıq ifadə
olunan mənəvi dəyərlərdən söz açarkən
əlbəttə ki, ilk öncə onun öz şəxsiyyəti
bir düşüncə obyekti olaraq nəzərdən
keçirilmişdir. İsmayıl Şıxlını
xatırlayanda hər şeydən əvvəl müdrik, milli
ruhlu bir kamil şəxsiyyət göz önünə gəlir.
Müdrik el ağsaqqalı məqamına ucalarkən də
çox sadə və səmimi idi. Yerişi,
davranışı, danışıq tərzi nəciblikdən
soraq verirdi. 1975-ci ildə İsmayıl Şıxlının
məşhur “Mənim rəqibim” hekayəsi “Azərbaycan”
jurnalında çapdan çıxdı. Əsər jurnal
variantında əl-əl gəzməyə başladı.
Hamı bir-birndən soruşurdu ki, İsmayıl
Şıxlının “Mənim rəqibim”i oxumusanmı? Hekayənin
baş qəhrəmanı müəllif özü idi.
Müharibədən yenicə qayıdıb əsgər
şinelini əynindən çıxarmağa macal tapmayan bu gənc
aspiranturaya imtahan verir. Məlum olur ki, onun rəqibi var və
bir yerə iki nəfər iddialıdır. Hər ikisi
imtahanları uğurla başa vursa da, imtahan komissiyası həmin
bir yerin İsmayıl Şıxlının tutmasını məsləhət
bilir. Lakin “Mənim rəqibim” hekayəsinin qəhrəmanı
aspiranturaya qəbuldan imtina edərək doğma kəndinə
qayıdır. O bu işdə ədalətsizlik olduğunu
düşünür. Çünki xarici dildən imtahan verərkən
rəqibi ona müəyyən köməklik göstərmişdi.
Bu inadı nəzərə alan rektorluq əlavə bir yer alır
və bundan sonra İsmayıl müəllim qəti əmin
olur ki, “rəqibi”də aspiranturaya qəbul edilib. Nəticədə
İsmayıl müəllim öncəki fikrindən
daşınıb Bakıya qayıdır. Bütün
bunları ona görə diqqətə çəkməli
oluruq ki, oxucu bir daha yəqin etsin ki, ədibin bədii əsərlərinin
insanlarda qibtə hissi doğuran, mərdliyi, namus və qeyrəti,
kişilik və hünəri, ədalət və vicdanı
simvolizasiya edən qəhrəmanları haradan və kimin
milli-mənəvi keyfiyyətlərindən qaynaqlanıb.
Gənc aqranom
İmranın, Cahandar ağanın, Ömər koxanın,
Çapıq Əmrahın, Kabı Kəsəmənlinin və
bu qəbildən olan digər obrazların şəcərəsi
geniş mənada milli-mənəvi qəhrəmanlıq
tariximizin diblərindən boy göstərirsə, dar mənada
hünərdə, qeyrətdə, el, vətən, xalq təəssübü
çəkməkdə, səxavətdə öz
dövrünün Qazan xanı böyük
yazıçı-vətəndaş İsmayıl
Şıxlı şəxsiyyətini simvolizasiya edir. Bunun
gerçək örnəyi əlbəttə ki, yenə elə
“Mənim rəqibim” hekayəsinin əsgər şinelli gənc
qəhrəmanı İsmayıl Şıxlıdır. Hələ
o, həyat meydanında kövrək addımlarını
atdığı çağlardan “ədalətsizliyə”
qarşı özünün qəti etirazın bildirib, əzm
və iradə ortaya qoyub. Rəqibinə sıxıntı dətirə
biləcək uğurundan könüllü şəkildə
imtina edən İsmayıl Şıxlı əlbəttə
ki, aspirantura olaylarından sonra əlli il yaşayıb-
yaradıb və həm həyatda, həm də sənətdə
möhtəşəm, şərəfli bir yol keçib. Xalq
yazıçısı, ictimai xadim, böyük pedaqoq
İsmayıl Şıxlı ucaldıqca -ucalıb, lakin o dəyərlər
ki, yazıçı-vətəndaşa irsən keçib,
şəcərənin saf ruhundan axıb gəlmişdi, bunlar
onun içində azad, zaman təsirindən xali mənəvi
bir dünya yaratmışdı. O dünyanın layiqli
övladı olan ədibin insan haqları uğrunda mücadiləsi
də təbii və qanunauyğun idi.
Himalay QASIMOV
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin “Azərbaycan və
dünya ədəbiyyatı tarixi” kafedrasının
müdiri, filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 7.