Tarix erməni
vəhşiliyinin əsl
qiymətini verməlidir
1918-ci ilin mart
qırğını XX əsr Azərbaycan tarixində ən
qanlı hadisələrdən biri kimi xalqımızın
yaddaşında əbədi qalmışdır. Məhz həmin
ilin martında baş vermiş bu hadisə nəticəsində
on minlərlə dinc soydaşımız erməni
daşnak-quldur dəstələri tərəfindən
amansızcasına qətlə yetirilmişdir. Artıq bir
neçə ildir ki, 1918-ci ilin mart qırğını azərbaycanlıların
soyqırımı günü kimi dövlət səviyyəsində
qeyd olunur. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin
26 mart 1998-ci il fərmanı ilə 1918-ci il mart
qırğınına siyasi qiymət verilmiş və bununla
bağlı elmi araşdırmaların aparılması
tövsiyə edilmişdir.
XIX-XX əsrlər
arasında İrəvan quberniyasının ərazisində
407,4 min nəfər əhali yaşayırdı ki, bunun da 250
min nəfərdən çoxu azərbaycanlılardan ibarət
idi. 1918-ci ildə isə azərbaycanlıların sayı 575
min nəfər təşkil edirdi. XX əsrin əvvəllərindən
başlayaraq ermənilər ardıcıl şəkildə
tarixi Azərbaycan ərazisində kütləvi surətdə
yerləşdirilmiş, Qafqazın cənubunda Ermənistan
dövlətinin yaradılması üçün azərbaycanlıların
ən qədim ərazilərindən, ata-baba yurdlarından
qovulması, onların deportasiya prosesi məqsədyönlü
şəkildə həyata keçirilmişdir.
1905-1907-ci illərdə
çar Rusiyasının hakim dairələri tərəfindən
müdafiə olunan və hərəkətə gətirilən
erməni millətçiləri azərbaycanlılara
qarşı genişmiqyaslı qətllər və vəhşiliklər
etmişlər. Həmin dövrdə yüzlərlə
yaşayış məntəqəsi
dağıdılmış, minlərlə azərbaycanlı
erməni terrorunun qurbanı olmuşdur. Tarixi Azərbaycan
torpağı olan Zəngəzur, Göyçə və digər
torpaqlar sovet rəhbərliyinin əli ilə Ermənistana
verilmiş, Dağlıq Qarabağ erməniləri muxtariyyat
qazanmış və gələcəkdə qanunsuz ərazi
iddiaları üçün zəmin hazırlanmşdı. 1948-1953-cü
illərdə ermənilər SSRİ rəhbərliyinin qərarı
ilə dövlət səviyyəsində azərbaycanlıların
öz qədim əraziləri olan Qərbi Azərbaycandan
deportasiyasına nail oldular.
1920-ci ildə
bolşeviklər XI Qızıl Ordunun köməyi ilə Azərbaycan
Xalq Cümhuriyyətini devirib hakimiyyətə gəldikdən
sonra sovet tarix elmi xalqımızın tarixini
saxtalaşdırmağa başladı. Bu amil 1918-ci il mart hadisələri
ilə bağlı özünü daha qabarıq göstərmişdir.
1918-ci ilin 30-31 mart və 1 aprel günlərində Bakıda
kütləvi qırğınlar törədildi. Qanlı
cinayətə V.İ.Lenin silahdaşı S.Şaumyan
başçılıq edirdi. Heç şübhəsiz, Azərbaycanda
hökmranlığa can atan V.İ.Lenin daşnak qüvvələrinin
həyata keçirdiyi vəhşiliklərdən xəbərsiz
deyildi.
Bakıda baş verən
mart hadisələrinin mahiyyətini daha aydın dərk etmək
üçün o dövrün ictimai-siyasi hadisələrinə
nəzər salmaq lazımdır. Belə ki, 1917-ci il oktyabr
çevrilişindən sonra Rusiya imperiyasının tərkibində
olan milli ucqarlarda da xaos başlanmışdı. Bu işi
Qafqazda ermənilər yerinə yetirirdi. Həmin vaxtda
Bakıda Şaumyan və Əmirovun (Əmiryan) rəhbərlik
etdikləri erməni daşnak qrupu yerli rus bolşevikləri və
digər antiazərbaycan qrupları ilə birləşərək
hakimiyyətin milli qüvvələrin əlinə keçməməsinə
nail olmağa çalışırdı.
1918-ci ildə Azərbaycan
Milli Ordusunun yaranması çətinliklə başa gəlirdi.
Əvvəla, azərbaycanlılardan ibarət milli hissə yox
idi. Çünki I Dünya müharibəsində
türk-müsəlman xalqları, o cümlədən azərbaycanlılar
səfərbərliyə alınmamışdır. Bu
dövrdə müsəlmanlardan ibarət yeganə silahlı
dəstə Lənkəranda yerləşən “Dikaya
Diviziya”nın (“Vəhşi Diviziya”) süvari polku idi ki, onlar
isə az olmaqla bərabər, həm də pis
silahlanmışdılar. Daşnaklardan ibarət xüsusi dəstələr
1918-ci ilin yanvarından etibarən Salyana və Lənkərana
basqın edib yolda müsəlman kəndlərini
dağıdır və talayırdılar. Astara topa tutularaq
darmadağın edilmiş
və kəndlər yandırılmışdı.
Bakıda da azərbaycanlılara
qarşı soyqırımına başlamaq üçün
bəhanə tapıldı. H.Z.Tağıyevin faciəli şəkildə
həlak olmuş oğlu Məhəmmədin dəfn mərasimində
itşirak edən “Dikaya Diviziya”nın bir qrup əsgər və
zabiti “Evelina” gəmisindən Lənkərana qayıtmaq istədikdə
Bakı Soveti İcraiyyə Komitəsi adından silahları təhvil
vermələri tələb edildi. Lakin onlar ultimatumu rədd
etdilər. Bu hadisələrin törədilməsi
üçün ermənilər şantaj və təxribat
metoduna da əl atdılar. Bakıda 1918-ci il mart
qırğınına başlamaq üçün ermənilər
şayiə yaydılar ki, H.Z.Tağıyevin Lənkəranda
xidmət edərkən təsadüfən aldığı
güllə nəticəsində həlak olan oğlunun dəfnində
iştirak edən müsəlman əsgərləri guya Lənkəran
ruslarına (malakanlara) hücum edib onları qıracaq. 1918-ci
ilin martın 30-da səhərçağı erməni-rus
birləşmələri gəmilərdən və təyyarələrdən
şəhərin müsəlmanlar yaşayan hissələrini
(İçərişəhər, Kubinka, Güllüdərə)
bombardman etdilər. Bunun arxasınca silahlı hərbi
daşnak birləşmələri evlərə soxularaq
qadınları, körpələri və qocaları misli
görünməmiş vəhşiliklə qətlə
yetirdilər. Döyüşlərdə müsəlman məhəllələrinə
girib əhalini öldürür, qılıncla
parçalayır, süngülərlə dəlik-deşik
edir, evlərə od vurur, körpə uşaqları oda ataraq
diri-diri yandırır, üç-dörd günlük
südəmər uşaqları isə süngülərə
taxırdılar.
Hadisələrin ilk
anında torpağa 57 müsəlman meyiti
basdırıldı. Onların qulaqları, burunları
qoparılmış, qarınları yırtılmış, əzaları
kəsilmişdi. Kimsəyə rəhm edilmirdi. Uşaqlara rəhm
edilmədiyi kimi, qocalara da aman yox idi. Məsələn, Əlizadə
Hacı Əmirin evində 80 yaşlı anası və 60-70
yaşlı qadınlar öldürülmüş, 25
yaşındakı təzə gəlin diri-diri divara
mismarlanmışdı. Qadınların saçlarını
bir-birinə bağlayaraq yarıçılpaq halda
küçəyə qaçmağa sövq edir, digərlərini
isə tüfəng qundaqları ilə vururdular. Beləliklə,
üç gün ərzində Bakıda 17 minə qədər
azərbaycanlı qətlə yetirilmiş, “İsmailiyyə”
binası ilə “Açıq söz” və “Kaspi” mətbəələrinə
od vurulmuş, Bakının ən böyük camisi top mərmiləri
ilə dəlik-deşik edilmişdi. Bakıda
qırğın 3 gün davam etmişdi.
1918-ci ilin mart
qırğınları ərəfəsində Stalin Azərbaycana
bir məktub göndərir. “Stepan, Alyoşaya və başqa
dostlara. Bütün cənubun mühüm nöqtəsi olan
Bakı hər tərəfdən artıq mühasirəyə
alınmışdır. Sizə iki tərəfdən —
Daşkənddən və Şimaldan yardım gəlir”.
Azərbaycanın
“qayğısını” çəkən Lenin, Stalinə hətta
belə bir göstəriş də vermişdi: “Əksinqilabçıların
əlində alət olmuş miskin və hay-küyçü
fitnəkarları hər yerdə amansızcasına əzmək
lazımdır. Bakı məsələsində siz mütləq
Şaumyanla əlaqə saxlamalısınız. Bu ən
mühüm cəhətdir. Beləliklə, hər kəsə
qarşı amansız olun və tez-tez bizə məlumat
verin”.
Abbas Kazımzadənin
başçılıq etdiyi heyət qırğının qarşısını
almaq üçün Şaumyan, Fidetov və Caparidze ilə
danışıqlara başladı. Nümayəndə heyəti
danışıqlardan dönərkən onların 2 nəfəri
qətlə yetirildi. Aprelin 1-də daşnaklarla “atəşgah
müqaviləsi” bağlandı. Şərtə görə
müsəlman qüvvələri hakimiyyəti daşnak Şaumyanın
başçılıq etdiyi komitəyə verdi. Məşədi
Əzizbəyov Bakıya başçı təyin edilsə də,
qorxu içərisində şəhəri tərk edən
müsəlmanları sakitləşdirə bilmədi. Qafqaz cəbhəsindən
türk orduları geri çəkilərkən Türkiyə
erməniləri Qafqaz erməniləri ilə birləşdilər.
Bir tərəfdən Andronikin, digər tərəfdən Dro,
Keri, Muradın dəstələri hərəkətə
keçdilər. Məhz bu vaxt Şaumyanın və
Avakyanın fitnəkarlığı sayəsində
Şamaxı hadisələri ilə əlaqədar
yazılmış məktub Gəncə komendantının əlinə
düşdü. Bu məktubda Şaumyan və Avakyanın
daşnak olduqları açıq-aydın
görünürdü.
Daşnak Əmiryan və
Lalayanın başçılığı ilə
Şamaxının müsəlman əhalisi qılıncdan
keçirilmiş və 7 min nəfərədək adam, o
cümlədən 1653 qadın və 965 uşaq
qırılmışdı. Erməni daşnak birləşmələri
bu ərazinin 40-a yaxın kəndini darmadağın
etmişdilər. Qəribədir ki, azərbaycanlıların
ucdantutma qırılması, hamilə qadınların
qarınlarının yırtılması, qızların vəhşicəsinə
təhqir olunması, diri-diri yandırılması kimi vəhşi
əməllər daşnaklar arasında “bəzi
haqsızlıqlar” adlandırılmışdı.
Bakı
qırğını ilə kifayətlənməyən ermənilər
Lənkəranda, Qubada, Xaçmazda, xüsusən də
Şamaxıda dəhşətli qətllər törətdilər.
Yalnız Gəncədə Nəsib bəy Yusifbəylinin fədakarlığı
nəticəsində 118 və 119-cu rus alayları tərksilah
olunaraq şəhərdən qovulduğu üçün, eləcə
də Şəmkirdə yerləşən rus ordusundan ələ
keçirilən silahlar Gəncə əhalisinə
paylandığına görə ermənilərin yerli əhaliyə
silahlı basqın etməyə gücü çatmadı.
Bakı əhalisi də
təcavüzə məruz qalmaqda idi. Erməni daşnak dəstələri
1918-ci ilin mart-aprel aylarında Bakıda, Muğanda, Qubada 50
mindən çox adamı qətlə yetirmiş, on minlərlə
adamı torpağından didərgin salmışdı.
1918-ci ilin yazında və
payızında Zəngəzur qəzasında 115 kənd, yəni
əslində bütün azərbaycanlı kəndləri məhv
edilmişdi. Bu kəndlərdə 7729 nəfər azərbaycanlı,
o cümlədən 3257 kişi, 2276 qadın və 2196
uşaq vəhşicəsinə
öldürülmüşdü. 1919-cu ilin sonunadək buradan
60 min nəfərdən çox adam qovulmuşdu. Bakıda,
Qazaxda, Kürdəmirdə, Qubada və digər bölgələrdə
qurbanlar daha çox olmuşdu.
1917-ci ilin dekabrından
1918-ci ilin iyununadək erməni daşnak qoşunları
İrəvan quberniyasında 200 azərbaycanlı kəndini
çapıb-talayıb və yandırmışdılar. 100
min nəfərədək azərbaycanlı Sürməli,
İrəvan, Eçmiədzin, Şərur qəzalarını
tərk etməyə məcbur olmuşdu. 1919-cu ilin
sonlarına qədər təkcə Təzə Bəyazid,
Eçmiədzin və İrəvan qəzaları üzrə
varı-yoxu talan olunmuş azərbaycanlıların sayı
200 min nəfərə çatmışdı.
1918-ci ilin mart faciələri
zamanı Şamaxı qəzasının 58 kəndi
dağıdılmış, 7 minədək adam, o cümlədən
1653 qadın, 965 uşaq güllələnmiş, Quba qəzasının
122 kəndi, Qarabağın dağlıq hissəsində 155-dən
çox, Zəngəzur qəzasında 115, İrəvan
quberniyasında 211, Qars vilayətində isə 92 kənd
yandırılmışdı. Onu da demək lazımdır
ki, Mehriyə bitişik ərazinin Ermənistana verilməsi sayəsində
Naxçıvan bölgəsi süni şəkildə Azərbaycandan
ayrı salınmışdı.
1948-51-ci illərdə
Stalin və Mikoyanın səyləri nəticəsində 100
mindən çox azərbaycanlı Ermənistandan qovulmuş,
bir çoxları isə dözməyib həlak olmuşdu. Ermənilər
bunlarla kifayətlənməyib 1988-ci ildə xalqımıza
qarşı genosidin yeni mərhələsinə
başlamışlar. Erməni təxribatçıları
250 mindən çox azərbaycanlını öz tarixi
yurdlarından qovub didərgin salmış, əmlaklarını
talan etmişlər. Təkcə 1988-ci il noyabrın 27-dən
29-dək Quqarkda, Spitakdavə Stepanavanda 100 nəfərdən
çox azərbaydanlı öldürülmüşdü. Quqark
rayonunun Gözəldar kəndində 21 azərbaycanlı, o
cümlədən 6 qadın və 3 uşaq vəhşicəsinə
qətlə yetirilmişdi.
Azərbaycanın tərkib hissəsi olan Qarabağın Ermənistana
birləşdirilməsi məqsədilə 1988-ci ildən
başlanan separatçılıq hərəkatı,
işğalçılıq müharibəsi, etnik təmizləmə
Azərbaycana qarşı cinayətkar siyasətin yeni mərhələsidir.
Hazırda Azərbaycan ərazisinin
20 faizi erməni işğalı altındadır. Bir milyondan
çox insan öz yurdundan didərgin salınıb.18 min azərbaycanlı
qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb,
50 mindən çox adam əlil olub, 4 mindən çox insan əsir
və itkin düşüb, 877 şəhər və kənd
qarət edilib dağıdılıb.
1992-ci ilin fevralın
26-da Ermənistan ordusu ilə rusların 366-cı
motoatıcı diviziyası tərəfindən həyata
keçirilən Xocalı soyqırımı nəticəsində
bütün şəhər yerlə yeksan edilib, 613 dinc azərbaycanlı,
o cümlədəqn 106 qadın, 83 azyaşlı uşaq, 70
qoca öldürülüb. Min nəfərdən artıq dinc
sakin müxtəlif dərəcəli güllə yarası
alaraq şikəst olub. 1275 nəfər əsir alınıb,
8 ailə bütövlüklə məhv edilib. 56 nəfər
xüsusi qəddarlıq və amansızlıqla
yandırılıb, başlarının dərisi soyulub,
gözləri çıxarılıb, başları kəsilib.
Əgər 1918-ci il mart
qırğınından vaxtında nəticə çıxarılsaydı,
çox güman ki, Xocalıda və digər bölgələrdə
yeni-yeni faciələrlə üzləşməzdik. Heç
şübhəsiz, bütün bunlar tarixi yaddaşın
zaman-zaman korşalmasının nəticəsidir. Çox təəssüf
ki, ermənilərin ötən əsrdə
xalqımızın başına gətirdikləri müsibətlər
beynəlxalq səviyyədə öz siyasi və hüquqi
qiymətini indiyədək almamışdır. Məhz buna
görə də azərbaycanlıların XX əsrdə ermənilər
tərəfindən məruz qaldıqları deportasiya və
soyqırımı siyasətinin əsl mahiyyətinin dünya
dövlətlərinin diqqətinə
çatdırılması istiqamətində səylər
daha da gücləndirilməlidir.
Firudin CÜMŞÜDLÜ,
ADPU-nun Azərbaycan
tarixi kafedrasının dosenti,
tarix elmləri namizədi
Xalq qəzeti.- 2009.- 7 aprel.- S. 5.