XXI
əsrdə işğalçı
dövlətə nicat,
təcavüzkara yeni nəfəs vermək qəbuledilməzdir
Yeni əsrin doqquzuncu
ilini yaşayırıq və dünya elmi əvvəlki
yüzilliklərdə 50-60 ilə keçdiyi yolu indi cəmi
2-3 ilə qət edə bilir. İnsan düşüncəsi,
təfəkkürü misilsiz və möhtəşəm
xarüqələr yaradır. Bir azərbaycanlı kimi,
ziyalı kimi, ölkə daxilində əhatəli fəaliyyəti
olan qeyri-hökumət təşkilatının rəhbəri
kimi dərin məmnunluq hissi keçirirəm ki, bəşər
övladının bugünkü nailiyyətləri
sırasında mənim xalqımın da töhfələri
vardır. Eyni zamanda bütün tərəqqipərvər bəşəriyyətin
uğurları bizim hər birimizin böyük sevincinə səbəb
olur.
Ancaq belə bir məqamda normal təfəkkürün
mizan-tərəzisinə sığmayan bir informasiya
bütün türk dünyasında misilsiz narahatlıq və
narazılıq ab-havası yaratdı: “Dünya ictimaiyyəti əsrlərdən
bəri türklərə və azərbaycanlılara
qarşı düşmənçilik əməllərindən
əl çəkməyən, milli ayrı-seçkiliyi,
separatizmi, terrorçuluğu, qəsbkarlığı,
özgə xalqın ərazisi hesabına dövlət
qurmağı tarixi missiya kimi qəbul etmiş ermənilərə
yeni nəfəs verməyə çalışır”. Türkiyə—Ermənistan
sərhədlərinin açılması, sözün həqiqi
mənasında, iqtisadi böhran içərisində
boğulan antidemokratik Ermənistana nəfəs vermək,
dirçəliş imkanı yaratmaqdır. Çox təəssüf
ki, bu addımı özünü dünyanın ən
mükəmməl demokratik dəyərlərinə sahib olan
ölkələr atmağa çalışırlar. Türkiyə
minlərlə türk əsgərini, yüzlərlə
türk diplomatını, siyasətçisini, dövlət
xadimini qətlə yetirmiş Ermənistana həyat bəxş
etməyə sövq edilir. Çox haqsız bir təzyiq, ədalətsiz
cəhd, insanlığa, humanizmə zidd səylərdir.
Dünya siyasətçiləri,
xüsusən türk dünyasının görkəmli fikir
sahibləri haqlı olaraq bəyan edirlər ki, sərhədlərin
açılması hesabına dərhal iqtisadi baxımdan
dirçələn Ermənistan BMT, ATƏT, Avropa
Şurası, ATƏT-in Minsk qrupu və eləcə də
vasitəçi dövlətlərin son 15 ildə həyata
keçirdiyi bütün tədbirləri tamamilə heçə
endirməyə çalışacaqdır. Ulu öndər
Heydər Əliyevin siyasəti, xüsusən, cənab Prezident
İlham Əliyevin 2003-cü ilin payızından bəri həyata
keçirdiyi möhtəşəm siyasi-diplomatik fəaliyyət
nəticəsində regionda və bütün dünyada təklənmiş
Ermənistan sərhədlərin açılması kimi əcaib
addımdan sonra öz həyasızlığının
çiçəklənmə dövrünə qədəm
qoya bilər.
Əslində, Ermənistan
dövlətinin və bu xalqın siyasətçilərinin həyasızlığı
tarixin bütün dövrlərində “çiçəkləyir”.
Ancaq həmin çiçəklərdən həqiqi meyvələr
deyil, milli xəstəliyin nümunəsi olan qan-qada,
düşmənçilik, nifaq, ədavət kimi anticəmiyyət
“bəhrələr” yaranır. Diqqət yetirin, ABŞ
Prezidenti Barak Obama özünün ilk səfərlərindən
birini Türkiyəyə edir və uzun onillərdən bəri
NATO çərçivəsində müttəfiqi olan
Türkiyəni Ermənistanla sərhədi açmağa
sövq edir. Belə bir zamanda kütləvi informasiya vasitələrinin
istənilən nümayəndəsi ilə görüşən
istənilən erməni siyasətçisi bəyan edir ki,
“biz erməni soyqırımının tanınması barədə
mübarizəmizdən və Türkiyəyə ərazi
iddialarımızdan əl çəkməmişik”. Belə
çıxır ki, rəsmi Ankara aldadılmaq ərəfəsindədir.
Ancaq ötən əsrin ən görkəmli dövlət
xadimlərindən olan Mustafa Kamal Atatürkün siyasi irsinə
sədaqətli olan Türkiyə ictimaiyyəti belə
düşünmür: “Paşanın qurduğu dövləti
kimsə aldadamaz, Paşanın dövləti kimsəyə
baş əyəməz”. Səd heyif. Min dəfə təəssüf
ki, Böyük Türkiyə dövləti belə bir rəzalətin
astanasındadır.
Ulu öndərimiz Heydər
Əliyevin fəxrlə “bir millət, iki dövlət”
adlandırdığı Türkiyə və Azərbaycan
SSRİ-nin çökməsindən sonra cəmi 16-17 ildə
elə bir dostluq, qardaşlıq, müttəfiqlik, strateji tərəfdaşlıq
nümunəsi yaradıblar ki, tarixin heç bir dönəmində,
heç bir regionda belə nümunəyə rast gəlmək
mümkün deyildir. Məhz həmin strateji tərəfdaşlıq
nəticəsində erməni xəyanətinin son 200 ildə
qurduğu fitnə-fəsad torunun dağıdılması
mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin təməlini
qoyduğu Bakı—Tbilisi—Ceyhan neft ixrac kəməri,
Bakı—Tbilisi—Ərzurum qaz ixrac kəməri, cənab Prezident
İlham Əliyevin ciddi səyləri nəticəsində
reallaşmaq ərəfəsində olan Bakı—Tbilisi-Qars dəmir
yolu xətti, sözün həqiqi mənasında, rəsmi
Bakı ilə rəsmi Ankaranın yaratdığı əməkdaşlıq
nümunəsidir.
Cənab İlham Əliyevin
Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament
Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri
olarkən Azərbaycan və Türkiyə deputatlarının
səylərinin birləşdirilməsinə nail olması,
daha sonra bütün dünyadakı Azərbaycan və
türk diaspor təşkilatlarının bir bayraq altında
birləşdirilməsi bizim tariximizin fəxr eləməli,
şanlı səhifələridir. Çox təəssüf
ki, bu gün Azərbaycanda milyonlarla, Türkiyədə isə
on milyonlarla insan böyük həyəcan və
nigarançılıq içərisindədir: Türkiyə
Azərbaycanın ərazi bütövlüyünün bərpasını
öz maraqlarına qurban verəcəkmi? Azərbaycan rəhbərliyi
Türkiyənin bu addımlarına qarşı hansı
adekvat tədbirləri həyata keçirəcək? Atatürk
Türkiyəsi böyük paşanın “məmləkətdə
sülh, cahanda sülh” — çağırışını
dönə-dönə ayaq altına atmış Ermənistanı
reanimasiyadan çıxaracaqmı? Heydər Əliyevin “bir
millət, iki dövlət” adlandırdığı Türkiyə
ilə Azərbaycanın münasibətləri sərhədlərin
açılmasından sonra necə olacaq? Bütün bu
suallar bizim ayırmaq istəmədiyimiz, fəqət iki
dövlətdə — Türkiyə və Azərbaycanda
yaşayan on milyonlarla türkü bir an, bir saniyə belə
rahat buraxmır. Hamı düşünür ki, birlikdə təxminən
80 milyona yaxın əhalisi olan iki türk dövlətinin
münasibətlərini cəmi 2,5 milyon əhalisi olan Ermənistan
poza biləcəkmi? Çox çətin sualdır. Mən
ixtisasca hüquqşünas olduğuma görə, əslində
məsələnin hüquqi aspektlərindən söz
açmalıyam. Ancaq indiki məqamda söhbət normal siyasi
və hüquqi addımlardan getmədiyinə görə mən
yuxarıda ingilis əxlaqşünasından sitat gətirdim.
Sonda qeyd edim ki,
bütün sualları asan edən idrak da mövcuddur. Türkiyə
rəhbərliyinin göstərəcəyi qətiyyət
bütün bu narahatlıqlara və suallara son qoya bilər. Əminik
ki, belə də olacaq. Azərbaycan rəhbərliyi isə son
yarım ayda sərgilədiyi qətiyyətlə təkcə
dünya azərbaycanlılarının deyil, eləcə də
dünya türklərinin də möhtəşəm
ehtiramını və etimadını qazandı. Azərbaycan
Prezidenti İlham Əliyev sübut etdi ki, o, böyük,
qüdrətli dünya azərbaycanlılarının lideridir.
Son bir ildə Qafqazda baş verən ictimai-siyasi proseslər
zamanı cənab Prezidentin göstərdiyi qətiyyət nəticəsində
dünya siyasətçilərində belə bir fikir
yarandı: Ya Azərbaycanın haqqı tanınmalıdır,
ya da kimsə bu ölkədən gözlədiklərini ala
bilməyəcəkdir.
Məhəmməd İMANLI,
İnsan Hüquqları və Vətəndaş
Cəmiyyəti Naminə İctimai
Birliyin sədri, professor
Xalq qəzeti.- 2009.- 10 aprel.- S. 5.