Yağıya qapı açmazlar!

 

Son günlərdə Türkiyədən Ermənistana qapı açılması, əlaqələr qurulması ilə bağlı dolaşan xəbərlər ciddiləşdikcə həyəcanlanmaya, dərindən narahat olmaya bilmirsən. Düzü, əvvəl-əvvəl belə söhbətlərə əhəmiyyətsiz yanaşırdıq.

Çünki böyük Atatürkün vəsiyyətinə uyğun olaraq, Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri sayan qardaş Türkiyə bu vaxtadək hər an ölkəmizin yanında olmuş, milli maraqlarımıza zidd heç bir addım atmamışdır. Bu səbəbdən də eşitdiklərimizi söz-söhbət hesab etməkdə haqlı idik. İndi isə beynəlxalq dairələrdən Türkiyə rəsmilərinə təzyiqlər ciddiləşəndə əsəblər tarıma çəkilir.

20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsini ilk günlərindən böyük dövlətlərin Ermənistanın işğalçılıq siyasətinə göz yumması, onlara açıq-aşkar dəstək verməsi ərazilərimizin 20 faizinin işğal edilməsi, 1 milyon soydaşımızın qaçqın-köçkünə çevrilməsi, 220 min qardaş-bacılarımızın Ermənistandakı ata-baba yurdundan qovulması, 20 min azərbaycanlının şəhid, 50 minədək insanın əlil-zəlil olması ilə nəticələnmişdir. Ölkəmizə qarşı təcavüzü ilə Ermənistan Azərbaycandan qapıları öz üzünə bağlamışdır.

Bu işğalçı dövlət Türkiyəyə qarşı da tarixi düşmənçiliyi davam etdirərək, onu saxta soyqırımında təqsirləndirir, ərazi iddialarından əl çəkmir. Türkiyə bu düşmənçiliyin fəsadlarından özünü qorumaq üçün, haqlı olaraq, Ermənistanla sərhədləri bu vaxtadək bağlı saxlamağa məcbur olmuşdur. Belə bir vəziyyətdə Qərb dairələrinin Türkiyəni Ermənistanla əlaqələr qurmağa məcbur etmək cəhdləri açıq-açığına ədalətsizlikdir, təcavüzkarı, quldur dövləti müdafiə etməkdir.

Ermənistan Türkiyədən qapı açılmasını istəyirsə, gərək düşmənçilikdən bircə addım da olsa geri çəkilə, xoş məram göstərə. Bu, yoxdur. Əksinə, ədalətsiz dəstəkdən ruhlanan Ermənistan rəsmiləri böyük bir dövlətlə əda ilə, hədə-qorxu ilə danışır. O ki qaldı Azərbaycanla davam edən müharibə şəraitinə, 15 ildən bəri davam edən sülh danışıqlarına — Ermənistan müxtəlif bəhanələrlə vaxt uzadır, beynəlxalq diplomatiyanı və hüququ ələ salır, qonşulara meydan oxuyur.

Bütün bunlar göz qabağında ola-ola Türkiyə Ermənistana qapı açarsa, bu, Azərbaycanın qapısını bağlamaq demək olar. Belə bir addım Azərbaycanla Türkiyə arasında bu vaxtadək olan yaxşı nə varsa hamısını alt-üst edər, dostluq və qardaşlığımızın külünü göyə sovurar. Tarixdə onu məhv etmək istəyən düşmənə kim qapı açıb ki, Türkiyə də açsın?

Rəhmətlik Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasında qoçular bağırırlar ki, aç qapını, gəlib səni öldürək. Ermənilərin və onların havadarlarının istədiyi də bax budur. İndiki halda Türkiyə Ermənistanla sərhədi açsa, özünə və bizə qəsd etmiş olar. Qoy siyasət dəllalları kimin haqlı, kimin haqsız olduğunu bir daha götür-qoy etsinlər və ədalətsiz tələbdən əl çəksinlər. Türkiyə rəsmiləri isə Ermənistan türk soyuna qarşı düşmənçiliyi dayandırmayınca iradə göstərməyi bacarsınlar.

 

 

Zəlimxan YAQUB,

xalq şairi

 

Xalq qəzeti.- 2009.- 10 aprel.- S. 5.