Vətənpərvərlik
varsa, qəhrəmanlıq da var
Etibar Məmmədov, Fərid
Əliyev və Elşad Bədəlovla söhbət edirəm.
Hər üçü maraqlı gənclərdir. Hərbi
xidmətə gedirlər. Üçü də Sərhəd
Qoşunlarında xidmət keçəcək. Söhbət
zamanı razılıqla danışdılar, bölgüdən
razı qaldıqlarını bildirdilər.
— Atam Qarabağ
uğrunda döyüşlərdə iştirak edib. Həmişə
əsgər yoldaşlarından danışır, maraqlı
xatirələri var — Etibar danışır. — Amma mən, nədənsə,
sərhədçi olmaq istəyirdim. Arzumu hamıya
demişdim. Hamı da eyni sözü deyirdi. Deyirdilər ki, sən
nə danışırsan, sənin yerin cəbhə bölgəsidir.
Bu da məni heç nədər çəkindirmirdi. Deyirdim,
qoy olsun. İndi bildim ki, Sərhəd Qoşunlarında xidmət
keçəcəyəm.
— Əvvəllər belə
deyildi. — Bunu da Fərid deyir. — Buradan əsgərliyə o qədər
adam yola salmışıq ki... Hara getdiyini bilmirdik. Mən
“qaynar xətt”ə zəng vurub, öyrənmişdim. Sonra
burada dedilər ki, Sərhəd Qoşunlarına
düşmüsən, sevindim. Arzun hara, mənzilin də ora.
Arzuladığım yerə düşdüm.
Fəridin ata-anası
heç yerdə işləmir, həm də imkansız
adamlardır. Ona görə də oğullarının hara,
hansı hərbi hissəyə düşəcəyi
haqqında heç düşünməyiblər.
— Yaşıdlarım
tez-tez deyirdilər ki, məsələn, filan hərbi hissəni
istəyirəm. Ancaq mən heç nə demirdim. Bilirdim ki, mənim
istəməyimlə deyil. Gedib kimə nə deyəydim...
Elşad da Fərid kimi
danışır. Öyrəndik ki, onun da
valideynləri heç
harada işləmir.
— Doğrudur, Azərbaycanın
ən uzaq nöqtəsinə yarım günə gedib
çıxmaq olur. Amma buna baxmayaraq hara, hansı hərbi hissəyə
düşdüyümüzü ilk vaxtlar valideynlər
bilmirdilər. Niyə bunu gizlin saxlayırdılar, bilmirəm.
İndisə başqa zamandır. Çox razı
qalmışıq. Mən hərbi hissəyə getməmişdən
valideynlərim bilirlər ki, haraya düşmüşəm.
Həzrət Ağarəfioğlu
Daxili Qoşunlarda, Xudu Nuriyev isə Lənkəranda yerləşən
“N” saylı hərbi hissədə xidmət edəcək:
Həzrət: Burada
yaxşı şərait yaradılıb. Suallarımıza
düzgün cavab verilir. Hərbi komissar hər birimizi
ayrılıqda qəbul etdi. Hərbi iş haqqında
maraqlı söhbətlər elədi. Məsələn, məni
qəbul edəndə daha çox Daxili Qoşunlar barədə
danışdı. Mən yalnız onda bildim ki, haraya
düşmüşəm.
Xudu: Məni də hərbi
komissar qəbul etdi. Gedəcəyim hərbi hissədən
danışdı, ailə vəziyyətimlə maraqlandı.
Xeyli söhbətimiz oldu. Razı qaldım. Gərək elə
xidmət edim ki, xoş sorağım gəlsin, Axı, söz
vermişəm.
Uşaqlarla söhbətimi
Binəqədi rayon hərbi komissarı polkovnik-leytenant Feyzi
Ağabəyova da danışdım. O da son illər
görülən işlərdən danışdı, gənclərin
hərbi xidmətə həvəslə getməsini xüsusi
vurğuladı. Xüsusən, son çağırış
bölgü işinə toxundu:
— Biz hərbi xidmətə
gedəcək gənclərin siyahısını Müdafiə
Nazirliyinin müvafiq şöbəsinə göndəririk,
oradan da cavab alırıq ki, kim hara düşür. Bu
çox yaxşıdır. Elə bilirəm bunu çoxdan
etmək lazım idi. Birincisi, bizim işlərimiz
çağırış vaxtı üzə
çıxır. Doğrudur, hər bir gənc hərbi xidmət
keçməyə borcludur. Amma çətinliklərimiz
çox olurdu. Hamı Bakıda qalmaq istəyirdi, ya da
özünün yaxşı hesab etdiyi yerdə xidmətini
keçmək istəyirdi. Bu mövzuda müraciətlərdən
xilas olmuşuq. Ona görə də hara, hansı qoşun
növünə düşməsini gənclərə
demirdik. Bölgü belə aparılırdı. İndi hər
kəs “qaynar xətt”ə zəng vurub, hansı hərbi hissəyə
düşməsini bilir. Bu çox yaxşıdır.
Bizə güclü ordu
lazımdır. Ona görə də çalışmaq
lazımdır ki, daimi islahatlar aparılsın. Onu da deyim ki,
indi NATO standartlarına uyğun islahatların
aparılması, Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlığı,
sülhməramlı tabopumuzun xidməti, ordumuzun
döyüş hazırlığı, mənəvi-psixoloji
durumu və ərzaqla təminatı çox yüksəkdir.
Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən
güclü ordu sayılır. Şəxsi heyətin
döyüş hazırlığı çox yüksəkdir.
Müasir döyüş maşınları ilə,
silah-sursatla da təminatı çox yaxşıdır.
Kadrlarla təminat da inkiaşf etmiş orduların səviyyəsinə
cavab verir. Məhz buna görə NATO Azərbaycanla əməkdaşlığa
xüsusi əhəmiyyət verir. 1994-cü ildə “Sülh
naminə tərəfdaşlıq” proqramına
qoşulmuşuq. 2004-cü ildən isə NATO-nun “Fərdi tərəfdaşlıq”
proqramında iştirak edirik. Ona görə də islahatlar
aparılmalıdır.
Hərbi komissar
F.Ağabəyov onu da bildirdi ki, Azərbaycanın iqtisadi
qüdrəti günbəgün artır, maliyyə
böhranının bizə elə bir təsiri olmayıb. Buna
uyğun olaraq orduya ayrılan xərclər də artır. Bu
da Ermənistanı daim narahat edir. Odur ki, onlar silahların məhdudlaşdırılmasına
dair cinah sazişinin Azərbaycan tərəfindən
pozulduğunu iddia edir, diqqəti əsas məsələdən
yayındırmağa çalışırlar. Ermənistan tərəfinin
məntiqsiz bəyanatları həmişə olur. Cinah
sazişinə görə Azərbaycana və Ermənistana
eyni həcmdə silah-sursat saxlamağa icazə verilmişdir.
Bu, ədalətsiz idi. Çünki Azərbaycan ərazisi və
əhalisinin sayına görə Ermənistandan
böyükdür. Amma biz şərtlərə əməl
etsək də, Ermənistan bunu pozdu. Rusiyadan gizli yolla silah
almaları hamıya məlumdur. Odur ki, orduya ayrılan xərclər
Azərbaycanda da artırılır.
Sual yaranır: Bu gün
heç bir müharibə, ərazisi xarici müdaxilə təhlükəsi
gözləməyən ölkələr də hərbi
büdcəsini artırmaqdadır. Bəs, torpaqlarının
20 faizi işğal altında olan, 1 milyondan çox
qaçqın və məcburi köçkün problemi ilə
qarşılaşan Azərbaycan niyə hərbi büdcəsini
artırmasın ki? Bizi işğal altında qalan
torpaqlarımız narahat edir, onda belə problemi olmayanların
narahatlığı nədəndir?! Bu, bizim
haqqımızdır. Bu haqqı heç kimə verməyəcəyik.
Azərbaycanın hərbi büdcəsini artırmasından
narahat olanlar, yaxşı olar ki, Ermənistana təsir etsinlər
ki, gözlənilən müharibənin qarşısı
alınsın.
Bəli, Ermənistan
yersiz iddialarından əl çəkməsə, müharibə
qaçılmaz olacaq. Ermənistan da, onun himayədarları
da yaxşı bilirlər ki, Azərbaycan Silahlı Qüvvələri
hücum əmri alsalar, erməni ordusu onun
qarşısını saxlaya bilməyəcək. Odur ki,
yaxşı-yaxşı fikirləşsinlər. Sonra gec
olacaq. Azərbaycanın səbri tükənməkdədir.
— Heç bir inkişaf
etmiş ölkə ordusu zəif olan dövlətlə hərbi
əməkdaşlıq qurmağa meyilli deyil. Bu gün Azərbaycanla
50-yə yaxın ölkə hərbi əməkdaşlıq
edir. Onların sırasında ABŞ, Türkiyə, Rusiya,
Böyük Britaniya, Almaniya, Ukrayna, Rumıniya, Belçika,
Birləşmiş Ərəb Əmirliyi, Pakistan, Çin, Polşa,
Estoniya və digər ölkələr var. Bu, onu sübut edir
ki, Azərbaycanın güclü ordusu var, inkişaf edir,
regionda gücünə və döyüş qabiliyyətinə
görə söz sahibidir. F. Ağabəyov söhbətini
davam etdirir. —Bu gün Azərbaycan dünyanın, xüsusən
inkişaf etmiş ölkələrin maraq dairəsindədir.
Həmin dövlətlər Azərbaycanda gedən
inkişafı diqqətlə izləyirlər. Ölkəmizin
dostları da, düşmənləri də yaxşı bilirlər
ki, Azərbaycanda sosial-iqtisadi inkişafın sürəti gələcəyin
qüdrətli bir dövlətinin formalaşmasından xəbər
verir. Odur ki, qeyri-ixtiyari onunla hesablaşmağa, Azərbaycanın
maraqlarını nəzərə almağa məcburdurlar. Bu
da faktdır ki, regionda həyata keçirilən bütün
layihələr Azərbaycanla razılaşdırılır. Bunlar
bir çox cəhətdən şərtləndirilir: Azərbaycan
regionun güclü dövlətidir, ordusu gündən-günə
daha da peşəkarlaşır, zəngin sərvətləri
var, çox mühüm geosiyasi məkanda yerləşir,
bütün fəaliyyətində xalqın mənafeyini nəzərə
alan, uzaqgörən, qətiyyətli rəhbəri var... Odur
ki, Azərbaycanın sürətli inkişafı heç kimdə
şübhə doğurmur. Torpaqlarımızın azad
olunması isə güclü ordudan çox
asılıdır. Ordunu isə komplektləşdirmək bizdən
işə məsuliyyətlə yanaşmaq tələb edir.
Ona görə də islahatlar aparılmalıdır.
Təbii ki, bu
inkişafı düşmənlərimiz — ermənilər də
yaxşı izləyirlər və etiraf edirlər.
Görürlər ki, bu inkişafa uyğun olaraq, Azərbaycan
ordusu da gündən-günə güclənir,
döyüş qabiliyyətini artırır, daha yenilməz
olur. Və bu ordu bir gün Ali Baş Komandanından “hücum”
əmri ala bilər.
“Xocalını gözlərimlə
gördüm. Hər yerdən qan iyi gəlirdi. Qar
üstündəki, buz üstündəki qalaqlanan kimsəsiz,
sahibsiz cəsədlərdən qorxdum...Qorxdum ki, bu qan
üçün heç vaxt Azərbaycan tərəfi,
sabahkı nəsillər susmasın...Bu gün ruslar bizimlədir.
Bəs, sabah?..Biz tənha qala bilərik!” — Bu sətirlər
Xocalıda ermənilərin törətdiyi vəhşilikləri
gözü ilə görən erməni jurnalisti Verain
Siracyanın 1992-ci il martın 12-də Fransada çıxan
“Frans katalikekklezia” jurnalında çap etdirdiyi “Hücumdan
öncə” məqaləsindəndir. Bu etiraf sübut edir ki,
bir çox ermənilər hələ o vaxtlar da Azərbaycanın
böyük gələcəyini görürdülər. Və
bu gün ifrat dərəcədə millətçiliklə zəhərlənmiş
ermənilər də artıq dərk edirlər ki, Azərbaycanın,
onun nizami və qüdrətli ordusu qarşısında tab gətirə
bilməyəcəklər. Sabah onların himayədarları yanlarında
olmaya da bilər. Ən azı, Azərbaycanın maraqlarına
qarşı gedə bilməzlər. O zaman Azərbaycan Ordusu hərəkətə
gəlsə nəinki Dağlıq Qarabağı, öz əzəli
torpaqlarını — ermənilərin dövlət qurduqları
torpaqları da azad edə bilər.
— Bu faktdır ki, ordu
dövlətin müstəqilliyinin, ərazi
bütövlüyünün təminatçısıdır.
Bu gün belə bir ordumuz artıq var. Və ona xüsusi
qayğı və diqqət də var. Onun maddi-texniki bazası
gündən-günə möhkəmlənir, şəxsi heyətin
sosial problemləri həll edilir, döyüş qabiliyyəti
yüksəlir. — Feyzi müəllim söhbətini davam
etdirir. — Bu gün ordumuzun qarşısında çox
mühüm vəzifələr durur. Bir nömrəli vəzifə
isə torpaqlarımızın yağılardan azad edilməsidir.
Ordumuz buna qadirdir. Bu vəzifəni qısa vaxt ərzində
yerinə yetirmək üçün bütün şərtlər
mövcuddur. Şəxsi heyətin psixoloji
hazırlığı var, döyüş ruhu yüksək səviyyədədir.
Maddi-texniki baza var, peşəkarlıq mövcuddur.
Deməli, istənilən
vaxt torpaqlarımızı başqa yolla, silahlı yolla azad
etməyə hazır olmalıyıq. Bunu etmək
üçün bizim imkanlarımız — Azərbaycan
xalqının birliyi, səfərbərliyi, ölkəmizin
güclü ordusu, Azərbaycan rəhbərliyinin və
xalqımızın iradəsi vardır. Təbii ki, Ermənistanda
bunlar yoxdur. Heç bir erməni Dağlıq Qarabağda xidmət
keçmək istəmir. Əsas fakt da budur ki, hərbi əməliyyatlar
başlasa Dağlıq Qarabağda xidmət edən hərbçilərə
bu torpaq məzar olacaq. Ən azı, ona görə ki, erməni
ordusunda vətənpərvərlikdən söhbət gedə
bilməz. Digər tərəfdən, Ermənistana edilən
yardımlar nə qədər çox olsa da, Azərbaycanın
güclü iqtisadiyyatı və bunun nəticəsində
orduya ayrılan vəsaitə heç yaxınlaşa da bilməz.
Ordu quruculuğunda
uğurlarımız kifayət qədərdir. Hansı cəhəti
götürsək Ermənistandakı vəziyyətdən bir
neçə dəfə üstün olmağımız
göz qabağındadır. Çoxlu faktlar var ki, Ermənistanda
əhali dolanışıq ucbatından, dövlət siyasətinin
perspektivsizliyini dərk etdiklərindən ölkəni tərk
etməkdə davam edirlər. Heç bir Ermənistan vətəndaşı
Dağlıq Qarabağda hərbi xidmət keçmək istəmir.
Bu sahədə də müqayisələr aparsaq, görərik
ki, Ermənistanın ordusunu inkişaf etdirmək perspektivi
yoxdur.
Ümummilli liderimiz Heydər
Əliyevin əsgərlərimizlə görüşlərinin
birindən bir məqamı xatırlatmaq istəyirəm. Bunu hər
bir gəncə xatırladıram. Böyük öndər
demişdir: “Bilin ki, sizin hər birinizin arxasında
böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər
biriniz öz doğma Vətəninizi, öz atanızı,
ananızı, bacınızı, qardaşınızı
müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz...
Bu şərəfli vəzifənizi — Vətəni müdafiə
etmək vəzifəsini yerinə yetirməkdə qəhrəmanlıq
nümunələri göstərməyinizi arzulayıram”.
Deyəsən, hərbi
komissarla söhbətimiz çox qanad açdı. Bu da səbəbsiz
deyil. Çünki ordu hərbi komissarlıqda
formalaşır, desək yanılmarıq. Ordunun gücü,
yenilməzliyi onun əsgərinin vətənpərvərliyindən
asılıdır. Əgər gənc başını
dolandırıb, hərbi bilet almaq üçün hərbi
xidmətə gedirsə, onda vətənpərvərlikdən
söhbət gedə bilməz. Vətənpərvərlik
yoxdursa, qəhrəmanlıqdan söhbət gedə bilməz.
Aparılan islahatdar da bu ali məqsədə xidmət edir.
Vahid İMANOV
Xalq qəzeti.- 2009.- 11
aprel.- S. 4.