Ölkəmizin iqtisadi inkişafı regionlarda öz həqiqi əks-sədasını tapır
Azərbaycan inkişaf
edir, ölkəmiz müasirləşir, dövlət müstəqilliyimizin
əbədiləşdirilməsi istiqamətində çox
mühüm addımlar atılır. Zamanın tələb
etdiyi bütün islahatları uğurla reallaşdıran
dövlət başçımız müstəqil
respublikamızın dünyanın inkişaf etmiş ölkələrinin
sırasına çıxarılmasını əsas məqsəd
kimi qarşıya qoymuşdur. Biz masallılar böyük məmnunluq
içərisindəyik ki, həmin məramı məhz cənab
Prezidentin özündən və öz rayonumuzda eşitdik. Ötən
il oktyabrın 7-də Masallıya gələn cənab
İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdə həmin məramı
açıq və aydın şəkildə ifadə etdi:
“...mən dəfələrlə demişəm, Azərbaycan
inkişaf etmiş ölkələrin sırasına daxil
olmalıdır. ”İnkişaf etmiş ölkələr"
— bu, elə termindir ki, çox ölkəni əhatə etmir,
çox məhdud sayda ölkə özünü belə
hesab edə bilər. Amma bizim tam imkanımız var ki, o
ölkələrin sırasında olaq. Çünki
çox güclü insan potensialımız var, intellektual potensialınız yüksəkdir".
Azərbaycan xalqına
nicat, milli dövlətçiliyimizə qurtuluş gətirmiş
ulu öndər Heydər Əliyevin siyasi kursunu böyük
ustalıq və incəliklə davam etdirən Prezident
İlham Əliyev dövlətimizi inkişaf etmiş ölkələr
sırasına çıxarmaq üçün möhtəşəm
dövlət proqramlarının icra edilməsinə nail olur. Bu
gün Azərbaycanda cəmiyyət həyatının elə
bir sahəsi yoxdur ki, onun inkişaf etdirilməsi
üçün xüsusi dövlət proqramı tərtib
edilməsin və reallaşdırılmasın. Son beş ildə
təkcə təhsil sektorunun müxtəlif sahələrini əhatə
edən 15-dək dövlət proqramı təsdiq edilibdir. Qeyd
edilməli xüsusi məqamlardan biri “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2003-2008-ci illər)” adlı möhtəşəm
sənədin icrası zamanı əldə edilmiş
uğurlarımızın region ölkələri
üçün əlçatmaz olmasıdır. Üstəlik,
bu proqramın davamı olacaq növbəti bir analoji sənədin
imzalanması ərəfəsindəyik.
Əldə edilmiş
sosial-iqtisadi uğurlar və ictimai-siyasi nailiyyətlər bir
tərəfdən dövlətin qüdrətləndirilməsinə,
ölkə vətəndaşlarının sosial-rifah
halının yaxşılaşdırılmasına zəmin
yaradırsa, digər tərəfdən də dövlətin
müxtəlif qurumlarında çalışanların fəaliyyətini
asanlaşdırır. Ölkədəki hazırki durum rəhbər
kadrlara, icra strukturlarının məsul işçilərinə
və ümumiyyətlə, dövlətin bütün təmsilçilərinə
qarşı tələbkarlığı artırmaqla
yanaşı, həm də istənilən problemin həllinə
zəmin yaradır. Bu baxımdan “Dövlət qulluğu
haqqında” və “Dövlət qulluqçularının etik
davranış qaydaları haqqında” Azərbaycan
Respublikasının qanunları mühüm əhəmiyyət
kəsb edir. Masallı rayonu rəhbərliyi təkcə
hansısa əlamətdar günlərdə və ya hesabat tədbirlərində
deyil, ümumiyyətlə, bütün fəaliyyəti boyu bu
qanunlara yüksək səviyyədə əməl edilməsini
təmin edə bilmişdir. Kadrların hazırlanması və
seçilib yerləşdirilməsi zamanı məhz bu
qanunlara yüksək səviyyədə əməl edildiyinə
görə rayonumuz respublikanın ümumi ictimai-siyasi
inkişafına xüsusi töhfələr vermişdir. Fikrimcə,
bütün bunlar Azərbaycanı inkişaf etmiş ölkələr
sırasına çıxarmaq istəyən dövlət
başçımızın siyasətinin yerlərdə
genişmiqyaslı dəstəklənməsinin təzahürüdür.
Bəzən belə
fikirlər söyləyirlər ki, Azərbaycanın dünya
miqyasında inkişaf etməsi üçün neft
strategiyasının uğurla davam etdirilməsi, neft və qaz
ixrac kəmərləri şəbəkəsinin, eləcə
də Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin
genişləndirilməsi kifayətdir. Başqa ekspertlərin
fikrincə isə, özünün enerji təhlükəsizliyini
tamamilə təmin etmiş Azərbaycanın Avropa ölkələrinin
enerji təhlükəsizliyinin təmin edilməsindəki fəal
iştirakı əslində bizi inkişaf etmiş ölkələr
sırasına doğru aparır. Hətta kosmosa rabitə-informasiya
xarakterli süni peyk çıxarmaq üçün
atdığımız addımları da bu baxımdan yetərli
sayan mütəxəssislər vardır. Ancaq cənab Prezident
İlham Əliyevin fikrincə, respublikamızı inkişaf
etmiş ölkələr sırasına çıxarmaq
üçün daha qısa və daha əhəmiyyətli
bir yol vardır: “Biz neft sektorundan əldə edilmiş
kapitalı insan kapitalına çevirməklə öz
ölkəmizi və dövlətimizi daha da inkişaf etdirə
bilərik. Elə ölkələr var ki, onların heç
bir təbii sərvəti olmasa da insan kapitalına, intellektual
kapitala görə böyük inkişafa nail olublar. Biz bu
yolla gedəcəyik”. Mən ölkənin maliyyə sistemində
çalışan bir mütəxəssis kimi məmnuniyyətlə
qeyd edirəm ki, bu gün Azərbaycanda cənab Prezidentin həmin
çağırışına yüksək səviyyədə
əməl edilir. Elə yuxarıda dövlət proqramları
barədə söz açarkən təhsil sektorunu əhatə
edən 15-dən çox proqramın təsdiq edildiyini
xatırlatmağımız da təsadüfi deyildi.
Bu məqamda bir məsələni
xüsusilə qeyd etmək istərdim. Belə ki, biz maliyyə
mütəxəssisləri istənilən mövzu ətrafında
söz açarkən konkret faktlara və rəqəmlərə
istinad etməyi daha üstün tuturuq. Bu baxımdan qeyd etmək
istədiyim məsələ nədən ibarətdir? Bu il
yanvar ayının 16-da Azərbaycan Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə
sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş
iclasında maliyyə naziri cənab Samir Şərifov dövlət
başçısının son bir ildə
imzaladığı sərəncamları xarakterizə edərək
söyləmişdir: “Bu sərəncamlarla elm, təhsil, səhiyyə,
sosial təminat, mədəniyyət sahələrində,
habelə, dövlət büdcəsindən maliyyələşən
digər təşkilatlarda çalışanların əmək
haqları orta hesabla 50 faiz, Milli Elmlər Akademiyasının
tabeliyində olan elmi-tədqiqat müəssisələrində
çalışanların əmək haqları 50 faiz, ali təhsil
müəssisələrində çalışanların əmək
haqları iş stajından və tələbələrin
sayından asılı olaraq 50 faizdən 1 dəfəyə qədər,
aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və
peşə liseylərinin tələbələrinə və
şagirdlərinə verilən təqaüdlərin aylıq
məbləği orta hesabla 40 faiz
artırılmışdır”. Qeyd edim ki, Azərbaycanda
dövlət büdcəsindən maliyyələşən
onlarla ünvan arasında ən çox büdcə vəsaiti
ayrılan üç ünvandan biri (hərbi xərclər,
sosial müdafiə sistemi, elm və təhsil) məhz
intellektual kapital yaradılmasında mühüm xidməti olan
sahədir. Cəmi 5 ildə 1500 məktəb tikilibsə və
bütün məktəblər informasiya-kommunikasiya
texnologiyaları ilə təmin edilibsə, deməli, ölkə
ictimaiyyəti cənab Prezidentin
çağırışına yüksək səviyyədə
əməl edir. Mən çox şadam ki, son iki ildə
Masallıda 10-dan çox məktəb binası tikilmiş,
hamısı yeni, müasir avadanlıqla təmin edilmişdir.
Əlbəttə, mən
maliyyə işçisiyəm. Amma bu o demək deyildir ki, biz
ölkənin həyatındakı digər sahələrdə
baş verən yeniliklərlə maraqlanmırıq. Əksinə,
Heydər Əliyev siyasi məktəbi bizə Azərbaycanla,
Azərbaycançılıqla bağlı olan bütün məsələlərlə
maraqlanmağı, vətəndaş mövqeyi nümayiş
etdirməyi öyrətmişdir. Azərbaycanın beynəlxalq
aləmdəki nüfuzunun artması, respublikamızın
inkişaf etmiş ölkələr sırasına
çıxarılması üçün həyata
keçirilən tədbirlər, bu proseslərin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həllinə zəmin yaratması bizi daim
maraqlandırır və məmnun edir. Daha bir məmnunluq
ünvanımız isə adı çəkilən məsələlərin
həllində masallıların az və ya çox dərəcədə
xidmətinin olmasıdır. Fəxrlə qeyd edirik ki, ölkəmizin
iqtisadi qüdrətinin artması respublikanın
regionlarında da öz həqiqi əks-sədasını
tapır.
Səməd ABİYEV,
Masallı Rayonu üzrə
Maliyyə İdarəsinin rəisi
Xalq qəzeti. – 2009.- 10 aprel.- S. 7.