İsmayıl Şıxlı yaradıcılığının milli-mənəvi qaynaqları

 

İsmayıl Şıxlını mən ilk dəfə 1961-ci ilin sentyabr ayının əvvəllərində auditoriyada dərs zamanı görmüşdüm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinin birinci kurs tələblərinə “Qədim yunan ədəbiyyatı” fənnindən mühazirə oxuyan çox əzəmətli və vüqarlı bir görkəmə malik olan müəllimimizin həqiqətən də məşhur “Ayrılan yollar” romanının, insanın qəlbini coşduran müharibə hekayələrinin müəllifi hörmətli yazıçımız İsmayıl Şıxlı olduğunu bilib hədsiz sevindik. Az bir zaman içində bizə bəlli oldu ki, o, nəinki tanınmış yazıçıdır, həm də gözəl müəllimdir, fənninin mahir bilicisidir.

Homerin, Esxilin, Evripidin, Aristofanın və digər qədim yunan ədiblərinin yaradıcılığını bütün incəliklərinə qədər bilir və bu incəlikləri dərs prosesində bizə çox mahiranə anlatmağa çalışırdı. Tələbələr onun mühazirələrini heyranlıqla dinləyirdilər. Biz mühazirəni dinlərkən düşüncəmizdə onu qədim yunan ədəbiyyatının qəhrəmanları ilə müqayisə edir, hətta sözü gedən çağların əlçatmaz qəhrəmanları ilə eyniləşdirirdik. Ən sevimli müəllimimiz olaraq hər birimizin qəlbində ona böyük bir ehtiram bəslənilirdi. Seminar dərslərini özü aparar və heç zaman imtahan xofu yaratmazdı. Onun dərslərinə hazırlıqsız gəlmək hər kəsə utanc gətirəcək bir hal hesab edilərdi. Ona görə də İsmayıl müəllimin tədris etdiyi fəndən imtahanda tələbələrimizin böyük əksəriyyəti yüksək qiymət aldı.

Sonralar biz müəllimimizin hekayə və romanlarında milli əxlaq, kişilik kimi mənəvi dəyərlərin obrazlarda təcəssümü ilə tanış olduqda ilk öncə mərdlik, vüqar, qürur, qeyrət, milli xarakter, əsl azərbaycanlı kişisi timsalı İsmayıl Şıxlı göz önünə gəlirdi. Mən bunu eyni zamanda beş il tələbəlik dövründə bilavasitə gördüm və müşahidə etdim. Sonralar bir kafedrada, bir fakültədə işləyəndə bir daha yəqin etdim ki, qəhrəmanlarına örnək olan, milli-tarixi kimliyimizi canlı şəkildə təcəssüm etdirən bu insanı görəndə fərəhlənib qürur hissi keçirməyim təbiidir. Kursumuzda, fakültəmizdə və universitetimizdə o zaman çox gözəl, yaraşıqlı tələbə qızlar və aspirantlar var idi. Onlar İsmayıl müəllimin möhtəşəm görkəminə, nurani simasına heyranlıqla baxırdılar. Lakin o, daim öz mənəvi məqamında, öz ucalığında qalırdı. Şəxsi davranışı, nümunəvi əxlaqi - mənəvi rəftarı ilə kimsəyə başqa fikrə düşməyə fürsət vermirdi. İsmayıl Şıxlı könül evində bir insana yer ayırmışdı ki, bu da zəngin tarixi və yaşarı ənənəsi olan bir soyun yetirməsi olan Ümidə xanım idi.

İsmayıl Şıxlı çox səxavətli, alicənab insan idi. Yadımdadır, 1972-ci ildə seçilmiş əsərlərinin iki cildliyi çapdan çıxanda “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının bütün əməkdaşlarını yığıb Azneft meydanındakı “İnturist” restoranında böyük bir ziyafət verdi. Bu kimi ziyafətlərin sonralar da təkrarlandığı yaxşı yadımdadır. 1973-cü ilin oktyabr ayında kafedramızın müdiri akademik Feyzulla Qasımzadə məni yanına çağırıb dedi ki, rektorla danışaraq qərara gəlmişik ki, rus və xarici ölkələr ədəbiyyatı fənləri əsasında ayrıca bir kafedra yaradaq. Çünki həqiqətən də “Azərbaycan ədəbiyyatı tarixi” kafedrası həddən artıq böyük idi və burada çoxlu fənlər cəm olmuşdu. Bu baxımdan bölünməsi başa düşülən idi. Professor F.Qasımzadə mənə astadan dedi ki, yeni yaradılan kafedraya görkəmli yazıçı, dosent İsmayıl Şıxlının müdir olmasını nəzərdə tutmuşuq. Ancaq bu məsələni hələlik gizli saxlayaq.

Yeni kafedranın təşkili çox sürətlə gerçəkləşdi. Mən bir tərəfdən bu bölücüliyə sevindim ki, yeni yaranan kafedranın müdiri məhz sevimli müəllimim İsmayıl Şıxlı olacaq. Digər tərəfdən belə bir müdrik, alicənab və xeyirxah insanın ana kafedradan ayrı düşməsini istəmirdim. Bir gün İsmayıl müəllim ağır-ağayana yerişlə mənə yanaşdı, öncə bığına yüngülcə bir sığal çəkdi və azca gülümsər halda dedi: “Himalay, bu nədi, gizli işlər görürsüz”. Mən müəllimimin nəyə eyham vurduğunu anladım və tez də dedim: “İsmayıl müəllim, bu iş mənlik deyil”. Həm də anladım ki, professor Feyzulla Qasımzadə nəyə görə bu işin gizli saxlamasını istəyirmiş. Çünki bilirdi ki, İsmayıl müəllim kafedra müdiri olmaq istəməyəcək və nəticədə bölgünü reallaşdırmaq müşgülə çevriləcək. İsmayıl müəllim yeni təşkil olunan kafedrada müdir kimi çox az işlədi. “Azərbaycan” jurnalına baş redaktor təyin olunandan sonra kafedra müdirliyindən imtina etdi. Bir müddət keçdikdən sonra İsmayıl müəllim Azərbaycan Yazıçılar İttifaqının birinci katibi seçilsə də, doğma universitetini, tələbəsi, aspirantı, dosenti olduğu təhsil ocağını və qəlbən yaxın olduğu gəncləri unutmur, auditoriyalarda müdrikanə mühazirələri ilə tələbələrə sevinc bəxş edirdi.

İsmayıl Şıxlının böyüklüyü ilkinlikdən qaynaqlanırdı və şəxsiyyətinin bütünlüklə dərk olunması hər adama müyəssər olan xoşbəxtlik deyildi. Yaxşı yadımdadır, universitetimizin elmi şurası onu professorluğa təqdim edəndə İsmayıl müəllim nəinki həmin iclasda iştirak etmədi, heç sənədlərini də hazırlamaq istəyində olmadı. Daxilindəki ruhi-mənəvi azadlıq onu vəzifədən və vaxtdan ucaya qaldırmışdı. Buna görə də o, gəldi-gedər məqamlara mənsub olduğu ucalıqdan baxırdı. Vətən, millət fədaisi İsmayıl Şıxlı insan dərdlərinə biganə olanlara qarşı barışmaz idi, başlıca düşməni erməni qəsbkarları idi. Azərbaycanın müstəqilliyi uğrunda mücadilənin önündə gedən İsmayıl Şıxlının işıqlı aurasına cəm olan insanlar bu müdrik el ağsaqqalına ümidlə baxırdılar, çarə yollarını aramaq üçün onun tövsiyələrini, ağayana, aramlı nitqini dinləməkdən zövq alırdılar. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan cəmiyyətində baş verən dramatik olayların kəsgin vətəndaş qarşıdurmasına çevrilməsinin qarşısının alınmasında İsmayıl Şıxlı şəxsiyyətinin mühüm tarixi rolu olmuşdur. Bu kimi taleyönlü məqamda İsmayıl Şıxlının göstərdiyi xidmət hədsizdir və əvəzsizdir. Məni üzən əziz müəllimim, böyük yazıçı-vətəndaş İsmayıl Şıxlı haqqında keçmiş zamanda danışmaq məcburiyyətində qalmağımdır. Çünki o cismani mənada konkret bir zaman kəsiyində yaşasa da, əslində, vaxtdan çox uca idi və bu ona daim zamanın fövqündə dayanmaq iqtidarı verirdi. Tarixi zaman dalğa kimi ötüb keçir, İsmayıl Şıxlı bütün əzəməti ilə məramında qalırdı.

Hədsiz təvazökar, saf qəlbli insan idi İsmayıl Şıxlı. 1982-ci ilin sentyabr günlərinin birində dərsarası fasilə zamanı mən müəllimimə yaxınlaşaraq fərəhlə dedim: “İsmayıl müəllim, mən Azərbaycan sovet ədəbiyyatından mühazirə mövzularına dair təqvim-tematik plan tərtib edərkən Sizinlə İsa Hüseynovun həyat və yaradıcılığının tədrisinə bir qoşa saat ayırmışam. İsmayıl müəllim gülümsünərək mehriban səsi ilə dedi: “Himalay, çox sağ ol, lakin xahiş edirəm məni həmin qoşa saatdan çıxar, İsa Hüseynovu saxla, çünki o, çox böyük yazıçıdır”. Məlum olduğu kimi, ədəbiyyatın ideologiyanın yedəyinə alındığı çağlarda tədris proqramlarında yalnız Azərbaycan sovet ədəbiyyatının “baniləri”, “klassikləri” geniş yer alırdılar. Orta nəsil isə o çağlarda proqram və dərsliklərdə icmal halında təmsil olunurdu. Əlbəttə, bu gün ölkəmizin müstəqilliyi imkan verir ki, yeni dövr ədəbiyyatının banilərindən olan İsmayıl Şıxlının, İsa Muğannanın və bu qəbildən olan digərlərinin həyat və yaradıcılığına tədris proqramında ayrıca yer ayırıb, müstəqil şəkildə tədris edək. Biz hal-hazırda nəinki 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində ədəbiyyata gəlişləri ilə yeni bədii ovqat yaradanları, eyni zamanda, “altmışıncılar”ın aparıcı simalarını da həm “Müasir Azərbaycan ədəbiyyatı tarixi”, həm də “Ən yeni Azərbaycan ədəbiyyatı” kurslarında məxsusi tədris edirik.

Ötən çağların yaz günlərinin birində mən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı Muğanna ilə görüşərkən İsmayıl müəllimin onun barəsində dilə gətirdiyi xoş sözü təkrar edərkən Muğanna öncə İsmayıl müəllimin cismani yoxluğundan doğan qəmi sinəsinə çəkərək dedi: “İsmayıl Şıxlı çox mərd və olduqca təvazökar insan idi. Mən ona özüm kimi inanırdım”.

1994-cü ilin mart ayında Azərbaycan Dövlət Pedaqoji Universiteti böyük ədibin anadan olmasının 75 illiyinə hazırlaşırdı. Universitetin rəhbərliyi Xalq yazıçısı haqqında təbriknaməni hazırlamağı mənə həvalə etmişdi. Mən təbriknaməni böyük sevinc duyğusu və böyük məsuliyyət hissi ilə tərtib etdim. Başqa sözlə, ən sevimli müəllimim haqqında özümün və kollektivin ürək sözlərini yazıya çevirdim. Lakin xəbər gəldi ki, İsmayıl Şıxlı xəstə olduğu üçün bizimlə mənzilində görüşmək istəyir. Bizi evində qarşılayan vüqarlı, əzəmətli, nurani simasına baxmaqdan doymadığımız ustadın sınıxması halımızı pərişan etdi. Xəstəlik zor göstərsə də, onun xoş rəftarı, gəlişimizdən sevindiyindən soraq verirdi. Ümidə xanımın kübarçasına hazırladığı çay süfrəsi bu ailənin alicənablığından doğan qonaqpərvərliyi nümayiş etdirirdi. Məsləhət bilindi ki, möhtərəm yazıçımız haqqında ilk sözü mən deyim və təbriknaməni təqdim edim. İsmayıl müəllimin xəstələnməsindən doğan kədəri köksümün altında gizlədərək yubiley günündə könül açan sözlər deməli oldum.

İsmayıl müəllimlə söhbətlərimiz çox maraqlı alındı. O bizə “Ölən dünyam” romanı üzərində aramsız çalışdığını dedi və romanın süjeti, bəzi obrazların real-tarixi qaynaqları barədə bilgi verdi. Biz çox xoş təəssüratla ayrıldıq. İsmayıl müəllim hər birimizlə əl verib görüşdü, qapıya qədər özü bizi müşayiət etdi. Biz İsmayıl müəllimin şəkərdən əziyyət çəkdiyini bilirdik. Xəstəxanada yatanda mərhum dostum İsrail Mustafayevlə bir neçə dəfə onu yoluxmağa getmişdik. Lakin hardan biləydik ki, budəfəki görüşümüz sonuncu olacaq. edəsən ki, ömür fanidir. Hətta ən dahi insanlar da cismani dünyada yalnız onun üçün ayrılmış ömür payını yaşamağa məhkumdurlar. Ölümün haqq olduğunu bilsək , çox əfsus ki, İsmayıl müəllimi onun caynağından xilas etmək zorunda deyildik. Lakin qəm, İsmayıl Şıxlının ülvi şəxsiyyəti, milli bəşəri sənəti ilə əbədi diriliyini, müasirliyini təravətini qoruyub saxlayacağına əminik.

Haqq işi uğrunda bu yorulmaz yolçuya rəbbi aman verdi ki, son mənzilə köçməzdən öncəÖlən dünyam”ı yazıb tariximizin taleyimizin faciəli məqamında xalq, millət naminə canlarını fəda edən vətən oğullarının ölməz bədii obrazlarını yaratsın torpaq altında bəxtiyar yatsın.

 

 

Himalay QASIMOV

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin “Azərbaycan

və dünya ədəbiyyatı tarixi”

kafedrasının müdiri, filologiya

elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 8 aprel.- S. 7.