Təcavüzkar dövlətə iqtisadi və mənəvi dayaq olmaq yolverilməzdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində dünyanın inkişaf etmiş dövlətləri uzun müddətdir ki, ölkəmizi sülhsevər dövlət kimi tanıyır. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçımızın yeritdiyi siyasət də beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bu uğurlu diplomatik gedişlərin nəticəsi olaraq dünyanın tanınmış nüfuzlu beynəlxalq təşkilatlarından bir neçəsi Ermənistanın işğalçı dövlət olmasını rəsmən bəyan edib.

Mən AŞPA, İslam Konfransı Təşkilatı və BMT-ni xüsusi olaraq qeyd etmək istərdim. Məlum olduğu kimi, bir neçə il öncə AŞPA öz sessiyalarının birində Ermənistanın işğalçı dövlət olduğunu rəsmən bəyan etdi. BMT Baş Məclisində Azərbaycanın ərazi bütövlüyü rəsmən tanınmış, Ermənistanın qonşu dövlətin ərazilərini işğal etməsi bildirilmişdir. Ümumiyyətlə, Ermənistan hakimiyyətinin və güclü erməni lobbiçilərinin cidd-cəhdlərinə baxmayaraq, dünyanın heç bir ölkəsi və ya beynəlxalq qurumu Dağlıq Qarabağı müstəqil bir respublika kimi tanımayıb. Bu ərazi birmənalı olaraq Azərbaycanın tərkib hissəsi kimi tanınıb.

Təəssüf edirik ki, adlarını insan haqlarının müdafiəçisi qoyan bəzi beynəlxalq təşkilatlar ikili mövqelərini hələ də nümayiş etdirir, qonşu dövlətin — Azərbaycanın ərazisinin 20 faizini işğal edən, bir milyondan artıq günahsız insanları öz doğma ata-baba ocaqlarından didərgin salan Ermənistanı bu vaxta qədər təcavüzkar dövlət kimi tanımır. Təəccüblüsü odur ki, ölkəmizə səfərə gələn həmin qurumların nümayəndələri qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə baş çəkərkən gözlərinin yaşını axıdır, öz ölkələrinə qayıtdıqdan sonra isə sanki heç nə görməyibmiş kimi ikili standartlarını davam etdirirlər.

Ermənistanın zaman-zaman türklərə qarşı amansız soyqırımı törətmələrini heç bir vaxt unutmaq olmaz. Digər ölkələrin ərazilərini işğal etməklə Ermənistan dövləti yaradan erməni şovinistləri bu yolda milyonlarla türkə qarşı ağlasığmaz vandal aktları törətmiş, bununla da tarixdə qaniçən millət kimi silinməz iz buraxmışlar. Ermənilərin tarixdə misli görünməyən vəhşiliklər törətməsi həm öz yazarları, həm də xarici tədqiqatçılar tərəfindən dəfələrlə diqqətə çatdırılıb. Buna baxmayaraq onlar özlərini həmişə məzlum, soyqırıma məruz qalan, əzilən millət kimi göstərir, dünyaya car çəkərək türklərin ermənilərə qarşı amansız soyqırımı törətdiklərini sübut etməyə çalışırlar.

Qeyd etdiyim kimi, daim ikili standartlar nümayiş etdirən bəzi beynəlxalq qurumlar isə təcavüzkar dövlətə dəstək verir, onların ədalətsiz mövqelərini müdafiə edir, qondarma erməni soyqırımını tanıdıqlarını bəyan edirlər. Təbii ki, bu ədalətsizliyi müdafiə edən, beynəlxalq hüququn norma və prinsiplərini saya salmayan Ermənistan dövlətinin işğalçılıq siyasətini müdafiə edən qurumlar tədricən nüfuzdan düşür, onlara inananların sayı heçə enir.

Təcavüzkar dövlətin əməkdaşlıq əlaqələri getdikcə zəifləyir, belə dövlətlər tədricən beynəlxalq aləmdən təcrid olunur, iqtisadi cəhətdən uçuruma yuvarlanır, iri layihələrin reallaşdırılmasında kənarda qalırlar. Ermənistanın rəsmi nümayəndələri, siyasi xadimləri və tanınmış iqtisadçıları dəfələrlə bəyan ediblər ki, nə vaxta qədər bu ölkə öz işğalçılıq siyasətini davam etdirəcək, qonşu dövlətlərin ərazilərinə göz dikəcək, nə iqtisadi, nə də siyasi cəhətdən inkişaf edəcək. Ermənistanın iri infrastruktur layihələrdən kənarda qalmasını işğalçılıq siyasətinin davam etdirilməsi ilə əlaqələndirən yerli siyasətçilər bunun nəticəsində ölkədə aclıq və səfalətin davam edəcəyini, vəziyyətin getdikcə daha ağır olacağını bildiriblər. Bu acınacaqlı vəziyyət artıq Ermənistan ordusunda da özünü açıq şəkildə büruzə verməkdədir. Mən diqqəti bu yaxınlarda Azərbaycan tərəfinə könüllü təslim olmuş, erməni əsgərlərinin dediklərinə yönəltmək istərdim. Onlar Azərbaycan tərəfinə keçərək acından pis vəziyyətə düşdüklərini bildirmiş, bir tikə çörək almaq üçün yalvarıb-yaxarmış və Dağlıq Qarabağ uğrunda vuruşmadıqlarını demişlər. Sonra isə geriyə–xidmət etdikləri hərbi hissəyə qayıtmamışlar.

Həmişə min hiylə və məkrlə düşdüyü ağır vəziyyətdən xilas olmağa çalışan ermənilər bu dəfə də acınacaqlı vəziyyətdən xilas olmaq üçün Türkiyə ilə sərhədlərin açılması üçün cilddən-cildə girmiş, nəhayət istəklərini reallaşdırmaq məqamına yetişmişlər. Türkiyə ilə Ermənistan sərhədlərinin açılması barədə gəzən söhbətlər son vaxtlar daha da qabarıq şəkil almışdır. Bu məsələyə razılıq verən Türkiyə tərəfi doğurdanmı ermənilərin türklərə qarşı törətdikləri dəhşətli, ağlasığmaz işgəncələri, soyqırımı unudub? Bir qədər əvvəl “Qarabağ bizim qan axan yaramız” — deyən qardaş ölkənin rəhbərliyi nə tez unutdu bu “qanı axan yaranı”? Yəni doğurdanmı, sağaldı bu sağalmaz yara? Təcavüzkar, qəsbkar dövlətə iqtisadi və mənəvi dayaq olmaq türkçülüyə, türk adına ləkədir.

Təəccüblüdür ki, Ermənistan tərəfi sərhədlərin açılması istiqamətində Türkiyə tərəfindən hər hansı bir şərtin qəbul edilməyəcəyini də bildirib və “erməni soyqırımı”nın tanınması istiqamətində fəaliyyətlərini dayandırmayacaqlarını bəyan edib. Təbii ki, sərhədlərin açılması Ermənistanın ağır vəziyyətdə olan iqtisadiyyatının dirçəldilməsinə qismən də olsa, təsir göstərəcək. Bundan sonra ermənilərin Türkiyəyə qarşı ərazi iddialarını daha fəal surətdə aparacaqlarına heç bir şübhə yoxdur. Dünənə qədər ac və taqətsiz olan erməni türklərə qarşı bu qədər amansız idisə, sərhədlərin açılmasından sonra özündə güc, qüvvə tapan təcavüzkar daha da qəddarlaşacaq. Bu acınacaqlı vəziyyət Türkiyədə böyük narazılıq yaradıb. Qardaş ölkənin tanınmış siyasi xadimlərindən olan Cümhuriyyət Xalq Partiyasının rəhbəri Dəniz Baykal da öz açıqlamasında hakimiyyətin Ermənistanla yaxınlaşmasını, iki ölkə arasında sərhədlərin açılmasına razılıq verilməsini hakimiyyətin ciddi səhv addımı kimi dəyərləndirib. Bunun Türkiyə tarixinində ən yanlış qərar olduğunu bildirib.

Ermənistanla sərhədlərin açılmasına hazırlaşan Türkiyə tərəfinin nümayəndələrinin bu addımı guya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə əlaqələndirilməsi inandırıcı deyil. Hesab edirəm ki, Azərbaycanın belə “köməyə” heç bir ehtiyacı yoxdur. Çünki hazırda bizim işğal altında olan torpaqlarımızı azad etməyə kifayət qədər qüvvəmiz var. Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış milli ordumuz Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daha da qüdrətli olub. Lakin biz sülh tərəfdarı olduğumuzdan münaqişənin danışıqlar yolu ilə həllinə daha çox üstünlük veririk. Azərbaycanın xarici siyasəti möhkəm əsaslar üzərində qurulub. Möhtərəm Prezidentimizin sədrliyi ilə bu günlərdə keçirilən Təhlükəsizlik Şurasının iclasında da dövlətimizin başçısı bu məsələni xüsusi vurğulayaraq dedi: “Bütün bu məsələlər indiki zəmanədə daha ciddi diqqət tələb edir. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dünyada, bölgədə gedən proseslər, yeniliklər, bəzi məlumatlar, təhlillər, mülahizələr — bütün bunlar, təbii ki, bizim tərəfimizdən ciddi izlənilir və Azərbaycan dövləti öz siyasətini möhkəm əsaslar üzərində qurmaqla bərabər, onu bölgədə gedən dəyişikliklərə uyğunlaşdırır və belə də olmalıdır”.

 

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti. – 2009.- 11 aprel.- S. 4.