Məkrli “Turan” atlası tarixi həqiqəti əks etdirmir

 

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun “Xalq qəzeti”nin 18 yanvar 2009-cu il tarixli sayında çap olunmuş “Tarixin ən böyük və ən təhlükəli yalanı” məqaləsində deyilir: “Qazaxıstan və Moskva alimlərinin birlikdə nəşr etdirdikləri və yenicə çapdan çıxmış ”Turan" atlası Turana xəyanətdən başqa bir şey deyildir. Qazax qardaşlarımız beş min illik dövlətçilik tarixi və Turanın tərkib hissəsi olan Azərbaycanın çoxsaylı qüdrətli dövlətlərinin heç birinə “Turan” atlasında yer tapmadıqları halda “böyük səxavətlə” və çox hallarda mətləbə heç bir dəxli olmayan, özü də tarixi xronologiyanı kobud şəkildə pozaraq uydurma “Böyük Ermənistan” xəritəsini təkrar-təkrar “Turan” atlasına daxil etmiş və bununla tarixi Azərbaycan torpaqlarını ermənilərə “bağışlamışlar...”

“Turan” atlası, şübhəsiz, təkcə Qazaxıstan və Moskva alimlərinin deyil, həm də erməni alimlərinin güclü təzyiqi və təhriki ilə yaradılmış və çap olunmuşdur. Çox təəssüf ki, sovet dövründə Azərbaycan tarixçilərinin kənar diqtə ilə yazdıqları saxta əsərlərdə də həqiqət təhrif olunmuşdur. Mənim 60 illik elmi fəaliyyətim, tədqiqat əsərlərim türk dünyasının bu bədxahları və elmin düşmənlərinə qarşı olub, bu istiqamətə yön alıb.

Lakin kim idi buna məhəl qoyan?! Axı o vaxt “aparıcı” alimlər var idi.

Uzun illər çap olunmayan “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” (Bakı, “Gənclik” nəşriyyatı, 1998, 524 səh.) əsərim indi bu məsələni qaldıran və bu “təhlükəli yalana” qarşı duran Yaqub Mahmudovun rəyi ilə işıq üzü görmüşdür. Həmin kitabın son bölməsi — “Azərbaycan tarixini ümumtürk tarixindən təcrid edib öyrənmək olmaz” “Xalq qəzeti”ndə “Mən kiməm, biz kimik” adı altında (2007, 30 iyun, 18 iyul) dərc olunmuşdur.

Azərbaycan sovet tarix elmində əksini tapan, soykökümüzü danan saxtakarlıqlara qarşı yazdığım çoxsaylı məqalələrin birində belə bir hadisə xatırlanırdı: 1956—1957-ci illərin söhbətidir. Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə dərs deməyə dəvət olunmuşdum. Təbii ki, institutun tədbirlərində, onların xeyir-şərində iştirak edirdim. Erməni alimləri professor A.S.Qaribyan, dosent V.Poqosyan və başqaları məni söhbətə tutur, bir növ hücum tonunda deyirdilər: “Ay mart” (ay yoldaş, ay cənab), görünür, sən tarixi yaxşı bilirsən. O, Araz, Kür vadiləri, Qarabağ torpağı tarixən bizim olub ey!..". Mən onlara cavab verməli olurdum: “Axı bu, ola bilməz! ”Kür" sözü əsl türkcədir, xalq etimologiyasına görə, “dəcəl çay” deməkdir. Araz/Əraz sözü də Ər və Az sözlərinin birləşməsidir. Azərbaycan sözünün kökü, ilk sözü də bu Az-dır. Qarabağ sözü, torpağı barədə mübahisə etməyə dəyməz. Tez-tez hallandırdığınız Ərsak/Ərsak sözü də belədir. Ər sakların və ya Sak ərlərin məkanı deməkdir. Saklar da bizim qədim güclü, qüdrətli köklərimizdəndir. Siz bu qədim yer, məkan adlarında ermənicə bircə şəkilçi, bircə səs tapın, göstərin, mən əllərimi qaldırım, təslim olum. Bu torpaqlar haradan sizin ola bilər?!" Erməni alimləri məni fakt qarşısında qoydular: “Ay mart, bunu biz demirik ki! Bunu Azərbaycan MEA-nın Tarix İnstitutu deyir”.

“Turan” atlasının saxtakar alimləri məhz vaxtilə bizim “tarixçi”lərin yazdıqlarından bəhrələniblər. Lakin keçməz! Korlar dünyası deyil. Həqiqət tamam başqadır.
Miladi tarixin I — VIII əsrlərində yenidən yaranan, formalaşan və parlayan imperiya və ya böyük türk xaqanlıqları daha qədimdən əsası qoyulan Turan, Hun imperiyalarının, habelə, Midiy, Sak-Massaget, Atropaten və s. türk dövlət qurumlarının tarixi-ənənəvi davamı idi. Bu dövlətlər Ön Asiyada, Qafqazda, xüsusilə, Azərbaycanda sakin olan türk əhalisinin (və digər kiçik tayfaların) tarixi müqəddəratında, yəni vahid bir istiqamətə (soy ruhu, dini inam, adət-ənənə, dil, ədəbiyyat, sənət və b.) yönəlməsində, inkişaf yoluna düşməsində müstəsna rol oynamışlar.
Qədim türk tarixinin tanınmış tədqiqatçısı L.İ.Qumilyov yazırdı ki, “Türk xaqanlığının sərhədləri VI əsrin sonlarında qərbdə Bizansla, cənubda İran və hətta Hindistanla, şərqdə isə Çinlə kəsişdiyinə görə bu ölkələrin taleyindəki gözlənilməz dəyişikliklər nəzərdən keçirilən dövrdə türk dövlətinin taleyi ilə bağlı idi” (“Qədim türklər”, Bakı—1993, s.12). Akademik V.V.Bartold isə “Xaqanlıq” sözünü imperiya məzmununda işlədirdi: “VIII əsrin ortalarına doğru türklər Çin səddindən tutmuş ta İranla Bizansadək öz imperiyasını yaradıb genişləndirmişlər”. “Orxon” kitabəsində də buna açıqca işarələr var.

“Dədə Qorqud Kitabı”nda bədii əksini tapan VI—VII əsrlərin hadisə və əhvalatlarının, igidlik, mərdlik, ərlik, qəhrəmanlıq ənənələrinin kökləri də çox dərinlərə, miladdan öncəki dövrlərə gedib çıxır. Təsvir olunan hadisələrin səsi daha dərin qatlardan gəlir.

İngilis alimi Lyuis Cofrey “Dədə Qorqud Kitabı”nın ingiliscəyə tərcüməsində alim sövq-təbiiliyilə “Kitab”ın məzmununa, söylənilən fikirlərə uyğun, onun fəaliyyət dairəsini əks etdirən bu xəritəni verib.

Alim bu xəritə ilə “Dədə Qorqud”un məzmunu və tarixi dəlillər əsasında çox gərəkli bir həqiqəti də göstərmişdir: bu ərazi hələ “Dədə Qorqud”dan min il qabaqkı Turan imperiyası torpaqlarıdır. Budur, əslində “Turan”ın mühüm bir hissəsi olan ərazisinin rus alimi B.V.Texov tərəfindən verilmiş xəritəsi (bax: “Skifi Sentralnıy Gafgaz/v VII-VI v. n.e” izd. “Nauka”, (M,1980)

Turan imperiyası. Qafqazla bağlı dalğa.

Turan imperiyası. Ön Asiya ilə bağlı dalğa.

İskit—Oğuz—Türk övladları bu torpaqda azad nəfəs alır, atlarını istədikləri səmtə çapırdılar. Oğuz ərləri bu torpaqları qorumaq, onun şan-şöhrətini artırmaq və s. məqsədilə Qara dəniz sahillərinə, Abxaziya elinədək gedib çıxırdılar. Onlar üçün sərhəd, sədd yox idi. Belə olmasaydı, bu torpaqda, bu ərazidə “Dədə Qorqud Kitabı” kimi dünyaşöhrətli bir dastan-salnamə yarana bilməzdi. İngilis alimi bu reallığı gözəl duyub, görüb.

“Gültəkin” abidələrində Çin əsarəti, əsarətin acı, ağır nəticələri, ondan çıxış yolları ilə bağlı çox qiymətli fikirlər, çağırış və səfərbəredici müraciətlər var. Kitabə məhz tarixi əsər olmaqdan ziyadə yüksək vətənpərvərlik ruhunda yazılmış epitafiya-daş yazısıdır. Bütün dövlətlər üçün ibrət dərsi verən gərəkli və əvəzsiz abidədir. Gültəkin həlak olursa da türk-turan elləri xaqanlıqda birləşdirilir. Müvəqqəti Çin əsarətinə son qoyulur.

Lakin Turan ellərinə daha ağır uzun sürə biləcək fəlakət yaxınlaşırdı. Göy Türk xaqanlığı duymuşdu, hiss etmişdi ki, ərəb əsarəti gəlir, xaqanlıq elə həmin ərəfədədir, artıq işğal başlanıb. Buna görə Bilgə xan (xaqanlığın başçısı) Bars bəy adlı sərkərdəni Azərbaycana göndərir. Ona Xəzər xaqanı adı verilir və Azərbaycan torpaqlarının ərəb işğalından qorunması ona tapşırılır. Bars bəyin adının “Gültəkin” kitabəsinə düşməsi görkəmli türk tarixi şəxsiyyətləri ilə bir sırada xatırlanması əbəs yerə deyildi. Bars bəy barədə ərəb mənbələrinin özündə bu məlumat var. Onun fəaliyyəti Azərbaycanla sıx bağlıdır. Mənbələr yazır ki, Bilgə xan Bars bəyi Xəzər xaqanı adı ilə Azərbaycana — Kür—Araz sahillərinə göndərir ki, işğalçı ərəb qoşunlarını qovub çıxartsın. Və birinci dəfədə parlaq qələbə qazanılır.

Bu barədə ərəb alimi İbn-Əsəm əl Kufi yazır: “Xaqan, xəzərlərin hökmdarı müsəlman olmayan ölkələrin hər tərəfinə nümayəndələr göndərərək onlarla bir inamda, bir tayfada olduğunu bildirdi və onları müsəlmanlarla mübarizəyə çağırdı. Onların hamısı buna razılıq verdi... Bars bəy xaqan xəzərlərdən və müsəlman olmayan tayfalardan ibarət 300 minlik ordu ilə belə döyüşə başladı. Tezliklə o, qoşunla Kür və Araz çayları arasına gəldi. Buradan o, Vərsana getdi, oranı tutdu... Sonra Əl-Cərrah ibn Abdullanın bütün Azərbaycana yayılmış qoşunlarına hücum məqsədilə Vərsandan çıxdı” (Kniqa zavoyevaniy, Bakı—1981, s.21—22). Nəticədə Əl-Cərrahın qoşunları darmadağın edildi, döyüşlərdə birinci vali də həlak oldu.

Ərəb tarixçisi son döyüşü belə təsvir edir: “Xəzərlər Əl-Cərrahın qoşununu qılıncla qarşıladılar və Savalana çəkilən 700 və ya ondan bir qədər də az döyüşçüdən başqa hamısını öldürdülər. Bars bəy İbn Xaqan Əl-Cərrahı axtarıb tapmağı əmr verdi. Və onu meyitlərin içindən tapdılar. Bars bəy onun ölüsünün başını kəsməyi əmr etdi”.

Diqqət edin, Massaget-Sak hökmdarı Tomris işğalçı Kirin (Keyxosrovun) başını da beləcə kəsdirmiş, insan qanı ilə dolu tuluğa salmışdı. Turan torpaqlarına göz dikən düşmənlərin aqibəti belə olmuşdur. Turan torpağı tarixən belə qorunmuşdur.

Bars bəyin adı eyni vaxtda (722—731) yazılmış “Gültəkin” kitabəsində çəkilir, ona bu qəhrəmanlığına görə xaqan rütbəsi verildiyi qeyd olunur: “Bars bəy idi, xaqan adını burada biz verdik, kiçik bacımı ona xanımlığa verdik”.

“Azərbaycan tarixi” (Bakı, 1958) kitabında bu parlaq qəhrəmanlıq səhifəsi öz əksini tapıbmı? Yox! Çünki xalqın tarixini yad əllər yazıb. Tarixi faktlar yox, imperiyanın qadağaları, göstərişləri əsas götürülüb. “Tarixin ən böyük və ən təhlükəli yalanı” buradan başlanır.

Burada haqlı sual ortaya çıxır: Nə vacib imiş ki, Göy türk xaqanlığı Kaspi (Xəzər) dənizinin o tayından Barsı Azərbaycanı ərəb işğalından qorumağa, təmizləməyə göndərirdi? Bu sualın bircə cavabı var: Azərbaycan xaqanlıq torpaqlarına daxil idi, onu əsarətdə qoymaq olmazdı. Bu fikrin təsdiqinə iki faktı da əlavə edək.

Birinci, VI—VII əsrlərdə Azərbaycan dövlət qurumuna görə Göy Türk xaqanlığı ilə eyni bir dövlət, eyni bir ərazi — Turan ərazisi idi. Bunu “Dədə Qorqud” kitabı da təsdiq edir. Belə ki, Böyük Türk xaqanlığı ilə Azərbaycanın mövcud dövlət qurumu bir-birinə tam uyğun gəlir və biri digərini tamamlayır.

Böyük Türk xaqanlığı bu əsas qurumda fəaliyyət göstərirdi: 1. Hökmdar — xaqan Bilgə xan. 2. Vəzir — müdrik Tonyukuk. 3. Ordu komandanı, baş sərkərdə — Gültəkin. 4. Dövlətin fəaliyyətini qeydə alan, yazan, mətn tərtib edib daş kitabələrə həkk etdirən şəxs, dövlət katibi — Yolluqtəkin.

Azərbaycan — Oğuz hökmranlığı bu əsas qurumda fəaliyyət göstərirdi: 1. Xanlar xanı, “padşah” — Bayandur xan. 2. Vəzir — Qazılıq qoca, (sonra, Qorqud ata). 3. Bəylər bəyi, baş sərkərdə, komandan — Qazan xan. 4. Dövlətin fəaliyyətini, hadisələri, qələbələri boy, dastan şəklində düzüb-qoşan, el-el, oba-oba təbliğ edən ədəbi şəxs, dövlət katibi — Dədə Qorqud.

Bu uyğunluq təsadüfi ola bilməzdi, ənənəvi davam edib gələn eyni dövlətçilik sistemi, eyni dövlət qurumu, idarəetmə üsulu idi. Azərbaycan Göy Türk xaqanlığının tərkibində müstəqil dövlət idi. 90 minlik öz qoşunu, milli-xəlqi ordusu vardı. “Dədə Qorqud Kitabı”nda da ölkə müstəqil azad dövlət olaraq təqdim olunur. Təsadüfi deyildi ki, Qazan xan ”Qalın Oğuzun dövləti" sayıldığı kimi, “Türküstanın dirəyi” deyə vəsf olunurdu:

 

Qalmış yigit arxası

Bizə məkan umudu!

Türküstanın dirəgi!

 

Orxon—Yenisey hövzəsi türk yazı mədəniyyətinin qədim məskəni olub, zəngin yazılar, kitabələr burada yaranıb. Əslində, o vaxtkı türk hakimiyyətinin sərhədləri şimala, Şimal Buzlu Okeanınadək uzanıb gedirdi. Və hələ m.ö. III—II əsrlər Şimal Buzlu Okeanı sahilləri Hun-Türk imperiyasının sürgün yerləri, məhbus düşərgələri idi. “Çin sarayında hazırlanan plana görə elçilər Hun xaqanı ilə qəti və sərt danışırdılar. Xaqanı qorxudub diz çökdürmək istəyirdilər. Xaqan da onları həbs etdirib, Şimalın buzlu tundralarına sürgün etdirirdi”. (B.Ögel, “Böyük Hun imperatorluğu tarihi”, I, Ankara, 1981, s.70).

Beləliklə, “Dədə Qorqud kitabı” salnamə, ədəbi əsər olmaqdan ziyadə, Azərbaycan — Oğuz dövlətinin ərəb işğalından əvvəlki, müəyyən dövr ərəb işğalı ərəfəsi, “Oğuz zamanının” tarixidir. Etibarlı əllərlə yazılıb, düzülüb-qoşulub. Daha dürüst desək, eyni tarixdə Yolluqtəkin Orta Asiyada Göy Türklərin tarixini yazıb Sal daşlara həkk etdirdiyi vaxt Dədə Qorqud da Ön Asiyada, Qafqazda Oğuz türklərinin tarixini öz üslubunda, bədii şəkildə qopuzla düzüb-qoşur, ”kitab" bağlayırdı.

Azərbaycan tarixinin VI—VIII əsrləri tariximizin qızıl, qəhrəmanlıq səhifələridir, bu səhifələr dastanlaşmış, bədii şəkil almış və yazılmışdır. Sonra isə ərəb işğalına qarşı 22 illik Babək hərəkatı gəlir...

“Dədə Qorqud” dastanlarının yarandığı dövrdə Azərbaycanda məhz Göy Türk xaqanlığı nəzərində olan Bayandur xan hakimiyyəti, Qalın Oğuz dövlət qurumu vardı. Bu qurum Azərbaycan — türk dövlətçiliyi tarixinin parlaq səhifələrindən sayılmalıdır. “Azərbaycan tarixi” kitabında isə bu tarixi həqiqətdən əsər-əlamət belə yoxdur.

Dünya ədəbiyyatının incilərindən sayılan “Oğuz-namə” — “”Dədə Qorqud Kitabı"nda təsvir olunan, qələmə alınan hadisələr məhz həmin əsrlərdə bu torpaqda — Gəncədə, Şəmkirdə, Dərbənddə, Göyçədə, Qarabağda, hətta Qara dəniz sahillərində baş verib. Bu ərazi hələ m.ö.VII əsrdən mövcud olan Turan imperiyası ərazisinə tam uyğundur və xalq da həmin əhalinin bu ərazidəki davamıdır. Bu torpaqda “Alp ər Tonqa” dastanı yaranıb. Tarixin atası Herodot Midiya hökmdarı Astiaqın, Tomrisin tarixini yazıb. Makedoniyalı İsgəndərlə bağlı el rəvayətləri — hekayələr yaranıb, xalqın mənəviyyat tarixinə düşüb. Lakin Tarix İnstitutu uzun illər buna əhəmiyyət verməyib.

Qazaxıstan və Moskva alimlərinin birlikdə “Daldan atdıqları daş” heç topuğa da dəymir, yan keçir...

Azərbaycan xalqının tarixi yenidən, olduğu kimi yazılmalıdır. Nəhayət, mən kiməm, biz kimik? — Mən Şumer köklü, Az//As əsaslı, iskit soylu, Sak ləyaqətli, Hun əzəmətli, Oğuz nəsilli, Türk əsilli türkəm. Bununla da fəxr edirəm. Millətim türk, dilim türk dili, Vətənim Azərbaycandır, geniş mənada Türküstan elidir.

 

 

Elməddin ƏLİBƏYZADƏ,

filologiya elmləri doktoru

 

Xalq qəzeti.- 2009.- 12 aprel.- S. 4.