Xalqın
siyasi iradəsinin təntənəsi
Konstitusiyaya edilmiş əlavə
və dəyişikliklər Azərbaycanın demokratik
inkişafında yeni tarixi səhifə açacaq
Azərbaycan xalqı
növbəti dəfə öz sözünü dedi. Martın
18-də keçirilmiş demokratik, azad və ədalətli
ümumxalq səsverməsi - referendumdan sonra cəmiyyətimiz
yeni demokratik inkişaf mərhələsinə qədəm
qoydu. Bütün dövrlərdə olduğu kimi, xalqın
iradəsinə qarşı çıxan ifrat radikal
müxalifətin aqressivliyi bu dəfə də onları iflasa
apardı...
Hər bir xalqın
öz iradəsini ifadə etməsinin ən mühüm
forması demokratik və azad səsvermə yolu ilə öz
fikrini bildirməsidir. Bütün dünyada ümumxalq səsverməsi
dövlətin və ictimai həyatın idarə
olunmasında vətəndaşların ən kütləvi
iştirak formasıdır. Təsadüfi deyil ki, müasir
dövrdə səsvermə ilə bağlı demokratik
institutların inkişafı hüquqi dövlətin əsas
istiqamətlərindən birinə çevrilmişdir. Eyni
zamanda, xalqın iradəsinin ifadəsinə çevrilən
seçkilərin (referendum) demokratik, şəffaf, azad
keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən,
demokratik təsisatlara üstünlük verilməsindən,
seçki sisteminin təkmilləşdirilməsindən, ilk
növbədə normal seçki keçirilməsinə əsaslı
şərait yaradılmasından asılıdır.
Demokratiya sahəsində
böyük uğurlar əldə etmiş dövlətlərin
seçki praktikası göstərir ki, hər bir mərhələdə
demokratiyanı təmin edən şərtlər
sırasında siyasi iradə amili ilə yanaşı, təkmil
qanunvericiliyinin mövcudluğu da olduqca vacibdir. Bu mənada tam
əminliklə demək olar ki, 18 mart referendumu Azərbaycan
Respublikası qanunvericiliyinin və Seçki Məcəlləsinin
tələblərinə, beynəlxalq standartlara uyğun
keçirilmiş, hakimiyyət orqanları referendumun beynəlxalq
meyarlar əsasında, demokratik, şəffaf keçirilməsi
üçün bütün zəruri şəraiti təmin
etmişlər. Referendumun yekunu ilə bağlı beynəlxalq
qurumların və xarici dövlətlərdən gəlmiş
müşahidəçilərin müsbət rəyləri
isə ölkəmizdə seçki təcrübəsinin ildən-
ilə yüksəldiyini və qarşıdakı dövrdə
də bu müsbət tendensiyanın davam edəcəyini deməyə
əsas verir. 18 mart referendumunun nəticələri birmənalı
olaraq təsdiqləyir ki, demokratik dövlət quruculuğu
yolunda inamla irəliləyən Azərbaycanda bütün sahələr
üzrə həyata keçirilən islahatlar öz müsbət
nəticələrini verməkdədir.
Etiraf edilməlidir ki,
hakimiyyət orqanları ilk gündən referendumun
keçirilməsinə ümummilli maraqlar kontekstindən
yanaşmağa nail oldular. Referendum Aktının layihəsi rəsmi
qəzetlərdə dərc edildi, layihə Milli Məclisin və
MSK-nın internet səhifələrində yerləşdirildi.
Həmçinin, layihəyə uyğun olaraq Azərbaycan
Respublikasının Konstitusiyasının ümumxalq səsverməsinə
çıxarılmış hissələrinin MSK tərəfindən
hazırlanmış müqayisəli təqdimatı
seçicilərin sayı nəzərə alınmaqla
çap edildi və 5 milyona yaxın vətəndaşa
çatdırıldı. Referenduma
çağırış, onun keçirilmə tarixi və səsvermə
qaydaları barədə məlumatlar 28 növ plakat şəklində
çap edilərək bütün yaşayış məntəqələrinin
ərazilərində asıldı.
Ən əsası isə
qeydə alınmış 9 təşviqat qrupuna
respublikanın bütün ərazisində təbliğat və
təşviqat kampaniyası aparmaq üçün hər
cür imkan yaradıldı. Həmçinin, bu müddət ərzində
televiziya və radiolarda onlarla çıxış oldu, mətbuatda
yüzlərlə məqalə dərc edildi. Hakimiyyət
orqanlarının bu ümumxalq səsverməsinə ciddi diqqətinin
bariz nümunələrindən biri də referendumun
gedişini 24 beynəlxalq təşkilatdan 172 beynəlxalq
müşahidəçi, 20 xarici KİV nümayəndəsi,
47 min yerli müşahidəçi və yerli KİV təmsilçiləri
izləmələrinə şərait yaradılması hesab
edilə bilər. Xarici KİV-lərdən “Röyter”, “Frans
Press”, “Anadolu Ayans”, “Əl-Cəzirə”, “TRT”, “Le Fiqaro”, “BBC”
kimi dünya miqyasında tanınmış və nüfuzlu
media qurumlarının referendum prosesini izləməsi Azərbaycan
hakimiyyətinin demokratiyaya sədaqətinin, aşkarlıq və
şəffaflığa geniş meydan verməsinin bariz
nümunəsinə çevrildi. Həmçinin, Avropa
Şurasının Parlament Assambleyasının, MDB Parlament
Assambleyasının və MDB Müşahidə
Missiyasının nümayəndələri, habelə Fransa,
Böyük Britaniya, Portuqaliya, Ukrayna, İspaniya,
Bolqarıstan və digər ölkələrin parlament
nümayəndələrinin də müşahidəçiliyi
çox böyük önəm kəsb etdi. Bir sıra
ölkələrin Azərbaycandakı səfirlikləri, o
cümlədən ABŞ səfirliyi 19, Rusiya səfirliyi 18,
Böyük Britaniya səfirliyi 14 müşahidəçi ilə
referendumun gedişini izlədilər.
Mühüm məqamlardan
biri də odur ki, martın 18-də gün ərzində
kütləvi informasiya vasitələrinin təmsilçiləri
Mərkəzi Seçki Komissiyası, Seçkilər
İnformasiya Mərkəzi, dairə və məntəqə
seçki komissiyalarının fəaliyyətini izlədilər,
onlara hər hansı maneçilik törədilməsi və
fəaliyyətlərinin məhdudlaşdırılması ilə
bağlı hər hansı fakt müşahidə olunmadı.
Beləliklə, hakimiyyət orqanları referendumun tam
demokratikliyinin təmin edilməsi prosesində bütün tərəflərə
bərabər imkanların yaradılması, ümumilikdə,
referendumun şəffaflığına xələl gətirə
biləcək bütün neqativ halların aradan
qaldırılması üçün ilk gündən ciddi
siyasi iradə və qətiyyət nümayiş etdirdilər.
“Yeni Azərbaycan” təşviqat
qrupunun vəkili kimi şahidi oldum ki, səsvermə prosesinin
gedişi sırf qanunvericiliyin tələblərinə əsaslandı.
Seçicilərin adlarının yoxlanması Seçki Məcəlləsinin
müddəalarına müvafiq olaraq həyata
keçirilmiş, bütün seçki məntəqələri
lazımi texniki avadanlıqla təchiz olunmuş, səsverməyə
gələnlərin baş barmağının görünməyən
mürəkkəblə işarələnməsi qaydasına
ciddi riayət edilmişdir. Həmçinin, məntəqə
seçki komissiyalarının üzvləri öz
funksiyalarına ciddi əməl etmişlər. Təqdirəlayiq
haldır ki, səsvermə zamanı məntəqə
seçki komissiyaları üzvlərinin və digər şəxslərin
seçicilərin seçim hüquqlarına müdaxilə etmələri
hallarına rast gəlinməmişdir.
Xüsusilə, öz
şəxsi müşahidələrimə əsaslanaraq deyə
bilərəm ki, təbliğat-təşviqat prosesinin getdiyi
28 gün ərzində xalqın, geniş vətəndaş
qruplarının “Yeni Azərbaycan” təşviqat qrupunun
arxasında vahid güc mərkəzi kimi birləşdiyinin və
bu münasibətlərin sarsılmaz olduğunun şahidi
oldum. Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən,
Qaradağ, Xətai rayonlarında iştirak etdiyim
çoxsaylı görüşlərdə seçicilərin
“Yeni Azərbaycan” təşviqat qrupunun təşəbbüsü
ilə referenduma çıxarılan əlavə və dəyişikliklərin
tərəfdarı olduqları da günümüzün
danılmaz reallığı idi. Ən əsası isə
Suraxanı rayonu ərazisində referendum günü
apardığım geniş müşahidələr xalqın
yüksək siyasi fəallıqla referenduma
çıxarılan məsələlərə müsbət
münasibətinə inamımı daha da artırdı.
Bütün bunlara rəğmən,
heç də təsadüfi deyil ki, martın 18-də
keçirilmiş ümumxalq səsverməsini izləyən
beynəlxalq müşahidəçilər də seçicilərin
fəallığından və referendumun təşkilindən
razılıq ifadə ediblər. Azərbaycan
Respublikasının Konstitusiyasına təklif olunan əlavə
və dəyişikliklərlə bağlı martın 18-də
keçirilmiş referendum dünya ölkələri
üçün bir nümunə, təcrübə ola bilər.
Bunu deməyə əsas verən ümumxalq səsverməsini
izləyən beynəlxalq müşahidəçilərin
söylədikləri müsbət fikirlər və qənaətlərdir.
Keçirilmiş ümumxalq səsverməsi ilə
bağlı müxalif qüvvələrin yaydığı
informasiyaların əsassız olduğunu göstərmək
üçün beynəlxalq müşahidəçilərin
referendumla əlaqədar fikirlərinə istinad etmək daha məqsədəuyğun
olardı.
Fransa parlamentinin deputatı,
Fransanın Avropa Şurası Parlament Assambleyasında
nümayəndə heyətinin rəhbəri Voisin Mişel:
“Azərbaycanda seçkilərin mütəmadi keçirilməsi
müsbət haldır. Hər il müxtəlif seçkilərin
keçirilməsi vətəndaşları demokratik təsisatlara
alışdırır və bu müsbət haldır. Səsvermə
prosesi texniki baxımdan yüksək səviyyədə təşkil
olunub. Konstitusiyaya əlavə və dəyişikliklərə
gəldikdə isə, burada antidemokratik məqamlara rast gəlməmişəm”.
Belçika parlamentinin
üzvü, Belçikanın NATO Parlament Assambleyasında
nümayəndə heyətinin rəhbəri Harmegines Yvon: “Azərbaycan
Konstitusiyasına əlavə və dəyişikliklərlə
bağlı keçirilən referendumun gedişi ilə
bağlı təəssüratlarım müsbətdir. Seçki
məntəqələrində səsvermə prosesi texniki
baxımdan yüksək səviyyədə təşkil
olunub. Müşahidə apardığım seçki məntəqələrində
seçici fəallığı yaxşıdır.
Müqayisə üçün deyə bilərəm ki,
seçkilərin keçirilməsi prosesi Belçikada
keçirilən seçkilərdən fərqlənmir. Vətəndaşlar
bu seçkilərdə mütləq iştirak etməlidir,
çünki səsverməyə çıxarılan
müddəalar ölkənin Əsas Qanunu ilə
bağlıdır”.
Bolqarıstan nümayəndə
heyətinin imzaladığı bəyanatda da referendumun
demokratik prinsiplərə əsaslandığı tam qətiyyətlə
bildirilir: “Bizim fikrimizcə, ümumxalq səsverməsi
(referendum) Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinin
tələblərinə əsasən Aİ və
AŞPA-nın üzvü olan ölkələrin qabaqcıl təcrübəsi,
demokratik dəyərlər və beynəlxalq standartlara
uyğun şəkildə keçirilmişdir. Referendum sakit və
normal şəraitdə başa çatmışdır. Bu
referendum ölkə hakimiyyətinin Azərbaycan
xalqının azad seçiminə hörmətlə
yanaşdığını və seçicilərin
Konstitusiyaya təklif olunan dəyişikliklərin lehinə və
ya əleyhinə seçimini təmin etmək
gücünü sübut edir. Biz bəyan edirik ki, 18 mart
ümumxalq səsverməsi (referendum) Azərbaycan qanunvericiliyinin
və Seçki Məcəlləsinin tələblərinə,
Avropa ölkələrinin demokratik təcrübəsinə, dəyərlərinə
uyğun keçirilmişdir”.
MDB müşahidə
missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin
sədr müavini Toktasın Buzubayev: “Təklif olunan dəyişikliklər
dərin mahiyyətə malikdir. Azərbaycanda Konstitusiyanın
təkmilləşdirilməsi baxımından böyük
iş görülür. Xüsusilə xoşuma gələn
məqam odur ki, Azərbaycan Əsas Qanuna edilən dəyişikliklərlə
sosial-iqtisadi yönümlü kursa meyillənir. Səsverməyə
çıxarılan hər əlavə və dəyişiklikdən
insanlara qayğı hissi aşıb-daşır.
Referenduma çox
yaxşı hazırlıq işi aparılıb, çox
ciddi iş görülüb. Müşahidə
apardığımız məntəqələrdə
seçici aktivliyi yüksək olub. Bu, referendumla bağlı
yaxşı maarifləndirmə işi aparılması ilə
bağlıdır. Hələ gün yarı olmamış
baş çəkdiyimiz məntəqələrdə
seçicilərin 50 faizi səsvermə hüququndan istifadə
etmişdi. Biz qərargahla daim əlaqə
saxlamışıq, hələlik hansısa şikayət
daxil olmayıb. Seçki məntəqələrində
veb-kameraların quraşdırılması yüksək qiymətləndirilməlidir.
Veb-kameralardan kütləvi istifadə olunur, onlar tək
Bakı, digər şəhərlərdə yox, regionlarda da
quraşdırılıb. Məntəqələr hələlik
100 faiz kameralarla təmin olunmasa da, bu, çox yaxşı
işdir. Mən özüm də onlayn rejimində seçkilərin
gedişini izləmişəm. Seçicilərə təqdim
olunan sualların çoxluğunu nəzərə alaraq
bütün seçki məntəqələrində kabinələrin
sayını artırıblar, seçki məntəqələrində
əlavə seçki qutuları da saxlanır ki, qutular
dolduğu halda yeniləri ilə əvəz etsinlər. Bizə
bildiriblər ki, referendum üçün 1000-dən artıq
yeni qutu əldə olunub”.
Estoniya parlamentinin
üzvü, beynəlxalq müşahidəçi Toomas
Alatalu: “Səsvermə prosesi yaxşı gedir. Əhali gəlib
rahat səs verir. Müşahidəçilər arasında
qadınların çox olmasını da yüksək qiymətləndiririk.
Bu, könüllülüyün yüksək olduğunu
göstərir”.
Bu və digər rəylər
bir daha təsdiq edir ki, beynəlxalq ictimaiyyət sürətlə
inkişaf edən Azərbaycanın siyasi və hüquqi
islahatlara geniş yer ayırmasını, demokratikləşmə
istiqamətində ardıcıl addımlar atmasını
müsbət qarşılayır. Respublikamızın iqtisadi
potensialının ildən-ilə böyük sürətlə
artması hakimiyyətə, insan və vətəndaş
hüquq və azadlıqlarının daha etibarlı təminatı,
siyasi plüralizmin dərinləşdirilməsi, hər bir fərdin
marağına hesablanmış hüquqi-siyasi islahatların
gerçəkləşdirilməsi istiqamətində kompleks
tədbirlər həyata keçirmək imkanı yaradır və
bu beynəlxalq ictimaiyyət tərəfindən də yüksək
qiymətləndirilməkdədir.
Beləliklə,
bütün bunları ümumiləşdirərək bir daha
belə bir qənaətə gələ bilərik ki,
müasir dövrdə hər bir dövlətin demokratik
inkişafı və cəmiyyətdə liberal dəyərlərin
bərqərar olma səviyyəsi ilk növbədə onun
demokratik dəyərlərə münasibəti əsasında
müəyyənləşir. Demokratik inkişafın, sivil
münasibətlərin ayrılmaz hissəsinə
çevrilmiş bu dəyərlər hüquqi dövlət
quruculuğu yolu ilə inamla irəliləyən, bu sahədə
ciddi nailiyyətlərə imza atan, zəngin təcrübə
qazanmaqla ən inkişaf etmiş Avropa ölkələri ilə
bir sırada addımlayan Azərbaycanın da ictimai-siyasi həyatında
özünə möhkəm yer tapmışdır.
Son 16 ildə Azərbaycanda
ardıcıl və sistemli surətdə həyata keçirilən,
beynəlxalq təcrübəyə əsaslanan hüquqi
islahatların əsasında da məhz insan hüquq və
azadlıqlarının müdafiəsi dayanır. Bu müddətdə
milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində
atılan kompleks tədbirlər qanunun aliliyinə, insan
hüquq və azadlıqlarının etibarlı müdafiəsinə,
ədalət mühakiməsinin səmərəli həyata
keçirilməsinə real hüquqi təminatlar
yaratmışdır. Hələ 1995-ci ilin 12 noyabrında
ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi
altında hazırlanmış və referendum yolu ilə qəbul
edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhz
həmin prinsipləri özündə ehtiva etməklə,
zamanın tələbi ilə səsləşən hüquqi
islahatların həyata keçirilməsinə, ümumilikdə
cəmiyyətin demokratikləşməsinə yeni imkanlar
yaratmış və Əsas Qanunun müddəaları real həyatda
öz gücünü dəfələrlə uğurla
sınaqdan çıxarmışdır.
Lakin hər bir dövlətin
Konstitusiyası qeyri-müəyyən müddətdə
qüvvədə olmasını nəzərdə tutmaqla məzmun
sabitliyi ilə səciyyələndirilən vacib və əsas
normativ-hüquqi akt kimi qiymətləndirilir. Bizim
Konstitusiyamız da istisna deyil. Zaman keçdikcə, cəmiyyət
inkişaf etdikcə, ictimai şüurda yeni dəyərlər
bərqərar olduqca ölkəmizin siyasi-iqtisadi, sosial-mədəni
həyatında baş verən keyfiyyət yenilikləri
Konstitusiyaya müəyyən əlavə və dəyişikliklərin
edilməsi zərurətini meydana çıxarır. Azərbaycan
Respublikasının Konstitusiyasına qüvvədə
olduğu 14 il ərzində ilk dəfə, 2002-ci il avqust
ayının 24-də keçirilmiş ümumxalq səsverməsi
- referendum yolu ilə bir neçə dəyişikliklər
edilmişdir ki, bu da bir daha Əsas Qanunumuzun nə qədər
mükəmməl şəkildə hazırlanmasını və
cəmiyyətin bütün sahələrinin inkişaf mərhələlərini
özündə ehtiva etməsini təsdiq edir.
Hər bir normativ
hüquqi akt kimi, Konstitusiyanın da zamanın ruhu, cəmiyyətin
iradəsi ilə uzlaşması, yeniliklərə adekvat
reaksiya verməsi son dərəcə vacibdir. Demokratiyanın
sonu görünmədiyi kimi, insan hüquq və
azadlıqlarının daha yüksək səviyyədə təminatı
ilə bağlı islahatları da konktet çərçivə
ilə məhdudlaşdırmaq mümkün deyildir. Odur ki,
qanunvericiliyin cəmiyyətin inkişaf ahənginə
uyğunlaşdırılması, ictimai münasibətlərin
tənzimlənməsində daha çevik, işlək
hüquqi mexanizmlərin formalaşdırılması demokratik
və hüquqi dövlət quruculuğunun mühüm şərtlərindən
sayılır.
Bu baxımdan,
bütün sahələrdə islahatlar
aparıldığı kimi, Konstitusiyanın dəyişdirilməsinə
də zaman keçdikcə ehtiyac duyulur. Təsadüfi deyil
ki, 24 avqust 2002-ci ildə keçirilmiş referendum zamanı
Konstitusiyada bir sıra dəyişikliklər edilmişdir. Təklif
olunan prinsipial dəyişikliklər nəticəsində
proporsional seçki sistemi ləğv edilmiş, müstəsna
hallarda prezident səlahiyyətlərinin Baş nazirə
keçməsi təmin olunmuş, eləcə də prezident
seçkilərinin nəticələrinin səs
çoxluğu - “50+1” prinsipi ilə hesablanması qərara
alınmış, Respublika Prokurorluğunun və Ali Məhkəmənin
qanunvericilik təşəbbüsü ilə
çıxış etmək səlahiyyətinə malik
olması təsdiqlənmiş, hər bir vətəndaşa
Konstitusiya Məhkəməsinə müraciət etmək
hüququ verilmişdir.
Lakin 2002-ci ildə həyata
keçirilmiş Konstitusiya islahatından ötən 7 il
müddətində Azərbaycan daha böyük inkişaf
yolu keçmiş, sosial-iqtisadi, o cümlədən demokratiya
sahəsində böyük uğurlar əldə etmişdir. Şübhəsiz
ki, ötən dövrün gerçəkliklərini və Azərbaycanın
dünyaya inteqrasiyasını nəzərə alsaq,
Konstitusiyaya növbəti dəfə əlavə və dəyişikliklər
etmək tarixi zərurət kimi qiymətləndirilməlidir. Ötən
müddət ərzində Konstitusiya cəmiyyət
üçün müstəsna əhəmiyyətini göstərməklə
yanaşı, ictimai münasibətlərin, sosial-iqtisadi tərəqqinin,
cəmiyyətdə siyasi mədəniyyətin, demokratik təfəkkürün
güclənməsi, ən əsası, vətəndaşların
həyat tərzində əsaslı dəyişikliklərin
baş verməsi keyfiyyətcə yeni mərhələdə
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə
yaranmış sosial ehtiyacı da qabarıq şəkildə
üzə çıxarır.
Həm də unutmayaq ki,
Konstitusiya ictimai münasibətləri sivil şəkildə
tənzimləyən, dövlət və vətəndaş
arasında qarşılıqlı məsuliyyət və vəzifələri
müəyyənləşdirən təkmil hüquqi
mexanizmdir. Bu baxımdan, cəmiyyətin inkişaf tempi,
baş verən yeniliklərin pozitiv xarakteri, vətəndaşların
siyasi və hüquqi düşüncə tərzinin kamilləşməsi,
qanunların, o cümlədən Konstitusiyanın daha da təkmilləşdirilməsini,
müasirləşdirilməsini obyektiv reallıq kimi gündəmə
gətirir.
Beynəlxalq təcrübəyə
istinadən də deyə bilərik ki, Konstitusiya hər bir
ölkənin taleyi üçün nə qədər
mühüm bir sənəd olsa da, ictimai-siyasi münasibətlərdə
meydana çıxan yeniliklər bu ali sənəddə də
zaman-zaman islahatların aparılmasını zəruri edir. Demək
olar ki, bütün ölkələrin konstitusiyalarında bu
cür əlavə və dəyişikliklər edilib. Son illər
Azərbaycanın iqtisadi, siyasi, hüquqi cəhətdən
inanılmaz dərəcədə inkişaf etməsi, cəmiyyət
həyatının bütün sferalarında tərəqqi və
intibahın aşkar duyulması, demokratikləşmə, vətəndaş
cəmiyyəti quruculuğu istiqamətində əsaslı
addımların atılması, respublikamızın insan
hüquq və azadlıqlarının daha etibarlı təminatı
ilə bağlı bir sıra beynəlxalq konvensiyalara,
sazişlərə qoşulması, Avroatlantik məkana
inteqrasiya prosesinin sürətlənməsi Konstitusiyaya bir sıra
mütərəqqi əlavə və dəyişikliklərin
edilməsini obyektiv tələbata çevirir.
Unutmayaq ki, 1995-ci ildən
indiyədək Azərbaycan cəmiyyəti ictimai-siyasi, sosial,
mədəni həyatda böyük yeniliklərin şahidi
olub. Məhz bu gün də Konstitusiyada islahatların aparılmasının
zəruriliyini həmin amillər, siyasi-ictimai, sosial-iqtisadi və
digər sahələrdəki inkişaf diqtə edir. Qarşıda
duran əsas vəzifə isə Azərbaycan dövlətinin
konstitusion əsaslarını möhkəmləndirməkdən
ibarətdir.
Bu baxımdan Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə “Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsi haqqında” Referendum Aktı
layihəsi üzrə martın 18-də keçirilmiş
ümumxalq səsverməsini - referendumu tamamilə təbii,
qanunauyğun və məntiqi proses kimi qarşılamaq, buna məhz
sosial sifarişin tələbi kimi yanaşmaq lazımdır.
Ən
başlıcası isə Azərbaycan cəmiyyəti belə
bir reallığın fərqindədir ki, Konstitusiyanın 29
maddəsinə edilən 41 əlavə və dəyişikliyin
hər biri mahiyyət etibarilə ölkəmizdə insan və
vətəndaş hüquq azadlıqlarına təminatı
gücləndirməyə xidmət etməklə, Azərbaycanın
çoxşaxəli inkişafından irəli gələn
sosial tələbatdır. Bu əlavə və dəyişikliklər
eyni zamanda respublikamızın hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu yoluna, liberal dəyərlərə
sadiqliyini əyani şəkildə təcəssüm etdirir. Hər
bir vətəndaşın maraq və mənafeyinə xidmət
edən Konstitusiya islahatı bu mənada Azərbaycan xalqı
tərəfindən rəğbətlə qarşılanaraq dəstəklənir.
Konstitusiyaya edilən əlavə
və dəyişikliklərin mahiyyəti də tamamilə
demokratik normalara əsaslanır. Məlumdur ki, bütün
sivil dövlətlərdə dövlət siyasətinin
formalaşmasında cəmiyyətlə dövlət birlikdə
iştirak edir. Yəni vətəndaş cəmiyyəti ilə
dövlət birlikdə ümumi siyasəti müəyyənləşdirir
və bu sahədə qarşılıqlı fəaliyyət
göstərirlər. Bu fakt özlüyündə həm də
xalqın dövlət siyasətində təmsil
olunmasıdır. Bu gün respublikamız həm də
qloballaşan dünyanın tamhüquqlu subyekti kimi heç
bir kənar təsiri, müdaxiləni qəbul etmədən
demokratik dəyərlərə doğru inamla irəliləyir.
Respublikamızın
sosial-iqtisadi sahədə ildən-ilə daha böyük
uğurlar qazanması, beynəlxalq layihələrin gerçəkləşdirilməsində
əsas söz sahibi kimi çıxış etməsi,
regionda lider dövlətə çevrilməsi və ən nəhayət,
insanların maddi rifah halında özünü göstərən
kardinal dəyişikliklər Azərbaycanda demokratik inkişaf
kursunun əbədi və dönməz olmasına ən
başlıca təminatdır.
Martın 18-də
Konstitusiyaya edilmiş əlavə və dəyişiklikləri
diqqətlə təhlil etdikdə aşkar surətdə
görmək olur ki, bütün bunlar hüquqi və demokratik
quruluşa təminat verməklə, vətəndaş cəmiyyətinə
nail olmaq kimi mühüm vəzifələri əsas niyyət
kimi bəyan edir. Ən başlıcası isə ictimai
münasibətlərin inkişafı, sosial, iqtisadi və
siyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin
baş verməsi Konstitusiyaya müvafiq dəyişiklik və əlavələrin
edilməsini zərurətə çevirir.
Etiraf edək ki,
respublikamızda aparılan hüquqi islahatlarda insan
hüquqları həmişə öncül sıralarda olub. Müstəqillik
dövründə ilk Konstitusiyamızın qəbul edilməsindən
keçən illər ərzində də cəmiyyət və
dövlət həyatının müxtəlif sahələrində
köklü dəyişikliklər baş vermiş, hərtərəfli
demokratik islahatlar aparılmış, o cümlədən
ölkənin bütün hüquq sistemi yenidən
qurulmuş, insan haqlarının daha etibarlı qorunması
üçün yeni üçpilləli məhkəmə
hakimiyyəti yaradılmış, beynəlxalq standartlara
uyğun qanunlar və məcəllələr qəbul
edilmişdir. Aparılmış demokratik islahatların məntiqi
nəticəsi olaraq ölkəmiz Avropa Şurasına
tamhüquqlu üzv qəbul edilmiş, insan hüquqları ilə
bağlı əsas beynəlxalq konvensiyalara qoşulmuş, bu
sahədə üzərinə mühüm öhdəliklər
götürmüşdür.
İctimai-siyasi həyatda
baş vermiş bütün bu yeniliklər milli
qanunvericiliyimizin konstitusion prinsipləri ilə bilavasitə
bağlı olduğu üçün ölkəmizin
Konstitusiyasına da müvafiq dəyişikliklər edilməsi
mühüm və həm də labüd proses kimi qiymətləndirilməlidir.
Təsadüfi deyil ki, Konstitusiyaya edilən əlavə və
dəyişikliklərin mühüm bir qismi də məhz Azərbaycan
dövlətinin insan və şəxsiyyət amilini yüksək
tutaraq yeritdiyi sosial yönümlü siyasətin daha
dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların
bu sahədə hüquq və səlahiyyətlərinin
genişləndirilməsinə, dövlətin sosial məsuliyyətinin
artırılmasına xidmət edir.
Əgər 18 mart
referendumuna çıxarılmış və xalqın tərəfdar
çıxdığı əlavə və dəyişikliklərin
mahiyyətinə diqqət yetirsək, açıq-aydın
görə bilərik ki, bu islahatların əsas məğzi
insan hüquq və azadlıqlarının təminatına
geniş şərait yaratmaq və beləliklə, Azərbaycan
dövlətinin konstitusion əsaslarını daha da möhkəmləndirməkdən
ibarətdir. Başlıca məqsəd isə Konstitusiyada olan
müddəaları dövrün, zamanın tələbinə,
eləcə də Azərbaycanın dünyadakı yerinə,
milli və beynəlxalq qanunvericiliyin müddəalarına
uyğun olaraq təkmilləşdirməkdir. Unutmayaq ki,
Konstitusiya təkcə hüquqi akt deyil, həm də ideoloji sənəddir,
ən əsası isə milli qanunvericiliyin mənbəyidir. Bu
mənada hazırkı Konstitusiya islahatları insan və vətəndaş
hüquq və azadlıqlarının təminatlı
müdafiəsinə, dövlətin idarə olunmasında
onların iştirakının genişləndirilməsinə,
o cümlədən, mütərəqqi qanunların
hazırlanmasında vətəndaşların ən müxtəlif
təbəqələrinin cəlb olunmasına xidmət edir.
Beynəlxalq hüquq nəzəriyyələrinə
əsasən hər bir dövlətin siyasi-hüquqi sisteminin
xarakteri və demokratikləşmə proseslərinə
reaksiyası, ilk növbədə onun Konstitusiyasının
liberallığı, ümumbəşəri dəyərlərə
cavab verməsi ilə şərtlənir. Konstitusiyanın
hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsiplərinə
cavab verməsi, insan və vətəndaş hüquq və
azadlıqlarına səmərəli təminat mexanizmləri
formalaşdırılması paralel olaraq siyasi hakimiyyətin
ictimai münasibətləri tənzimləyən mütərəqqi
qanunlar və digər normativ hüquqi faktlar əsasında
demokratik idarəetməsinə də etibarlı təminat
yaradır. Bu baxımdan Əsas Qanuna edilən və referenduma
çıxarılmış əlavə və dəyişikliklər
mahiyyət etibarı ilə ölkədə liberalizmin daha
geniş təşəkkülünə zəmin yaradır və
bunu konkret maddələrin təfsiri də təsdiqləyə
bilər.
Göründüyü
kimi, Konstitusiyaya edilən əlavə və dəyişikliklər
irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əqidəsindən, siyasi və
sosial mənsubiyyətindən və sair hallardan asılı
olmayaraq hər bir insanın hüquq və
azadlıqlarının müdafiəsini qanunvericilik, icra və
məhkəmə orqanları qarşısında ən
ümdə vəzifə kimi bir daha müəyyənləşdirir.
Təqdirəlayiq haldır ki, hər bir şəxsin həyatında
və cəmiyyətdə insan hüquqlarının
reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan
dövləti insan hüquqları sahəsində 20-dək
beynəlxalq konvensiya və sazişlərə
qoşulmuşdur. Konstitusiyanın bu maddəsində nəzərdə
tutulan əlavənin mahiyyəti isə ondan ibarətdir ki, hər
bir şəxs və dövlət orqanı insan
hüquqlarının həyata keçirilməsində və
qorunmasında öz məsuliyyətini dərk etsin.
Beləliklə, tam məsuliyyəti
ilə demək olar ki, Əsas Qanuna edilən əlavə və
dəyişikliklərdə müasir sivil cəmiyyətlərin
inkişaf istiqamətlərini müəyyənləşdirən
və konstitusiya quruluşunun əsaslarını təşkil
edən ideya və dəyərlər geniş şəkildə
öz əksini tapmışdır: insan şəxsiyyətinə
və ləyaqətinə hörmət; dövlət hakimiyyət
orqanlarının demokratik qaydada formalaşdırılması
vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata
keçirilməsində iştirakı; insan
hüquqlarının səmərəli müdafiəsi
mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə
təminat verilməsi; sosial ədalətə nail olmaq,
ümumbəşəri dəyərlərə sadiqlik, milli
qanunvericiliyin beynəlxalq hüquqa
uyğunlaşdırılması və s.
Beləliklə, Azərbaycanda
Konstitusiyanın təkmilləşdirilməsi ilə
keçirilmiş 18 mart referendumu hüquqi əsaslara malikdir və
bu məsələ ilə bağlı radikal müxalifət
dairələri tərəfindən açılan siyasi
polemikaların heç bir hüquqi əsası yoxdur. Lakin onu
da nəzərə almaq lazımdır ki, müxalifətin
heç də hamısı Konstitusiyaya olunan əlavə və
dəyişikliklərin əleyhinə deyil və bir-iki
müxalifət partiyasının dəyişikliklərin əleyhinə
çıxması heç də ümummüxalifət
mövqeyi kimi qələmə verilməməlidir.
Bütün bu qeyd edilənləri
nəzərə alaraq, Azərbaycanda dövlətçiliyin
daha da möhkəmləndirilməsi, siyasi kursun saxlanması
naminə martın 18-də keçirilmiş referendum Azərbaycanın
dövlətçilik tarixi üçün mütərəqqi
əhəmiyyət kəsb etməkdədir. 18 mart referendumunun
vətəndaşların yüksək siyasi fəallığı
şəraitində keçməsi onu da göstərdi ki, bu
gün Azərbaycan cəmiyyətinin inkişafının
mühüm şərtlərindən biri də ölkədə
siyasi plüralizmin tamamilə təmin olunmasıdır. Siyasi
plüralizmin formalaşmasının ən mühüm şərtlərindən
biri isə alternativ siyasi düşüncənin
inkişafı ilə bağlıdır ki,
çoxqütblü düşüncələrə malik
demokratik cəmiyyət quruculuğu Azərbaycanın siyasi
reallığını müəyyənləşdirən
amilə çevrilmişdir.
Bir sözlə, 18 mart
referendumu Azərbaycan üçün demokratiya yolunda yeni bir
mərhələ olacaq. Bu referendumun nəticələri bir
daha təsdiqlədi ki, xalqımız öz seçimində
heç vaxt yanılmayıb...
Nizami XUDİYEV,
Milli Məclisin üzvü,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2009.- 8 aprel.- S. 3.