Barak Obama
Türkiyədə rəsmi
səfərdədir
Dünən
İstanbulda II Mədəniyyətlərin İttifaqı
Forumu öz işinə başlayıb. Eyni
zamanda ABŞ Prezidenti
Barak Obamanın Türkiyəyə səfərinin
rəsmi hissəsi başlayıb. Bu barədə Türkiyənin
TRT-2 telekanalı xəbər
verib.
Məlumata əsasən,
Birləşmiş Ştatların Prezidenti əvvəlcə
Atatürkün mavzoleyini ziyarət edib və onun məzarı
üzərinə əklil qoyub. Bundan sonra Obamanın Türkiyə
Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla
görüşləri olub.
BMT-nin Baş katibi Pan Gi
Mun isə forumda çıxış edərkən bildirib ki,
mədəniyyətlərarası dialoq dünyada mövcud
olan problemləri həll etməyə kömək edəcək.
“Sivilizasiyalar arasında dialoq olmasa, biz real sülhə nail ola
bilməyəcəyik”, – deyə Pan Gi Mun İstanbulda
keçirilən beynəlxalq tədbirdə bəyan edib.
Onun sözlərinə
görə, BMT həmişə böhran anında problemlərin
həllinə qarışıb. Pan Gi Mun bu dialoqun bəşəriyyət
qarşısında duran problemlərin tezliklə həllinə
imkan yaradacağına əmin olduğunu qeyd edib. “Bu forum
müxtəlif sivilizasiyalara bir-birini daha yaxşı
tanımaq imkanı verəcək. Müxtəlif milliyyətli,
müxtəlif dini məzhəbli insanlar birləşə biləcəklər”,
– deyə Pan Gi Mun bildirib.
Qeyd edək ki, Türkiyədəki
tədbirdən əvvəl Londonda “Böyük iyirmilik”in
toplantısı və Praqada NATO-nun 60-cı yubiley sammiti
keçirilib. Ankaraya yola düşməzdən əvvəl
ABŞ Prezidenti Barak Obama Türkiyənin Avropa Birliyinə
üzvlüyünü dəstəklədiyini bildirib. Onun
sözlərinə görə, Türkiyənin AB-yə
üzv qəbul edilməsi müsəlman dünyası
üçün vacib siqnal ola bilər.
Lakin Obamanın bu
çağırışı Fransa Prezidenti Nikola Sarkozi tərəfindən
narazılıqla qarşılanıb. “AB haqqında
danışılırsa, bu barədə qərarı AB
üzvləri verməlidir. Fransa Türkiyənin AB-yə
üzvlüyünə qarşıdır. Doğrudur, Obama ilə
çiyin-çiyinə çalışırıq, amma son
sözü AB üzvləri deməlidir. AB ölkələrinin
böyük əksəriyyəti Fransanın mövqeyini
müdafiə edir. Türkiyə çox böyük bir
ölkədir, həm Avropanın, həm də ABŞ-ın
müttəfiqidir. Ona görə də Türkiyə AB-də
imtiyazlı bir tərəfdaş olaraq qalmalıdır” - deyə
Sarkozi bildirib.
Fransa Prezidentinin
mövqeyini Almaniyanın Baş naziri Anqela Merkel də dəstəkləyib.
“Hələlik bu
barədə son qərarımız yoxdur. Müsəlman dünyası və
xüsusilə də Türkiyə ilə sıx münasibətlər
bizim üçün
vacibdir, ancaq məsələnin hansı
şəkildə həll
olunacağı, yəni
bunun tam üzvlük, yoxsa imtiyazlı tərəfdaşlıq
olacağı məsələsini
hələ müzakirə
edirik” - deyə Merkel əlavə edib.
Avropa
Komissiyasının rəhbəri Joze Manuel Barrozu isə Barak
Obamanın Türkiyənin AB-yə üzvlüyü məsələsinə
dəstək verməsindən məmnun qaldıqlarını,
Türkiyənin tam üzvlüyü ilə bağlı
müzakirələrə başladıqlarını bildirib.
Beynəlxalq
müşahidəçilər Obamanın Türkiyəyə
rəsmi səfərini Corc Buşun prezidentliyi dövründə
bir qədər pisləşmiş ABŞ-Türkiyə
münasibətlərini nizamlamaq cəhdi kimi qiymətləndirirlər.
Onların fikrincə, ABŞ Türkiyə ilə elə
münasibətlər qurmağa çalışır ki, bu
zaman rəsmi Ankaranın artmaqda olan regional nüfuzu nəzərə
alınsın, İranla münasibətlər və Əfqanıstan
müharibəsi ilə bağlı problemlərin həllinə
real kömək olsun.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2009.- 7 aprel.- S. 6.