Fransalı alim Azərbaycanda gender problemlərini öyrənir

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda fransalı alim, Paris şəhər prokurorunun müavini Fransua Qiyo ilə görüş keçirildi. Görüşü açan institutun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə qonağı salamladıqdan sonra Azərbaycandakı elmi-tədqiqat institutlarının dünyanın, Avropanın, eləcə də Fransanın elm ocaqları ilə sıx əlaqələr qurduğunu, bu əlaqələrin get-gedə inkişaf etdiyini bildirdi.

Fransua Qiyo Azərbaycana səfərindən məmnun qaldığını, Fransa və Azərbaycanın elmi müəssisələri arasında əməkdaşlığın möhkəmlənməsinə çalışdığını qeyd edərək, əsasən qadın məsələləri, qadınlara qarşı zorakılıqla mübarizə problemləri ilə məşğul olduğunu söylədi. O, uzun illərdir ki, kişi və qadın bərabərliyi, ailə zorakılığı ilə mübarizə problemlərini öyrənir, bu məsələnin yeni müstəqillik qazanmış ölkələrdə, o cümlədən Azərbaycanda hansı vəziyyətdə olması ilə maraqlanır.

İlham Məmmədzadə qonağı maraqlandıran məsələ ilə bağlı məlumat verərək dedi ki, qadınlara qarşı zorakılıq məsələləri Azərbaycan ictimaiyyətini daim narahat edir. Problem Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları tərəfindən də diqqətlə öyrənilir. Bu baxımdan Avropa ölkələrinin, eləcə də Fransanın təcrübəsi ilə tanış olmaq Azərbaycan alimləri üçün maraqlı olardı.

İnstitut direktorunun sözlərinə görə, hazırda Azərbaycanda bu məsələ ilə bağlı qanun hazırlanır. Müvafiq layihə institut tərəfindən də öyrənilməkdədir. Əslində, Azərbaycan alimləri gender problemləri ilə keçən əsrin 90-cı illərinin əvvəllərindən məşğul olurlar. Elə həmin vaxtlardan ölkədə vətəndaş cəmiyyəti də inkişaf etməyə başlayıb. Bu sırada çoxsaylı qadın cəmiyyətlərinin də öz yeri var. Eyni zamanda, Azərbaycan həm Qərblə Şərqin qovuşuğunda yerləşdiyindən və özünəməxsus milli adət-ənənələrə malik olduğundan gender və qadınlara qarşı zorakılıq məsələləri xüsusi həssaslıq tələb edir. Bunu alimlərimiz öz praktik işlərində nəzərə alırlar. Azərbaycan üçün ailə dəyərləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Bu gün belədir. Ancaq bazar iqtisadiyyatına keçid dövründə ictimai-siyasi mühitdə baş vermiş dəyişikliklər ailə məsələlərinə təsirsiz ötüşməyib. İndi zorakılıq problemi Azərbaycan üçün aktuallıq qazanıb. Ancaq istər Azərbaycan dövləti, istər cəmiyyətimiz, istərsə elm adamları çalışırlar ki, ölkədə zorakılıqsız cəmiyyət qurulsun. Bunun üçün təkcə təbliğatla, müəyyən çıxışlarla kifayətlənmək olmaz. Problemin siyasi, iqtisadi mədəni kökləri var onların həlli cəmiyyət qarşısında duran vacib vəzifədir. Hələ bu sahədə görüləsi çox var. Doğrudur, Azərbaycan dövləti gender probleminin, zorakılıq məsələsinin həlli üçün kifayət qədər səylər göstərir, müvafiq səmərəli addımlar atır, ancaq şüurlarda da müsbət dəyişikliklər baş verməli, məsələnin hüquqi cəhətdən həllinə nail olunmalıdır. Bizim institut da bu sahədə öz rolunu oynamaqdadır. Hazırda daha çox diqqət yetirdiyimiz məsələ şəhər kənd əhalisi arasındakı düşüncə fərqliliyidir. Bu fərq müvafiq qanunun hazırlanmasında da müəyyən nəticələrə gəlməyi tələb edir. Qanun ayrılıqda şəhər, yaxud kənd mühitini deyil, bütün Azərbaycanı əhatə etməlidir. Fransada deyirlər ki, Paris ölkənin 90 faizi deməkdir. Amma Parisdə 10 milyon, Fransada isə 50 milyon əhali yaşayır. Bizim halda isə, Bakıda 2 milyon yarım, Azərbaycanda 8 milyondan çox əhali yaşayır”. İlham Məmmədzadə bildirdi ki, Azərbaycanda hazırlanan qanun əsasən qadın uşaqların hüquqlarının müdafiəsini, zorakılığa məruz qalmış şəxslər üçün psixoloji xidmətlər, yardım mərkəzləri yaradılmasını nəzərdə tutur. Bu məsələlərin həllinə dövlət kifayət qədər maliyyə vəsaiti ayırmağa hazırdır. Qanun layihəsində, eyni zamanda, hüquq pozuntularına görə cəza tədbirləri nəzərdə tutulur.

İnstitut direktoru əlavə etdi ki, bu il martın 18-də Azərbaycanda Konstitusiyaya əlavə dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilib. Xalq təklif olunan bütün dəyişiklikləri dəstəkləyib. Referendumdan sonra Azərbaycan Konstitusiyası daha sosial yönümlü olub. Dəyişikliklər sırasında ailə problemləri ilə bağlı təkliflər var.

Fransua Qiyo Azərbaycanda gender problemləri ilə daha ətraflı tanış olmaq üçün Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında da görüşlər keçirəcəyini bildirdi.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2009.- 10 aprel.- S. 6.