Niderland dünyanın ən varlı ölkəsidir
Niderland turistlər
üçün külək dəyirmanları, kanallar,
zambaqlar, “Qauda” pendiri, ağac başmaqlar ölkəsidir. Bü
ölkə kənd təsərrüfatı məhsullarının
ixracına görə ABŞ və Fransadan sonra dünyada
üçüncü yeri tutur. Ərazisinin beşdən ikisi
dəniz səviyyəsindən aşağıda yerləşir.
Niderland sözü də elə aşağı deməkdir. Torpaq
sahələrinin xeyli hissəsi dambalarla Şimal dənizindən
ayrılmışdır. Bu iş ilk dəfə XIII əsrdə
görülüb. Lakin bu cür meliorasiya tədbirləri ən
çox 1930-1950-ci illərdə həyata
keçirilmişdir.
Niderland meliorasiya sahəsində
zəngin təcrübəsi olan ölkədir. Ümumi torpaq sahəsi 41,5 min kvadratkilometrdir. Azərbaycanın
ərazisi isə 86 min kvadratkilometrdir. Əhalisi
sıxdır və 16,4 milyon nəfər təşkil
edir. Niderland dünyanın ən varlı
ölkələrindən biridir. Burada
2007-ci ildə hər nəfərə 45 min dollar dəyərində
ümumi daxili məhsul istehsal edilmişdir. Bu dünyada ən yüksək göstəricidir və
onun qazanılmasında kənd təsərrüfatının
xidməti çox böyükdür. Kənd təsərrüfatının
ölkə iqtisadiyyatında xüsusi çəkisi
hazırda 9,4 faiz təşkil edir. Ölkə
əhalisinin yalnız 3,5 faizi kənd təsərrüfatında
çalışır.
Kənd təsərrüfatına
yararlı torpaqların xüsusi çəkisi 50 faizdir. Onun hər
hektarına görə istehsal olunan məhsul Avropa İttifaqı
ölkələri üzrə orta statistik göstəricidən
3 dəfə yüksəkdir. Niderland kənd
təsərrüfatı məhsullarının artım tempinə
görə dünyada birincilərdən biridir. Bu, istehsalın intensivliyi və yüksək məhsuldarlıq
səviyyəsi ilə əlaqədardır. Burada kənd təsərrüfatı həm də
yüksək infrastruktura və peşəkar işçi
qüvvəsinə malikdir. Fermer təsərrüfatları
əsasən kiçik ailə müəssisələrindən
ibarətdir. Kənd təsərrüfatı
torpaqlarının 65 faizi xüsusi mülkiyyətə məxsusdur.
Ölkədə torpaq üzərində
xüsusiyyətçilik əsas mülkiyyət
formasıdır. Fermerlərin mülkiyyətində
olan torpaqlarda kooperativ banklardan kredit götürmək
üçün girov kimi istifadə olunur. Kənd təsərrüfatı istehsalında icarə
mülkiyyəti də mühüm rol oynayır. İcarə hüquqi vaxtına görə müddətli
və müddətsiz olur. Təsərrüfat
sahibləri əsasən diplomlu peşəkar mütəxəssislərdən
ibarətdir. Ölkədə mükəmməl
təhsil verən çoxlu kənd təsərrüfatı
institutları fəaliyyət göstərir. Fermer təsərrüfatlarının fəaliyyətinə
üzvlərini güzəştli kreditlə, keyfiyyətli
toxum, gübrə və cins heyvanlarla təmin edən
kooperativlər də ciddi təsir göstərir. Köməkliklər hətta xırda təsərrüfatların
da gəlirliliyini təmin edir. Lakin ölkədə
xırda təsərrüfatlar getdikcə sıradan
çıxır və təkcə 1990-2006-cı illərdə
onların sayı 33 faiz azalmışdır. Ümumiyyətlə,
2007-ci ildə ölkədə cəmi 79,5
min fermer təsərrüfatı qeydə
alınmışdır. İri təsərrüfatların
bəziləri hətta meqaferma kimi təsnif olunur və belə
təsərrüfatların sayı ölkədə 1600-dən
çoxdur.
Meqafermaların kənd
təsərrüfatı istehsalında xüsusi çəkisi
hazırda ölkə üzrə 22 faiz təşkil edir. Əkin
sahəsi 385 hektardan çox, 410 baş inəyi və 12800
baş donuzu olan təsərrüfatlar meqaferma hesab edilir. Meqafermalar
meyvəçilikdə və istixana sektorunda da geniş
yayılıb. Ölkədə fermerlər seleksiya işinə
böyük diqqət göstərirlər və elmi nailiyyətlərdən
həvəslə istifadə edirlər.
Kənd təsərrüfatının
ən mühüm sahələrindən biri
quşçuluqdur. Fermalarda təqribən 90 milyondan çox
quş saxlanılır. Onların yarısını yumurtlayan
toyuqlar, yarısını isə broyler təşkil edir (yeri
gəlmişkən, broyler ingiliscə “alovda qızardıram”
deməkdir). Əlavə olaraq ölkədə ildə 1 milyon
hind toyuğu və 11 milyon donuz ət üçün
yetişdirilir. Lakin bir neçə əsrdir ki, Niderlandın
tipik mənzərəsini zəngin otlaq sahələrində
saxlanılan südlük inəklər təşkil edir. Ölkədə
kənd təsərrüfatına yararlı torpaqların 32
faizi otlaqlardan ibarətdir. Burada da tikintilərin genişləndirilməsi
ilə əlaqədar otlaqların ümumi sahəsi ildən-ilə
azalır. Bununla belə, dənizdən dambalarla ayrılıb
qurudulmuş sahələrdə 5 milyondan çox ev
heyvanları otarılır. Onların çoxu holttinfriz cinsli
inəklərdən ibarətdir. Ölkədə 2007-ci ildə
3,7 milyon baş iri buynuzlu mal-qara olmuşdur. Onların 1,42
milyonu südlük inəklərdir. Qoyunların sayı 1,4
milyon, keçilərin sayı isə 310 min başdır. İnəklərin
süd məhsuldarlığı çox yüksəkdir və
orta hesabla hər inəkdən ildə 9 min litr süd
sağılır. Niderland yağ istehsalına görə
Avropada 5-ci, pendir istehsalına görə 4-cü yerdədir.
Hər il ölkədən
5 milyard avro dəyərində süd məhsulları ixrac
olunur. Fermalarda inəklərə yüksək səviyyədə
qayğı göstərilir, bütün proseslər
avtomatlaşdırılıb. Təmiz su, təzə, keyfiyyətli
yem, ideal təmizlik, təmiz və rahat döşəmə
fermalarda adi haldır. İnəklər həftədə 2 dəfə
yuyulur. Sağılan südün hər litri təqribən
33-34 sentə başa gəlir. Maya dəyərinə
bütün xərclər, hətta təsərrüfat
sahibinin aylıq maaşı da daxil edilir. Süd
istehsalçılarına dotasiya verilmir, amma yeni texnikanın
və müasir avadanlıqların alınması, o cümlədən,
lazım olan tikintinin tikilməsi güzəştlərlə
mükafatlandırılır. Bunun üçün istifadə
olunan vəsait vergilərə də cəlb olunmur. Onlar kənd
təsərrüfatı və texnika üçün dizel
yanacağını da 35 sent ucuz alırlar. Bu yanacaqdan şəxsi
maşın üçün istifadə etmək
qadağandır və həmin yanacaq xüsusi rənglə rənglənir.
Şəxsi maşının yanacaq bakında güzəştli
yanacağın izi aşkar olunduqda fermer cərimələnir
və güzəşt almaq imkanından məhrum edilir.
Ölkədə süd
istehsalını artırmaq üçün imkanlar çox
genişdir və bu potensialdan səmərəli istifadə
olunur. Hər ferma üzrə inəklərin sayı və
illik süd istehsalı barədə dəqiq plan var. Niderland
Avropa İttifaqına daxildir və burada da kənd təsərrüfatı
istehsalı kvot praktikası ilə tənzimlənir. Çox
qazanmaq üçün bəzi fermalarda keçi südü
istehsal edilir. Bu məhsula kvot yoxdur və ondan pəhriz pendir
hazırlanır. Fermalarda inkişaf etdirilən at idmanı da əlavə
gəlir mənbəyidir və bu fəaliyyətə kvot tətbiq
olunmur, icarəyə verilən minik atının hər birinə
görə ayda 250 avro haqq alınır.
Ölkədə əkin
torpaqlarının kənd təsərrüfatına
yararlı torpaqların 17 faizini təşkil edir. Burada əkilməyən
boş sahələr yoxdur. Torpaqlar qayğı və diqqətlə
becərilir. Niderland mineral gübrələrdən istifadəyə
görə dünyada birinci yerdədir. Lakin son zamanlar insanlar,
bitki və heyvanlar üçün daha təhlükəsiz
üzvi gübrələrə üstünlük verirlər. Ölkədə
ekoloji üzvi əkinçiliyin xüsusi çəkisi ildən-ilə
artır. Burada tərəvəz və gül-çiçək
ixracından ildə 12 milyard avro gəlir
götürülür. Taxıl, kartof və şəkər
çuğunduru əsasən açıq sahələrdə
əkilir.
Niderland kartof və undan
hazırlanan məhsullar üzrə Avropada ən böyük
istehsalçı hesab olunur və adamaşına düşən
kartof istehsalına görə Belorusdan sonra dünyada 2-ci yeri
tutur. Lakin istixana təsərrüfatları üçün
istifadə olunan torpaq sahələrinə görə birincilik
ona məxsusdur. İstixanalar yerli təbii qazla
qızdırılır. Belə təsərrüfatlarda hətta
üzüm, ərik, pomidor, xiyar, bibər və digər məhsullar
da yetişdirilir. Ölkədə fermerlərə
böyük hörmət və ehtiram göstərilir. Kənd
təsərrüfatı da müqəddəs və şərəfli
sahə hesab olunur.
Dünyada yeganə
olaraq üzərində “Bizim Ana” sözləri
yazılmış inək heykəli və balaları ilə
birlikdə ana donuz abidəsi Niderlanddadır. Əhali öz
ölkəsinin kənd təsərrüfatındakı
uğurları ilə fəxr edir.
Musa HACIYEV,
kənd təsərrüfatı
elmləri namizədi
Xalq qəzeti. – 2009.- 10 aprel.- S.7.