Nakam şair
haqqında azadlıq mücahidinin bağladığı
dastan
Ötən il Azərbaycan
xalqı nəğməkar şair, qırmızı terrorun
qurbanlarından olmuş Mikayıl Müşfiqin 100 illik
yubileyini qeyd etdi. Dövlət başçısının
imzaladığı müvafiq sərəncam əsasında
müxtəlif elm, təhsil və yaradıcılıq təşkilatlarında,
ayrı-ayrı kollektivlərdə zəngin tarixi faktlara əsasalanan
çoxsaylı tədbirlər keçirildi. İlin son
ayında — dekabrın 5-də AMEA Nizami adına Ədəbiyyat
İnstitutunda keçirilən tədbirdə isə qeyd edildi
ki, lap yaxın zamanlarda milli təfəkkürümüzün
böyük təəssübkeşi və ədəbiyyat
tariximizin yorulmaz tədqiqatçılarından olan Xəlil
Rza Ulutürkün 1965-88-ci illərdə Mikayıl Müşfiq
haqqında yazdığı elmi məqalələr, xatirələr
və şairin şairə həsr etdiyi şeirlərdən
ibarət mükəmməl bir kitab ərsəyə gələcəkdir.
Budur, Xəlil Rza
Ulutürkün “Həyat, həyat deyə çırpınan
könül” adlı 290 səhifəlik həmin kitabı
artıq oxuculara təqdim elilmişdir.
Azərbaycan Dövlət
Neft Akademiyasının baş müəllimi, görkəmli
şairin ömür-gün yoldaşı Firəngiz xanım
Ulutürkün tərtibçiliyi ilə “Çinar-Çap”
nəşriyyatında ərsəyə gəlmiş bu kitab
bilavasitə Mikayıl Müşfiqin 100 illiyi münasibəti
ilə yazılmasa da, məhz şairin yubileyi münasibətilə
tərtib edilib işıq üzü görmüşdür.
Yuxarıda qeyd etdiyimiz
kimi, burada əsasən Xəlil Rza Ulutürkün Mikayıl
Müşfiq haqqında müxtəlif illərdə
toplayıb yazdığı elmi məqalə və xatirələr
cəmləşdirildiyinə görə kitab mütəxəssislər
tərəfindən elmi-tarixi memuar adlandırılır. Xəlil
Rza özünün mənəvi müəllimi kimi qəbul
etdiyi Mikayıl Müşfiqin mənsub olduğu mühit,
uşaqlıq və məktəb illəri, şairin xarakteri,
müasirlərinin onun haqqında söylədiyi dəyərli
fikirlər və təbii ki, Müşfiq poeziyası barədə
düşüncələrini məhz Xəlil Rzaya məxsus
emosionallıq və dərin qiymətləndirmələrlə
qələmə almışdır.
Kitabın redaktoru və
ön sözün müəllifi, AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi Əlizadə Əsgərli
haqlı olaraq yazır ki, Muşfiq
yaradıcılığı bir neçə ədəbi nəsil
üçün örnək olmuşdur. Rəsul Rza, Bəxtiyar
Vahabzadə, Əkrəm Cəfər, Xəlil Rza, Məmməd
Araz, Əli Kərim, Nəriman Həsənzadə, Cabir Novruz,
Əliağa Kürçaylı və bir çox şairlər
Müşfiq ədəbi məktəbindən bəhrələnmişlər.
Xəlil Rza Ulutürk isə Mikayıl Müşfiqi eyni
zamanda özü üçün pərəstiş
ünvanı kimi qəbul etmişdir. Şərti olaraq “Xatirələr”,
“Elmi məqalələr” və “Şeirlər”
adlandırılan üç hissənin heç birini sakit
oxumaq mümkün deyil. Nəinki hər xatirədə, hətta,
hər abzasda ya Mikayıl Müşfiqin nakam gözləri, ya
da Xəlil Rzanın zəmanəyə etiraz səslərindən
yoğrulmuş möhtəşəm çöhrəsi
canlanır.
Qırmızı
imperiyanın qara nökərləri Mikayıl Müşfiqi
millətçilikdə ittiham etmişdilər. Xəlil Rza
Dilbər Axundzadənin xatirələrini qələmə
alır: “Müşfiq heç bir zaman milli məhdudluq nə
olduğunu bilməmiş, bütün millətlərə,
bütün gözəlliklərə, bütün cocuqlara,
bütün insanlara alovlu, coşqun məhəbbət bəsləmişdir”.
Bir çox elmi mənbələrdə göstərilir ki,
Müşfiq ata-anasını itirdikdən sonra uşaqlıq
illərində xeyli müddət maddi korluq çəkmişdir.
Xəlil Rza yazır: “Bolşeviklərin köhnə
qvardiyasından olan, sovet hökumətinin pulu və göndərişi
ilə Almaniyada təhsil alıb mühəndis kimi
qayıtmış dayısı Rza Müşfiqi öz
balasından artıq sevirdi”.
Xatirələrin əksəriyyəti
sərlövhəsiz, adsız, filansız, sadəcə, sərlövhə
yerində göstərilən tarixlə yazılır. “11
avqust, 1969" tarixli (həm də adlı) xatirəni həyəcansız
oxumaq mümkün deyil. ”Azərnəşr"ə
çatmağa az qalmışdır. “Araz” kinoteatrının
yanındayam. Rafaelə rast gəldim. Sevindim (AMEA-nın
müxbir üzvü Rafael Hüseynov nəzərdə tutulur
İ.M) — Gedək Müşfiqin axırıncı dəfə
yaşadığı mənzili sənə göstərim —
dedi. Nə qədər vacib işim olsa da,belə bir təklifdən
boyun qaçırmaq mümkün deyildi". Şair öz gənc
dostu ilə Kamo küçəsi, 108-ə gəlir və
orada yaşayan adamlar minbir bəhanə ilə qonaqları evə
buraxmırlar: “Upravdomdan adam gətirin, sonra”. Ancaq qonşuluqda
yaşayan Styoşa xala — Müşfiqin həbs edildiyi
günün canlı şahidi, əslən ukraynalı olan
yaşlı qadın Müşfiqsevərlərə kədərli
bir tarixçənin acı xatirələrini daddırır:
“ — Gələnlər üç nəfər idi. Rus,
latış və erməni. Mən o zaman ”upravdomun" öz
binamız üzrə köməkçisi idim. Əvvəlcə
bizim qapımızı döydülər. Müşfiqin
ünvanını soruşdular. Aparıb göstərdim.
Müşfiqin yaşadığı evdən gülüş
səsləri gəlirdi... Latış qapını döyəndə
gülüş, söhbət xırp kəsildi...
Müşfiq bircə kəlmə “ax!” - deyə bildi. Dilbər
danışa bilmirdi. Elə bil lal olmuşdu... Onu aparanlardan
soruşdum: — Qayıtmayacaq? Rus dedi: — Ondan ötrü
aparmırıq ki, qayıda bilsin".
Xəlil Rza Əkrəm
Cəfərin də bir xatirəsini qələmə alır. Təxminən
üç kitab vərəqi həcmində olan xatirədən
cəmi üç cümlə ilə bu sətirləri
başa çatdırmaq istəyirik: “Müşfiq bir od idi və
həmişə yanırdı. O zaman hər ikimizin ali məktəb
müəllimimiz olan böyük şair Hüseyn Cavid bəlkə
də bunu görüb onun haqqında demişdi: ”Müşfiq
bir oddur ki, özü-özünü yandıracaq".
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 7.