Kənd təsərrüfatının inkişafına dövlət qayğısı

 

Kənd təsərrüfatının inkişafına dövlət qayğısı ilbəil artırılır. Faktlara diqqət yetirək. Prezident İlham Əliyev 23 yanvar 2007-ci il tarixdə “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncam imzalayıb. Həmin sərəncama əsasən göstərilən tarixdən mineral gübrələr istehsalçılara güzəştli şərtlərlə satılır.

Məsələn, ötən il satıcı təşkilatlar tərəfindən istehsalçılara güzəştlə 68435,8 ton mineral gübrə satılmışdır ki, onun da dövlət büdcəsindən ödənilən 50 faizlə dəyəri 6 milyon 724 min 284 manat təşkil etmişdir. Bundan başqa, kənd təsərrüfatı istehsalçılarına əkin sahələrinin becərilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına yanacaq və motor yağları güzəştli şərtlərlə verilmişdir. Eyni zamanda, 505303,54 hektar sahədə aparılan buğda səpininə görə 154330 istehsalçıya 62 milyon manat maddi yardım göstərilməsi qərara alınmışdır.

Dövlətin diqqət və qayğısı təbii ki, öz bəhrəsini vermişdir. Belə ki, 2008-ci ildə müvafiq illərin faktiki qiymətləri ilə kənd təsərrüfatında 3,3 milyard manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2007-ci ildəkindən 535 milyon manat çoxdur.

Ötən il regional Dövlət Proqramının icrası uğurla başa çatdırılmışdır. Bu mühüm dövlət sənədlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi də aqrar sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. Ötən il qarğıdalı da daxil olmaqla 904,7 min hektar sahədən ilkin çəkidə rekord səviyyədə — 2498,3 min ton taxıl məhsulu toplanmış, hektarın orta məhsuldarlığı 2007-ci ilə nisbətən 0,5 sentner artaraq 27,6 sentnerə yüksəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında demişdir ki, 2009-cu ildə sahibkarlara veriləcək kreditlərin həcmi 120 milyon manat həcmində olacaqdır. Bununla bərabər, fermerlərə subsidiyaların verilməsi davam etdiriləcəkdir.

Dövlət başçısı həmin nitqində taxıl istehsalının artırılmasında əldə edilən uğurlardan da danışmışdır. Prezident göstərmişdir ki, ölkədə ərzaq təhlükəsizliyinə əsasən nail olunmuşdur. Bununla belə çalışmaq lazımdır ki, Azərbaycan özünü bütün strateji məhsullarla tam şəkildə təmin edə bilsin.

Xatırladaq ki, əsasən payızlıq bitkilərin hesabına dənli və dənli paxlalıların əkin sahəsinin ötən il 2007-ci ilə nisbətən 22,3 faiz və 165,2 min hektar artması ümumi istehsala müsbət təsir etmişdir.

Ötən il respublikada 6,6 min hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılmış və həmin sahələrdən 185,1 min ton məhsul götürülmüşdür. Bu isə 2007-ci ildəkindən 31,8 min ton çoxdur.

Bitkiçilikdə tərəvəzçilik mühüm yer tutur və onun mövqeyi ilbəil möhkəmlənir. Ötən il 1228,3 min ton tərəvəz məhsulları istehsal edilmişdir. Bu, tərəvəzçilik tarixində ən yüksək nəticədir. Ötən il əksər növ meyvə istehsalının artması hesabına rekord miqdarda — 711,5 min ton meyvə və güləmeyvə istehsal edilmiş, üzüm istehsalı 115,2 min tona çatmışdır. 2007-ci illə müqayisədə meyvə istehsalı 5 faiz, üzüm istehsalı 11,4 faiz artmışdır.

“Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” ölkə Prezidentinin 2008-ci il 4 avqust tarixli sərəncamı ilə buğda istehsalı ilə məşğul olan toxumçuluq təsərrüfatlarına idxal buğda toxumunun satış qiymətinin 50 faizinə, mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt verilmişdir. Heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi, mövcud heyvan cinslərinin yaxşılaşdırılması və damazlıq heyvanların sayının artırılması məqsədilə də istehsalçılara bir sıra güzəştlər edilmişdir.

Aqrar sahənin inkişafında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan “Aqrolizinq” Səhmdar Cəmiyyətinin rolu da danılmazdır. Son iki ildə adı çəkilən cəmiyyət təsərrüfatlara vermək üçün 1090 ədəd traktor, 100 ədəd ekskavator, 2268 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası, 26 kompleks texnoloji avadanlıq, 165160 ton müxtəlif mineral gübrələr və pestisidlər almışdır.

Kənd təsərrüfatında bu il üçün də bol məhsulun əsası qoyulmuşdur. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, kənd təsərrüfatı müəssisələri və ailə-kəndli təsərrüfatlarında cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini optimal aqrotexniki müddətlərdə başa çatdırılmış, payızlıq taxıl sahələrində aqrotexniki tədbirlər aparılmışdır. İlkin məlumatlara görə, 2009-cu ilin məhsulu üçün ötən ilin payızında 1052 min hektar sahədə payızlıq dənli bitkilər əkilmiş, onun 806,8 min hektarını və yaxud 76,7 faizini buğda, 245,2 min hektarını, yaxud 23,3 faizini arpa əkinləri təşkil etmişdir.

Mal-qaranın qışlamadan sağlam və gümrah çıxarılması üçün müvafiq tədbirlərin vaxtında həyata keçirilməsi, habelə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üzrə görülən işlər heyvandarlığın inkişafına öz müsbət təsirini göstərmiş və 2009-cu il yanvarın 1-i vəziyyətinə mal-qaranın baş sayının əvvəlki ilə nisbətən artması ət və süd istehsalının artırılmasını təmin etmişdir. 2009-cu ilin yanvarında diri çəkidə 24,6 min ton və ya 2,4 faiz çox süd, 86,8 milyon ədəd və ya 8,8 faiz çox yumurta istehsal edilmişdir.

Yanvar ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə həcmi 2,1 faiz, o cümlədən heyvandarlıq məhsulları 2 faiz, bitkiçilik məhsulları 4,9 faiz artmışdır.

Xatırladaq ki, 2009-cu ilin məhsulu üçün payızlıq buğda və çəltik səpininə görə subsidiyaların verilməsi nəzərdə tutulmuş və bu məqsədlə 57 rayon (şəhər) komissiyasından 1848 kənd ərazilərini əhatə edən 211233 fiziki və hüquqi şəxsə 29 milyon 680 min 874 manat yardım ayrılması qərara alınmışdır. Artıq həmin vəsaitin istehsalçılara verilməsinə başlanılmışdır.

Göründüyü kimi, dövlət başçımızın “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi haqqında” sərəncamından sonra aqrar bölmənin inkişafı dinamik xarakter almışdır. Bu, əldə edilən uğurların miqyasında özünü daha aydın göstərir. Eyni zamanda, ölkə Prezidentinin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqların, qarşıya qoyduğu vəziflərin layiqincə həyata keçirildiyindən xəbər verir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 12 aprel.- S. 2.