Yenilməz taburun
bir unudulmaz görüşü
Qarabağ müharibəsinin
tarixini yazanlar, haqlı olaraq, belə bir məsələyə
xüsusi diqqət yetirirlər: Azərbaycan silahlı qüvvələrində
döyüş və texniki hazırlıq, ruh yüksəkliyi
və qələbə əzmi 1993-cü ilin sonu — 1994-cü
ilin əvvəllərində yaranmışdı. Bu, heç
də təsadüfi deyildir. Ölkə Prezidenti, Ali Baş
Komandan Heydər Əliyev xalqa tarixi müraciətdən sonra
cəbhə bölgələrinə, bilavasitə döyüş
xəttinə tarixi səfərlər etmiş, əsgərlərlə,
komandirlərlə söhbətlər etmiş, onları
torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə
ruhlandırmışdı.
Belə tarixi
görüşlərin biri də 1994-cü il aprel
ayının 10-da Dağlıq Qarabağ ərazisində,
Xocavənd rayonunun Muğanlı və Kuropatkin kəndlərinin
yaxınlığında olmuşdu. Ölkə Prezidenti cəbhə
xəttinin ən qaynar yerinə gəlmişdi. Burada yerləşən
hərbi hissə şərəfli döyüş yolu
keçmişdi, Qarabağ müharibəsinin tarixinə qəhrəmanlıq
və rəşadət nümunələri
yazmışdı.
Həyatımızın
digər sahələri kimi, ordu quruculuğu da ulu öndərin
adı ilə bağlıdır. Ayrı-ayrı siyasi qüvvələrin
mənafeyinə xidmət edən qanunsuz silahlı dəstələr
buraxıldı. Ordu quruculuğu sahəsində mühüm tədbirlər
işlənib həyata keçirildi. Möhkəm intizam və
qayda-qanun yaradıldı. Azərbaycan ordusunun ilk güclü əks-hücumu
da məhz bundan sonra başlandı. Nəticədə,
bütün cəbhə boyu düşmən ciddi itki verərək
geri oturduldu. Təkcə Arazboyu istiqamətdən Horadiz qəsəbəsi,
20-dən çox yaşayış məntəqəsi azad
edildi. Ulu öndərin cəbhə xəttinə, 161 saylı
hərbi hissəyə gəlişi də bax, belə bir məsul
və həyəcanlı günlərə təsadüf
edirdi.
Elə buradaca 161
saylı hərbi hissə, onun əfsanəvi birinci taburu
haqqında bir qədər ətraflı məlumat vermək
yerinə düşərdi. Bəri başdan onu deyək ki, əslən
Xocavənd rayonunun Muğanlı kəndindən olan
Hüseynov qardaşları Qarabağ müharibəsində
misilsiz qəhrəmanlıq nümunələri göstərmiş,
Vətənə, xalqa, torpağa sonsuz sədaqətin parlaq səhifələrini
yazmışlar. Dağlıq Qarabağ hadisələrinin
başladığı ilk gündən bu qardaşlar əlinə
silah alıb doğma ellərinin müdafiəsinə
qalxmışlar. 5 qardaşın 5-i də ağır
döyüşlərdə iştirak etmiş, dəfələrlə
yaralanmışlar. Onlar bu gün də bədənlərində
düşmən gülləsi gəzdirirlər. Mərdlik,
kişilik, əyilməzlik və qəhrəmanlıq
timsalına çevrilmiş Hüseynov qardaşları ilə
siz də tanış olun, əziz oxucular:
Qardaşlardan biri də
1992—93-cü illərdə 831 saylı taburun batareya komandiri, qərargah
rəisi, 1993—97-ci illərdə 151 saylı taburun komandiri,
sonralar 161 saylı hərbi hissənin 1-ci taburunun komandiri,
ikinci qrup müharibə əlili İlyas Hüseynov idi.
İlyas 1961-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində
anadan olmuşdur.
1979-cu ildə Sovet Ordusu
sıralarına hərbi xidmətə
çağırılmışdır. Tbilisi şəhərində
serjantlıq məktəbində təhsil aldıqdan sonra top
komandiri vəzifəsində xidmətini davam etdirmiş,
1981-ci ildə hərbi xidmətini başa vurmuşdur. 1981-ci
ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərinə
getmiş və qardaşı Əbülfət Hüseynovla
birlikdə biznes fəaliyyəti ilə məşğul
olmuşlar. 1988-ci ildə respublikada baş verən hadisələr
zamanı qardaşlar 10 il ərzində qazandığı hər
şeyi — şəxsi əmlakını, biznesini, təsərrüfatını,
evini tərk edərək Azərbaycana qayıtmışlar.
İlyas Qarabağa
qayıtdığı ilk gündən keçmiş Martuni
rayonunun tamamilə köməksiz qalan azərbaycanlı kəndlərində,
əsasən, Muğanlı kəndində
özünümüdafiə dəstəsinin təşkil
olunması və silahlandırılmasını
özünün əsas vəzifəsi hesab edir. Şəxsi
vəsaiti hesabına Sovet ordusundan silah-sursat alır. Müdafiə
hazırlığı tədbirləri keçirir, əsgərlərin
döyüş qabiliyyətinin yüksəldilməsinə
çalışır. 1992-ci ilin yanvar ayında
Muğanlı kəndinin müdafiəsi üçün ilk rəsmi
bölük yaradılır və İlyas Hüseynov komandir təyin
edilir.
Yanvar ayının 6-da
Qarakənd istiqamətində ermənilərin hərbi
bazalarının ləğv olunması ilə nəticələnən,
elə həmin ayın 11-də və 14-də ermənilərin
Qaradağlı kəndinə hücumlarının
qarşısını almaq məqsədi daşıyan əməliyyatların
əsas təşkilatçısı və
iştirakçılarından biri İlyas Hüseynov
olmuşdur. O, eyni zamanda, 100 mm çaplı
“Doludağıdan” toplardan ibarət bir tağım yaradır.
Bütün döyüşlərin toplarla atəş dəstəyinə
rəhbərlik edir, topçuların döyüş
hazırlığı ilə məşğul olurdu. 15 martda
erməni yaraqlıları ilə dolu bir ədəd KamAZ
avtomobilini və 8 may tarixində düşmənin bir zirehli kəşfiyyat
döyüş maşınını və bir KamAZ
avtomobilini həmin topçular məhv etmişdilər.
1992-ci ilin may
ayının 9-dan sonra bölgədə vəziyyət durmadan
pisləşir, rüh düşkünlüyü əmələ
gəlir. 14 may 1992-ci ildə Əlikram Hümbətovun
başçılıq etdiyi Lənkəran batalyonu
döyüş zonasını tərk edir. Bu vəziyyəti
görən ermənilər hücuma başlayırlar.
Düşmənin güclü təzyiqinə, artilleriya zərbələrinə
baxmayaraq, İlyas və Vətənə sadiq digər
döyüşçülər geri çəkilmir,
mövqeləri əldən vermirlər.
1992-ci il iyul
ayının 15-də Müdafiə Nazirliyinin əmri ilə
Xocavənd rayonundakı kəndlərin
özünümüdafiə dəstələri birləşdirilərək
831 saylı hərbi hissə yaradılır, komandir mayor Əsgərov,
artilleriya batareyasının komandiri isə İlyas Hüseynov
təyin edilir.
1993-cü il avqust
ayının 18-də Xonaşen çayının sol sahilində
yerləşən 704 saylı briqadanın bölmələri
döyüş mövqelərini tərk edərək,
Avşar kəndi istiqamətində geri çəkilir. Ermənilərin
gəlmələri barədə şayiələr
yayırlar. Çox gərgin vəziyyət yaranır. 704
saylı briqadanın geri çəkilən bölmələrinin
mövqelərini tutmaq üçün İlyas ehtiyat
bölüyünə və kəşfiyyat
tağımına əmr verir. Düşmən qüvvəsi
elə bu zaman — tamamilə boş qalmış səngərləri
tutma dövründə hücuma keçir. Hücum
dayandırılır, düşmənin 1 tankı məhv
edilir, iri çaplı pulemyot qənimət kimi
götürülür.
Təxribatçı hərbi
hissə komandirlərinin bu xəyanəti barədə ulu
öndər Heydər Əliyev Milli Məclisin o vaxtkı
yığıncağında danışmışdır. İş
hətta o yerə çatır ki, avqustun 18-də təxribatçılar
yerli əhali və döyüşçülər
arasında vahimə yaratmaq məqsədi ilə müdafiə
mövqelərini və yaxınlıqdakı kəndləri
top və “qrad”lardan atəşə tuturlar. İlyas nümayəndələr
göndərərək kəndləri tərk etməməyi
tapşırır. Bundan sonra cəbhə xəttində
döyüş mövqelərini gücləndirir və beləliklə
də Daştəpə bölgəsinə hücumun
qarşısı alınır. Baş vermiş təxribat
hadisələri barədə dərhal Müdafiə Nazirliyinə
məlumat göndərilir. Səhəri gün İlyas şəxsi
heyət adından Milli Məclisə, ulu öndərə
teleqram göndərərək, bölgədəki
bütün təxribatların qarşısının
alınacağını və torpaqları son damla qanına qədər
müdafiə edəcəklərini bildirmişdir. Sonralar bu
hadisələr araşdırılır və təxribatçı
hərbi hissənin bir qrup zabiti həbs olunur.
Avqust ayının
axırlarında İlyasın başçılıq etdiyi
taburun bazasında müdafiə nazirinin əmri ilə 161
saylı alay yaradılır. Alayın formalaşması bir
neçə ay çəkir və bu dövrdə 161
saylı alayı yalnız 1-ci tabur təmsil edir. İlyasın
səmimiliyi, qeyri-adi igidliyi, vətənpərvərliyi, Azərbaycan
dövlətinə sadiqliyi bu taburu istənilən
tapşırığı yerinə yetirə bilən
döyüşkən bir bölüyə çevirmişdi.
1994-cü il yanvarın
26-da tabur Xocavənd rayonunun Kuropatkin və Muğanlı kəndi
istiqamətində növbəti hücum döyüşü
aparır və ermənilərin xeyli geri çəkilməsinə
nail olur. Artıq, Kuropatkin kəndi alınmaq üzrə idi.
Lakin səhər açılarkən məlum olur ki, sağ və
sol cinahda hücum edən taburlar döyüşə girməyib.
Belə bir şəraitdə düşmən, nəyin
bahasına olursa-olsun, itirilmiş mövqeləri geri qaytarmaq
istəyir, güclü əks-hücum təşkil edir. Qeyri-bərabər
döyüşdə ermənilərin 60 nəfərə qədər
canlı qüvvəsi məhv edilir. 70 nəfərə qədər
əsgər və zabiti yaralanır, 1 tank, 1 BMP, 1 zenit
qurğusu sıradan çıxarılır. İlyasın
taburundan isə 17 nəfər şəhid olur. Bu
döyüş nəticəsində Xocavənd rayonunun xeyli
hissəsi işğaldan azad olunur. Həmin yerlər
Dağlıq Qarabağın yeganə ərazisidir ki, bu
gün də bizim nəzarətimiz altındadır. 1994-cü
ilin fevral ayında İlyas Hüseynov təkrar yaralanır.
Sarıcalı qospitalında tibbi yardım alır, həkimlərin
təkidli etirazlarına baxmayaraq hərbi hissəyə
qayıdır.
10 aprel 1994-cü ildə
ulu öndərimiz cəbhə xəttinə gəlir,
İlyas Hüseynovun rəhbərlik etdiyi taburda olur, əsgərlər
qarşısında çıxış edir, onların xidmətlərini
yüksək qiymətləndirir, əsgərləri qiymətli
hədiyyələrlə mükafatlandırır. Ümummilli
lider Heydər Əliyevin 1994-cü il aprel ayında Xocavənd
rayonu ərazisində cəbhə xəttində əsgərlərlə
görüşündəki nitqindən:
“Mənə komandirlərin
verdiyi məlumatdan görünür ki, təxminən, 3 km
arada məsafə var. Qarşımızda Muğanlı kəndidir,
Kuropatkino kəndidir, başqa kəndlərdir. Bunlar
böyük kəndlərdir. Əsrlər boyu azərbaycanlılar
yaşamış kəndlərdir. İndi o kəndlər də,
o ərazilər də və bir bu kəndlər, bu ərazilər
yox, dediyim kimi, Azərbaycan Respublikasının ərazisinin
böyük bir qismi erməni
işğalçılarının əlindədir. Kəndləri
dağıdırlar, yandırırlar, qaçmış vətəndaşlarımızın,
soydaşlarımızın qalmış əmlaklarını
qarət edirlər.
Bir halda ki, siz
buradasınız, hərbi hissədəsiniz və düşmənlə
üzbəüz ön mövqedə durmusunuz, siz gərək
elə edəsiniz ki, fəaliyyətinizi müvəffəqiyyətlə
başa çatdırasınız. Mən əminəm ki, belə
də olacaqdır. Sizin hamınıza
cansağlığı, xoşbəxtlik arzu edirəm”.
12 aprel 1994-cü ildə
düşmən Mərzili istiqamətindən
Qiyamadınlı kəndi istiqamətində hücuma
keçir. İlyasa hücumun qarşısını almaq
tapşırığı verilir. Qeyri-bərabər
döyüşdə ermənilər canlı qüvvə və
1 tank itirərək geri çəkilməyə məcbur
olur. Aprel ayında düşmən cəbhənin başqa bir
tərəfində — Tərtər, Ağcabədi, Ağdam
bölgəsində hücumlarını gücləndirir. Nəticədə
Ağdam rayonunun Güllücə, Şıxlı, Suma və
Tağıbəyli kəndlərini ələ keçirir. Cəbhə
xəttində yaranmış gərgin vəziyyətlə əlaqədar
olaraq İlyas Hüseynovun taburu həyəcan siqnalı ilə
həmin bölgəyə çağırılır. Cəmi
bir neçə saat çəkən gərgin
döyüşlər onunla nəticələnir ki,
Tağıbəyli və Suma kəndləri düşməndən
azad edilir. Döyüşlərdən sonra İlyasın təqdimatı
əsasında 12 şəxs zabit rütbəsi alır.
1994-cü ilin may
ayından isə atəşkəs rejimi qüvvəyə
minir. Artıq səhhəti İlyasa hərbi qulluğunu davam
etməyə imkan vermir. Bir neçə dəfə
yaralanmış, kontuziya almış İlyas Hüseynov ordu
sıralarından ehtiyata buraxılması barədə
müraciət edir. Cəsur jöyüşçü tərxis
olduqdan sonra da doğma hərbi hissəsi ilə əlaqəsini
kəsmir, daim əsgərlərlə görüşür,
onları qələbəyə ruhlandırırdı.
İlyas Hüseynov Vətənə,
torpağa, Milli Ordumuza xidmət etmişdi. Hələ
sağlığında canlı əfsanəyə çevrilmiş,
xalq arasında böyük hörmət qazanmış
İlyas Hüseynov döyüşlərdə
aldığı ağır yaraların təsirindən
2006-cı il aprel ayının 13-də 45 yaşında
dünyasını dəyişdi. Sağlığında, hər
hansı fəxri addan, mükafatdan dəfələrlə
imtina edən bu qeyri-adi insan ən kiçik imtiyazı belə
qəbul etmədi.
Bunlar Vətən, xalq,
millət deyə döyüşə atılan əfsanəvi
bir taburun, sinələrini düşmən gülləsinə
sipər etməkdən çəkinməyən qeyrət,
namus və qəhrəmanlıq simvollarına
çevrilmiş beş qardaşın keçdiyi şərəfli
döyüş yolundan qeydlərdir.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2009.- 12 aprel.- S. 4.