Üzeyir bəyin
istedadlı davamçısı
Böyük Üzeyir bəyin
istedadlı davamçılarından olmuş unudulmaz bəstəkarımız
Süleyman Ələsgərov xalq məhəbbəti qazanan sənətkarlardandır.
O, sənəti və insani keyfiyyətləri ilə hələ
sağlığında böyük nüfuz və hörmət
qazanmışdır.
Görkəmli bəstəkar,
qayğıkeş pedaqoq, Üzeyir Hacıbəyli adına
Respublika Dövlət Mükafatı laureatı, xalq artisti,
professor Süleyman Ələsgərovun anadan olmasının
85 illik yubileyini yenə də Şuşasız qeyd edirik. Amma
inanırıq ki, vaxt gələcək Süleyman müəllimin
yubileylərini doğma Şuşada, Qarabağda da təntənəli
surətdə keçirəcəyik.
Süleyman Əyyub
oğlu Ələsgərov 22 fevral 1924-cü ildə
Şuşada dünyaya göz açmışdı. Bu bənzərsiz
diyarın ecazkar təbiəti,
çal-çağırlı günləri gələcək
bəstəkarın istedadını üzə
çıxarmışdı. İlk təhsilini Şuşada
alan gənc Süleyman Musiqi Texnikumunun tar sinfini bitirdikdən
sonra Bakıya, Üzeyir Hacıbəylinin yanına gəlmiş
və 1941-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasına daxil omuşdu. Burada Ü.Hacıbəylidən
və B.Zeydmandan dərs alan S.Ələsgərov bəstəkarlığın
sirlərinə yiyələnmişdi. O, 1941—1944-cü illərdə
Üzeyir bəyin sinfində Azərbaycan xalq musiqisinin əsaslarını
öyrənmiş və 1942-ci ildə isə Şirzad Əliyevin
sözlərinə özünün “Gözlə məni”
mahnısını yazmışdı. İlk qələm təcrübəsi
çox uğurlu alınmışdır. Bu müvəffəqiyyətdən
sonra Üzeyir bəyin xeyir-duası ilə Süleyman Ələsgərov
bəstəkarlıq aləminə qədəm qoymuşdu. Gənc
sənətkar 1943-cü ildə Ü.Hacıbəylinin zəmanəti
ilə Bəstəkarlar İttifaqına qəbul olunmuşdu.
1944-cü ildə
Tbilisidə keçirilən Zaqafqaziya respublikaları
xalqlarının musiqi ongünlüyündə S.Ələsgərovun
“Gözlə məni” mahnısı da səslənmişdir. 1945-ci
ildə “Məhəbbət gülü” adlı birinci musiqili
komediyasını yazan bəstəkar dalbadal 11 operetta
yaratmışdır. “Ulduz”, “Özümüz bilərik”,
“Milyonçunun dilənçi oğlu”, “Sevindik qız
axtarır”, “Hardasan ay subaylıq”, “Olmadı elə, oldu belə”,
“Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Hərənin
öz ulduzu”, “Subaylarınızdan görəsiniz” və s. əsərlər
bu gün də xalqımızın sevə-sevə
baxdığı musiqili komediyalardır.
S.Ələsgərov
1961-ci ildə N.Nərimanovun “Bahadur və Sona” dramı əsasında
eyniadlı ilk operasını (libretto Əfrasiyab Bədəlbəylinin,
şeirlər Şıxəli Qurbanovundur), yazmış,
sonralar isə C.Cabbarlının eyniadlı pyesinə
“Solğun çiçəklər” adlı ikinci
operasını bəstələmişdir.
Süleyman Ələsgərov
musiqinin müxtəlif janrlarında maraqlı əsərlər
yaratmışdır. “Bayram müqəddiməsi”, “Vətən
və gənclik” simfoniyaları, “Bayatı-Şiraz” simfonik
muğamı, yeddi simfonik poema, suitalar, konsertlər, tar ilə
xalq çalğı alətləri orkestri üçün
üç konsert, violonçel, fortepiano və simfonik orkestr
üçün “İkili” konsert, kamança və simli alətlər
üçün “Tarantello”, kanon üçün “Daimi hərəkət”,
simli orkestr üçün “Pyes” və başqa musiqi əsərləri
S.Ələsgərovun nə qədər məhsuldar bəstəkar
olduğunu bariz şəkildə göstərir.
Xalq musiqisindən,
muğamlardan qida və ilham alan istedadlı bəstəkar həm
də gözəl mahnılar, romanslar, kamera-vokal, instrumental və
sözsüz mahnılar müəllifidir. Nizami Gəncəvinin
qəzəlinə “Sərvi xuramanım mənim”, Füzulinin
sözlərinə “Vətənimdir” romansları ünlü
müğənnilərimizin repertuarlarının bəzəyi
olmuşdur.
Süleyman Ələsgərov
yaradıclığı həm lirik, həm də oynaq
mahnılarla zəngindir. Qəlbi Şuşa, Qarabağ həsrəti
ilə döyünən bəstəkar bu füsunkar diyara
gözəl mahnılar həsr etmişdir. Vətənpərvərlik
mahnıları da S.Ələsgərovun fəaliyyətində
önəmli yerlərdən birini tutur. XX əsrin 80-ci illərinin
sonlarından başlayaraq bəstəkar bu janrda xeyli əsər
yazmışdır. Süleyman müəllim deyirdi ki,
xalqımızın belə ağır, çətin
günündə biz sənətkarlar tariximizi,
başımıza gələn faciələri öz əsərlərimizdə
elə təsvir etməliyik ki, şahid kimi gələcək
nəslə yadigar qalsın.
Ürəyi Vətən
arzusu ilə çırpınan bəstəkarın hərbi-vətənpərvərlik
mövzusunda “Yürüş mahnısı”, “Gənclik
marşı”, “Əsgər marşı”, “Bu torpağa
bağlıyıq”, “Hardasan igid oğlan”, “Biz qələbə
çalmalıyıq”, “Bura Vətəndir”, “Güllələnən
abidələr”, “Azərbaycan polisi”, “Bakı—Ankara” kimi əsərləri
öz aktuallığı ilə diqqəti cəlb edərək,
mübarizə əzmi yaradır. “Sazım Borçalıda,
sözüm Göyçədə”, “Gözəldir”, “Bu
dünyanın qara daşı göyərir”, “Qəhrəman”,
“Laylay”, “İstanbulum”, “Üç yaylaq çiçək”,
“Eyləmişəm”, “Ya Rəbb” və s.mahnılar, eləcə
də “Ömür qala” vokal əsəri, “Ey gül”
mahnı-romansı və başqa əsərlər də
böyük maraqla dinlənilir.
Süleyman Ələsgərov üslubu çox tez
seçilir, lirizmi, melodikliyi, rəngarəngliyi, qəlbəyatımlığı
ilə dinləyicini ovsunlayır. Bəstəkar
yaradıcılığında kiçik yaşlı
balaları da unutmamışdır. “Balaca Əyyubun mahnı və
rəqsləri” əsəri buna misaldır.
Süleyman Ələsgərov
sevimli müəllimi, böyük ustadı Üzeyir bəy
Hacıbəylinin xatirəsini həmişə uca tutmuş,
Üzeyir bəy ənənələrinin fəal
davamçısı olmuşdur. O, trio üçün
“Düşüncə” pyesini, S.Vurğunun Üzeyir bəyin
xatirəsinə yazdığı şeirə “Eşq olsun sənətkara”
balladasını bəstələmişdir.
Süleyman Ələsgərov
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını
bitirdikdən sonra əvvəlcə Asəf Zeynallı
adına Bakı Musiqi Məktəbinin direktoru, xalq
çalğı alətləri orkestrinin dirijoru, sonra Musiqili
Komediya Teatrının direktoru, baş dirijoru işləmişdir.
1956-cı ildən isə Azərbaycan Dövlət
Konservatoriyasında dərs demiş, xalq çalğı alətləri
kafedrasının professoru olmuşdur.
Süleyman Ələsgərov
görkəmli bəstəkar, əvəzsiz sənətkar
olmaqla yanaşı, həm də bənzərsiz insan idi. Onunla
yaxından tanışlığım 1981-ci ildə oldu.
Üzeyir Hacıbəylinin ev muzeyində
çalışırdım. Həmin ildə Bakıdakı
51 saylı məktəbdə (XX əsrin əvvəllərində
Üzeyir bəyin dərs dediyi “Bibi-heybət” məktəbində)
Üzeyir bəy Hacıbəyliyə həsr olunmuş guşə
açılırdı. Guşə bizim muzeyin yaxından
köməkliyi ilə hazırlanmışdı. Tədbirdə
muzeyin direktoru Ramazan Xəlilov, Üzeyir bəyin sevimli tələbəsi
Süleyman Ələsgərov, Ü.Hacıbəyovun
dayısı oğlu, bəstəkar Nazim Əliverdibəyov, rəssam
Mürsəl Nəcəfov və başqa ziyalılar
iştirak edirdilər.
Böyük Üzeyir bəyə
həsr olunmuş guşə açıldıqdan sonra tədbir
başladı. Salon ağzına qədər dolu idi. Mən
dahi sənətkar haqqında məruzə ilə
çıxış etdim. Sonra çıxışlar davam
etdi, Üzeyir bəy Hacıbəyli ilə bağlı xatirələr
çözələndi. Evə qayıdarkən
maşında Ramazan Xəlilov Süleyman müəllimə və
Nazim Əliverdibəyova dedi ki, Səadət xanım da əslən
şuşalıdır. O dəqiqə S.Ələsgərov
soruşdu ki, qızım, kimlərdənsən? Qarabağ
hökmdarı İbrahim xanın mirzəsi Mirzə Haqverdi
Qarabağinin nəticəsi olduğumu söylədim və o
gündən Süleyman müəllim muzeyə zəng edən
də deyirdi ki, danışan Süleyman əmindir.
S.Ələsgərov
Üzeyir bəy Hacıbəylinin vurğunu idi. Üzeyir bəyin
bütün gözəl cəhətlərini özündə
cəmləşdirmişdi. Xeyirxahlıqda, alicənablıqda,
millətini sevməkdə Üzeyir bəyə bənzəyirdi.
Hamıya kömək etməyi özünə borc bilirdi.
S.Ələsgərov
tez-tez Üzeyir Hacıbəylinin ev muzeyinə gələrdi. Ü.Hacıbəylinin
“Əsli və Kərəm” operasının klavirini,
özünün Türkiyədən gətirdiyi qəzetləri
muzeyə hədiyyə etmişdi. Sonuncu dəfə isə
1999-cu ilin 23 noyabrında Süleyman müəllim sevimli bəstəkarımız
Vasif Adıgözəlovla birlikdə Üzeyir bəyin vəfatının
51-ci ildönümü ilə əlaqədar muzeyə gəlmişdi.
O, tədbirdə çıxış etdi və muzeyə
Üzeyir bəy Hacıbəylinin rəngli fotoşəklini
bağışladı. Bu qiymətli hədiyyəni qəbul
edəndə çox təəccübləndik. Üzeyir bəyin
rəngli şəkli yox idi. O illərdə fotolar yalnız
ağ-qara çəkilirdi. Məlum oldu ki, Süleyman Ələsgərov
özü Ü.Hacıbəylinin fotoşəklini rəngli
elətdiribmiş. Bu foto dəyərli hədiyyə kimi
Süleyman müəllimdən muzeyə sonuncu xatirə oldu.
10 yanvar 2002-ci ildə
“Xalq qəzeti”ndə “Üzeyir bəy Hacıbəyov və
teatr” adlı məqaləm dərc olunmuşdu. Süleyman
müəllim səhər qəzeti alıb oxumuşdu və məni
telefonda təbrik etdi. Diqqətinə görə mən də
ona dərin təşəkkürümü bildirdim.
Üstündən bir neçə gün keçmişdi ki,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasından əziz Süleyman müəllimi göz
yaşları içərisində son mənzilə yola
saldıq.
Xalqımızın
sevimli oğlu, mehriban, qayğıkeş, böyük bəstəkarımız
Süleyman Ələsgərovun əziz xatirəsi qəlbimizdə
yaşayır. Həmişə onun özünəməxsus
yeri görünəcək.
Səadət QARABAĞLI,
üzeyirbəyşünas
Xalq qəzeti.- 2009.- 8 aprel.- S. 7.