Ötən bazar
günü Vilnüsün idman sarayında finişə
çatan yunan—Roma güləşi üzrə Avropa
çempionatında “klassiklərimizin” qazancı cəmi bir
medal — Şalva Qadabadzeyə (84 kq) təqdim edilən
bürünc mükafat olsa da, ümumilikdə Azərbaycan
nümayəndə heyəti Litva paytaxtında böyük bir
zəfərin sevincini yaşadı.
Sərbəst üsulla
güləşənlərin rekordu ( 4 qızıl, 1
gümüş, 1 bürünc medal), qadın güləşçilərin
1 qızıl və 1 gümüş mükafatları
Şalvanın müvəffəqiyyəti ilə birlikdə
Vilnüs xalçası üzərindən “bol məhsul”
götürməyimizə imkan verdi.
“Sərbəstlər” və
“incə məxluq” nümayəndələri ilə müqayisədə
yunan - Roma üsulu ilə güləşənlərin onlardan
gözlənilən nəticəni göstərə bilməyib
cəmi bir medalla kifayətlənmələri, əlbəttə,
böyük uğur deyil. Xüsusən də ötənilki
Avropa çempionatının qalibi, Pekin Olimpiadasının
gümüş mükafatçısı Rövşən
Bayramovla (55 kq) Afina Olimpiya Oyunlarının çempionu Fərid
Mansurovun (66 kq) uğursuzluğu gözlənilməz oldu. Ancaq
hamının, hətta çempionların da idman yolunda
durğunluq halları baş verir. İndi başlıcası
növbəti yarışlarda bu uğursuzluğu təkrar etməməkdir.
Komanda hesabına gəldikdə isə, yunan—Roma üsulu ilə
güləşənlərimiz Rusiya və Polşa kollektivlərindən
sonra üçüncü olmuşlar.
Beləliklə, 2009-cu
ilin Avropa çempionatı tarixə çevrilmişdir. Payızda
Danimarkada keçiriləcək dünya çempionatına isə
hələ xeyli vaxt var. Ümid edək ki, daha çox
iştirakçını — planetin bütün ən
yaxşı güləşçilərini öz bayrağı
altına toplayacaq dünya çempionatında yunan — Roma
üsulu ilə güləşənlərimiz də öz kəsərli
sözlərini deyəcəklər.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2009.- 7
aprel.- S. 6.