Azərbaycan səhiyyəsində prioritet məsələ əhalinin sağlamlığını qorumaqdır

 

Əslində bu, peşəkarların dili ilə desək “növbətçi” yazı deyil. Belə olsa, Azərbaycan səhiyyəsinin real mənzərəsini bütün miqyası ilə oxuculara çatdırmaq üçün redaksiyamızın bir addımlığında yerləşən Səhiyyə Nazirliyinə, onun rəhbərliyinə müraciət edər, faktlar və rəqəmlərlə zəngin olan “növbətçi” yazımızı hazırlayardıq. Bunu istəmədik.

Sadəcə, Ümumdünya Sağlamlıq Günündə bilavasitə xalqın sağlamlığının keşiyində duran, hər gün bəlkə onlarla insana yaşamaq sevinci bəxş edən paytaxtın tibb müəssisələrindən biri — Bakı 1 saylı şəhər poliklinikasına yollandıq. Tarixin çox illərinə şahid durmuş binada səliqə-sahman öz yerində, tibbi personalın pasientlərə qayğıkeş, səmimi münasibətinə və diqqətinə də söz ola bilməzdi.

— Təcrübə öz işini görür, — deyə, hələ 90-cı illərin ortalarından, Bakı Şəhər Səhiyyə İdarəsinə rəhbərlik etdiyi dövrlərdən yaxşı tanıdığım, poliklinikanın baş həkimi Kübra Cabbarovaya üz tuturam.

— İnsanların ümidlə ayaq basdıqları tibb ocağının onlara bağışladığı ilk təəssüratı ilkin tibbi yardıma bənzətmək olar. Əgər “ilkin tibbi yardım” lazımi səviyyədə deyilsə, demək xəstənin inamına böyük zərbə vurulub...

Kübra xanımın məsələyə belə peşəkar yanaşması, məndə də ilk bxışdan söhbətimizin maraqlı alınacağına, ən azından suallarıma dolğun cavab ala biləcəyimə bir əminlik yaratdı.

— Kübra xanım, səhiyyəmizin yaxın keçmişi bizə yaxşı məlumdur. Keçmiş öz yerində, demək olarmı ki, bu gün Azərbaycan səhiyyəsi düzgün yoldadır?

— Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2006-cı ilin yanvarında Nazirlər Kabinetinin iclasında “Səhiyyə dağılıb, biz gərək onu xilas edək, yenidən quraq” deyəndə, Səhiyyə Nazirliyinin indiki rəhbərliyinə hansı mirasın qaldığı, onun hansı problemləri həll edəcəyi aydın olurdu. O zamandan iki ildən bir qədər artıq vaxt keçib. Dağılmış Azərbaycan səhiyyəsində inqilab etmək üçün, bu elə də böyük vaxt deyil. Amma bu gün tam qətiyyətlə demək olar ki, səhiyyəmizdə inqilabi dəyişikliklər artıq baş verib.

Şübhəsiz, Azərbaycan səhiyyəsində həyata keçirilən kardinal islahatların əsasında respublika Prezidenti cənab İlham Əliyevin son beş ildə çox böyük uğurla reallaşdırdığı ölkənin sosial-iqtisadi inkişaf strategiyası durur. Bu strategiyanın reallığa çevrildiyi bir ölkədə səhiyyə sadəcə inkişaf etməyə bilməzdi.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının səhiyyə naziri, professor Oqtay Şirəliyevin və onun yeni komandasının islahatçı mövqeyi də öz sözünü dedi. Çox qısa vaxtda nazirliyin rəhbərliyi dövlətin ümdə vəzifələrindən olan əhalinin sağlamlığının qorunması sahəsində əsas strateji istiqamətləri müəyyənləşdirdi və fəaliyyətə başlanıldı.

Strateji istiqamətlərdən ən vacibi Azərbaycan vətəndaşlarına yüksək tibbi xidmət göstərilməsi üçün tibbi texnikanın ən son nailiyyətləri olan avadanlıqlarla təmin olunan, dünya standartlarına cavab verən müasir səhiyyə obyektlərinin tikilməsi idi. Bu, artıq gerçəkliyə çevrilmiş faktdır. Bir Azərbaycan vətəndaşı, bir həkim olaraq mənim üçün çox sevindirici haldır ki, möhtərəm Prezidentimizin tapşırığı və nəzarəti ilə bu obyektlərin böyük hissəsi ölkəmizin regionlarında tikilib istifadəyə verilmişdir.

İkinci strateji xətt əhaliyə bilavasitə xidmət edən səhiyyə işçilərinin peşə hazırlığı və insanlara xidmətin lazımi səviyyəyə qaldırılması, daha dəqiq desək, işə vicdanlı münasibətin yaradılması idi. Azərbaycanın səhiyyə sistemində çatışmayan başlıca məsələ bu idi. Heç şübhəsiz, xalqın Azərbaycan səhiyyəsinə inamını, etibarını qaytarmaq üçün bu məsələ xüsusi önəm kəsb edirdi.

İlk tədbirlər özünün müsbət nəticəsini göstərməyə başladı. 2008-ci il fevralın 1-dən səhiyyədə pullu xidmət tamamilə ləğv olundu. Dövlətin atdığı bu addım əslində ölkədə sosial bərabərliyin təmin olunması istiqamətində həyata keçirilən, xalqın təkcə səhiyyəyə deyil, Azərbaycan dövlətinə olan etimadını əhəmiyyətli dərəcədə artıran mühüm bir tədbir oldu.

Digər mühüm istiqamətlərdən biri, əhalinin sağlamlığında və səhiyyə xidmətinin səmərəliliyində heç də az əhəmiyyət kəsb etməyən dərman təminatında qayda yaratmaq və bu sahəyə ciddi nəzarəti həyata keçirmək idi. Əslində səhiyyədə ən çox narazılıq doğuran sahələrdən biri də məhz əhalinin dərman təminatı idi və bu istiqamətdə də Səhiyyə Nazirliyi konkret tədbirlər planını hazırladı və hazırda uğurla həyata keçirməkdədir.

Bu əsas prioritetlər müəyyənləşdirildikdən sonra çox geniş və operativ struktur, kadr və rasional idarəetmə islahatları aparıldı. Nəticələr özünü çox da gözlətmədi və bununla da əhalinin sağlamlığının qorunmasında və səhiyyənin inkişafında ilk uğurlar qazanıldı, tibbi xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəldi. Beynəlxalq tibbi qurumların da müsbət qiymətləndirdiyi bu uğurlu istiqamətlər təbii ki, 2008-ci ildə də davam etdirildi.

Ədalət naminə demək lazımdır ki, bütün bu tədbirlərdə Heydər Əliyev Fondu, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük xidmətləri oldu. Əslində Mehriban xanım öz fəaliyyəti və təşəbbüskarlığı ilə hamımızı səfərbər etdi, bizi problemlərə vətəndaşlıq mövqeyindən yanaşmağa sövq etdi.

— Söhbətimiz elə bir məqama təsadüf edib ki, bütün dünyada maliyyə böhranı hökm sürməkdədir. Necə bilirsiz, bu böhran səhiyyənin inkişaf tempinə təsir göstərəcəkmi?

— Azərbaycanda reallıq ondan ibarətdir ki, maliyyə böhranı bizim nə sosial, nə də iqtisadi həyatımıza elə də ciddi müdaxilə etməyib. Bu onu göstərir ki, dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi strategiya çox mükəmməl işlənib. Hər iki istiqamətdə inkişaf tempi müşahidə edilir.

Digər tərəfdən, son 5 ildə olduğu kimi, bu il də səhiyyəyə ayrılan büdcə xərcləri artmışdır. Ümumiyyətlə, son üç ildə dövlət büdcəsində səhiyyəyə ayrılan vəsait 4,5 dəfə artaraq 331 milyon manata çatdırılıb. 2003-cü ildə bu rəqəm cəmi 59 milyon dollar təşkil edirdi. Bu il isə dövlət büdcəsində səhiyyə xərcləri 509 milyon manat təşkil edir.

Ümumən normal ölkələrdə iqtisadi böhran baş verdikdə, əhalinin səhiyyə xidmətlərinə çəkilən xərclər əvvəlki qaydada qalır. Bu, səbəbsiz deyil. Çünki səhiyyə xidməti, əvvəldə də qeyd etdiyim kimi, sosial bərabərsizliyi aradan qaldıran bir sistemdir. Kasıb da, varlı da eyni qaydada səhiyyə xidmətindən istifadə edə bilməlidir. Məhz buna görə, ağıllı ölkələrdə böhran şəraitində səhiyyəyə çəkilən sosial xərcləri nəinki azaldır, əksinə artırırlar. Mən çox şadam ki, biz bu ölkələr sırasındayıq və həm də öndəyik.

Regionlarda 16 müalicə diaqnostika mərkəzinin tikilməsi və onlardan 8-nin hazırda əhaliyə tibbi xidmət göstərməsi bu məsələyə əyani sübutdur. Əvvəllər səhiyyə sistemində hökm sürmüş “regional” uyğunsuzluğa demək olar ki, son qoyuldu. İndi rayonlarda yeni səhiyyə müəssisələri inşa edilib. Fəaliyyətdə olan tibbi obyektlər yenidən qurulub və təmir edilib. Müasir tibbi avadanlıqlarla təchiz edilmiş həmin səhiyyə müəssisələrində peşəkar həkimlərin köməyi ilə əhali keyfiyyətli və tam həcmli tibbi xidmət almağa başlayıb. Bununla da rayon əhalisinin tibbi xidmət alması üçün paytaxta gəlməsinin qarşısı alınıb. Hazırda ölkəmizdə hemodializə ehtiyacı olan xəstələr regional müalicə-diaqnostika mərkəzlərində müalicə kursu alırlar. Dediyimiz faktlar onu göstərir ki, səhiyyə təkcə dövlət büdcəsindən maliyyələşmir, burada digər mənbələr də mövcuddur, ona yetərli dərəcədə dövlət qayğısı göstərilir. Digər tərəfdən, bir sıra xəstəliklərə qarşı mübarizəyə dair qəbul edilmiş doqquz dövlət proqramının həyata keçirilməsi üçün büdcədən əlavə vəsait ayrılıb. Səhiyyə Nazirliyi sağlamlıq göstəricilərinə müsbət təsir edən tibbi xidmətin keyfiyyətini yaxşılaşdıran, səhiyyənin maddi-texniki bazasını möhkəmləndirən çox faydalı işlər görüb.

— Etiraf etmək lazımdır ki, paytaxtımızın səhiyyə müəssisələrində də islahatın nəticələri, yenidənqurma özünü aydın göstərir. Belə demək olarmı ki, Azərbaycanın səhiyyə sistemi artıq çox işlək, vahid bir mexanizm əsasında fəaliyyət göstərir?

— Elədir ki, var. Ölkə başçısının qətiyyətli siyasi iradəsi ortaya qoyulandan sonra aparılan islahatlar məhz bu vahid mexanizmin yaranmasına gətirib çıxardı.

Bakını xatırlatdınız, bəli, islahatlar məhz bu baş şəhərimizdən başladı. Bu gün qətiyyətlə demək olar ki, Bakıda və onun qəsəbələrində çox sayda tibb obyektlər təmir edilib, yenidən qurulub və onlar yeni və müasir tibbi texnika ilə təchiz edilib. Müşahidələr göstərir ki, son zamanlar xəstəxanaların dərman və ərzaq təchizatı xeyli yaxşılaşıb. Onlara ciddi nəzarət mexanizmi yaradılıb. Poliklinikalarda imtiyazlı xəstələrə pulsuz dərmanlar verilir. Ölkədə qeydə alınmış 100 min şəkərli diabet xəstəsinə qlükometr (qanda şəkərin miqdarını təyin edən cihaz) paylanıb. Onlar pulsuz dərman vasitələri ilə təmin edilib. Onkoloji xəstələrin pulsuz dərman təminatında yetərli dərəcədə irəliləyişlər baş verib.

2008-ci ildə ana və uşaqların sağlamlığının qorunması sahəsində də faydalı işlər görülüb. Hər uşaq üçün “Elektron sağlamlıq kartı” açılıb. Ana və uşaq ölümü 2008-ci ildə aşağı düşüb. Bu məsələnin həlli üçün gələcəkdə 9 regional menotal mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. İctimai təhlükəli ürək qan-damar xəstəliklərinin profilaktika və müalicəsində nəzərdə tutulmuş işlər uğurla həyata keçirilib. Səhiyyə Nazirliyi ötən il və bu il saxta və keyfiyyətsiz dərmanların respublikaya gətirilməsinə və satışına qarşı mübarizəni kəskin şəkildə gücləndirib.

— Kübra xanım, rəhbərlik etdiyiniz poliklinikada görülən işlər, əldə olunan nailiyyətlərdən nə deyə bilərsiniz?

— Bilirsiniz ki, hər bir xəstəliyin müayinəsi poliklinikadan başlayır. Profilaktik tədbirlərin gücləndirilməsi, diaqnozun düzgün qoyulması xəstəliyin inkişaf etməsinin tez bir zamanda qarşısını alır, xəstələrin daha tez sağalmasına və maddi cəhətdən vəsaitlərinə qənaət olunmasına gətirib çıxarır. Səhiyyə islahatları poliklinikada yeni müayinə üsullarının tətbiq edilməsi ilə başlanıb. Nəticədə ərazidə yaşayan xəstələrin diaqnostikası xeyli asanlaşıb. Dispanser nəzarətinin güclənməsi, stasionar müalicə almış xəstələrin yenidən müayinə olunaraq reablitasiyasına diqqətin artırılması, ağır xəstələrin evdə stasionar müalicələrinin təşkil edilməsi, gizli şəkildə gedən xəstəliklərin aşkar edilməsi ilə nəticələnmiş xəstəliklərin yayılmasının qarşısı alınmışdır. Hər həftə poliklinikada elmi seminarlar keçirilir, tanınmış professorlar poliklinikaya dəvət olunurlar. Məruzəçilər həkimlərin suallarını cavablandırır, onları tibb elminin son nailiyyətləri ilə və yeni istehsal edilmiş dərmanlarla tanış edirlər.

— Belə bir gündə sağlamlığının keşiyində durduğunuz insanlara nə deyərdiniz? Onlardan asılı olan bir şey varmı?

— Var. İnsanların öz sağlamlıqlarına münasibətlərinin dəyişməsi çox mühüm məsələdir. İnsanlar dərk etməlidirlər ki, onların sosial və maddi rifahı çox əhəmiyyətli dərəcədə onların fiziki sağlamlıqlarından asılıdır. Qoy sağlamlıqlarının qayğısına qalsınlar.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2009.- 7 aprel.- S. 5.