Azərbaycanın düzgün xarici siyasəti ölkəmizin
beynəlxalq nüfuzunu
daha da artırır
Viktor YUŞŞENKO:
Prezident İlham Əliyev Azərbaycanın inkişafı,
möhkəmlənməsi üçün bu mühüm, nadir
bir vaxtda ölkəsini daim müsbət qiymətləndiriləcək
bir yolla aparır
Ölkəmizin
sosial-iqtisadi inkişafı, rəsmi Bakının regionun və
ümumiyyətlə, Avrasiyanın bir çox problemlərinin
həllində təşəbbüskarlıqla
çıxış etməsi, ordu quruculuğundakı nailiyyətlərin
iti sürətlə artması və bir çox başqa məqamlar
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna öz
müsbət təsirini göstərməkdədir. Xüsusən,
əsas insan hüquq və azadlıqlarının qorunması
məsələsində Azərbaycanın əldə etdiyi
uğurlar beynəlxalq aləmdə daha böyük maraqla
qarşılanır. Ancaq region siyasətçiləri və
politoloqlar ölkəmizin ən böyük nailiyyətlərinin
məhz xarici siyasətdə əldə edildiyini söyləyirlər.
Bu isə, ilk növbədə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll edilməsi üçün
aparılan danışıqların rəsmi Yerevanı dalana
dirəməsində, eləcə də Ermənistan dövlətinin
beynəlxalq aləmdə təklənməsində
özünü göstərir.
Təbii ki, Azərbaycan
öz dövlət müstəqilliyini əldə edəndən
sonra dünyanın digər ölkələri ilə
yanaşı, ənənəvi tərəfdaşlarımız
olan region ölkələri ilə də əməkdaşlığı
genişləndirdi. Bu baxımdan Rusiya, Türkiyə, İran,
Ukrayna, Gürcüstan, Qazaxıstan və başqa ölkələrlə
olan tarixi münasibətlər daha da geniş miqyas aldı. Aprelin
9-10-da Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti
Viktor Yuşşenkonun Bakıda keçirdiyi görüşlər,
aparılan danışıqlar və imzalanan sənədlər
ölkələrarası əlaqələrin miqyasını
daha da genişləndirdi. Sənədlərin imzalanması mərasimindən
sonra Ukrayna Prezidentinin mətbuat üçün verdiyi bəyanatda
həmin məqam daha aydın şəkildə görsənirdi:
“Biz indiyə qədər 27 müqavilə, rəsmi məlumat,
memorandum imzalamışıq. Bu gün onların
sırasına daha 8 ikitərəfli müqavilə və
saziş əlavə etdik. Bizim strateji xarakterli münasibətlərimiz
bu gün daha geniş normativ hüquqi baza əldə etdi”.
Qeyd edək ki, Ukrayna
dövlətlərarası münasibətlərin
bütün sahələrində olduğu kimi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll edilməsi məsələsində
də daim Azərbaycanın mövqeyini müdafiə
etmişdir. Cənab Yuşşenko bu məqamı Azərbaycan
Prezidenti İlham Əliyevin ali qonağın şərəfinə
verdiyi rəsmi ziyafətdəki nitqində daha aydın şəkildə
ifadə etmişdir: “Aramızdakı etimad elə səviyyədədir
ki, qarşılıqlı milli dövlət siyasətini — bu
və digər dövlət üçün səciyyəvi
olan həssas məsələlərə çox həssaslıqla
reaksiya verən siyasəti qurmağa imkan verir. Mən nəyi
nəzərdə tuturam? Onu nəzərdə tuturam ki,
Dağlıq Qarabağda siyasətdən, Birləşmiş
Millətlər Təşkilatının Baş Məclisində
qəbul edilmiş məsələlərdən söhbət
gedəndə, Ukrayna dost Azərbaycanı bu məsələdə
dəstəkləməkdən başqa ayrı bir variantın
olması barədə heç düşünmədi də”.
Yuxarıda qeyd etdiyimiz kimi, artıq bütün dövlətlər
belə düşünür və Azərbaycan Ermənistanın
təklənməsinə nail olur.
Ermənistan siyasətçilərinin
Azərbaycanın xarici siyasətinin gedişləri
qarşısındakı acizanə duruma
düşdüyünü özündə əks etdirən
bir çox məqamlar vardır. Aprelin 2-də Litvanın
paytaxtı Vilnüsdə ölkəmizi təmsil edən sərbəst
güləş ustalarından üç nəfərin Avropa
çempionu adına layiq görülməsi dünyanın
idman ictimaiyyəti tərəfindən böyük maraqla
qarşılandı. Bizim idmançılarımız 4
qızıl medal alanda ermənilərin cəmi 2
aşağı əyarlı medalı var idi. Belə nəticəni
yüksək qiymətləndirən APA informasiya agentliyinin
internet saytında maraqlı sərlövhə verilmişdi:
“Avropa çempionatında Azərbaycan fırtınası”. Həmin
sərlövhəni oxuyanda fevral ayında Ermənistan internet
saytlarının birində oxuduğumuz səhifə yada
düşürdü: “Azərbaycanın xarici siyasəti Ermənistanda
fırtına törədir”. Bədxah
qonşularımızın həqiqəti obyektiv qiymətləndirməyi
bacaran siyasətçiləri Ermənistanın beynəlxalq
aləmdə təklənməsinin səbəbini Azərbaycan
dövlətinin xarici siyasətində axtarır və
tapırlar. Fikrimizcə, bizim xarici siyasətimizə
dünyanın aparıcı dövlət xadimlərinin,
nüfuzlu politoloqların və mötəbər beynəlxalq
təşkilatların verdiyi qiymətlə yanaşı
düşmənlərimizin münasibəti də önəm
kəsb edir. Yəni ermənilər Azərbaycan
diplomatiyası qarşısında aciz qaldıqlarını
açıq şəkildə etiraf edirlər.
Qonşu ölkənin
“Tert.am” və “Tert.am.am” internet saytları tez-tez Ermənistanın
aparıcı mətbuat vasitələrinin əsas
materialları barədə söz açırlar. Ermənistan
qəzetləri Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya,
Azərbaycan-ABŞ, Azərbaycan-Avropa əməkdaşlığı
barədə bütün məqamları ən incə
detallarına qədər izləyir, öz dövlət rəhbərlərini
ayıq olmağa çağırırlar: “Azərbaycanın
sosial-iqtisadi inkişafı və öz ordusunu möhkəmləndirməsi
də bizim üçün Bakının xarici siyasəti qədər
təhlükəli deyildir”. Biz erməni mətbuatında
“İlham Əliyev Xəzər nefti hesabına Avropanı Ermənistandan
üz döndərməyə vadar etdi”, “Yeni Əliyevin
Rusiyaya hər səfəri Ermənistan üçün
ağır nəticələr verir”, (aprelin 16-da bu qəbildən
olan növbəti səfər baş tutacaqdır)
“ABŞ-ın Ermənistana münasibətinin
soyumasının kökləri Vaşinqtonda deyil, Bakıda
axtarılmalıdır” — və sairə ifadələrə
tez-tez rast gəlirik. Bütün bunlar Azərbaycan Prezidentinin
hələ iki il əvvəl ölkəmizin xaricdəki
diplomatik nümayəndəliklərinin rəhbərlərinin
ənənəvi toplantısında söylədiyi “Biz bədxahlarımıza,
torpaqlarımızı işğal etmiş bədnam
qonşularımıza qarşı daim hücum mövqeyində
durmalıyıq” — çağırışının nəticələridir.
Həmin çağırışdan sonra, ümumiyyətlə
isə 2003-cü ilin payızından bəri Azərbaycan
diplomatiyası işğalçı Ermənistana öz
yerinin göstərilməsi istiqamətində çox qətiyyətli
addımlar atmışdır. Bu addımları Heydər Əliyev
Fondunun həyata keçirdiyi layihələr və gündən-günə
daha da mütəşəkkilləşən Azərbaycan
diasporunun çoxsaylı tədbirləri daim zənginləşdirmiş,
səmərəli etmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ulu öndər
Heydər Əliyevin işləyib hazırladığı
xarici siyasət kursumuzun məhz ulu öndərin arzu etdiyi səviyyədə
icra edilməsinin verdiyi nəticələri yüksək qiymətləndirir:
Mart ayının 20-də Bakıda izdihamlı Novruz bayram
şənliyində nitq söyləyən dövlət
başçımız rəsmi Bakının münaqişənin
həll edilməsi üçün aparılan
danışıqlara sədaqət göstərməsindən,
sülh yolu ilə həllin gündəlikdə əsas məsələ
olaraq qalmasından, beynəlxalq təşkilatların vasitəçiliyinə
ehtiramla yanaşılmasından danışmışdır. Ancaq
eyni zamanda, dövlət başçımız Azərbaycan
Respublikasının qətiyyətini də nümayiş
etdirmişdir: “Biz bütün imkanlardan istifadə edirik ki, bu
məsələni ədalətli, beynəlxalq hüquq
normalarına uyğun şəkildə həll edək. Həm
iqtisadi imkanlarımızı, həm də diplomatik səylərimizi
artırırıq. Eyni zamanda, hərbi gücümüzü
artırırıq və ötən il Azərbaycanda
keçirilmiş hərbi parad bizim nə qədər
güclü ordu potensialına malik olduğumuzu bütün
dünyaya sübut etdi. Biz çalışırıq ki, məsələ
sülh yolu ilə həll edilsin. Ancaq eyni zamanda, məsələ
ədalətli həll olunmalıdır, beynəlxalq hüquq
normalarına uyğun şəkildə, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməlidir.
Qondarma Dağlıq
Qarabağ rejiminə heç vaxt müstəqillik verilməyəcəkdir.
Azərbaycan öz torpaqlarının itirilməsi ilə
heç vaxt barışmayacaqdır. Biz nə qədər
güclü olsaq, məsələnin həlli bir o qədər
yaxın olacaqdır. Son beş il ərzində bu istiqamətdə
çox böyük diplomatik, siyasi, iqtisadi, hərbi tədbirlər,
təbliğat işləri görülmüşdür".
Yeri gəlmişkən
qeyd edək ki, Azərbaycanın Avrasiyadakı bir çox
iqtisadi layihələrin iştirakçısı və hətta,
onların əksəriyyətinin təşəbbüskarı
olması bilavasitə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli şəkildə
həll edilməsinə mühüm zəmin yaradır. Avrasiya
enerji sammitləri, xüsusən, ötən il Bakıda
keçirilmiş Beynəlxalq Enerji Sammiti ölkəmizin
regiondakı aparıcı rolunu qat-qat artırmış oldu. Bakı-Tbilisi-Qars
dəmir yolu layihəsinin reallaşması üçün rəsmi
Bakının göstərdiyi prinsipiallıq isə bir
çox Avropa və Asiya ölkəsinin Azərbaycana
münasibətini köklü surətdə korrektə etməsi
ilə nəticələndi. Hələ üç-dörd il
əvvələ qədər ikili standartlardan əl çəkə
bilməyən ölkələr və siyasətçilər
birmənalı şəkildə bəyan etdilər ki,
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi şərtiylə
həll edilməlidir. 2005-ci ilə qədər “Biz Azərbaycan
və Ermənistan rəhbərliyinin gələcəyi istənilən
ortaq məxrəci dəstəkləyirik” — deyə hər iki
dövlətin rəğbətini qazanmaq istəyən beynəlxalq
təşkilat rəhbərləri nəinki Azərbaycan rəsmiləri
ilə, hətta Ermənistanın dövlət
başçıları ilə görüşlərdə də
açıq bəyanat verməkdən çəkinmədilər:
“Dağlıq Qarabağ müstəmləkə deyildir,
müstəqil Azərbaycan dövlətinin bir hissəsidir”. Yaxud,
“Torpaqların silah gücünə ələ keçirilməsi,
hansısa dövlətin ərazisində zor gücünə
yeni dövlət yaradılması ənənəsi orta əsrlərdə
qalmışdır” və sairə. Yəni Prezident İlham Əliyevin
yeritdiyi prinsipial və ardıcıl siyasət nəticəsində
Dağlıq Qarabağ münaqişəsi ətrafında
yaranmış duman dağılır və məsələnin
həllində aydınlaşma prosesi yaranır.
Dağlıq Qarabağ
münaqişəsi ətrafında aydınlaşma prosesi
getdikcə isə ermənilər beynəlxalq aləmdəki
erməni lobbisinin son qüvvələrindən istifadə etməklə
olsa belə Türkiyə-Ermənistan sərhədlərinin
açılmasına çalışdılar. Bu məsələyə
hətta dünyanın ən önəmli siyasətçilərini
də qata bildilər. Ancaq Azərbaycan dövləti, xüsusən
Prezident İlham Əliyev dünya ictimaiyyətinə aydın
şəkildə başa saldı ki, Dağlıq Qarabağ
münaqişəsi həll edilməyincə, Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmayınca
Türkiyə-Ermənistan sərhədlərinin
açılması regiondakı siyasətdə ciddi korrektələrə
səbəb ola bilər. Azərbaycan xalqı bu məsələyə
ciddi şəkildə etiraz etməklə yanaşı,
Türkiyə ictimaiyyətinin də açıq münasibət
bildirməsini tələb etdi. Bütün hallarda olduğu
kimi xalqımız yenə də öz milli maraqlarını
qorumaq məsələsində dövlətin siyasətini
kifayət qədər dəstəklədi.
Azərbaycan
xalqının öz liderinə olan inam və etimadının
gündən-günə artmasının əsas səbəblərindən
biri məhz Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün həyata keçirilən tədbirlər
zamanı dövlət başçımızın göstərdiyi
qətiyyətdir. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu
il mart ayının 30-da “İzvestiya” qəzetində
verilmiş geniş müsahibəsində də xalqın
öz liderinə olan inamı, dövlətimizin qüdrətlənməsi
və beynəlxalq aləmdə Azərbaycana münasibətin
yeni çalarlarla zənginləşməsi öz əksini
tapmışdır: “Biz on il əvvəlki ölkə deyilik. Biz
dəyişmişik və özümüzə qarşı
münasibəti də dəyişirik”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 12 aprel.- S. 1.