Sabirabad: ötən ilin uğurları

 

Sabirabad təkcə yerləşdiyi bölgənin deyil, ümumilikdə Azərbaycan Respublikasının sayılıb-seçilən rayonlarındandır. Öz əzmkarlıqları, dövlətçiliyə sədaqət prinsipini əsas amala çevirmələri ilə fərqlənən sabirabadlılar həmişə zəhmətləri ilə çətin işlərin öhdəsindən layiqincə gələ bilmişlər. Bu da maraqlı məqamdır ki, rayonun bütün iqtisadi göstəriciləri həmişə diqqətlə izlənilir. Əlbəttə, bunun konkret, həm də obyektiv səbəbləri var. Ən əsas səbəb isə, heç şübhəsiz ki, Sabirabadın strateji əhəmiyyətə malik olması ilə bağlıdır. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində Sabirabad əməkçilərinin qazandığı uğurlar respublikanın hüdudlarını da aşaraq ittifaq səviyyəsində özünəməxsus yer tuturdu. İndi isə, necə deyərlər, dövran dəyişib - sosializmdən bazar iqtisadiyyatının mühüm rol oynadığı başqa bir ictimai formasiyaya keçilib. Ancaq sabirabadlıların işgüzarlığı, zəhmətsevərliyi dəyişməyib. Məhz buna görədir ki, 2008-ci ili uğurla başa vuran rayonların siyahısında Sabirabadın da adı var. Rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasovun dediyi kimi, dövlət başçısının yaratdığı şərait, göstərdiyi diqqət və qayğı ancaq və ancaq nailiyyətə, uğura sövq edir. Ötən ilin sosial-iqtisadi inkişafı istiqamətində rayonda görülmüş işlərdən bəhs edən icra başçısı dedi:

— Möhtərəm Prezidentimizin fəaliyyətinin əsas istiqamətlərindən biri də görülən işlərlə yerində tanış olmaq üçün vaxtaşırı rayonlara səfərə çıxmasıdır. Regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısı Dövlət Proqramının icrasına bilavasitə nəzarət etmək məqsədilə dəfələrlə regionlara səfər edib. Təkcə Sabirabad rayonuna 2 dəfə gələn dövlət başçısının rayonumuza ötən il sentyabrın 26-dakı səfəri daha əlamətdar oldu. Hörmətli Prezidentimiz rayonda olarkən Heydər Əliyev adına muzeyin, Olimpiya İdman Kompleksinin, Gənclər mərkəzinin açılış mərasimində iştirak etdi, Alkapon və Lift zavodları, “Aqrolizinq” müəssisəsi ilə tanış oldu və ictimaiyyətlə görüşündə rayonda görülən işləri yüksək qiymətləndirərək dedi: “Sabirabad yeni dövrünü yaşayır”. Bu yüksək qiymət sabirabadlıların böyük ruh yüksəlişinə səbəb olmuşdur. Məhz buna görədir ki, 2008-ci ilin 15 oktyabrında keçirilmiş prezident seçkilərində seçki hüququ olan vətəndaşların 58664 nəfəri, yəni 70 faizi iştirak etmiş, seçicilərin 82,5 faizi möhtərəm İlham Əliyevə səs vermişdir. Yüksək fəallığı ilə seçilən sabirabadlılar İlham Əliyevə səs verməklə ölkəmizin xoşbəxt gələcəyinə səs verdiklərini qətiyyətlə bəyan etmişlər. Bu gün iftixarla demək olar ki, möhtərəm Prezidentimizin rayonumuza diqqət və qayğısı sayəsində son 5 ildə çox böyük işlər görülmüşdür. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004- 2008-ci illər)” qarşıya qoyulan vəzifələr uğurla icra olunmuşdur.

Sənaye və kənd təsərrüfatı istehsalının dəstəklənməsi nəticəsində son beş ildə ümumdaxili məhsulun real həcmi 2,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,2 dəfə, sənaye istehsalı 3 dəfə artmış, 2008-ci ildə isə müvafiq olaraq 14 faiz, 28 faiz və 2 dəfə artım qeydə alınmışdır. Müxtəlif növ lift və seyf qapıları, alkapon istehsalı ilə məşğul olan “Qafqaz Mexaniki Təmir”, sutkada 500 ton sement istehsal edən “Muğan Sement”, dünya standartlarına uyğun kafel, metlaq və kəpric istehsal edən “Muğan 2" zavodları, ildə 20 milyon ədəd müxtəlif növ kisə istehsal etmək gücündə olan ”Qafqaz Yumşaq Tara" fabriki, “Qafqaz Avto” nəqliyyat müəssisəsi, Bulaqlı kəndində “Aqrolizinq” mərkəzi yaradılmış, Sənaye Törəmə müəssisəsinin fəaliyyəti bərpa olunmuşdur. Sabirabad şəhərində “Hacı və Rəsul”, Cavad, Salmanlı, Minbaşı, Çiçəkli kəndlərində müxtəlif növ kənd təsərrüfatı məhsullarının emalı müəssisələri açılmış, Nizami kəndində pambıq və Qaratəpə kəndində biyan qəbulu məntəqələri fəaliyyətə başlamışdır.

Həyata keçirilən tədbirlər nəticəsində Sabirabadda yeni yaradılmış və istehsal fəaliyyətləri bərpa olunmuş müəssisələrin hesabına əhalinin məşğulluğu təmin edilmişdir. Son beş ildə 272 müəssisə yaradılmış, 15 müəssisənin fəaliyyəti bərpa olunmuşdur. Dövlət Proqramında nəzərdə tutulan 10218 əvəzinə 14372 iş yeri açılmışdır. Təkcə ötən il 73 müəssisə açılmış, 2757 iş yeri yaradılmışdır ki, bunun da 784-ü daimidir.

Dövlət Proqramında nəzərdə tutulan aqrar sahənin inkişafı istiqamətində də mühüm işlər həyata keçirilmişdir. Taxılçılığın inkişafı təmin edilmişdir. Ötən 5 il ərzində 457 min ton taxıl istehsal olunmuşdur. Təkcə keçən il bu sahədə hər hektarın məhsuldarlığı 36,5 sentnerə çatdırılmışdır ki, bu da respublikada ən yüksək göstəricilərdən biridir.

Heyvandarlıq və quşçuluq məhsulları istehsalı və emalı inkişaf etdirilmişdir. Son 5 ildə iribuynuzlu mal-qaranın sayı 18,5 min baş artaraq 106,4 min başa çatdırılmışdır. Davarlar 42,2 min baş artaraq 163,8 min baş, ev quşları 132,6 min baş artaraq 683,5 min baş olmuşdur. Həmin dövr ərzində 46 min ton ət (diri çəkidə), 312,4 min ton süd, 147 milyon 990 min ədəd yumurta istehsal edilmişdir.

Əvvəlki illər kimi 2008-ci il də Sabirabad rayonu üçün iqtisadi, sosial və mədəni sahələrdə yüksəliş ili olub. Böyük tikinti, quruculuq, abadlıq işləri aparılıb. Ölkə başçısının göstərişi ilə ötən 5 ildə rayona ayrılmış 1,3 milyon manat vəsaitdən səmərəli istifadə edilərək 67 kənddə 122,2 kilometr uzunluğunda kəndarası yollara çınqıl döşənmiş, şəhərin küçələrinə asfalt vurulmuş, yaşayış binalarının üst örtüyü dəyişdirilmiş, hasarlar çəkilmiş, səkilərə üzlük daşlar döşənmiş, çoxlu sayda suvaq, rəngləmə və digər tikinti, quruculuq, abadlıq işləri görülmüşdür.

Heydər Əliyev abidə-muzey kompleksində böyük yenidənqurma işləri aparılmışdır. Ərazisi 1,9 hektar olan bu kompleksdə hər cür şəraiti olan muzey tikilib istifadəyə verilmişdir.

3,3 hektar ərazini əhatə edən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında da əsaslı tikinti-abadlıq işləri aparılmışdır. Ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, müasir tipli üstü örtülü səhnə və qarşısında 5 min nəfərlik meydança inşa olunmuş, gənclərin asudə vaxtının səmərəli təşkili üçün mini futbol meydançası və Gənclər mərkəzi tikilmişdir.

Heydər Əliyev prospektində şadlıq evi və ticarət mərkəzini özündə birləşdirən “Kür-Araz” kompleksi tikilib istifadəyə verilmişdir. Prospekt boyu bütün ticarət obyektlərində yenidənqurma işləri aparılmış, burada yerləşən ikimərtəbəli 7 yaşayış binasının üst örtüyü dəyişdirilmiş, ətrafına hasar, kanalizasiya və su xəttləri çəkilmişdir. Prospekt boyu ticarət obyektlərinin qarşı tərəfinə üzlük daşlar döşənmişdir. Şərq memarlıq üslubunda “Giriş qapı” kompleksi də inşa olunmuş, burada 3 fəvvarə və müasir tipli işıqlandırma sistemi quraşdırılmışdır. Əlil və şəhid ailələri üçün hər cür şəraiti olan 16 və 24 mənzilli yaşayış binaları istifadəyə verilmişdir. Daxili imkanlar hesabına magistral avtomobil yolu boyunca 16 dayanacaq tikilmiş, Kürkəndi kəndində səkilər salınmış, Güdəcühür kəndində 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan, uzun müddət baxımsız qalmış abidə yenidən qurulmuşdur. Qalaqayın kəndində isə Qafqaz Holdinq MMC-yə gedən yola 2 kilometrlik asfalt örtük döşənmişdir.

Şəhərin əksər küçələri asfaltlaşdırılmışdır. 6 küçədə gecə işıqlandırılması təşkil edilmişdir. Heydər Əliyev prospektində mövcud hasarın 200 kvadratmetr hissəsi ağ daşlarla üzlənmiş, 220 kvadratmetri isə suvanmışdır. Heydər Əliyev, Muğan prospektlərində və 4 küçədə səkilər ağ daşlarla üzlənmişdir. Prospekt boyu yerləşən bütün fərdi yaşayış evlərinin və 20 Yanvar küçəsindəki 10, 12 və 15 saylı yaşayış binalarının üst örtüyü dəmir-keramik şifer materialı ilə dəyişdirilmiş, binaların balkonları təmir edilmişdir. Şəhərin mərkəzi stadionunda oturacaqların və digər qurğuların təmiri keyfiyyətlə aparılmış, ərazinin gecə işıqlanması təmin edilmişdir.

Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətə uyğun olaraq sahibkarlığın inkişafına dövlət dəstəyi də artmışdır. Sahibkarlığın inkişafı məqsədilə bank-kredit təşkilatları tərəfindən 6 milyon 145 min manat məbləğində mikro kreditlər verilmişdir. Özəl banklar tərəfindən də sahibkarlara müxtəlif həcmdə güzəştli kreditlər ayrılmışdır.

Sahibkarlar üçün informasiya təminatı, məsləhət xidmətləri göstərən mərkəzlərin yaradılması da səmərəlidir. Ötən il rayon mərkəzində 5 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət göstərən terminalın açılışı sahibkarların işini asanlaşdırmışdır. Onlar hesabatlarını daha Şirvan şəhərində yerləşən vergilər idarəsinə deyil, birbaşa terminala təqdim edirlər. Hesabatların vaxtında və düzgün hazırlanmasında sahibkarlara rayonda fəaliyyət göstərən “Sahibkarlara xidmət servisi” yaxından köməklik göstərir.

Yerli əhəmiyyətli problemlərin həllində qeyri-dövlət sektorunun potensialından da geniş istifadə olunmuşdur. Son 2 ildə AzKİL-in maliyyə dəstəyi ilə rayonun 22 kəndində yollar təmir edilmiş, 2 tibb məntəqəsi tikilmiş, elektrik xətləri çəkilmişdir. “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsünə həvəslə qoşulan bələdiyyələr bir çox sosial layihələr həyata keçirmişlər.

Ümumilikdə 148,7 kilometr uzunluğunda kəndarası yollar təmir edilmiş, Əsədli kəndində elektrik xəttinin çəkilişinə, Ulacalı kəndində suvarma nasoslarına birbaşa elektrik xəttinin bərpasına, Qəzli kəndində 80 metr uzunluğunda piyada körpüsünün çəkilməsinə, Qalaqayın kəndində əlavə sinif otaqlarının, Mürsəlli və Osmanlı kəndlərində tibb məntəqələrinin tikintisinə nail olunmuşdur.

Aqrar sferanın inkişafına yönəldilmiş bir sıra qərarlar bu sahədə çalışan sahibkarlar tərəfindən rəğbətlə qarşılanmışdır. Dövlət başçısının “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərarları aqrar bölmənin inkişafına zəmin yaratmışdır. 2008-ci ildə buğda və digər kənd təsərrüfatı məhsulları istehsalçılarına 2,9 milyon manat vəsait ödənilmişdir. Bütün vəsait plastik kartlar vasitəsilə verilmişdir. Kənd əməkçilərinə 50 faiz güzəştlə 1500 ton omonium nitrat gübrəsi, 70 faiz güzəştlə 22 ton superfosfat gübrəsi satılmışdır. Ümumilikdə isə son illər məhsul istehsalçılarna güzəştlə 10 min tona yaxın gübrə verilmişdir.

Nazirlər Kabinetinin “Alınmış mineral gübrələrin ölkə daxilində paylanması mexanizminin təkmilləşdirilməsi üçün ayrı-ayrı bölgələri əhatə etməklə regional loqistiks bazaların yaradılmasının layihələndirilməsi və tikintisi” barədə 22 sentyabr 2008-ci il tarixli qərarına əsasən rayonun Qaratəpə kəndinin ərazisində tutumu 12 min ton olan bazanın tikintisinə başlanmışdır. Həmin ərazidə kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət göstərəcək yeni Aqroservisin tikintisi də aparılır.

Aqrar sahəyə dövlət dəstəyinin nəticəsidir ki, rayonun kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun dəyəri də artmışdır. Belə ki, 2006-cı ildə 73,9 milyon manat həcmində kənd təsərrüfatı məhsulları istehsal edilmişdirsə, 2007-ci ildə bu rəqəm 83,1 milyon manat, 2008-ci ildə isə 106,4 milyon manat təşkil etmişdir. Bu da əvvəlki illə müqayisədə 28 faiz çoxdur. Əkin sahələrinin həcmi də son illərdə artımla davam etmişdir. 2007-ci ildə 55330 hektar əkin yerinin 96 faizindən, 2008-ci ildə isə 98 faizindən istifadə olunmuşdur.

Torpaqlardan istifadənin yaxşılaşdırılması üçün qabaqcıl təcrübənin öyrənilib yayılması diqqət mərkəzində olmuşdur. Pay torpaqlarının könüllülük əsasında birləşdirilməsi və iri təsərrüfatların təşkili istiqamətində Axısxa kəndinin təcrübəsi razılıqla qarşılanmışdır. Çox yaxşı haldır ki, torpaq istifadəçiləri 700 hektar pay torpağını 5 iri təsərrüfatda birləşdirib toxumçuluq təsərrüfatı yaratmışlar. Xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyada birləşməsi çox vacib məsələlərdən biridir və bu, pay torpağı sahiblərinə sərfəlidir.

Dövlət başçısının tapşırığına əsasən kənd təsərrüfatı məhsullarının sərbəst satışına əlverişli şərait yaradılması bu sahəyə marağı artırmışdır. Sabirabadlı məhsul istehsalçıları Bakı şəhərində keçirilən satış yarmarkasında fəal iştirak etmişlər. Yarmarkada 10 min tondan çox müxtəlif növ məhsul satılmışdır. Qaratəpə, Həşimxanlı, Güdəcühür, Quruzma, Moranlı, Qaralar və digər kəndlərin sahibkarları tərəfindən yarmarkaya çıxarılan məhsullar alıcıların rəğbətini qazanmışdır.

Əkinçiliyin inkişafı düzgün suvarma ilə bağlıdır. Hər il rayonda 67 min hektar sahədə suvarma işləri aparılır. Bu mühüm işlə Mexaniki Suvarma və Suvarma Sistemləri idarələri məşğul olur. Keçən il bu müəssisələr 410 kilometrə qarşı 590 kilometr uzunluğunda su kanalının lildən təmizlənməsini təmin etmişlər.

Suvarmanın yaxşılaşdırılması üçün digər vasitələrdən də istifadə edilir. Qaratəpə kəndində Dünya Bankının vəsaiti hesabına 857 min manat dəyərində xüsusi layihə həyata keçirilmişdir. Hazırda belə layihələr rayonun Cavad, Qaragünə, Nizami ərazi vahidliklərində yerinə yetirilir. Layihələrin ümumi dəyəri 3 milyon manatdan çoxdur.

Suvarma qədər əhəmiyyətli digər sahə meliorativ tədbirlərin aparılmasıdır. Torpaqlardan səmərəli istifadəni təşkil etmək üçün rayon ərazisində 3 min kilometr məsafədə kollektor-drenaj şəbəkəsi çəkilmişdir. Şəbəkə sisteminə Sabirabad Meliorasiya İdarəsi, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Baş Şirvan Kollektorlarının İstismarı İdarəsi, Aşağı Muğan Meliorativ Sistemləri İdarəsi xidmət göstərir. Onlar ümumilikdə 2008-ci ildə 270 kilometr uzunluğunda kollektorları təmizləmişlər.

Dövlət başçısının diqqət və qayğısı sayəsində son beş ildə Sabirabadda ümumilikdə 640 şagird yerlik Kürkəndi, Əsgərbəyli, Çöl Ağammədli kəndlərində yeni məktəb binaları, Hacıbəbir, Surxayoba, Güdəcühür kənd məktəblərində əlavə sinif otaqları tikilib istifadəyə verilmiş, 43 məktəbdə əsaslı, ayrı-ayrı məktəblərdə 103 dəfə cari təmir işləri aparılmışdır. Ötən il isə müvafiq olaraq bu rəqəmlər 2 və 53 olmuşdur. Hazırda təhsil şöbəsi üçün inşa olunan inzibati binada son tamamlama işləri aparılır, Balahəşimxanlı kəndində yeni məktəb binasının tikintisi, M.Müşfiq adına şəhər orta məktəbinin əsaslı təmiri davam etdirilir.

Həmin dövrdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında Axtaçı-Muğan və Həşimxanlı kənd məktəbləri üçün binalar tikilmiş və zəruri avadanlıqlarla təchiz edilmişdir. Hazırda rayonda 85 ümumtəhsil məktəbi, 22 məktəbəqədər və 5 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir. 28460 şagirdin təlim-tərbiyəsi ilə 2381 müəllim məşğul olur. Şagirdlər dövlət vəsaiti hesabına 152 adda 72 min dərslik və dərs vəsaiti ilə təmin edilmiş, 75 məktəbə 614 ədəd kompyuter dəsti, 14 ədəd nootbuk verilmişdir. Təhsil müəssisələrinin əsas göstəricilərindən biri də məzunlarının ali məktəblərə qəbuludur. Ötən il respublikamızın ali təhsil ocaqlarına məzunlardan 193 nəfəri test üsulu ilə daxil olmuş, onlardan 7 nəfəri 600-dən yuxarı , 28 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. İki tələbə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.

Rayonda səhiyyə sahəsində də əsaslı işlər həyata keçirilmişdir. Ötən 5 ildə dövlət vəsaiti hesabına 5 feldşer-mama məntəqəsi tikilib, 2 kənd sahə xəstəxanasında, 4 həkim ambulatoriyasında əsaslı, 34 tibb məntəqəsində cari təmir işləri aparılmış, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. 131 həkim, 473 orta tibb işçisi müalicə-profilaktika işini canlandırmışdır. Kəskin yoluxucu xəstəliklər — difteriya, qara yara, tetanus aşkar edilməmişdir. Vərəm xəstəliyindən ölüm faizi son beş ildə azalmışdır. Vərəmin aşkarlanma dərəcəsi ölkə üzrə göstəriciyə uyğundur.

Digər mühüm sahələrdən biri də əhaliyə mədəni xidmətin təşkilidir. Rayonda bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Ötən 5 ildə dövlət vəsaiti hesabına mədəniyyət müəssisələrinin 43-ü əsaslı təmir olunmuşdur. 2008-ci ildə Moranlı, Rüstəmli mədəniyyət evləri əsaslı təmir edilmiş, 12 mədəniyyət evində və 8 kitabxanada cari təmir işləri aparılmışdır. Milli-mənəvi irsimizin qorunub saxlanılması işinə də diqqət artırılmışdır. Şıxlar kəndində “Baba Səmid” türbəsi təmir edilərək lazımi avadanlıqlarla təchiz edilmiş, təməli 1657-ci ildə qoyulan Qalaqayın kənd məscidində, 1900-cü ildə inşa edilmiş şəhərin köhnə “Şamaxı” məscidində təmir işləri aparılmışdır.

Qaçqın və məcburi köçkünlərin də yaşayış şəraitinin yaxşılaşdırlması istiqamətində bir sıra əsaslı tədbirlər həyata keçirilmişdir. Zəngilan rayonundan olan 161 məcburi köçkün ailəsi üçün Rüstəmli qəsəbəsi salınmış, orada onlara hər cür şərait yaradılmışdır. Şəhriyar düşərgəsində yaşayan köçkünlər üçün isə müasir üslubda ağ daşlardan ticarət mərkəzi tikilib istifadəyə verilmişdir. Şəhriyar və Güdəcühür düşərgələrində tibb məntəqələri zəruri avadanlıq və ləvazimatlarla təchiz edilmiş, onların müayinə və müalicəsi üçün əlverişli şərait yaradılmışdır. Köçkünlər il boyu fasiləsiz elektrik enerjisi və içməli su ilə təmin edilmişlər. Məcburi köçkünlərin məşğulluğunu artırmaq üçün onların istifadəsinə 365 hektar əkinə yararlı torpaq sahəsi verilmiş, heyvandarlıqla məşğul olan qaçqın və məcburi köçkün ailələrinə isə 309 hektar örüş sahəsi ayrılmışdır.

Son illər əhaliyə göstərilən ticarət, nəqliyyat və rabitə xidmətləri xeyli yaxşılaşdırılmışdır. Sahibkarlara yaradılan münbit şərait hesabına xeyli sayda geniş və görkəmli ticarət obyektləri inşa olunmuşdur. Keçmişdə kolxoz bazarı kimi tanınan ticarət müəssisəsi yenidən qurulmuşdur.

2008-ci ildə rabitə xidmətinin də səviyyəsi artmışdır. Mərkəzi ATS vasitəsilə Kürkəndi kəndi telefonlaşdırılmışdır. Həşimxanlı, Xəlfəli, Bulaqlı, Güdəcühür kəndlərində yeni ATS binaları tikilib istifadəyə verilmişdir. Qaratəpə, Şəhriyar, Ulacalı, Şıxsalahlı, Həşimxanlı, Mürsəlli, Cavad, Əhmədabad, Qalaqayın, Nizami, Yolçubəyli kəndlərində elektron ATS-lər, 10 ucqar kənddə peyk telefon stansiyası quraşdırılmışdır. Çoxlu sayda rekonstruktiv təmir işləri aparılmışdır. Rayon mərkəzində 6 internet klub yaradılmışdır. Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış Rüstəmli qəsəbəsində, Qaralar, Muradbəyli, Xəlfəli, Məmişlər, Hacıbəbir kəndlərində yeni poçt binaları tikilib istifadəyə verilmişdir. 2009-cu ildə Həsənli, Narlıq, Şəhriyar və Nizami kəndlərində poçt binalarının tikintisi planlaşdırılmışdır. Cari ildə poçt şöbələrində kiçik bank-maliyyə xidmətləri göstərilməsi də nəzərdə tutulmuşdur.

Əhalinin su ilə təchizatını yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Mərkəzi nasos stansiyalarında, hidrotexniki qurğularda, su və kanalizasiya xətlərində təmir-bərpa işləri aparılmış, şəhərin A.Səhhət küçəsinə yeni su xətti çəkilmişdir.

Bu siyahını uzatmaq da olar. Ancaq atalar demişkən, min eşitməkdənsə bir görmək yaxşıdır. Yolunu Sabirabaddan salan hər kəsi qısa müddət ərzində bu qədər yeniləşmənin, dəyişikliyin baş verməsi mütləq təəccübləndirər və heyrətləndirər...

 

 

Səməd HÜSEYNOĞLU,

 

Xalq qəzeti.- 2009.- 8 aprel.- S.4.