Hacıqabul: yeniləşmə və tərəqqi yolunda

 

Hacıqabul rayonunda həyata keçirilən tədbirlər, aparılan abadlıq-quruculuq işləri, ilk növbədə burada yaradılmış sağlam ab-havanın nəticəsində mümkün olmuşdur desək, yəqin ki, yanılmarıq. Uzun illərin baxımsızlığının nəticəsi olaraq yığılıb-qalmış problemlərin həlli istiqamətində ciddi irəliləyişə nail olunmuşdur. Bütün bunlar isə, sözsüz ki, son bir neçə ilin payına düşür. Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov söhbət zamanı maraqlı bir məqama toxundu: dövlət başçısı möhtərəm İlham Əliyevin yorulmaq bilmədən ölkənin problemlərinin həlli üçün çalışması, respublikamızın tərəqqisi və inkişafı naminə sərf etdiyi gərgin əmək bizim hər birimiz üçün ən böyük nümunədir. Yəni biz də heç bir bəhanəyə söykənməməli, problemlərin çoxluğundan gileylənməməli, sadəcə olaraq öhdəmizə düşən vəzifəni ləyaqətlə yerinə yetirməliyik. Bax, bu zaman uğur da olar, irəliləyiş də. İcra başçısının dediklərinə qüvvət olaraq qeyd etmək yerinə düşər ki, ötən ilin, yəni 2008-ci ilin bütün statistik göstəriciləri uğurdan və dinamik inkişafdan xəbər verir.

2008-ci ildə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 92,249 min manat olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 min manat çoxdur. Məhsul buraxılışının əsas hissəsi - 54,1 faizi kənd təsərrüfatının payına düşür. Sonrakı yerləri tikinti - 23,1, ticarət və xidmət - 19,3, sənaye - 1,6, nəqliyyat - 4,7 faiz və digər sahələr tutur. 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında artım 1,3, nəqliyyatda 10,4, rabitədə 31,3, ticarət və xidmət sahəsində 15 faiz, tikintidə isə 2,9 dəfə artım müşahidə olunmuşdur.

Ötən il rayonda 3016 hektarda yazlıq bitkilər, o cümlədən 275 hektar çoxillik otlar, 835 hektar pambıq, 722 hektar tərəvəz, 1614 hektar bostan, 68 hektar günəbaxan, 56 hektar dən üçün qarğıdalı əkilmişdir. Taxıl əkinlərinin sahəsi 8615 hektara çatdırılmışdır. Zəmilərdən 29.610 ton taxıl yığılmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 154 ton çoxdur. Bostan, tərəvəz və meyvə istehsalında da mühüm artıma nail olunmuşdur. Həmçinin 23506 ton bostan, 18772 ton tərəvəz, 5605 ton meyvə məhsulları yığılmışdır. Bu isə analoji dövrlə müqayisədə 376, 32 və 30 ton çoxdur.

Bütünlükdə aqrar bölmədə davam edən artım heyvandarlıqda da özünü büruzə vermişdir. Belə ki, ət istehsalı 4676, süd istehsalı 12670, yun istehsalı 199 ton, yumurta istehsalı isə 112,878 min ədəd olmuşdur. Bu isə 2007-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 385 ton, 50 ton, 4 ton və 38,053 min ədəd çoxdur. Mal-qaranın baş sayı da nəzərəçarpacaq dərəcədə artmışdır. Yanvarın 1-nə iri buynuzluların sayı 2007-ci ilin eyni dövründəkindən 1042 baş artaraq 32.727-yə, xırda buynuzluların sayı isə 4113 baş artaraq 116.438 başa çatmışdır.

Aqrar bölmənin təhlili bir daha göstərir ki, Hacıqabul rayonunda aparılan aqrar islahatlar öz səmərəsini verməkdədir. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar son illər kənd təsərrüfatının daha da sürətli inkişafına səbəb olmuşdur. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli prezident sərəncamı əsasında istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilir. Bu imtiyazla rayonun 3465 nəfər kənd əməkçisi əhatə olunmuşdur. Onlar ilin əvvəlindən indiyə kimi dövlətdən 728.307 manat dövlət yardımı almışlar. Eyni zamanda, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışı təşkil olunur.

Dövlət proqramı çərçivəsində rayonda aqrar bölmənin inkişafına təkan verəcək bir sıra mühüm əhəmiyyətli obyektlərin tikintisi davam etdirilir. Bunlardan Ağsu rayonu ərazisindən başlayaraq Padar, Qarasu və Muğan kəndlərindən keçəcək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişini və Pirsaat çayı üzərindəki su anbarının lildən təmizlənərək yenidən qurulması istiqamətindəki böyük işləri göstərmək olar. Ötən ilin sonuna kimi kanalın 5,5 kilometri çəkilib qurtarmışdır. Bu iki nəhəng layihə həyata keçiriləndən sonra rayonda 15 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil olacaqdır. Bu isə ərzaq məhsullarının həcmini artırmaqla bərabər, yeni iş yerlərinin açılmasına da imkan verəcəkdir.

Kənd təsərrüfatına dövlət qayğısının yüksəlməsi bu sahənin inkişafını sürətləndirməklə yanaşı aqrar bölməyə meyl edənlərin də sayını artırır. Belə ki, 2008-ci ildə Hacıqabul rayonunda 38 ailə kəndli təsərrüfatı yaradılmış və burada 268 nəfər işlə təmin olunmuşdur. Ümumiyyətlə, rayonda 277 ailə, kəndli təsərrüfatı fəaliyyət göstərir ki, onlarda da 1829 nəfər işləyir.

Ötən illərdə olduğu kimi 2008-ci ildə də yerli sahibkarlar Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının yarmarkalarında fəal iştirak etmişlər. İl ərzində paytaxt sakinlərinə 250 ton müxtəlif növ kənd təsərrüfatı məhsulları və 1,2 milyon ədəd yumurta satışı təşkil edilmişdir.

Ötən müddətdə rayonun yaşıllaşdırılması istiqamətində səmərəli iş davam etdirilmişdir. Belə ki, rayon ərazisində 2423 müxtəlif növ ağac, 3000 ədəd gül kolları əkilmişdir.

Rayon əhalisinə telefon xidmətini inkişaf etdirmək üçün 4580 nömrə tutumuna malik 5 ATS fəaliyyət göstərir. Əsas telefon aparatlarının sayı ötən illə müqayisədə 8,9 faiz artaraq 3577 nömrə təşkil etmişdir ki, onların 91,7 faizi əhalinin istifadəsinə verilmişdir. Rayonda hər yüz ailədən 29-nun telefon təminatı vardır. İl ərzində rabitə müəssisələri tərəfindən 263,7 min manatlıq xidmət göstərilmişdir. Əvvəlki ilə nisbətən rabitə xidmətlərinin həcmi 6,7 faiz artmışdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, Hacıqabulda da tikinti, quruculuq, abadlıq işləri daha geniş vüsət almışdır. Bu hərəkat 2008-ci ildə də davam etdirilmişdir. Bu müddətdə rayonda 9274,2 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 21.198 min manatlıq investisiyalar yönəldilmişdir. Bunun 54,7 faizi istehsal təyinatlı sahələrin payına düşmüşdür.

2008-ci ildə rayonda 10,4 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Ümumiyyətlə, rayonda qeydiyyatdan keçmiş 10 tikinti təşkilatının gücü ilə ötən il 6958,1 min manatlıq tikinti quraşdırma işləri görülmüşdür. Bu isə müvafiq dövrlə müqayisədə 2,5 dəfə çoxdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 3 orta məktəb və 6 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Şəhərdə 640 və 300 yerlik yeni məktəb binaları istifadəyə verilmiş, Tava kəndindəki yeni məktəb istifadəyə hazırlanır. Yeni Uşaq Tibb mərkəzində tikinti quraşdırma işləri yekunlaşmaq üzrədir. Qeyd edildiyi kimi, Pirsaat su anbarının lildən təmizlənməsi, Muğan, Padar qəsəbəsində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə suvarma kanalının çəkilişi davam etdirilir. Proqramın icrası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2008-ci ildə rayonda 172 daimi, 840 müvəqqəti iş yerləri açılmışdır.

2008-ci ildə hacıqabulluların iştirakı ilə ümummilli lider Heydər Əliyevin möhtəşəm heykəlinin və muzeyinin açılışı oldu. Eyni zamanda, yenidən zövqlə qurulmuş daha bir park rayon sakinlərinin istifadəsinə verildi. 2008-ci ildə Bələdiyyə parkında əsas işlər başa çatdırıldı. Dəmiryol vağzalı ətrafı yenidən quruldu. Rayon maliyyə şöbəsi üçün inzibati bina istifadəyə verildi. Baytarlıq idarəsi üçün yeni binanın inşası, rayon mədəniyyət evinin əsaslı şəkildə yenidən qurulması başa çatdırıldı. Rayon sosial müdafiə fondu, təhsil şöbəsi üçün inzibati binaların, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərləri idarəsinin Hacıqabul rayon şöbəsi üçün inşa edilən yataqxana binasının tikintiləri də yekunlaşmaq üzrədir.

Rayonda ən iri sənaye müəssisəsi kimi fəaliyyətə başlayacaq Atbulaq kəndində inşa edilən istehsal gücü ildə 30 milyon olan kərpic zavodunun tikintisi aparılmış və burada 250 nəfər işlə təmin olunmuşdur. Zavodun may ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Burada 70 nəfər daimi işlə təmin olunacaqdır.

Rayonun mədəniyyət həvəskarları tezliklə daha bir sevincli gün yaşayacaqlar. Dövlət başçısının tapşırığı ilə yenidən, əsaslı şəkildə qurulmuş mədəniyyət evi öz qapılarını tamaşaçıların üzünə açacaqdır. Eyni zamanda, mədəniyyət evi ilə birlikdə köhnə şəhər klubunun da əsaslı təmiri başa çatdırılmaq üzrədir.

Ötən il vətən uğrunda şəhid olmuş hacıqabulluların uyuduğu dağüstü qəbiristanlığı xiyabana döndərmək məqsədilə xeyli iş görülmüşdür. Rayonun Bakı, Şirvan və Kürdəmir istiqamətlərində yeni giriş qapıları qoyulmuşdur.

İlk növbədə, rayon mərkəzinin şəhər görkəmi alması məqsədilə lazımi tədbirlər görülür. Şəhərin küçələri, səkiləri, meydanları yenidən qurularaq abadlaşdırılır. Xətai küçəsində bir neçə 16 mənzilli binanın həyəti abadlaşdırılmışdır. Ərazidə uşaqların əylənməsi üçün xüsusi yerlər hazırlanmışdır. Şəhərdəki 20 mənzilli 5 mərtəbəli binanın ərazisinə 15 santimetr qalınlığında (1487 kvadratmetr) qum-çınqıl qarışığından əsas qoyulmuş və 1050 kvadratmetr sahəyə asfalt-beton döşənmişdir. Şəhərin Ə.Şıxlinski, Bakı, R.Behbudov, D.Qorqud, Savalan, A.Şaiq, Şəhriyar, V.Dadaşov küçələrinə qum-çınqıl qarışığından (21684 kvadratmetr) əsas qoyulmuş, İ.Qayıbov küçəsinə 3,2, M.Əsədov küçəsinə 1,2, M.Hüseynzadə küçəsinə 1,5, H.Z.Tağıyev küçəsinə 0,7, M.Vaqif küçəsinə 1,2 kilometr uzunluğunda asfalt-beton örtük çəkilmişdir.

Aslanov və H.Həmidov küçələrində 2250 kv.metr ərazidə çala təmiri aparılmış və hamarlayıcı qat verilmişdir. 8 və 9 saylı məktəblərə və Dəmiryol stansiyasına gedən yollara 6160 kvadratmetr asfalt-beton örtüyü qoyulmuşdur. Şəhərin bir sıra ərazilərində elektrik kabelləri yenisi ilə əvəz edilmiş, küçə və xiyabanların fasad hissələri yenidən qurulmuşdur. İ.Qayıbov, H.Əliyev, M.Hüseynzadə küçələrində və Dağüstü massivdə 3400 kvadratmetr uzunluğunda divar qaya daşı ilə üzlənmiş və M.Əsədov, İ.Qayıbov küçələrinə, Şəhidlər Xiyabanında, H.Əliyev parkında, Vağzalətrafı parkda 4244 kvadratmetr sahəyə dekorativ tavalar döşənmişdir.

.Qayıbov, M.Əsədov, M.Hüseynzadə küçələrinə, H.Əliyev parkına, 8 saylı orta məktəb binasına gedən yola mişar daşından hörülməklə 2896 paqonometr bardür qoyulmuşdur. İ.Qayıbov, H.Əliyev küçələrinə 55 ədəd işıqlandırma dirəkləri qoyulmuş, Şəhidlər Xiyabanına, H.Əliyev parkına, Dağüstü massivə 107 ədəd işıqlandırma üçün dirəklər basdırılmışdır.

Heydər Əliyev, İ.Qayıbov küçələrindəki və Dəmiryol ərazisindəki binaların dam örtükləri (6100 kvadratmetr) yenisi ilə əvəz olunmuş, bu ərazidə olan binaların divarları (6350 kvadratmetr) emulsiya ilə rənglənmiş, Heydər Əliyev, M.Əsədov, M.Hüseynzadə, H.Həmidov küçələrində, dəmiryol ərazisində, Şəhidlər Xiyabanında, H.Əliyev parkında hasar və divarlar (4040 kvadratmetr) suvanmışdır. Bundan başqa, imkanı olmayan 8 vətəndaşın şəxsi evlərinin dam örtükləri dəyişdirilmişdir.

Rayonun Qarasu, Abdulyan, Kolanı, Ələtli, Xilə-Bürvənd, Nəvahi, Pirsaat, Talış, Meyniman, Padar kəndləri ərazisinə 9520 kv.metr asfalt-beton örtüyü, Abdulyan, Kolanı, Ələtli, Xilə-Bürvənd, Kürçülü, Atbulaq, Nəvahi, Pirsaat, Meyniman kəndlərinə 1100 kvadratmetr əraziyə 15 santimetr qalınlığında qum-çınqıl qarışığından əsas qoyulmuşdur.

Ümumiyyətlə, ötən dövr ərzində büdcədən kənar 3851,1 min manatlıq vəsait hesabına 1.262,5 min manatlıq abadlıq, 1.660 min manatlıq tikinti və təmir, 928,6 min manatlıq yol təmiri və tikintisi işləri yerinə yetirilmişdir. Yerli büdcədən maliyyələşməklə 179,4 min manatlıq yol tikintisi və təmiri, 142,9 min manatlıq təmir işləri görülmüşdür.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə etibarlı səviyyədə təmin olunması məqsədilə 2008-ci ildə mənzillərə 1212 sayğac quraşdırılmış, elektrik təsərrüfatında bir sıra texniki işlər görülmüş, istismar müddətini başa vurmuş 84 beton dirək yenisi ilə əvəz olunmuş, 4 transformator əsaslı, 9 transformator isə cari təmir edilmiş, 2,5 kilometrdən artıq hava xətləri saz vəziyyətə gətirilmişdir. Şəhərə elektrik verilişi xətlərinin kabellə əvəz olunmasının layihə-smeta sənədləri təsdiq olunmuşdur. Abdulyan kəndində indiyə kimi 570 sayğac yenisi ilə əvəz edilibdir. Talış, Kolanı kəndlərində 460 sayğac dəyişdirilmişdir. Cəmi 7000 metr kabel çəkilmişdir.

2008-ci ildə şəhər və kəndlərin qaz təsərrüfatında təmir və bərpa işləri davam etdirilmişdir. Rəncbər kəndində qaz kəmərinin 250 poqonometri təmir edilmiş, 150 poqonometri isə yenisi ilə əvəz olunmuşdur. Şəhərin Nəsimi, Almazov, Ordubadi, Talıbov, Nərimanov, Axundov, Tağıyev, Həmidov, Qubalıbaloğlan, Pirsaat, Atbulaq, Nəvahi, Qarasu, Muğan yaşayış məntəqələrində 1600 poqonometr boru təmir edilmiş, 300 poqonometri isə yenisi ilə əvəz olunmuşdur.

.Z.Tağıyev küçəsinin qaz təminatını yaxşılaşdırmaq məqsədi ilə 2000 poqonometr boru əsaslı təmir olunmuş, 800 poqonometr boru dəyişdirilmişdir. Mövcud siyirtmə və qaz tənzimləyici şkaflar təmir edilmişdir. Rayonda sayğaclaşma işi başa çatdırılmışdır.

Şəhərin içməli su ilə təminatını qaydaya salmaq məqsədilə su təsərrüfatında müəyyən təmir və bərpa işləri aparılmışdır. Belə ki, Xilə, H.Həmidov və İ.Qayıbov küçələrində 30, M.Əsədov, M.P.Vaqif və Axundov küçələrində 150 poqonometr su borusu yenisi ilə əvəz olunmuşdur. Qızılburun kəndində 65, M.Ordubadi, Y.Şirəliyev küçələrində və Muğan qəsəbəsində 77 poqonometr metal boru dəyişdirilmişdir. Magistral xətlərin üstündə olan 3 ədəd nasaz siyirtmə yenisi ilə əvəz olunmuş, 2 ədədi isə təmir olunmuşdur. M.Axundov, H.Həmidov, H.Z.Tağıyev küçələrində diametri 300 millimetr olan 220 poqonometr yeni su xətti çəkilmişdir. Həmçinin “Birləşmiş Su Kanal” MMC-dən 400 poqonometr boru alınaraq Qubalıbaloğlan kənd sakinlərinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə istifadə olunmuşdur. Şəhər sakinlərinə içməli su verilməsini yaxşılaşdırmaq məqsədilə Hacıqabul-Şirvan dəmiryol xətti boyunca yeni (1500 poqonometr) su xətti çəkilib.

2008-ci ildə rayonda 32 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 3 məktəbəqədər tərbiyə müəssisələri fəaliyyət göstərmişdir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Yeni tikilən məktəblərlə yanaşı bəzi tədris ocaqları əsaslı şəkildə təmir edilmişdir. Şəhər 3 və 6 saylı, habelə Nəvahi qəsəbə 1 saylı orta məktəbləri əsaslı təmir olunmuş, 3 saylı orta məktəb Təhsil Nazirliyi tərəfindən inventar avadanlıqlarla təchiz olunmuşdur. Şəhər 2, 5, 6, 7 saylı orta məktəblərdə istilik sistemlərinin qurulması və yeni qazanxanaların tikintisi həyata keçirilmişdir.

2008-ci il məzunlarının 80-i ali məktəblərə qəbul olunmuş, onlar arasında yüksək bal toplayanlar xeyli artmışdır.

Rayonda 305 çarpayılıq 5 xəstəxana, 12 ambulatoriya müəssisəsi, 68 həkim, 245 orta tibb işçisi əhaliyə səhiyyə xidməti göstərir. Hər 10 min nəfərə 8 həkim, 41,9 orta tibb işçisi düşür. Rayon səhiyyəsinin strukturuna Mərkəzi rayon Xəstəxanası ilə yanaşı, Gigiyena və Epidemiologiya mərkəzi və 75 çarpayılıq dəmiryol xəstəxanası və qovşaq dəmiryol poliklinikası da daxildir.

Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə əsaslı işlər görülmüşdür. Yeni istifadəyə verilmiş poliklinika-xəstəxanaya Səhiyyə Nazirliyi tərəfindən 80 min manatlıq tibbi avadanlıq verilmiş, xəstəxananın terapiya, uşaq poliklinikası, təcili yardım, ginekoloji şöbələri yenidən qurulmuş və təmir edilmişdir. Bütün bunlar əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini qaldırmağa imkan vermişdir. Yeni xəstəxananın ixtisaslı həkimlərlə təminatı istiqamətində müəyyən işlər görülür. Prezident İlham Əliyevin xeyir-duası ilə təməli qoyulan Uşaq Tibb Mərkəzinin tikintisi başa çatmaq üzrədir.

Rayon Mədəniyyət və Turizm şöbəsində 21 klub, 32 müstəqil kitabxana, 1 yeddi illik musiqi məktəbi, “Pir Hüseyn” Xanəgahı tarix memarlıq qoruğu, tarix-diyarşünaslıq muzeyi, 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir. Şöbə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışmış və bir sıra tədbirlər həyata keçirilmişdir. Ötən il rayon səviyyəsində gənc istedadların üzə çıxarılması istiqamətində şöbə tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, qaliblər müəyyənləşdirilmişdir. Klub və kitabxanaların maddi bazasının gücləndirilməsi üçün müəyyən işlər görülmüşdür.

Ümumiyyətlə, ötən il ərzində 38 nəfərə 7,8 min manatlıq maddi yardım göstərilmiş, 1500 nəfərdən çox imkansız, tənha, xəstə və əlil sakinlərə ərzaq məhsulları paylanmışdır. 33 nəfərə müalicə olunmaq üçün pulsuz putyovka, müxtəlif xəstəliklərdən əziyyət çəkən yüzlərcə xəstəyə dərman yardımı edilmişdir. 160 nəfər tənha və ahıl dövlət himayəsində olmuşdur.

Rayon İcra Hakimiyyəti ərazidə məskunlaşan 1556 nəfər məcburi köçkünün və 430 nəfər qaçqının problemlərini daimi diqqət mərkəzində saxlamış, onların sosial ehtiyaclarının imkan daxilində ödənilməsinə səy göstərmişdir.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2009.- 12 aprel.- S. 5.