NATO-nun “Sülh
naminə tərəfdaşlıq”
proqramı
Həmin proqramın qəbul
olunduğu vaxtdan 15 il ötür
SSRİ
dağılandan, Varşava hərbi bloku süqut etdikdən və
bununla bağlı “soyuq müharibə” aradan qalxandan sonra
keçmiş sosialist ölkələrində və sovet
respublikalarında müstəqilliyə, demokratiyaya, müxtəlif
islahatlara doğru ehtiraslı bir kütləvi hərəkat
başlandı. Keçmiş Varşava hərbi blokuna vaxtilə
daxil olan bir sıra dövlətlər öz təhlükəsizliklərinin
təminatını NATO-ya üzv olmaqda görürdülər
və bu məqsədlə onlar Qərb ölkələrinin
liderlərinə təkliflə müraciət edirdilər.
Bu istqamətdə Şərqi
Avropanın Polşa, Çexiya, Macarıstan, Slovakiya kimi
dövlətləri və Pribaltika respublikaları daha
çox cəhdlər göstərirdilər. O zaman beynəlxalq
aləmdə gedən mürəkkəb geosiyasi prosesləri nəzərə
alan ABŞ başda olmaqla Qərb liderləri həmin ölkələrin
gələcəkdə NATO-ya mərhələ-mərhələ
cəlb edilməsi tərəfdarı olduqlarını
bildirirdilər.
Yeni gənc dövlətlərdə
demokratik yönümü dəstəkləmək
üçün Qərb ölkələri, ilk növbədə
ABŞ bir sıra səmərəli tədbirlər planı həyata
keçirməyə başladı. Bunlardan da ən
başlıcası ABŞ-ın eks-prezidenti B.Klintonun
1994-cü ilin yanvarında NATO-nun Brüsseldə keçirilən
tarixi zirvə toplantısında ortaya qoyduğu “Sülh naminə
tərəfdaşlıq” (SNT) proqramı oldu. Proqramın
başlıca funksiyası Şərq ölkələri ilə
NATO arasında əməkdaşlığı möhkəmlətmək
və Qərb birliyinə yeni demokratik dövlətlər cəlb
etməkdən ibarət idi. Şərqi və Mərkəzi
Avropanın bütün ölkələri üçün bu
tərəfdaşlıq qurumunun qapıları açıq
idi. Lakin bu, heç də hamının oraya “təpilməsi”
demək deyildi. O zaman NATO-nun “hazırlıq şöbəsi”
kimi qiymətləndirilən SNT proqramına üzv olmaq istəyən
ölkələr bir sıra vacib şərtlərə əməl
etməli və öz üzərlərinə müəyyən
öhdəliklər götürməli idilər. Bu sənəddə
qeyd edilirdi ki, NATO-nun “SNT” prqramının gələcək
yeni üzvü demokratiya prinsiplərinə, insan
hüquqlarına hörmətlə yanaşılmasına,
qanunun hakimiyyətinə, münaqişələrin dinc yolla nizamlanmasına,
milli sərhədlərin toxunulmazlığına sadiq
olduğunu nümayiş etdirməlidir.
Tərəfdaşlıq
iştirakçı ölkələrə NATO qüvvələri
ilə birgə hərbi planlaşdırma, taktiki
hazırlıq və manevrlər sahəsində işgüzar
əlaqələri inkişaf etdirməyə imkan verməli idi.
Fəal tərəfdaşlar isə NATO qərargahında təmsil
olunmaqla, onun siyasi və hərbi strukturlarında iştirak edəcəkdilər.
Hər hansı tərəfdaş dövlətin ərazi
bütövlüyünə, siyasi müstəqilliyinə,
yaxud təhlükəsizliyinə birbaşa qorxu yaranarsa, həmin
tərəfdaşın NATO üzvləri ilə məsləhətləşmək
və fəal siyasi dialoq keçirmək hüququ olacaqdı.
Bundan əlavə, Qərb “SNT” proqramının üzvü
olan ölkələrə iqtisadi yardımı da gücləndirməli
idi. Eyni zamanda, ABŞ başda olmaqla Qərb bu proqramla əlaqədar
Rusiya tərəfə də müəyyən öhdəliklər
ünvanlayırdı. Belə ki, Qərb Avropanın yeni təhlükəsizlik
arxitekturasında Rusiyanın öz layiqli yerini tutmasını
arzulayırdı. Lakin bunun üçün Rusiya həm
öz dövlətçiliyi sahəsində, həm də
keçmiş sovet respublikalarına münasibətdə
üzərinə düşən öhdəlikləri yerinə
yetirməli idi. Bir sözlə, “SNT” proqramı Qərb
üçün Avropada sülhə, sabitliyə və
inteqrasiyaya gedən yolun bir hissəsi hesab olunurdu. “SNT”
proqramı Avropada yaranmış təhlükəsizlik
boşluğunu doldurmağa xidmət edirdi. Bununla bağlı
eks-prezident B.Klinton bildirmişdi ki, Avropada “dəmir pərdə”
“biganəlik pərdəsi” ilə əvəz edilməlidir. Qeyd
edək ki, keçmiş sosialist ölkələri və
sovet respublikalarının böyük bir qismi 1994-cü ildə
bu proqrama qoşuldular. Bu proqramda iştirak həmin ölkələrin
NATO və digər Avro-Atlantik strukturlara sürətlə
inteqrasiyasında mühüm bir mərhələ oldu. Elə
məhz bunun nəticəsidir ki, təxminən 10 il ərzində
(1994-2004-cü illərdə) Şərqi Avropanın
keçmiş sosialist dövlətlərinin demək olar ki,
hamısı və Pribaltika respublikaları NATO-nun bərabərhüquqlu
üzvünə çevrildilər. NATO-nun həmin
proqramı bu gün də öz missiyasını Avropada,
bütövlükdə beynəlxalq aləmdə ləyaqətlə
həyata keçirir və proseslərin gedişi onu göstərir
ki, SNT proqramının hələ də böyük
perspektivləri vardır.
Qeyd edək ki,
1994-cü il mayın 2-dən bəri “SNT”-in üzvü olan Azərbaycan
üçün də bu önəmli proqramda iştirak
böyük əhəmiyyət kəsb edir. Bu proqram çərçivəsində
əməkdaşlıq, gələcəkdə ölkəmizin
NATO da daxil olmaqla Avro-Atlantik məkana tam inteqrasiya olunmasında
mühüm rol oynayacaq. Azərbaycan NATO-nun “SNT” proqramı ilə
əlaqədar vaxtaşırı olaraq müxtəlif ölkələrdə
keçirilən layihələrdə və tədbirlərdə
uğurla, fəal iştirak edir. Azərbaycan rəhbərliyi
son 15 il ərzində NATO-nun zirvə toplantılarının
işində ən yüksək səviyyədə təmsil
olunmuşdur. Azərbaycan gələcəkdə də bu
nüfuzlu qurumla əməkdaşlıqdan hərtərəfli
şəkildə faydalana bilər.
Elxan RZAYEV
Xalq qəzeti.- 2009.- 10 aprel.- S. 6.