BƏŞƏRİYYƏT

 

Mənim “Həyati oçerklər” adlandırdığım silsilə məqalələrim təsadüfən yazdığım “Kainat” məqaləsi ilə başlandı və “Xalq qəzeti”ndə çap olunma ardıcıllığı ilə, hər biri müstəqil olaraq yazıldı. Onları bir daha nəzərdən keçirəndə mənə aydın oldu ki, Kainat, onun bir zərrəsi olan insan cəmiyyəti və bəzi elm sahələri barəsində bu gün elmə məlum olanlardan daha dolğun və bütöv elmi konsepsiyalar yaranır. Ona görə də bu konsepsiyalardan ikisinin, Kainatın və bəşəriyyətin həyatlarının əsas momentləri üzərində daha ətraflı dayanmağı vacib bildim.

Hesab etmək olar ki, Kainat sonsuzluqdan gəlib sonsuzluğa gedən zaman ərzində Qara Dəliklər və qalaktikalar kimi əksliklərin vəhdəti və mübarizəsi, onların bir-birini inkar etməsi yolu ilə mövcud ola bilir. Bunun necə olduğunu bizim qalaktika misalında izləməyə çalışaq. Dörd milyard altı yüz milyon il bundan qabaq on milyardlarla il ərzində kosmik obyektləri udaraq ifrat dərəcədə böyümüş olan Qara Dəliyin partlamasından bizim qalaktika doğulmağa başladı. Partlayış nəticəsində əmələ gələn əlahiddə sıx və əlahiddə yüksək temperatura malik olan qaz kütləsi bütün tərəflərə doğru sürətlə yayılmağa başladı. O andan istilik və soyuğun, soyuğun qələbəsinə aparan əksliklərin vəhdəti və mübarizəsi başlandı. Keçən dörd milyard altı yüz milyon il ərzində ilkin qaz kütləsinin yayılaraq soyuması və parçalanması nəticəsində əmələ gələn yüz milyarddan artıq iri, sayı trilyonlarla hesablanan kiçik kosmik obyektlərin soyuması bu gün də davam edir. Soyuma kosmik obyektin daha aşağı energetik səviyyəyə, yəni daha sabit vəziyyətə keçməsini təmin edir. Gec-tez kosmik fəza temperaturuna qədər soyumuş hər bir kosmik obyekt ən sabit vəziyyətə keçəcək və on milyardlarla, bəlkə də yüz milyardlarla yer ili ilə ölçülən zaman ərzində, hər hansı Qara Dəlik tərəfindən udulana qədər mövcud olacaqdır.

Hər bir Qara Dəlik onun yolunda olan qalaktikaların obyektlərini udmaqla mövcud olur. On milyard illərlə hesablanan zaman ərzində bizim qalaktikanın bütün obyektlərinin hamısı Qara Dəliklər tərəfindən udulacaqdır. İfrat dərəcədə böyüyən hər bir Qara Dəlik partlamaqla növbəti qalaktikanı doğacaqdır.

“Kainat” məqaləsində elm aləmində ilk dəfə Kainatın həyatı təsvir edilmişdi. Orada yazılanlardan belə bir nəticəyə gəlmək olar ki, Kainatın həyatının hər hansı anında sonsuz sayda qalaktikalar və ən azı onun qədər, yəni sonsuz sayda Qara Dəliklər mövcud olur. Kainatın həyatı Qara Dəliklərlə qalaktikaların bir-birini inkar etməsi ilə əbədiyyətdən gəlib əbədiyyətə yönəlməklə davam edir. Kainatdakı bütün proseslər fəlsəfənin üç qanununun nəzarəti altında, sadədən mürəkkəbə, ibtidaidən aliyə sxemi üzrə təkamül yolu keçir. Bizim qalaktikanın doğuluşunun əvvəlində alınan nəhəng qaz kütləsinin tərkibi proton, neytron, elektron və s. ibarət olmaqla son dərəcə bəsit idi. O genişləndikcə və soyuduqca Kainatın ilkin sabit kərpici olan hidrogeni əmələ gətirdi. Sonrakı soyuma prosesi qalaktikamızın bu günkü mənzərəsinə qədər aliləşdi, mürəkkəbləşdi və bu proses davam edir.

Şəksiz ki, bizim qalaktikadakı sayı yüz milyarddan çox olan iri kosmik obyektlərin hər birinin, başqa kosmik obyektlərlə oxşar cəhətlərə malik olsa da, özünəməxsus təkamül yolu vardır. Məsələn, Yer kürəsində təxminən bir milyard il bundan əvvəl həyatın meydana çıxması üçün şərait yarandı və ilk birhüceyrəli sadə canlı varlıqlar meydana gəldi. O vaxtdan bəri Yer səthində temperatur aşağı düşdükcə həmin temperatura müvafiq canlılar - bitkilər və heyvanlar həyata başladılar.

Təxminən beş milyon il bundan əvvəl Yer kürəsində insanın əmələ gəlməsi üçün uyğun şərait yarandı və o “Canlılıq” məqaləsində göstərilən yolla reallaşdı. Həyatda koloniya, ailə, dəstə halında yaşayan canlılar vardır. İnsan isə cəmiyyət, icma halında mövcud olmuşdur və başqa cür yaşaya bilməz.

Bəşəriyyətin İbtidai İcma quruluşu, qəbilə həyatı ən azı iki milyon il davam etmişdir. Hesab etmək olar ki, o müddət ərzində qəbilə daxilində instinktə əsaslanan ədalət prinsipi hökmran olmuş, bu da yarı ac, yarı çılpaq olsa da hər bir qəbilə üzvünün mənəvi rahatlığını, yəni xoşbəxtliyini təmin etmişdir.

Nə vaxtsa bu barədə düşünərkən yazmışdım:

 

Birlik, bərabərlik ədalət doğur,

Ədalət deyilən hər zülmü boğur.

Odur ki, çox yaşadı icma,

Tarixin özüylə qoşadı icma.

 

Pənah Göyçə, əsərləri 5 cilddə, cild 2, s.374

Kainatda olan bütün hadisələr, proseslər kimi qəbilə həyatı da əksliklərin vəhdəti və mübarizəsi şəraitində davam etmişdir. Vəhdət və mübarizədə olan ədalət və ədalətsizlik idi. Qəbilə həyatında ədalətin qoruyucusu olan qəbilə başçısı sövq-təbii, instinktiv olaraq ədaləti qoruyur, qəbilə üzvlərinin hər hansı birinin ədalətsiz hərəkətinin qarşısını alırdı. Az da olsa bu işdə şüur da öz müsbət rolunu oynayırdı.

İbtidai İcma quruluşunun sonuna yaxın qəbilələr arasındakı toqquşmalar zamanı meydana çıxan əsirlərin taleyini şüur həll etməli oldu. Şüurun onları qula çevirməklə əməyindən istifadənin mümkünlüyünü kəşf etməsi cəmiyyətin təbəqələşməsinə gətirdi ki, o da öz növbəsində qəbilənin həyatının qarantı olan ədalət prinsipinin pozulması, əslində ədalət prinsipinin ədalətsizlik tərəfindən inkar edilməsi ilə nəticələndi. Ədalət və ədalətsizlik kimi əksliklərin ölüm-dirim mübarizəsi başlandı. Bu mübarizə yalnız ədalətin xeyrinə bitə bilərdi və qulların feodal kəndlilərə çevrilməsi ədalətin ilk kiçik qələbəsi idi.

Aydındır ki, vəhdətdə olan ədalət və ədalətsizlik arasındakı mübarizə davam edirdi və kapitalizmin araya gəlməsi ədalətin mövqeyinin daha da möhkəmlənməsi ilə nəticələndi. Ədalət və ədalətsizlik arasındakı mübarizə ədalətin əsaslı qələbəsinə qədər davam edəsidir və o bizim günlərdə həlledici vəziyyət almışdır. Bizim zamanda cəmiyyət içərisində ədalət prinsipinin əsaslı qələbəsi şüurun köməyi ilə yarana bilər və yaranmalıdır, çünki ədalətsiz insan cəmiyyəti mövcud ola bilməz. Bu o deməkdir ki, bəşər həyatına şüurun hökmranlığına əsaslanan ədalət prinsipinə malik insan cəmiyyəti gəlməlidir. İki səbəbə görə gözlənilən insan cəmiyyəti Ali İcma adlanmalıdır:

1. Cəmiyyətin instinktlə deyil şüurla idarə ediləcəyi üçün;

2. İbtidai İcma quruluşunun ayrı-ayrı qəbilələr şəklində mövcudluğundan fərqli olaraq yeni İcmanın bütün dünyanı əhatə edəcəyinə görə.

Ali İcma aşağıdakı səbəblərə görə bəşər həyatına gəlməlidir, daha doğrusu gətirilməlidir:

– dövlətlər əmələ gəldiyi üçün sərhədsiz dünya sərhədli dünya tərəfindən inkar edilmişdi və artıq vaxt çatmışdır ki, yeni inkarı - inkar baş versin, yəni, sərhədsiz dünya sərhədli dünyanı inkar etsin;

– gec-tez qeyri-müəyyənlik dövrü bitməli, bəşər sabit bir qurum yaratmaqla öz mövcudluğunu davam etdirməlidir ki, o da yalnız Ali İcma ola bilər.

– ekoloji fəlakətlə mübarizə üçün bəşərin yeganə imkanı olduğuna görə;

– alternativi olmadığına görə;

Ali İcma əbədiyyətə qədər daha da təkmilləşməklə, aliləşməklə, kamilləşməklə mövcud olasıdır. Belə ki, mütləq ədalətə, mütləq demokratiyaya sonsuz olaraq yaxınlaşmaq olar. Ədalətin mütləq qələbəsindən söhbət gedə bilməz. Ədalətin mövqeyi sonsuz olaraq güclənə, ədalətsizliyin mövqeyi isə sonsuz olaraq zəifləyə bilər. Deməli bəşəriyyət Ali İcmanı yaratmaqla əbədiyyət adlı bir yola çıxasıdır və o yolun qırılması yalnız kataklizmlərin baş verməsi ilə ortaya çıxa bilər.
Deyilənlərdən belə çıxır ki, bəşəriyyət yalnız cəmiyyət halında, İbtidai və Ali fazalara malik olan İcma halında mövcud ola bilər; İbtidai İcma fazasının ömrü ən azı iki milyon il davam etmişdi və onu əbədiyyətə qədər davam edəcək Ali İcma fazası əvəz etməlidir. İbtidai İcma fazasının süqutundan Ali İcmanın başlanmasına qədər keçən ən çoxu 10 - 15 min il İbtidai İcmanın yaşı ilə müqayisədə olduqca kiçik bir zaman kəsiyidir, yəni keçid dövrü, qeyri müəyyənlik dövrü adlana bilər. Keçid dövrünü dolduran quldarlıq, feodalizm və kapitalizm aşağıdakı səbəblərə görə formasiya adlana bilməz:

1.Quldarlıq, feodalizm və kapitalizmin formasiya adlana bilməsi üçün onların da milyon illərlə davam etməsi vacib idi.

2.Bir qayda olaraq inkar edən inkar etdiyindən daha sabit, daha ali, ona görə də daha uzun ömürlü olur. Bu qaydanı İbtidai İcmanı əvəz edən quldarlığa aid etmək olmaz. Əksinə quldarlıq ən ədalətsiz quruluş olmaqla qeyri-sabitliyi ilə xarakterizə edilə bilər. Ona görə də onun ömrü bir neçə min ildən çox olmadı.

3. Əgər quldarlıq, feodalizm, kapitalizm formasiya olsa idi, onda onlar Ali İcmadan sonra Ali quldarlıq, Ali feodalizm və Ali kapitalizm kimi bəşər həyatına qayıtmalıdır; bu fikir sağlam idraka, sağlam məntiqə sığan deyildir.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün də davam edən keçid dövründə ədalət və ədalətsizlik kimi əksliklərin vəhdəti və mübarizəsi davam edir. Bu mübarizənin nəticəsində İbtidai İcmanın süqutu ilə ədalətin itirilmiş mövqeyinin quldarlıq-feodalizm-kapitalizm keçidində pillə-pillə geri qaytarılması baş verir, yəni, Ali İcmanın meydana gəlməsi üçün şərait yaranır.

Quldarlıq araya gələn gündən filosoflar ədalətsizliyin qələbəsi ilə barışa bilmədilər və ədalətli cəmiyyət axtarışına başladılar. Bu nəzəri axtarışlar bizim günlərdə də davam edir.

İlk yarımçıq, ancaq həqiqətə aparan nəzəri fikir K.Marks və F.Engels tərəfindən irəli sürüldü. Onlar haqlı olaraq bəşər həyatına ədalətli cəmiyyətin gəlməli olduğunu söylədilər və əfsus ki, onu səhvən öz qanunu adı ilə, Ali İcma adı ilə deyil, iki fazalı - sosializm və kommunizm kimi adlandırdılar. K.Marks və F.Engels daha kobud səhv edərək sosializmə keçid yolunun müharibə və inqilablardan keçəcəyini göstərməklə həm özlərini, həm də ideyalarını hörmətdən saldılar.

Bu gün hər bir ağıllı adama aydındır ki, bəşəriyyət Ali İcmaya yalnız bütün insanların mənəviyyatının yüksəlməsi yolu ilə qovuşa bilər. Maraqlıdır ki, Ali İcma bizim zamanda, gözlərimiz önündə, kor-koranə olaraq Avropa Birliyi şəklində yaranmağa başlamışdır. Bu birliyə daxil olan ölkələrdə insanların mənəviyyatı gərəyincə yüksəkdir və ona görə də onlar tərəqqidə olan Avropa Birliyini yarada bildilər. Amerika Birləşmiş Ştatları başda olmaqla bütün inkişaf etmiş ölkələrin bu birliyə daxil olması, geridə qalmış ölkələrin isə bu məqsəd üçün hazırlanması vacibdir. Bu prosesi şüur idarə etməli və sürətləndirməlidir, əks təqdirdə yaxınlaşan ekoloji fəlakətin girdabında bəşəriyyətin məhvi labüddür.

Hesab etmək olar ki, siyasət insanla, insan cəmiyyəti ilə, yəni, İbtidai İcma formasiyası ilə yaşıddır. İbtidai İcma dövründə qəbilələrin həyatı instinktə əsaslanan ədalətlə idarə olunduğu üçün qəbilə daxili və qəbilələr arası siyasət də primitiv olmaqla yalnız ədalətli ola bilərdi. Hələ çox aşağı səviyyədə olan şüurun siyasətə müdaxiləsi demək olar ki, yox dərəcəsində idi.

Qəbilə daxili siyasət qəbilənin üzvləri arasında gedən rəqabətə görə (məsələn, ən yaxşı ovçu adı daşımaq, qəbilə başçısının məsləhətçisi olmaq və s.) meydana çıxırdı və əlverişli mövqeləri, ədalətli olaraq, özünü necə aparmağı bilənlər, sövq-təbii surətdə ədalətli siyasət aparmaqla tuturdular.

Qəbilələr arası münasibətlər və toqquşmalar zamanı qabilə başçılarının yeritdiyi siyasət sövq-təbii şəkildə mövcud olan ədalətə əsaslanır və “hər bir qəbilənin yaşamaq haqqı var” prinsipi ilə ədalətli şəkildə həyata keçirilirdi. İbtidai İcmanın süqutu, qeyri-müəyyənlik dövrünün başlanması ilə vəziyyət kəskin surətdə dəyişdi, yəni, həm qəbilə daxili, həm də qəbilələr arası siyasəti ədalətsizliyə xidmət edən şüur təyin etməyə başladı və siyasət əsasən aldada bilmək elminə çevrildi. Aydındır ki, qeyri-müəyyənlik dövründə, yəni, quldarlıq, feodalizm və kapitalizm keçidi zamanı ədalətin itirilmiş mövqelərinin yavaş-yavaş bərpa edilməsinin təsiri ilə siyasətdə də ədalət prinsipi öz mövqeyini möhkəmlətməyə başladı. Bizim zamanda ən ədalətli siyasətin Avropa Birliyi dövlətləri arasında aparıldığı göz qabağındadır və bütün dünya Ali İcmada birləşdikdən sonra ümumdünya siyasəti də layiqli, ədalətli səviyyəyə yüksələcək və əbədiyyətə qədər aliləşəcəkdir.

Keçid dövrü tarixinin ayrı-ayrı hökmdarlar, sərkərdələr tərəfindən yazıldığı şübhəsizdir və bizim günlərin tarixi dövlət başçıları və parlamentlər tərəfindən yazılır. Yalnız onu qeyd etmək qalır ki, bu günün şəxsiyyətləri, yəni dövlət başçıları və parlament üzvləri təkcə zəmanəmizin deyil, həm də, sivilizasiyanın əbədiyyətə qədər uzanacaq, gələcək tarixinin də yazılmasına cavabdehdirlər. Belə ki, sivilizasiyanın ekoloji fəlakətdən yan keçə bilməsi üçün cavabdeh olan Ali İcmanın vaxtında qurulub-qurulmayacağı bu günün şəxsiyyətlərindən asılıdır və Ali İcma yaradılmasa ekoloji fəlakətlə mübarizə qeyri mümkündür.

P.S. Hesab etmək olar ki, elm tarixində ilk dəfə “Bəşər haradan gəlib haraya gedir?” sualını cavablandıran və sivilizasiyanın Ali İcma adlanan gələcəyini proqnozlaşdıra bilən elmi konsepsiya mövcuddur. Ali İcma yarandıqdan sonra bütün Yer üzü harmonik surətdə inkişaf edən vahid bir dövlətə çevriləcəkdir. Bu gün bəşəriyyətin qazancının çox hissəsini udan hərbi xərclər aradan qalxacaq və ona görə də ətraf mühiti qorumaq və insanların rifah halını yüksəltmək üçün kifayət qədər vəsait ortaya çıxacaqdır. Bir çox ölkələrdə insan artımının dayandığı göz qabağındadır. Deməli, demoqrafik partlayış qorxusu da aradan qalxa bilər.
Qarşıda əbədiyyətə qədər davam edəcək sonsuz olaraq kamilləşməklə, bəşəriyyəti ədalətin və demokratiyanın təntənəsinə sonsuz surətdə yaxınlaşdıracaq Ali İcmanın, şüurla idarə edilən quruluşun dövranı dayanmışdır. Ali İcma qarşısında ekoloji fəlakət aciz olacaqdır və gələcəkdə həlli mümkün olmayan heç bir problem yarana bilməz. Nəticədə Yer üzü insan oğlu üçün sözün əsil mənasında cənnətə çevriləcəkdir.

Çox olsun ki, on iki min il bundan qabaq Yer kürəsində maqnit qütblərinin təqribən 90 0 dəyişməsi nəticəsində baş verən kataklizm başqa sivilizasiyanın kosmik müharibəsi idi. Onlar bir an içərisində Atlantida adlanan sivilizasiyanı və bütün iri canlıları məhv etmiş, öz sivilizasiyalarının tör- töküntülərini, yəni bizim ulu əcdadlarımızı öz cənnətə bənzər Ali İcmalarından uzaqlaşdırıb Yer kürəsinə səpələmişdilər. Bu o deməkdir ki, “cənnətdən qovulmaq” ifadəsi altında real hadisə dayana bilər. Ali İcma qurub ekoloji fəlakətdən yan keçə bilsək, çox olsun ki, gələcəkdə həmin hadisəni biz də təkrar etməli, cəmiyyətin tör-töküntülərindən xilas olmaq üçün onları qalaktikamızın yaşayış üçün əlverişli olan bir nöqtəsinə köçürməli olacağıq.

 

 

Pənah QURBANOV,

kimya elmləri doktoru, şair

 

 

Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 8.