Beyləqan:
qədim bölgənin ən yeni tarixi hərtərəfli
inkişafla əlamətdardır
Mil düzünün zəhmət
meydanı, hünər qalası olan Beyləqan bu gün
özü boyda quruculuq, yeniləşmə meydanıdır. Kürlə
Araz arasındakı bu münbit ərazi tarix boyu dəfələrlə
yüksəlişin, çiçəklənmənin
şahidi olmuşdur. Ulu öndər Heydər Əliyevin Azərbaycana
birinci dəfə rəhbərliyi dövründə də
Beyləqanda iqtisadi həyat dirçəlmiş, sosial-mədəni
sahə inkişaf etmişdi. Təəssüf ki, Qarabağ
münaqişəsinin başlanması və sovet
imperiyasının dağılması burada da tənəzzülə,
dağıntılara gətirib çıxarmışdı. Müstəqilliyin
ilk dövründəki başıpozuqluq isə Beyləqanı
da qonşu bölgələr kimi itirilmək həddinə gətirib
çıxarmışdı.
Ümummilli lider Heydər
Əliyevin 1993-cü ilin yayında xalqın tələbi ilə
hakimiyyətə qayıdışı Beyləqanın
taleyində həlledici rol oynamış, bölgənin
işğalı təhlükəsi sovuşdurulmuş, rayon
dirçəliş və yeniləşmə yoluna qədəm
qoymuşdur. Prezident İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilən
regional inkişaf proqramı isə qədim torpağa yeni həyat
gətirmişdir. Beyləqan şəhəri, bütün
yaşayış məntəqələri tanınmaz dərəcədə
dəyişmişdir. Rayona budəfəki səfərimiz
zamanı hər addımda yeniliklə, yüksək inkişaf
göstriciləri ilə üzləşdik, uğurlarla
tanış olduq.
Uğurların möhkəm
təməli
Ulu öndər Heydər
Əliyevin idarəetmə məktəbinin yetirmələrindən
olan, uzun illər ayrı-ayrı bölgələrə rəhbərlik
etmiş, müstəqillik illərində isə xeyli müddət
kənd təsərrüfatı naziri işləmiş
İrşad Əliyev təşəbbüskar, qurucu,
sabahı aydın görən təcrübəli kadrdır. O,
bir neçə ildir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin
başçısı kimi, bu bölgənin güclü
potensialını hərəkətə gətirmək
üçün kompleks tədbirlərin həyata
keçirilməsinə rəhbərlik edir. Başçı
ilə söhbətimiz bu tədbirlərin
qaynaqlandığı ictimai-siyasi şəraitdən
başladı:
— Bu gün heç bir
ölkə, o cümlədən də Azərbaycan
dünyanı bürümüş iqtisadi və maliyyə
böhranının təsirindən sığortalanmayıb. Bununla
belə, respublikamızda iqtisadiyyat böhran səviyyəsinə
enməyib və enməyəcəkdir. Bu, bizim iqtisadi
uğurlarımızın dayanıqlığını
göstərir. Onun təməlində
düşünülmüş siyasət, ölkənin milli
maraqlarının qorunması dayanır. Siyasi və iqtisadi
islahatlar, demokratik proseslər daim bizi irəli aparır. Təsadüfi
deyil ki, ən qabaqcıl maliyyə qurumu olan Dünya Bankı
Azərbaycanı 2008-ci ilin yekunlarına görə ilin bir
nömrəli islahatçı ölkəsi elan etmişdir. Ötən
illərin Azərbaycan reallığı bir daha sübut etdi
ki, yalnız dəqiq sosial-iqtisadi strategiya əsasında
qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmək,
davamlı inkişafa nail olmaq, məqsədləri uğurla
gerçəkləşdirmək olar.
Bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dövrün tələblərinə
uyğun çevik və praqmatik siyasət yeridən lider
olaraq, ölkənin bütün potensialını hər bir fərdin
mənayefinə cavab verən çoxşaxəli
islahatların gerçəkləşməsinə səfərbər
edir. Bu cəhətdən 2008-ci il dövlət
başçısı tərəfindən müəyyən
edilmiş, ölkə iqtisadiyyatının inkişaf tempinin
sürətləndirilməsi strategiyasının ardıcıl
surətdə həyata keçirilməsi və bölgələrin
ümumi inkişafına xidmət edən dövlət
proqramının birinci mərhələsinin uğurla başa
çatdırılması ilə əlamətdar olmuşdur. Bütün
bölgələrdə olduğu kimi, Beyləqan rayonunda da
proqram vəzifələrin icrası istiqamətində əsaslı
işlər görülmüşdür. Rayonun ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatının
bütün sahələrində köklü irəliləyişlərə
nail olunmuşdur. 2008-ci il aprelin 18-də İlham Əliyevin
Beyləqana səfəri son illərdə əldə olunan
uğurları surətlə davam etdirməyə stimul
olmuşdur.
Başçı ötən
il ayrı-ayrı sahələrdə qazanılmış
uğurlardan daha geniş söz açdı:
— Son bir ildə rayonda əhalinin
sayı 1,4 min nəfər artaraq 86,5 min nəfərə
çatmışdır. Rayona gələnlərin sayı
316, gedənlərin sayı isə 21 nəfər
olmuşdur.Bu, son 12 ildə ən yaxşı göstəricidir.
Rayon icra hakimiyyətində ötən il 46 şura iclası,
müşavirə keçirilmişdir. 80-dən çox həllivacib
problem müzakirə edilmiş, onların həlli istiqamətində
müvafiq təkliflər hazırlanmış, tədbirlər
görülmüşdür. Bu dövrdə icra hakimiyyətinin
xətti ilə əlamətdar günlər və tarixi hadisələrlə
bağlı rayonda 16 elmi-praktiki konfrans, 75 müxtəlif
formatlı tədbir keçirilmişdir.
Sosial-iqtisadi
yüksəliş
2008-ci il Beyləqan
rayonunda iqtisadiyyatın inkişafı üçün
uğurlu olmuşdur. Rayonda istehsal olunmuş məhsulların
və əhaliyə göstərilən xidmətlərin həcmi
faktiki qiymətlərlə 130,4 milyon manat təşkil
etmişdir. Bu, 2003-cü ildəkindən 3,6 dəfə,
2007-ci ildəkindən isə 2,1 dəfə çoxdur.
İstehsal olunmuş məhsulların adambaşına
düşən həcmi beş ildə 3,4 dəfə, il ərzində
isə 2,3 dəfə artaraq, 1899 ABŞ dollarına
çatmışdır. 2003-cü illə
müqayisədə ötən il istehsal olunmuş məhsulların
və əhaliyə göstərilən xidmətlərin həcmi
sənayedə 3,9 dəfə, kənd təsərrüfatında
183 faiz, nəqliyyatda 141 faiz, rabitə sahəsində 2,8 dəfə
artmışdır. Pərakəndə əmtəə
dövriyəsinin həcmi 3,4 dəfə, tikinti sahəsində
isə görünməmiş bir səviyyədə, 937,4 dəfə
çoxalmışdır.
Son beş ilin intensiv
inkişaf tempi ardıcıl olaraq davam etdirilərək 2008-ci
ildə ən yüksək həddə
çatmışdır. Bu dövrdə əvvəlki ildəkindən
2,8 dəfə çox olmaqla 8,3 milyon manatlıq sənaye məhsulu,
50,1 milyon manatlıq (əvvəlki ildəkindən 11,5 milyon
manat çox) kənd təsərrüfatı məhsulları
istehsal edilmişdir. İşçilərin orta aylıq əmək
haqqı il ərzində sənayedə 42,9 faiz, kənd təsərrüfatında
38,8 faiz artmışdır.
Keçən il rayonda əsas
kapitala 53 milyon manat (əvvəlki ildəkindən 8,8 dəfə
çox), o cümlədən tikinti-quraşdırma işlərinə
50,6 milyon manat (9,7 dəfə çox) investisiya yönəldilmişdir.
Bunun 24,7 milyon manatı istehsal təyinatlı obyektlərin
payına düşür. Bu, əvvəlki idəkindən 8,5
dəfə çoxdur. Ötən il rayonda 2007-ci ildəkindən
2311 kvadratmetr çox olmaqla, ümumi sahəsi 20,4 min
kvadratmetr olan 191 fərdi yaşayış evi tikilib istifadəyə
verilmişdir. Bütövlükdə, istifadəyə verilən
əsas fondların dəyəri əvvəlki ildəkindən
8,7 dəfə çox olmaqla, 42,3 milyon manat təşkil
etmişdir. İl ərzində rayonda təmir-tikinti fəaliyyəti
ilə məşğul olan təşkilatların sayı
artaraq 8-dən 15-ə çatmışdır. Bu dövrdə
rayonun ticarət və iaşə şəbəkələrinin
əhaliyə satdığı istehlak mallarının dəyəri
60,2 milyon manat — əvvəlki ildəkindən 28,3 faiz çox
olmuşdur. Adambaşına düşən əmtəə
dövriyyəsinin həcmi isə 140 manat artaraq 695 manata
çatmışdır. Əhaliyə 10,8 milyon manatlıq
pullu xidmətlər göstərilmiş, iaşə xidmətinin
həcmi 1,4 milyon manat, məişət xidmətinin həcmi
isə 1,2 milyon manat təşkil etmişdir.
Əhalinin elektrik
enerjisi ilə təchizatının
yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər
sayəsində son illər yüksək gərginlikli “Yeni Beyləqan”
yarımstansiyası tikilib istifadəyə verilmişdir. “Kəbirli”,
“Daşburun” yarımstansiyaları müasir standartlara uyğun
yenidən qurulmuş, əsaslı təmir olunmuşdur. Müxtəlif
gərginlikli elektrik xətlərinin 21,2 kilometr hissəsi yenidən
çəkilmiş, 291 kilometr hissəsi əsaslı təmir
olunmuşdur. Sayğaclaşma işi, demək olar ki, tam
başa çatdırılmışdır. İstehlak olunan
elektrik enerjisinin dəyərinin ödənilməsi 2008-ci illə
2003-cü ildəki 41,1 faizdən 100 faizə
çatdırılmışdır.
Rayonun bir sıra
yaşayış məntəqələrində vaxtilə
primitiv qaydada çəkilmiş elektrik ötürücü
xətlərində, aşağı gərginlikli
transformatorlarda, habelə elektrik ötürücü
qurğularında yenidənqurma, təmir-sazlama işlərinin
aparılması zəruridir. Lakin bunun üçün
lazımi avadanlıq, mal-material və texnika
çatışmazlığı ciddi çətinliklər
yaradır. Azərenerji ASC-nin bu məsələlərin həllində
konkret köməyinə ehtiyac var.
Uzun illər beyləqanlılar
üçün həyati əhəmiyyət kəsb edən ən
ümdə problemlərdən biri də təbii qazın
yoxluğu olmuşdur. Dövlət
başçısının verdiyi tapşırıq əsasında
ötən il rayona təbii qaz xəttinin çəkilişinə
başlanılmışdır. Qısa müddətdə
uzunluğu 120,8 kilometr olan magistral, daşıyıcı və
paylayıcı qaz kəmərlərinin tikintisi başa
çatdırılmışdır. Ötən il 834 ailə
mavi yanacaqla təmin olunmuşdur. Hazırda bu istiqamətdə
aparılan işlərin intensivliyi deməyə əsas verir
ki, 2009-cu ilin sonunadək Beyləqan şəhər əhalisi
təbii qazla təmin olunacaq. Sonrakı illərdə isə kənd
və qəsəbələrə mavi yanacaq xətti çəkilişinə
başlanılacaqdır.
Son illər rayonun rabitə,
xüsusilə telekommunikasiya sahəsində dinamik inkişaf
davam etmişdir. Mövcud ATS-lərin hamısı elektron tipli
ATS-lərə çevrilmiş, bütövlükdə mərkəzi,
kənd və qəsəbə ATS-lərinin ümumi tutumuna
3572 nömrə artırılmış, mənzillərə
3353 yeni telefon xətti çəkilmişdir. Yeni “Nar-mobil”
ötürücü qüllələrinin istifadəyə
verilməsi hesabına mobil telefon şəbəkəsi xeyli
genişləndirilmişdir.
Son illər əhalinin
içməli su ilə təminatının
yaxşılaşdırılması məqsədilə 16 ərazi
vahidində 23 yeni artezian və ya subartezian quyuları qazılmışdır.
11,6 kilometr uzunluğunda yeni su xətləri çəkilmiş,
qüllələr və çənlər
quraşdırılmışdır. Mərkəzi su
anbarı və nasosxana stansiyası əsaslı təmir
olunmuşdur. 112 min metrdən artıq müxtəlif
ölçülü su xətlərində əsaslı və
cari təmir işləri aparılmışdır. 314 ailəyə yeni su xətləri çəkilmiş,
28 min nəfərdən artıq əhalinin içməli
su problemi həllini tapmışdır.
Beyləqan şəhərinin
mərkəzində 690 metr uzunluqda kanalizasiya sistemi
quraşdırılmışdır. SMD-4 qəsəbəsi ərazisində
1,2 kilometr uzunluqda mövcud kanalizasiya xətləri əsaslı
təmir olunmuş, bir neçə yaşayış və
inzibati binanın bu xidmət növündən istifadəsi
xeyli yaxşılaşmışdır. Bununla belə,
günü-gündən abadlaşan Beyləqan şəhərində
mərkəzləşdirilmiş kanalizasiya kollektorunun və təmizləyici
stansiyanın tikintisi problem kimi qalmaqdadır.
Tikinti-quruculuq
Dövlət
Proqramında yol infrastrukturu üzrə nəzərdə
tutulmuş tədbirlərə uyğun olaraq respublika və
yerli əhəmiyyətli avtolmobil yollarının 43,1 kilometr
hissəsi əsaslı təmir olunmuşdur. 45,4 kilometr yol dənəvər
asfalt-beton qarışığı ilə tikilmiş, 31,6
kilometr qara örtüklə üzlənmişdir. Bu
yolların 93,5 min kvadratmetrində orta təmir işləri
aparılmışdır. 15 yaşayış məntəqəsinin
daxili yollarına 92,8 min kvadratmetr yeni asfalt örtüyü
salınmış, 84,1 kilometrdə müvafiq təmir-tikini
işləri aparılmışdır. Şəhərdaxili
küçə və prospektərin 31,5 min kvalratmetr, səkilərin
və ictimai həyətlərin isə 7,7 min kvadratmetr hissəsi
dənəvər asfalt beton qarışığından
tikilmişdir. 4,5 kilometr uzunluqda yeni səkilər salınmış,
99 min kvadratmetr tamet və üzlük dekorativ daş
döşənmişdir.
2005-ci ildən rayonda
uğurlu start götürmüş yenidənqurma,
tikinti-abadlıq və mədəni quruculuq işləri
ötən il daha intensiv davam etdirilmişdir. Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün 24 mənzilli yaşayış binası
tikilmişdir. 81 saylı Beyləqan Dairə Seçki
Komissiyasına, Meliorasiya İdarəsinə, Əhalinin Sosial
Müdafiəsi Mərkəzinə, Məşğulluq Mərkəzinə
və Əmək Müfəttişliyinə, “Texnikabank”a yeni
inzibati binalar tikilib istifadəyə vermişdir.
Tariximizin öyrənilməsində,
istedadların üzə çıxarılmasında müstəsna
əhəmiyyət kəsb edən Tarix-Diyarşüraslıq
Muzeyi və Müsabiqələr Mərkəzi də ötən
ilin yadigarıdır. “Beyləqan” ticarət mərkəzi,
“1001 xırdavat” mağazası, “Nurlan” mebel salonu yeni xidmət
ünvanlarıdır.Üzlük plitə sexi,
qum-çınqıl istehsalı, süd, meyvə-tərəfəz
emalı muəssisələri də 2008-ci ildə tikintisi
başa çatmış obyektlərdir. İrili-xırdalı
300-dən çox ticarət, iaşə, digər istehsal, emal
və xidmət obyektləri keçən ilin
buraxılış obyektləridir.
18 aprel 2008-ci il beyləqanlılar
üçün ən əlamətdar günlərdən biri
kimi heç vaxt yaddan çıxmayacaqdır. Həmin gün
ölkə Prezidenti İlham Əliyev 90-cı illərdən
istismarı dayandırılmış təbii qaz kəmərinin,
Heydər Əliyev Muzeyinin, Qarabağ əlilləri və
şəhid ailələri üçün yaşayış
binasının və illik istehsal gücü 35 min ton olan “CTS
AQRO MMC” pambıq emalı müəssisəsinin
açılışında iştirak etmişdir. Səfərdən
dərhal sonra dövlət başçısının
xüsusi sərəncamı ilə abadlıq və quruculuq
işlərini davam etdirmək üçün rayona 2 milyon
manat əlavə vəsait ayrılmışdır.
Həmin vəsaitlə
Beyləqan şəhərinin 11 küçə və
prospektinə 55,8 min kvadratmetr, 7 yaşayış məntəqəsində
kənddaxili yollara 37 min kvadratmetr yeni asfalt örtük
salınmışdır. Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə,
S.İmrəliyev, S.Qazıyeva və Magistral küçələri
müasir memarlıq üslubunda yenidən qurulmuşdur. Küçələrin
3,9 kilometr hissəsində müasir işıqlandırma
sistemi qurulmuşdur. Heydər Əliyev muzeyinin fasadı və
dam örtüyü əsaslı rekonstruksiya edilmişdir. Heydər
Əliyev parkının girişindən ulu öndərin abidəsinədək
və muzeyin girişinədək olan hissələr qranit-mərmər,
digər ərazilər isə üzlük dekorativ daşlarla
üzlənmişdir.
Heydər Əliyev və
Mərkəzi şəhər parklarındakı və M.Beyləqani
istirahət güşəsindəki fəvvarələrə
Çin mütəxəssisləri rəngli-musiqili
çalarlar vermişlər. Mərkəzi şəhər
parkındakı abidənin və Tarix-Diyarşünaslıq
Muzeyinin ətrafı və digər ərazilər dekorativ
daşlarla üzlənmişdir. Heydər Əliyev prospektindəki
16 mənzilli 3 yaşayış binasının dam
örtüyü dəyişdirilmişdir. Bu dövrdə
şəhərin park və xiyabanlarına 0,4 hektar yeni çəmənlik
salınmış, yüzlərlə dekorativ ağac və
gül kolu əkilmiş, oturacaqlar
quraşdırılmışdır.
Hazırda rayon mərkəzində
8 saylı Ərazi Vergilər İdarəsi üçün
inzibati binanın, “İstehsal-satış kompleksi”nin, “Azərcell”in
ekspress müştəri xidmətləri müəssisəsinin,
Avtovağzal binasının, Birinci Şahsevən kəndində
özəl tibbi-diaqnostika mərkəzinin və digər iri
kapital tutumlu binaların tikintisində son tamamlama işləri
görülür.
Regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramına uyğun olaraq,
yeni açılmış istehsal, emal, xidmət müəssisələri
hesabına rayonda 25619 yeni iş yerləri
yaradılmışdır. Bunun 4646-ı daimidir. Təkcə
2008-ci ildə rayonda 6140 yeni iş yerləri
yaradılmışdır ki, bunun da 483-ü daimidir. Bu
dövrdə 528 nəfər müvəqqəti, 12110 nəfər
mövsümi işlərə cəlb edilmişdir. Cari ildə
istifadəyə verilməsi nəzərdə tutulan obyektlər
hesabına yuzlərlə yeni iş yerlərinin
açılmasına zəmin yaranacaqdır.
Aqrar bölmə yeniləşir
Rayonda olarkən öyrəndik
ki, iqtisadiyyatın əsas sahəsi olan aqrar bölmə yeniləşmə
yolunda uğurlarını artırır.
Respublikanın meliorasiya
və irriqasiya proqramına uyğun olaraq, hökumətin və
Dünya Bankının xətti ilə “Yuxarı Mil” kanalı
ilə “Xan qızı” kanalı arasında yerləşən,
habelə Şərq, Türklər və Sarısu ərazilərini
əhatə edən 5200 hektar sahədə kompleks meliorativ tədbirlər
həyata keçirilir. Qısa müddətdə 3000 hektar sahədə
işlər başa çatdırılmış, 40 kilometr
kollektor-drenaj şəbəkəsi istifadəyə
verilmişdir. Bundan əlavə, son illər rayonda 50,5 kilometr
yeni kollektor-dren şəbəkəsi qazılmış,
mövcud şəbəkələrin 244,6 kilometr, suvarma
kanallarının isə 814,3 kilometr hissəsi lildən təmizlənmişdir.
Şoranlaşmanın qarşısının alınması,
təsərrüfatların suvarma suyu ilə təminatının
yaxşılaşdırılması istiqamətində bir
çox işlərin görülməsi nəzərdə
tutulur.
Son iki ildə torpaq
mülkiyyətçilərinə və buğda
istehsalçılarına 5,2 milyon manat məbləğində
dövlət yardımı verilmişdir. Onlara güzəştli
qiymətlərlə 4 min tondan çox azot və fosfor
gübrələri paylanmışdır. Fermerlərə 50
faiz güzəştli qiymətlərlə 136 ton yüksək
reproduksiyalı buğda toxumu satılmışdır.
Aqrar bölmənin
inkişafına dövlətin göstərdiyi diqqət və
qayğı sayəsində ötən il rayonda bütün təsərrüfat
sahələri üzrə 50,4 min hektarda əkin
aparılmışdır. Bu, 2003-cü ildəkindən 8,8 min
hektar, 2007-ci ildəkindən isə 4,6 min hektar çoxdur. İl
ərzində əvvəlki ildəkindən 4619 hektar çox
sahədə taxıl əkilmiş, 18,7 min ton çox məhsul
götürülmüşdür. 2008-ci ildə 2003-cü və
2007-ci illə müqayisədə, pambıq istisna edilməklə,
digər bitkiçilik məhsulları üzrə istehsal xeyli
artmışdır. 3176 ton pambıq, 13,5 min ton şəkər
çuğunduru, 3,4 min ton kartof, 15,4 min ton bostan-tərəvəz
məhsulları, 7,5 min ton meyvə, 1,3 min ton üzüm, 400
tondan çox dən üçün qarğıdalı və
paxlalı istehsal edilmişdir.
Rayonda heyvandarlıq daha
yüksək templə inkişaf etmişdir. İri malın
sayı beş ildə 9692 baş, il ərzində 1375 baş
artaraq 52,6 min başa çatmışdır. Qoyun-keçilərin
sayı isə beş ildə 75820 baş, il ərzində 10506
baş artaraq 281,6 min baş olmuşdur. Quşların sayı
beş ildə 30752 baş, il ərzində isə 13449 baş
artaraq 413,3 min başa yüksəlmişdir. Heyvandarlıq məhsulları
— ət, süd, yun, yumurta istehsalı artmışdır. Bu
dövrdə adambaşına 726 kiloqram taxıl (respublika
üzrə 295 kiloqram), 64 kiloqram diri çəkidə ət
(respublika üzrə 36 kq), 312 kiloqram süd (respublika üzrə
165 kiloqram) istehsal edilmişdir.
Sahibkarlığın
inkişaf etdirilməsi sayəsində rayonda məhsul
istehsalı və xidmət sahələrində özəl
sektorun xüsusi çəkisi xeyli artmış, bu göstərici
sənayedə 86,2 faiz, tikintidə 48,6 faiz, nəqliyyatda 99
faiz təşkil etmişdir. Pərakəndə əmtəə
dövriyyəsinin 93 faizi, iaşə dövriyyəsinin və
məişət xidmətlərinin 99 faizi, pullu xidmətlərin
88 faizi özəl sektorun payına düşmüşdür.
Humanitar sahəyə
qayğı
Həyata keçirilən
dövlət proqramları son illərdə humanitar sahədə
də ciddi dəyişiklik yaratmışdır. Təhsil
sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi,
milli-mənəvi dəyərlərimiz əsasında
qurulması Beyləqanda da diqqət mərkəzində
olmuş, qayğı ilə əhatələnmişdir. Son
beş ildə dövlət proqramı çərçivəsində,
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
1680 yerlik 7 ümumtəhsil məktəbi binası,
yardımçı korpus tikilib istifadəyə verilmişdir.
22 məktəbdə əsaslı, 23 məktədə isə
cari təmir işləri aparılmışdır. Ötən
il 220 yerlik 1 orta məktəb tikilmiş, 6 məktəbdə əsaslı
və cari təmir işləri görülmüşdür.
Ötən il Beyləqan
şəhər 1 və 4 saylı orta məktəbləri
üzrə 29, Kəbirli və Əlinəzərli orta məktəblərindən
15 məzunun ali və orta ixtisas məktəblərinə daxil
olması, 8 məktəbdən olan məzunların test
imtahanlarında 500-dən yuxarı bal tolplaması, 2
şagirdin fənn olimpiadalarının respublika mərhələsinin
qalibi olması göstərir ki, təhsildə uğurları
yüksəltmək mümkündür.
Son illərdə 1114 gənc
mütəxəssis dövlət və ya qeyri-dövlət
müəssisələrində işə düzəldilmişdir.
Mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə onlara
13,6 hektar həyətyanı torpaq sahəsi
ayrılmışdır. Asudə vaxtın mənalı və
səmərəli təşkili məqsədilə bir
çox istirahət guşələri istifadəyə
verilmişdir. Mədəniyyət sarayında “Gənclərin
asudə vaxt mərkəzi” yenidən bərpa edilmişdir.
Futbol, voleybol, güləş,
karate, şahmat və digər idman növlərinin kütləviliyinə
nail olunmuşdur. Onlarca gənc idman yarışlarında
layiqli yerlər tutmuş, bir idmançı 2008-ci ildə
Avropa çempionu olmuşdur. Gənclərin potensial
imkanlarından maksimum istifadə olunmasını təmin etmək
üçün rayonda müasir tipli olimpiya kompleksinin
tikintisinə ehtiyac duyulur.
Əhaliyə göstərilən
səhiyyə xidmətinin vəziyyəti rayon icra hakimiyyətində
keçirilən müşavirələrdə dəfələrlə
təhlil olunmuşdur. Səhiyyə müəssisələrinin
dislokasiyasına özəl klinikalar açılması
imkanlarına baxılmışdır. Mərkəzi Xəstəxana
I Şahsevən və Təzəkənd xəstəxanaları
təmir olunmuşdur. Örənqala xəstəxanası yeni binaya
köçürülmüşdür. Eyvazlılar həkim
məntəqəsi yenidən qurulmuş, lazımi inventar və
avadanlıqlarla təchiz edilmişdir. “VİVA-L” özəl
tibbi mərkəzində müasir tibbi avadanlıqlardan istifadə
edilməklə, diaqnostik müayinəyə və müalicəyə
başlanılmışdır.
Rayon əhalisinə 2 mədəniyyət
və istirahət parkı, 17 mədəniyyət evi, 18 klub
müəssisəsi, 47 kitabxana, 700 yerlik mədəniyyət
sarayı xidmət göstərir. Ötən il mədəniyyət
sarayının qəza vəziyyətində olan binasında,
13 mədəniyyət və mədəni maarif müəssisəsində
əsaslı və cari təmir işləri
aparılmışdır. İnventar və avadanlıqla təchizat
üçün 56,4 min manat vəsait xərclənmişdir.
Bir sıra mədəniyyət evlərinin, klub və
kitabxanaların maddi-texniki bazası zəifdir. 12 mədəniyyət
evinin, 14 klubun, 33 kitabxananın əsaslı təmirə ciddi
ehtiyacı var. Bir çox mədəniyyət obyektlərində
məcburi köçkünlərin məskunlaşması
normal fəaliyyətə əngəl törədir.
Hər şey insan
üçün
Hesabat ilində
müharibə və əmək veteranlarının, əlillərinin,
şəhid ailələrinin, himayədən məhrum
olmuş vətəndaşların sosial qayğıları
rayon icra hakimiyyətinin diqqət mərkəzində
olmuşdur. Qarabağ müharibəsində
sağlamlığını itirmiş vətəndaşlara
və şəhid ailələrinə şəhərin mərkəzində,
Qəhrəmanlı və Türklər qəsəbələrində
yaşayış evləri tikilmişdir. 213 müharibə əlilinə
orta hesabla 60 manat aylıq müavinət, 28 Çernobıl əlilinin
hər birinə 110 manat birdəfəlik yardım, 200 şəhid
ailəsinə hər ay 100 manat Prezident təqaüdü
verilir. 135 nəfər əlilə, şəhid ailəsinə,
tənha və kimsəsiz vətəndaşa müxtəlif
növ sosial xidmətlər göstərilmişdir. 1210 nəfər
sosial reabilitasiya xidmətindən istifadə etmişdir. 2800
aztəminatlı ailəyə ünvanlı dövlət
sosial yardımı təyin edilmişdir. Hazırda əmək
və sosial pensiya alan 16132 nəfər vətəndaşa
plastik kartlar vasitəsilə xidmət göstərilir.
Ötən il rayonun
ümumtəhsil və peşə məktəblərində,
uşaq bağçalarında, digər inzibati binalarda məskunlaşmış
Cəbrayıl, Fizuli və Xocavənd rayonlarından olan məcburi
köçkün ailələri Biləsuvar, Fizuli və Beyləqan
rayonu ərazisində salınmış yeni qəsəbələrə
köçürülmüşdür. 5140 nəfər vətəndaş
bu və ya digər problemin həlli ilə əlaqədar Rayon
İcra Hakimiyyəti başçısının qəbulunda
olmuşdur.
Rayon icra hakimiyyəti
başçısının müavinləri, şöbə
müdirləri tərəfindən 3200-dən artıq vətəndaşın
müraciətlərinə baxılmışdır.
Son beş ildə yerli
özünüidarəetmə orqanlarının müvafiq
qanunvericiliyin tələblərinə uyğun fəaliyyəti
üçün hər cür şərait
yaradılmışdır. Bu dövrdə bələdiyyələrin
işinin təşkili və istiqamətləndirilməsinə
xidmət edən bir çox tədbirlər
görülmüşdür. Dövlət büdcəsindən
ayırmalar hesabına bu qurumlara təxminən 190 min manat həcmində
dotasiya verilmişdir. Hazırda şəhər, qəsəbə
və kəndlərin sosial-iqtisadi inkişafında,
abadlıq, quruculuq işlərində ictimai-siyasi və yerli əhəmiyyətli
məsələlərin həllində bələdiyyələr
icra strukturları ilə birgə fəaliyyət göstərirlər.
Rayon icra hakimiyyətinə
daxil olmuş bir sıra müraciətlərdə dövlət
başçısı İlham Əliyevin yeritdiyi daxili və
xarici siyasət xətti dəstəklənir, onun
Dağlıq Qarabağ probleminin həllinə dair prinsipial
mövqeyi bəyənilir, son beş ildə rayonda aparılan
genişmiqyaslı quruculuq işləri təqdir edilir, ən
müxtəlif məsələlər haqqında arzu və təkliflər
bildirilir. Bütün bu təkliflər 2009-cu ildə fəaliyyətin
prioritet istiqamətləri kimi qəbul olunub, onların həlli
üçün bütün imkanlardan istifadə nəzərdə
tutulur.
Son 5 ildə və
ötən il rayonun sosial-iqtisadi inkişafının nəticələrinə,
qarşıda duran vəzifələrə həsr olunmuş
ümumrayon müşavirəsində əminliklə qeyd
edilmişdir ki, beyləqanlılar bundan sonra da Prezident İlham
Əliyevin modernləşmə, islahatlar və tərəqqi
strategiyasını dəstəkləyəcək,
mühüm dövlət qərar və
tapşırıqlarının dönmədən həyata
keçirilməsini təmin edəcəklər.Rayon ictimaiyyəti
öz gücünü səfərbər etməklə
müstəqil respublikamızın çiçəklənməsi,
xalqın rifahının yüksəldilməsi naminə
uğurları artıracaqdır. Rayonda səfərdə olarkən
bu əzm və iradənin bir daha şahidi olduq. Qədim Beyləqan
torpağı XXI əsrin ilk onilliyində öz tarixinin ən
yüksək mərhələsini yaşayır, sabaha daha
böyük arzularla gedir.
Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV,
Xalq qəzeti.- 2009.- 11 aprel.- S. 6.