Tanrı onu insanları
güldürmək üçün yaratmışdı
Onun 95 illik yubileyi bir
neçə gün bundan əvvəl tamam oldu. Lütfəli Əmir
oğlu Abdullayev 1914-cü il mart ayının 22-də Nuxa
şəhərində (indiki Şəki) dünyaya göz
açmışdı. Bu torpağın baməzə
insanlarının onun xarakterinə, sözsüz ki, təsiri
az olmamışdı.
Deyilənə görə,
o, Bakıya gələndə artıq hazır komediya aktyoru
imiş. Şən zarafatları, ətrafındakıları
asanlıqla ələ almaq bacarığı, insanlara isti
münasibət onu hələ gənc ikən sevdirmişdi.
Lütfəli Abdullayevin
yaradıcı ömrünün böyük bir hissəsi Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı ilə bağlı
olmuşdu. O, insanlara həmişə sevinc, bol-bol
gülüş bəxş edirdi. Bu onun təbiətindən
doğan xüsusiyyət idi. İnsanlar öz əhvallarını
yaxşılaşdırmaq üçün onu görməyə
tələsirdilər. Tamaşalarında iynə atsan yerə
düşməzdi. Lütfəli olduqca sadə və təvazökar
insan idi. Hamı ilə dil tapmağı bacarırdı. Onun
tamaşalarına baxanlar deyirlər ki, elə bil heç səhnədə
deyil, həyatın özündə idi.
“Beş manatlıq gəlin”də
Möhsünü oynayırdı. Neçə də təbii
alınırdı. Amma o öz tərəf-müqabilini
tapandan sonra daha da şöhrətləndi. Nəsibə
xanım Lütfəli ilə uzun illər Musiqili Komediya
Teatrın səhnəsində bərabər işləmişdi.
Elə bil bu insanlar bir-birini tamamlayırdı. Nəsibə
xanım deyirdi ki, bəzən səhnədə elə vəziyyət
yaranırdı ki, biz tamaşadan kənara çıxmalı
olurduq. Amma tamaşaçı bunu heç vaxt hiss etmirdi. Bəzən
eyni tamaşanı günlərlə oynayırdıq. Ancaq
yorulmaq bilmirdik. Çünki Lütfəlidə
yaradıcılığa güclü stimul verən ilahi bir
istedad var idi. Nəsibə xanım onunla qastrol səfərlərindən
də həmişə ürək dolusu
danışırdı. Deyirdi ki, çox vaxt aktyorların
pulu qurtaranda Lütfəlini qabağa salıb rayonlara qastrola
gedirdik. Onu hər yerdə böyük hörmət və
ehtiramla qarşılayırdılar.
“Toy kimindir?”
tamaşasında ona Qoşun rolunu vermişdilər. Bəşir
Səfəroğlu ilə tərəf-müqabili olduğu bu əsər
uzun illər repertuardan düşməmişdi.
Doğrudan da, onun
rollarına tamaşa edənlər uzun müddət bu xoş
təəssüratdan ayrıla bilmirdilər. “Durna”dakı
Dursun, “Gözün aydın”dakı Qəhrəman kimi
rolları teatr tariximizdə öz yeri olan obrazlardandır.
Emin Sabitoğlunun
“Hicran” tamaşasında Lütfəli Abdullayevin Mitoş rolu o
dövr tamaşaçılarının xatirəsindən, yəqin
ki, heç vaxt silinməyəcək.
Lütfəli Abdullayevi
Azərbaycanın məşhur sənət adamları ilə
yaxın dostluq əlaqələri birləşdirirdi. Xalq
artisti Niyazi, xalq rəssamı Tahir Salahov, xalq şairi Bəxtiyar
Vahabzadə ilə görüşləri həmişə sənət
müzakirələri xarakteri alardı. Mərhum şairimiz B.
Vahabzadə Lütfəli ilə Şəki səfərlərindən
həmişə ürək dolusu danışardı.
Lütfəli Abdullayev
S. Ələsgərovun “Ulduz” musiqili komediyasında Məhəmməd
rolunu böyük istedadla yaratmışdı. Onun həyat
verdiyi Məhəmməd tamaşanın əsas qəhrəmanlarındandır
və tamaşanın əsas süjet xətlərindən
biri məhz Məhəmmədlə bağlıdır. Sonradan
bu əsər əsasında Ağarza Quliyev film də çəkmişdi.
Və elə Məhəmməd rolunu da Lütfəli ifa
etmişdi. Bu filmdə o, tamaşada olduğu kimi, Nəsibə
Zeynalova ilə tərəf-müqabildir. Nəsibə xanım
bu filmdən danışarkən xatırlayırdı ki, filmdə
bizim oyunumuz daha yaxşı alınıb. Məhəmmədin
düşdüyü situasiya, doğrudan da, çətindir.
Keçmiş həyat yoldaşı Nazilənin onu qarabaqara
izləməsi Məhəmmədi hər vaxt çıxılmaz
vəziyyətə salır. O, kolxozda toyuq fermasının
briqadiri Züleyxa ilə tanış olur və bu, onun həyatını
dəyişir. Ancaq Nazilə burada da ona rahatlıq vermir.
Lütfəli Abdullayev Məhəmmədi
yüksək sənətkarlıqla bizə təqdim edir. Onun
Gülümsərovla münasibətləri də olduqca
maraqlıdır.
Ancaq Lütfəli
Abdullayev bu filmə qədər “Arşın mal alan”da Vəlinin
rolunu yaratmışdı. Bu film 1945-ci ildə Dövlət
mükafatına layiq görülmüşdü və Vəli
də belə yüksək mükafat alanlar sırasında
idi.
Vəli komik obrazdır.
Lütfəlini Rza Təhmasib filmə gətirmişdi. Onun Vəlisi maraqlı rol idi. Vəli rolunu
teatrda oynayanlar çox olub. Hətta, 1965-ci ildə yenidən çəkilən
“Arşın mal alan”da həmin rolu Tələt Rəhmanov oynasa da, onu Lütvəlinin
Vəlisi səviyyəsinə
qaldırmaq mümkün
olmamışdı.
Lütfəli Abdullayev
1956-cı ildə ekranlaşdırılan “O olmasın, bu
olsun” filmində Qoçu Əsgərin köməkçisi
Baloğlan rolunda çəkilmişdi. Onun bəyin evinin pilləkəni
ilə qalxarkən yıxıldığı səhnəni, yəqin
ki, xatırlayırsınız. Necə miskin bir sifət
alır. Aktyor Baloğlanı çox təbii bir formada təqdim
edir. Elə filmdəki qonaqlıq səhnəsini də
xatırlasanız Lütfəlinin aktyorluq məharətinin
şahidi olarsınız.
“Əhməd
haradadır?” filmində Lütfəli Abdullayevin çəkildiyi
Zülümov onun maraqlı rollarından biridir. Rejissor Adil
İsgəndərov Lütfəlini təsadüfən bu rola
dəvət etməmişdi. O, tikinti təşkilatlarından
birində direktorun köməkçisi vəzifəsində
çalışır. Oğlanlarını axtarmağa gələn
valideynləri qarşılayarkən onun düşdüyü
vəziyyət aktyorun yüksək peşəkarlığının
məhsulu idi. Lütfəli Abdullayev Zülümovun
bütün daxili aləmini açır. Onun
yaratdığı komik situasiyalar tamaşaçılarda həqiqətən
xoş əhval-ruhiyyə yaradır.
Lütfəli Abdullayev
gözəl ailə başçısı idi. İki qız böyütmüşdü.
Onun çoxillik
yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmiş,
Azərbaycanın xalq artisti kimi fəxri ada layiq
görülmüşdü. Lütfəli Abdullayev 1946-cı
ildə SSRİ Dövlət mükafatı laureatı
olmuşdu. Eyni zamanda o, Qırmızı Əmək
Bayrağı orderni və medallarla təltif edilmişdi.
Bu istedadlı sənətkarın
işıqlı xatirəsi onu ürəkdən sevən Azərbaycan
xalqının xatirəsindən heç vaxt silinməyəcək.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 8.