Azərbaycanla Türkiyə həmişə
bir yerdə, bir mövqedə olmalıdır
Azərbaycan Mətbuat
Şurasına toplaşmış ölkənin kütləvi
informasiya vasitələrinin nümayəndələri ən
çətin anlarda bir-birinə arxa-dayaq olmuş Azərbaycanla
Türkiyənin qardaş ölkədən Ermənistana
qapı açılması ilə bağlı ədalətsiz
təzyiqlərə də dəyanətlə davam gətirməsi
və birgə iradə nümayiş etdirməsi ilə
bağlı xalqımızın haqlı məramını dəstəklədilər.
Mərasimdə giriş
sözü ilə çıxış edən Mətbuat
Şurasının sədri Əflatun Amaşov bildirdi ki,
müharibə və münaqişələrə baxmayaraq
gec-tez ölkələr arasında sərhədlər
açılır, xalqlar təbii ünsiyyətlərini davam
etdirirlər. XX əsrdə bir neçə dəfə
ağılsız hərəkətləri və bais
olduqları qanlı əməllərlə Qafqazda və
Anadoluda xalqları üz-üzə qoymuş erməni siyasətçiləri
və onların havadarları yenidən əsassız iddialarla
Azərbaycanın və Türkiyənin sərhədlərini
öz üzlərinə qapatmışlar. Bu vəziyyətin
davam etməsinin səbəbi Ermənistan Respublikasının
yeritdiyi işğalçılıq və yeni ərazilər
qopartmaq siyasətidir. Azərbaycanla Ermənistan arasında
davam edən müharibə şəraitində Türkiyəyə
qarşı əsassız ərazi və soyqırım
iddialarından əl çəkməyən təcavüzkar
bir dövlətə qapı açılması tələbləri
Qafqazda ədalətli sülhə nail olmağa xidmət etmir,
əksinə, erməni həyasızlığını daha
da şirnikləndirir. Buna görə də sərhədlərin
açılması barədə tələbləri Azərbaycan
jurnalistləri də ədalətsiz və vaxtından əvvəl
səslənən çağırış kimi qiymətləndirirlər.
“Azərbaycan” qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
Sadıqov müzakirə olunan məsələyə
münasibətini bildirərək dedi ki, Türkiyə Azərbaycanın
haqq işini həmişə qardaş cəfakeşliyi ilə
dəstəkləyib. Dünyanın müəyyən siyasi
dairələri Ermənistanla sərhədləri açmaq, əlaqələr
qurmaq üçün Türkiyəyə ciddi təzyiqlər
göstərir. Bu barədə yayılan xəbərlərin
təkzib olunmaması hər iki ölkədə ciddi
narahatlıq yaratmışdır. Bu gün biz
üzümüzü Türkiyə KİV-ində
çalışan həmkarlarımıza tutaraq ədalətsiz
tələblərə qarşı səsimizi bütün
dünyada birgə eşitdirməyə
çağırırıq.
“Xalq qəzeti”nin baş
redaktoru Həsən Həsənov isə toplaşanların
diqqətini ermənilərin işğalçılıq
siyasətini davam etdirməsinə yönəldərək qeyd
etdi ki, Ermənistan işğal etdiyi Azərbaycan
torpaqlarını qeyd-şərtsiz olaraq azad etməli, Azərbaycanın
ərazi bütövlüyü təmin olunmalıdır. Ermənistan
geri çəkilmədən, xalqlarımıza qarşı
düşmənçilik siyasəti dayandırılmadan bu
ölkəyə Türkiyədən qapı
açılması təcavüzkara əlavə şanslar
yaradar. Yaxın keçmişdə Azərbaycandan Qərbə
enerji və nəqliyyat dəhlizi açılması məsələsi
gündəmdə olarkən bizim ölkə böyük
dövlətlərin təzyiqlərinə baxmayaraq Türkiyənin
maraqlarına uyğun hərəkət etdiyi kimi, qardaş
dövlət də bu gün eyni iradə və dəyanəti
göstərməlidir. Vaxtından əvvəl və
qeyd-şərtsiz düşmənə sərhəd
açmaq xalqlarımızın həyati maraqlarına zidd
addım olardı. Bu həqiqəti
beynəlxalq aləmə,
diplomatik mərkəzlərə
də anlatmalıyıq.
“Səs” qəzetinin
baş redaktoru Bəhruz Quliyev, “Bakı-xəbər” qəzetinin
baş redaktoru Aydın Quliyev, “Azərnyus” qəzetinin baş
redaktoru Fazil Abbasov, “Şərq” qəzetinin baş redaktoru
Akif Aşırlı, “Qarabağ” qəzetinin redaktoru Sarvan
Şamiloğlu, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin
Həziyev və digər natiqlər də Ermənistanın
bölgədə işğalçılıq və ərazi
iddiaları siyasətini davam etdirməsi ilə Türkiyədən
bu ölkəyə sərhədlərin açılması tələbinin
bir araya sığmadığını, buna görə də
yolverilməz olduğunu söylədilər, Türkiyə
jurnalistlərini də bu həqiqəti dəstəkləməyə
çağırdılar. Toplantıda jurnalistlər ölkənin
bütün siyasi qüvvələrini də həmrəylik
göstərməyə, düşmən dairələrin fitnə
və bədxahlıqlarına qarşı möhkəm iradə
nümayiş etdirməyə səslədilər.
Mətbuat Şurası
sədrinin müavini Müşfiq Ələsgərli Azərbaycan
kütləvi informasiya vasitələri nümayəndələrinin
türkiyəli həmkarlarına müraciətini oxudu.
Müzakirələrdən sonra qərara alındı ki,
müraciətin mətni, Türkiyənin Azərbaycandakı
səfirliyinə təqdim edilsin, diplomatik və media
kanalları vasitəsilə yayılsın.
Həmin gün ölkənin
KİV rəhbərliyinin imzaladığı müraciətin
mətnini Azərbaycan jurnalistləri adından Mətbuat
Şurasının rəhbərliyi Türkiyə səfirliyinə
təqdim etdi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2009.- 8 aprel.- S. 5.