Ölkənin mədəni həyatının zənginləşməsi kadr hazırlığına diqqətin artırılmasını tələb edir

 

Azərbaycan mədəniyyətinin qədim və zəngin ənənələri mövcuddur. İldən-ilə zənginləşən mədəniyyətimiz öz tarixi köklərinə, milli xüsusiyyətlərə söykənərək yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndər Heydər Əliyevin mədəniyyətə, milli adət-ənələrimizə qayğısı bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Bir faktı nəzərə çarpdırmaq istəyirəm ki, bu yaxınlarda Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Bu da təsadüfi deyil. Zəngin mədəniyyət tarixinə malik olan ölkəmiz mədəni nailiyyətləri ilə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının diqqətindən kənarda qalmamışdır.
YUNESKO-nun ölkəmizin mədəniyyətinə xüsusi diqqət yetirməsi onu göstərir ki, Azərbaycan mədəniyyəti bəşəri dəyərlər sırasında çox önəmli yer tutur. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu təşkilatla mədəni əlaqələrin qurulmasında əvəzsiz xidmətlər göstərir. Mehriban xanım Əliyevanın YUNESKO və İSESKO-nun xoşməramlı səfiri seçilməsi hər bir azərbaycanlıda qürur hissi doğurmuşdur. Azərbaycanın bir neçə mədəniyyət abidəsi bu təşkilatın mədəni irs siyahısına daxil olmuş, muğam isə mənəvi irs siyahısına salınmışdır. Bəşəri dəyərlər kimi onlar YUNESKO tərəfindən qorunur.

Son illər mədəniyyətimizin inkişafı ilə bağlı Prezidentimizin imzaladığı dövlət proqramları uğurla həyata keçirilir. Teatr, kino, kitabxana işi, muzey işi və tarixi abidələrin qorunması ilə bağlı qəbul olunmuş bu proqramlar böyük əhəmiyyətə malikdir. İndi ölkəmizin aparıcı teatrları tamamilə yeniləşir. Teatrlarda aparılan təmir-bərpa işləri onların müasir tələblərə cavab verməsini təmin edir. Rus Dram Teatrı artıq bərpa işlərindən sonra öz tamaşaçılarına qapılarını açmışdır. Gənc Tamaşaçılar Teatrı və Akademik Milli Dram Teatrında əsaslı təmir işləri gedir. Nizami kinoteatrı təmirə başlamışdır. Yaxın vaxtlarda onlar yeni, müasir formada tamaşaçıların ixtiyarına veriləcəkdir.

Kino sənətimiz də inkişaf etməkdədir. Yeni filmlər istehsal olunur. Kinostudiyada vəziyyət yaxşılaşmağa doğru inkişaf edir.Muzey işi sahəsində də yeniliklər çoxdur. Mərkəzi İncəsənət Muzeyi artıq istifadəyə verilmişdir. Xalça Muzeyi üçün yeni binanın inşası davam etməkdədir. Heç şübhəsiz ki, gələcəkdə də muzeylərimiz üçün yeni binaların inşası davam edəcək.

Kitabxana işi sahəsində dövlət proqramı uğurla həyata keçirilir. İndi kitabxanalarımızda elektron kataloqlar yaradılır, oxucuların ədəbiyyatdan istifadəsi üçün hər cür şərait vardır. Milli Kitabxanamızda isə yeni üsullar tətbiq olunur, dünyanın böyük kitabxanaları ilə kitab mübadiləsi genişlənir. Regionlarda yeni teatr binaları, kitabxanalar, muzeylər açılır. Demək olar ki, ulu öndər Heydər Əliyev muzeyi bütün rayon mərkəzlərində fəaliyyət göstərir. Bu yaxınlarda Prezident İlham Əliyev Yevlax şəhərində yeni teatr binasının açılışında iştirak etmişdir. Bütün bunlar onun nəticəsidir ki, Azərbaycan mədəniyyətinin inkişafına dövlət rəhbəri tərəfindən böyük qayğı və diqqət vardır.

Bu gün Azərbaycan musiqisi, teatrı, kino sənəti dünyanın hər yerində sevilir və böyük hörmətlə qarşılanır. Fevral ayında Bakıda keçirilən “Bakı-İslam mədəniyyətinin paytaxtı — 2009" mədəniyyət ilinin təntənəli açılışında Prezident İlham Əliyev demişdir: ”Biz müstəqil ölkə kimi 17 ildir yaşayırıq, ancaq Azərbaycan çox böyük mədəni irsə malik olan ölkədir. Bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz — bunlardır Azərbaycan xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq”.Göründüyü kimi, dövlət rəhbərimiz mədəni irsin yaşaması və inkişaf etdirilməsini vacib məsələ kimi qarşıya qoyur.

Bu yaxınlarda ölkəmizdə keçirilən Beynəlxalq Muğam Festivalı da bu qayğıdan bəhrələnib. Bu festivalın Azərbaycanda keçirilməsi ölkəmizdə muğam sənətinə göstərilən yüksək diqqətin nəticəsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Muğam aləmi” Beynəlxalq Festivalı bir daha göstərdi ki, bizim ölkədə muğam sənəti mənəvi dəyərlərimizin ən qiymətli nümunəsi kimi qorunur, inkişaf etdirilir. Festival çərçivəsində keçirilən simpoziumda çıxış edən Mehriban xanım Əliyeva demişdir: “Biz azərbaycanlılar muğamımızla fəxr edirik”.

Qeyd edim ki, bütövlükdə “Muğam aləmi” Beynəlxalq festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına mühüm töhfə olmuşdur. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut etmişdir. Çox hörmətli Prezidentimizin bu festivalda iştirakı bir daha təsdiq etdi ki, milli mədəniyyətimizin, musiqimizin inkişafına dövlətimizin xüsusi dəstəyi var, onun inkişafı daim diqqət mərkəzindədir.

Bakı Mədəni-Maarif Texnikumu kollektivi bu günlər daha çox sevinc içərisində olmuşdur. Çünki baş mükafata layiq görülən Təyyar Bayramov bizim müəllimdir və o, muğamın sirlərini tələbələrə öyrədir.

Göründüyü kimi, mədəni həyatımız gündən-günə zənginləşir. Ona görə də bu sahədə kadr hazırlanmasında bizim məsuliyyətimiz getdikcə artır. 1000-dən çox tələbənin təhsil aldığı Bakı Mədəni-Maarif Texnikumu son illər mədəniyyət sahəsində kadr hazırlığına xüsusi diqqət yetirir. Bizim texnikumda 3 şöbə fəaliyyət göstərir ki, onlardan biri də mədəni-maarif və musiqidir. Bu şöbədə musiqi sahəsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır: xalq çalğı alətləri, fortopiano, musiqi təhsili, musiqi nəzəriyyəsi, xanəndəlik. Mədəni-maarif ixtisası üzrə isə aktyorluq, bədii yaradıcılıq, dekorativ tətbiqi incəsənət və xalq sənəti, kulturologiya, kitabxana işi, muzey işi və abidələrin mühafizəsi sahəsində kadrlar hazırlanır.

Təhsil Nazirliyi bizim keyfiyyətli kadr hazırlamamızı daim diqqət mərkəzində saxlayır. Vaxtaşırı müsabiqələr keçirir, tələbələrimiz rayonun (Binəqədi rayonu) və respublikanın müxtəlif şəhərlərində keçirilən bayram şənliklərində yaxından iştirak edirlər. Bizim təcrübəli ixtisas müəllimlərimiz var. Onlar sənətin sirlərini uşaqlara öyrədir, eyni zamanda tələbələri müxtəlif müsabiqələrə hazırlayırlar.

Dövlətimizin və Prezident İlham Əliyevin mədəniyyətə və təhsilə göstərdiyi qayğı kadr hazırlığı sahəsində bizim məsuliyyətimizi daha da artırır. Çalışacağıq ki, bu qayğıya öz əməli işimizlə cavab verək.

 

 

İlqar MAHMUDOV,

Bakı Mədəni-Maarif

Texnikumunun direktoru

 

Xalq qəzeti.- 2009.- 11 aprüel.- S. 5.