Düşmənlərimizi sevindirməyək!

 

Ağılsızlıqda və həyasızlıqda tayı-bərabəri olmayan ermənilər hər yerdə özlərini “yazıq”, “əzabkeş” kimi qələmə verməklə əvvəl isti bucaq qazanır, sonra isə iştahlanıb özgə evinə sahib çıxırlar. Xəyanətə görə cavabını alanda isə haray-həşir qoparırlar ki, bizi məhv edirlər. Bu, yazıqlıq deyil, bədbəxtlikdir ki, baiskarı da özləridir.

Bu xislətlə onlar böyük dövlətlərin əlində alətə də çevriliblər. Bundan isə ən böyük ziyanı Azərbaycan çəkib. Tarixən, yurd-yuvasız dolaşan bu topluma göstərdiyi xidmətə görə ağaları XX əsrdə tarixi Azərbaycan torpaqlarında dövlət yaradıblar. Belələrinin himayəsi ilə əsrin sonunda Ermənistan ölkəmizə yenidən təcavüz etdi, yeni torpaqlarımızı ələ keçirdi, xalqımıza ölüm-itim, fəlakət gətirdi. Axı bunlar hamısı göz qabağındadır.

Ermənistanın qardaş Türkiyəyə qarşı da xəyanətkarlığı qədərincədir. Adicə həyatda bir qonşu o birinə pislik edəndə qapını onun üzünə bağlayırlar. Ermənistan həm Azərbaycana, həm də Türkiyəyə düşmənçiliyi ilə qapıları üzünə bağladıb, özünü bədbəxt günə salıb. İndi vəziyyətdən çıxmaq üçün ağlını başına yığıb haqsız iddialardan, işğalçılıqdan əl çəkmək əvəzinə, öz düşmənindən faydalanmaq istəyir. Çox təəssüf ki, bu ədalətsizliyi himayə edənlər də tapılır.
Sözün düzü, Türkiyənin indiki rəhbərliyinin belə mənasız danışıqlara baş qoşması adamı möhkəm əndişələndirir. Əgər onlar yersiz ürəyiyumşaqlıq edib güzəştə getsələr, ermənilərə qapı açsalar, sonrası necə olacaq? Əvvəla, bütün dünya deyəcək ki, Türkiyə indiyənə qədər düz hərəkət etmirmiş. İkincisi, Ermənistan özünü haqlı, qalib sayıb Türkiyənin üstünə yeriyəcək. Ermənilər Türkiyə tərəfdən yeni nəfəs aldığına görə dirçələcək, Azərbaycana meydan oxumaqda davam edəcək.

Mən bu sözləri ömrümün ixtiyar çağırda, xəstə-xəstə yataqdan qalxıb yazıram. Səsimi xalqımın haqq səsinə qatıb Türkiyədəki bacı-qardaşlarıma demək istəyirəm ki, heç olmasa özlərini düşünsünlər. Hələlik Ermənistan elə bir addım atmayıb ki, buna uyğun güzəştə gedilsin. Ulu Dədə Qorqud anladırdı ki, qarı düşmən dost olmaz. Biz ermənilərin yalanlarına, üzlərindəki maskalara çox inanmışıq, həmişə də onlardan zərbə almışıq.

Bəs deyilmi? Dost olmaq, get-gəl etmək istəyirsənsə, ətəyindəki daşı yerə tök, bir addım sən— bir addım da mən. Amandı, türk qardaşlar, igid paşaların dediyi kimi, barıtı quru saxlayın. Düşmənlərin yalanlarına, hədə-qorxularına uymayın, ehtiyatlanmayın. Unutmayın ki, düşmən səndə zəiflik yox, güc-qüdrət görəndə yerində oturur. Azərbaycanla Türkiyə bu növbəti sınaqda da qardaşlığımıza sadiqliyini yenidən sübuta yetirməklə düşmənləri məyus eləməyi, hamımızı sevindirməyi bacarmalıdır.

 

 

Balaş AZƏROĞLU,

xalq şairi

 

Xalq qəzeti.- 2009.- 10 aprel.- S. 5.