Hərbi-siyasi bloklar və Azərbaycanın regional balanslaşdırma siyasətinin əhəmiyyəti

 

I MƏQALƏ

 

Dövlətlər arasında ittifaqlar, xüsusilə hərbi-siyasi ittifaqlar hər zaman olmuşdur və bu gün də mövcuddur. Hərbi-siyasi ittifaqların yaranmasında əsas səbəb bir-biriləri ilə xoş münasibətlərdə olan və yaxud xoş münasibətlər qurmaq niyyəti güdən, yaxın və yaxud eyni coğrafi ərazilərdə yerləşən dövlətlərin başqa dövlətlərdən öz təhlükəsizliklərini qorumaq üçün və eləcə də həmin coğrafi məkanlar üzrə maraqları birləşdirmək, həmçinin güclənmək, möhkəmlənmək naminə hərbi və siyasi güclərin birləşdirilməsi marağının olmasıdır.

İttifaqların yaradılması zərurəti müəyyən proseslərlə bağlı olur. Bəllidir ki, dövlət böyüdükcə, iqtisadi və hərbi cəhətdən gücləndikcə, ətraf bölgələrdə, qonşu ölkələrdə, eləcə də strateji əhəmiyyət kəsb edən kənar siyasi məkanlarda baş verən siyasi proseslərdə maraqları da formalaşır. Dövlət (dövlətlər) təbii olaraq müəyyən maraqlara cəlb olunur. Eyni zamanda güclənmiş bir dövlət ətrafdakı digər dövlətlərin də maraq obyektinə çevrilir. Yəni, ətraf dövlətlər güclənmiş bir dövlətdən öz maraqları üçün faydalanmağa çalışırlar. Güclənmiş və böyük olan dövlət də ətraf dövlətlərin ona maraq göstərməsini nəzərə alaraq, onlardan öz maraqlarının təmin olunması üçün istifadə etməyə çalışır. Beləliklə, qarşılıqlı maraq doğuran proseslər həyata keçirilir. Hərbi ittifaqların yaradılması üç mühüm zərurətdən irəli gəlir. Birincisi, böyük dövlətlərin öz imperiya maraqlarını genişləndirmək siyasətinin mövcudluğu və bu yöndə əlverişli coğrafi məkana və hərbi, iqtisadi gücə malik olan dövlətləri öz tərəfinə çəkməsi siyasəti, bununla, əlavə coğrafi məkanlar üzərində siyasi üstünlüyün əldə edilməsi; ikincisi, böyük dövlətlərin imperiya maraqlarının, ərazilərinin, siyasi və hərbi nüfuz dairələrinin başqa bir böyük dövlət və ya dövlətlər tərəfindən qorunması siyasəti; üçüncüsü, böyük dövlət ətrafında (sərhədlərində) yerləşən və bu böyük dövlətin daim təhlükəsi ilə üzləşən və yaxud da təhlükəni hiss edən, gözləyən kiçik və orta gücə malik olan, eyni coğrafi məkanda (bu məkan böyük dövlətin sərhədi boyunca da nəzərdə tutula bilər. Məsələn, Rusiya sərhədləri boyunca yerləşən dövlətləri buna misal çəkmək olar) yerləşən dövlətlərin həmin böyük dövlətdən birgə qorunma istəyinin, marağının olması zərurətidir. Hər üç xarakterli siyasət tarixən dövlətlər tərəfindən həyata keçirilibdir və bu gün də davam etməkdədir. Yuxarıda sadalanan birinci və ikinci zərurətdən irəli gələrək yaradılan hərbi-siyasi ittifaqlar böyük dövlətlər tərəfindən təşkil edildiyindən və rəhbərlik olunduğundan daha möhkəm xüsusiyyətlərə malik olur. Üçüncü zərurətdən irəli gələn ittifaqlar isə böyük ittifaqlara nisbətən zəif olur və əksər hallarda səmərəli şəkildə fəaliyyət göstərə bilmirlər. Bu zərurətdən yaranan və əsasən kiçik və orta gücə malik olan dövlətləri birləşdirən hərbi-siyasi ittifaqlar əksər hallarda böyük dövlətlərin bir-biri ilə maraqların bölüşdürülməsi naminə həyata keçirdikləri mübarizəni daha da möhkəmləndirmək üçün həmin böyük dövlətlər tərəfindən himayə edilir.

Nəzərə almaq lazımdır ki, hərbi cəhətdən ittifaqların yaradılması müəyyən coğrafi məkanlar üzrə formalaşmış və vahid istiqamətli siyasətin həyata keçirilməsini zəruri etdiyinə görə hərbi ittifaqlar təbii olaraq siyasi bloka çevrilirlər.

 

Dövlətlərin hərbi - siyasi ittifaqlarda, bloklarda cəmləşməsi

 

Belə bir prinsipdən çıxış etmək olar: siyasi şərait ittifaqların yaradılmasını zəruri edir, ittifaqlar yeni siyasi şəraiti formalaşdırırlar. Beləcə, qarşılıqlı tənzimləmə prosesləri həyata keçirilir.

Xüsusilə, XX əsrin əvvəllərində, yəni sənayenin inkişaf etdiyi bir dövrdə, iqtisadi cəhətdən güclənmiş dövlətlərin Birinci Dünya müharibəsindən öncə hərbi -siyasi ittifaqlarda birləşmələri xüsusi əhəmiyyət kəsb etməyə başladı. Birinci Dünya müharibəsini məhz “Antanta” və “Üçlər” ittifaqlarına daxil olan dövlətlər törətdilər. Bu müharibədən sonra dünyanın siyasi mənzərəsi də köklü şəkildə dəyişdi. Yeni siyasi mühit formalaşdı. Bir-birindən fərqlənən kapitalizm və sosializm adlanan ideoloji rejimlər kəskin şəkildə cəmiyyətlərə nüfuz etməyə başladı. Dövlətlər isə cəmiyyətlərində bu rejimlərin yaşaması uğrunda siyasi mübarizəni və müharibələri həyata keçirdilər. İdeoloji mübarizə, əslində yeni imperiyaların, məsələn, SSRİ-nin yaranmasına gətirib çıxartdı.

İkinci Dünya müharibəsindən sonra çox güclənmiş və cəmiyyətlərində fərqli ideologiyaların hökm sürdüyü ABŞ və SSRİ kimi nəhəng dövlətlər iki böyük hərbi blok yaratdılar və bloklardan istifadə edərək bir-biri ilə dünyanın geniş şəkildə nüfuz dairələrinə bölünməsi uğrunda müharibələrə və siyasi mübarizələrə başladılar. NATO hərbi bloku Avropa dövlətlərinin maraqlarının qorunması naminə ABŞ-ın rəhbərliyi ilə 1949-cu ildə yarandı və böyük hərbi potensiala malik olan bir quruma çevrildi. Bu qurumdan ehtiyat edərək, həm özünü qorumaq, həm də Şərqi Avropanın Qərbə inteqrasiyasının qabağını kəsmək və Avropadakı dayaqlarını möhkəmləndirmək naminə, digər ideoloji cəmiyyətə xas olan SSRİ isə 1955-ci ildə özünün Şərqi Avropadakı müttəfiq dövlətlərindən ibarət hərbi-siyasi blok olan Varşava Müqaviləsi Təşkilatını yaratdı.

Almaniyanın bölünməsi, Yaponiyanın məğlubiyyəti, Şərqi Avropadakı hərbi və siyasi böhranlar, Çexoslavakiya və Rumıniyadakı hərbi-siyasi hadisələr, Karib böhranı, Koreya, Vyetnam, Əfqanıstan, İraq müharibələri, Şərqi, Cənub- Şərqi Asiyada, Afrika və Cənubi Amerika qitələrində baş verən ideoloji inqilablar, müharibələr, mübarizələr, eləcə də dövlətlərin və xalqların azadlıq uğrunda həyata keçirdikləri müharibələr iki siyasi qütbə bölünmə ilə müşahidə olunan XX əsrin ikinci yarısının siyasi mənzərəsinə xas olan xarakterik xüsusiyyətlər idi. Əsasən Avro-Asiya məkanında siyasi mənzərənin formalaşması proseslərini məhz bloklararası siyasi mübarizələr həyata keçirirdi. Hərbi blokların rəhbərləri dövlətləri öz tərəflərinə çəkməklə, həmin dövlətlərdə cəmiyyətlərə və siyasi mühitə təsir edirdilər. Bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır ki, ideologiya uğrunda radikal siyasi hərəkətlərin nəticəsi olaraq, bir-birilə əks mübarizədə olan iki qütbə başçılıq edən ABŞ və SSRİ hərbi cəhətdən çox nəhəng dövlətlərə çevrildilər və ümumilikdə planeti məhv edə biləcək strateji təyinatlı kütləvi qırğın silahlarına sahib oldular.

1990-cı illərin başlanğıcında SSRİ-nin başçılıq etdiyi Varşava Müqaviləsi Təşkilatı NATO hərbi ittifaqı ilə mübarizədə məğlub oldu. NATO-ya rəhbərlik edən ABŞ özünün və eləcə də ittifaqın iqtisadi və hərbi potensialından istifadə edərək Varşava Müqaviləsi Təşkilatının vaxtilə hökm sürdüyü kiçik və orta gücə malik olan dövlətləri öz tərəfinə çəkməyə başladı. Bu anda iqtisadi cəhətdən həddən artıq zəifləmiş Rusiya özünün parçalanması təhlükəsi ilə üzləşdi. Bu boşluqdan istifadə edən ABŞ Şərqi Avropa dövlətlərini və eləcə də keçmiş SSRİ-nin tərkibində olan müttəfiq respublikaların bir neçəsini öz tərəfinə çəkə bildi. 1990-cı illərin ikinci yarısından 2000-ci illərin ortaları da daxil olmaqla, təqribən 10-12 il ərzində SSRİ-dən ayrılmış Baltikyanı respublikaları, həmçinin Şərqi və Cənub-Şərqi Avropanın bir neçə dövlətini Avropa İttifaqına və NATO-ya tam hüquqlu üzv etdirdi. Bu proses öz sürəti ilə o zamana kimi baş verdi ki, Rusiya daxildə yaşanan iqtisadi böhranın qarşısını ala bildi və daxildə ictimai-siyasi sabitliyi təmin etdi.

 2000-ci illərin ortalarından etibarən isə iqtisadi cəhətdən zənginləşməyə başlayan Rusiya hərbi qüdrətinə arxalanaraq, öz tarixi imperiya maraqlarının təmini istiqamətində “geriyə dönüş” siyasətini həyata keçirməyə başladı. İlk növbədə keçmiş SSRİ ərazisində, Baltikyanı respublikaları çıxmaq şərtilə (Latviya, Litva, Estoniya NATO-nun və Avropa İttifaqının üzvlərinə çevriliblər), Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiyada öz itirilmiş nüfuzunun bərpası siyasətini həyata keçirdi. Rusiya bu siyasətin reallaşdırılması istiqamətində iqtisadi və hərbi güc tətbiqetmə siyasətindən istifadə etməyə başladı. Əvvəlcə Ukraynaya iqtisadi təzyiq göstərdi, Mərkəzi Asiya ilə yaxınlığı bərpa etdi, hətta müəyyən iqtisadi yardımlar göstərmək siyasətini də həyata keçirdi, sonra isə Cənubi Qafqazda hərbi gücdən istifadə etdi.

Yuqoslaviya ittifaqının dağılması ilə Şərqi və Cənubi-Şərqi Avropadakı maraqlarına ciddi zərbələr vurulan Rusiya Avropanı tamamilə əldən verməmək naminə müəyyən tədbirlərə əl atdı.

SSRİ dağıldıqdan sonra Rusiya ABŞ başda olmaqla NATO-nun 1999-cu ildə Yuqoslaviyada, 2002-ci illərdə Əfqanıstanda, 2003-cü ildə İraqda həyata keçirdiyi hərbi əməliyyatlardan ehtiyatlanaraq, öz təhlükəsizliyinin təmin edilməsi uğrunda “güc toplama” siyasətini reallaşdırmağa başladı. Bu məqsədlə özünün strateji siyasətini iki istiqamətdə həyata keçirdi: Birincisi, əsasən ABŞ-a soyuq münasibətdə olan, cəmiyyətində kommunist idelogiyasının hökm sürdüyü və kifayət qədər hərbi, iqtisadi qüdrətə, siyasi çəkiyə malik olan Çini, vaxtilə SSRİ ilə yüksək səviyyəli münasibətləri olan və regionda orta səviyyəli güc sahibi olan Hindistanı və ABŞ-a düşmən mövqedə olan və orta gücə malik olan İranı (bu siyahıya Venesuela, Şimali Koreya, Suriya kimi dövlətləri də aid etmək olar) öz tərəfinə çəkmək; ikincisi, keçmiş İttifaq respublikalarından istifadə etmək. Birinci istiqamətdə Şanxay Əməkdaşlıq Təşkilatı yarandı. Regionun nəhəng dövləti olan Çin bu təşkilata daxil oldu. Bu təşkilata hətta Mərkəzi Asiya respublikalarından da daxil oldular. İran və Hindistan həmin qurumda müşahidəçi qismində iştirak etdilər. İkinci istiqamətdə isə keçmiş SSRİ respublikalarının bir neçəsinin (Rusiya, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan) daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yaratdı. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra hərbi proqramlar həyata keçirildi. Çinlə birlikdə hərbi təlimlər də baş tutdu.

Siyasi hadisələrin gedişatı onu göstərir ki, beynəlxalq əhəmiyyətli bir çox məsələlərdə, məsələn, ABŞ-ın İran siyasətində Çin Rusiya ilə eyni mövqe nümayiş etdirir. Eləcə də digər prinsipial məsələlərdə də Çin Rusiyaya dəstək verir. Lakin bu, o demək deyil ki, Çin regionda tamamilə Rusiyanın maraqlarını müdafiə edir. Bir məsələni unutmaq olmaz, Rusiyanın regiondakı təhlükəsizlik maraqları Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində zəmanətli şəkildə təmin edilə bilməz və azı ona görə ki, Çinin də özünü Mərkəzi Asiyada və Rusiyada iqtisadi və siyasi maraqları, həmçinin indiki zamanda gizli saxlasa da, gələcəkdə reallaşdırmaq istədiyi bir ekspansionist niyyəti vardır. Müvafiq maraqlar gələcəkdə Rusiya üçün təhlükə törədə bilər. Bu gün Rusiya ilə Çinin yaxın münasibətlərinin olması hər iki dövlətin daha çox ABŞ-a qarşı eyni xarakterli siyasət yeritməsindən irəli gəlir. Bu birliyin də kökündə tarixən hər iki dövlətin cəmiyyətlərində hökm sürmüş və Çində hal-hazırda da mövcud olan sosialist-kommunist rejimli cəmiyyətlərin mövcud olması ilə əlaqədardır. Bu baxımdan ABŞ-dan, Yaponiyadan, ümumilikdə kapitalist dünyasından ehtiyatlanmaq amili onları Asiyada birləşdirir. Nəzərə almaq lazımdır ki, Çin Rusiyanın Avropada və Cənubi Qafqazda təhlükəsizliyinin təmin edilməsində elə də xüsusi rol oynaya bilməz və bu rolu oynamaqda da maraqlı deyildir. Bu nöqteyi-nəzərdən Rusiya özündən zəif olan keçmiş SSRİ respublikalarından ibarət olaraq öz ətrafında “təhlükəsizlik zonası” yaratmağın əlverişli olmasını hesab edir.

Bu amilləri nəzərə alaraq, Rusiya hətta son zamanlarda, dəqiq desək, 2009-cu ilin fevral ayının başlanğıcında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində vahid ordunun— kollektiv çevik qüvvələr kontingentinin yaradılması siyasətinə başlayıb. Rusiya Prezidenti Dmitri Medvedevin fikrincə, həmin qüvvələr Rusiya ərazisində dislokasiya olunacaqlar (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çevik kollektiv qüvvələr yaradılması haqqında layihəni razılaşdırıblar -APA-nın məlumatı. 4 fevral 2009-cu il). Rusiya gələcəkdə bu ittifaqı NATO-ya alternativ bir quruma çevirməkdə maraqlıdır. Bu baxımdan Rusiya Prezidentinin köməkçisi Sergey Prixodko qeyd edib ki, kolektiv çevik qüvvələr kontingenti hərbi təcavüzün dəf edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə məqsədilə xüsusi əməliyyatların keçirilməsində, böhran vəziyyətlərinin nəticələrinin aradan qaldırılmasında istifadə olunacaq. Göründüyü kimi, həmin qüvvə NATO-nun hərbi gücünə alternativ olaraq nəzərdə tutulur. Təbii ki, Rusiya ilkin mərhələdə özündə 25-dən çox dövləti birləşdirən NATO-ya bərabər hərbi gücə malik olan ittifaqı formalaşdırmaq iqtidarında ola bilməz. Azı ona görə ki, Rusiyanın rəhbərlik etdiyi ittifaqa daxil olan dövlətlərin özləri hərbi potensial və iqtisadi baxımdan çox zəifdir. Lakin bunlara baxmayaraq, Rusiya SSRİ dönəmindəki hərbi qüdrətini bərpa etməklə müəyyən müddətə kifayətlənmək məqsədini güdür. Onun əsas məqsədi keçmiş SSRİ respublikalarının NATO-ya inteqrasiyasının qarşısını almaqdan ibarətdir.

Bir məsələni unutmaq olmaz ki, imperiya gücünə malik olan dövlətin imperiya siyasəti aparacağı gözləniləndir. Dünyada qütbləşməni, müxtəlif istiqamətli (buna bəzən “çoxvektorlu siyasət” də deyirlər) siyasətə xas olan cəbhələri də məhz imperiya dövlətləri yaradırlar. Nəzərə almaq lazımdır ki, qütbləşməni, çoxvektorlu siyasətin yaranmasını zəruri edən amillər-fərqli ideoloji cəmiyyətlər, geosiyasi şərait, milli və dövlət maraqları, tarixi inkişaf mərhələləri və xüsusiyyətlər, o cümlədən tarixi münasibətlər və s. faktorlardır. Bu gün qlobal siyasi mühitin formalaşmasında, imperiyalar arasında dünyada çoxvektorlu siyasətin həyata keçirilməsində əsas səbəb kimi cəmiyyətlərdəki ideoloji strukturlar bir qədər arxa plana keçsə də, digər amillər mühüm rol oynayırlar.

Son illərdə məhz Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşməsi və tarixi əvəz edən yeni qütbləşmə mənzərəsinin yaranması NATO-nun Şərqə doğru genişlənməsi, Kosovonun müstəqilliyinin tanınması, Xəzər regionunda enerji layihələrində Rusiyanın iştirakdan kənarda qalması, Gürcüstan hadisələri ilə zəruriləşdi. Super və böyük gücə malik olan bu iki dövlət arasında münasibətlərin gərginləşməsində həm də ABŞ-ın Çexiya və Polşada raket əleyhinə müdafiə sistemini quraşdırmaq siyasəti həlledici rol oynayır. Bu baxımdan son zamanlarda Rusiya ABŞ-ın müvafiq siyasətinə cavab olaraq özünün Kalininqrad vilayətində “İsgəndər” tipli raketin quraşdıracağını bəyan etməkdədir. 2009-cu ilin fevral ayında Münhendə keçirilən Təhlükəsizlik konfransında Rusiyanın Baş nazirinin müavini Sergey İvanov bəyan etmişdir ki, əgər, ABŞ özünün Çexiya və Polşada RƏM elementlərini quraşdırmaq siyasətindən əl çəkərsə, Rusiya da öz növbəsində Kalininqrad vilayətində “İsgəndər” adlanan raketlərin quraşdırılması siyasətinə xitam verər. Lakin ABŞ-ın vitse-prezidenti Cozef Bayden ABŞ-ın öz siyasətindən əl çəkməyəcəyini bildirmişdi. Bununla yanaşı, Ukrayna və Gürcüstanın NATO-ya daxil olmaq istəkləri Rusiyanın dövlət təhlükəsizliyinə zidd hesab olunur və bölgə maraqlarını təhlükə altında qoyur. Rusiya Gürcüstana təzyiq vasitəsi olaraq Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb və bu qondarma qurumlarda özünün hərbi bazalarını yerləşdirir. Beləliklə, siyasi mübarizə davam etməkdədir. Belə xarakterli mübarizələr iki dövlət arasında güclü silahlanmaya gətirib çıxarır.

Nəzərə almaq lazımdır ki, böyük gücə malik olan iki dövlətin bir-birindən ehtiyatlanmaq siyasətinə görə hər iki tərəfdən strateji təyinatlı silahların məhdudlaşdırılması siyasəti təxirə salınıbdır. Hətta bəzi siyasi şərhçilər son dövrlərdə dünyada baş verən iqtisadi böhranı siyasi hadisələrlə əlaqələndirirlər və Gürcüstan hadisələrindən sonra dünya iqtisadi böhranının sürətlənməsi və dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini də ABŞ-la Rusiya və İran arasındakı münasibətlərin məzmunundan irəli gəldiyi fikrini irəli sürürlər.

Yuxarıda qeyd edilənlərlə yanaşı, onu da bildirmək lazımdır ki, ABŞ Rusiyaya 1990-cı illərdəki qədər təzyiq göstərə bilmir və buna imkanı çatmır. Təzyiqlər Rusiyanın adekvat cavabı ilə nəticələnir. Məsələn, Gürcüstan hadisələrindən sonra ABŞ hərbi gəmilərinin Qara dənizə gəlməsinə cavab olaraq, Rusiya Venesuelaya hərbi gəmilərini göndərmiş və 2008-ci ilin noyabr ayında birgə təlimlər keçirilmişdir. Bu ABŞ-ın region maraqlarına zidd bir siyasət idi. Bununla yanaşı, Rusiyanın NABUCCO layihəsininin reallaşmasının qarşısını almaq məqsədilə Mərkəzi Asiya respublikalarını öz tərəfinə çəkmək siyasəti və hətta bu məqsədlə müəyyən iqtisadi güzəştlər etmək, maliyyə yardımları göstərmək siyasəti də onu göstərir ki, ABŞ-ın təzyiqlərinə cavab olaraq Rusiya adekvat tədbirlərə əl atmaq imkanlarına sahibdir. Bir məsələni də qeyd etmək lazımdır ki, Rusiya özünün Mərkəzi Asiya siyasətini gücləndirmək və burada ABŞ-ın maraqlarına zərbə vurmaq üçün Qırğızıstan hökumətini ABŞ-ın “Manas” hərbi bazasını bağlatmaq üçün müəyyən addımlar atmağa sövq etdi. Qırğızıstan parlamenti müvafiq qərar qəbul etdı. Rusiya Qırğızıstana təqribən iki milyard dollar məbləğində kredit ayırdı. Buradan görünür ki, Rusiya keçmiş SSRİ respublikalarını təkrarən öz orbitinə çəkmək üçün maliyyə amilindən istifadə edir. Bu siyasəti tarixən daha çox ABŞ həyata keçiribdir. Rusiya, eyni zamanda, özünün adət etdiyi enerji siyasətindən Avropaya təzyiq vasitəsi kimi istifadə edir. 2009-cu ilin başlanğıcında yaşanan Rusiya-Ukrayna gərginlikləri və Avropanın bir müddət qazsız qalması buna əyani sübutdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ABŞ və ələlxüsus, Qərbi Avropa dövlətləri Rusiya ilə münasibətlərin məzmununa yeni çalar qatmaq məqsədilə balanslaşdırma siyasətini daha da gücləndirmək siyasəti güdürlər. Buna bir nümunə olaraq qeyd etmək olar ki, 2009-cu il yanvar ayının 27-28-də NABUCCO layihəsinə dair Budapeşt sammitində Çexiyanın Baş naziri Mirek Topolanek qeyd etmişdir ki, layihə Rusiyaya qarşı yönəldilməyib.Avropa Rusiyanın təklif etdiyi “Cənub axını” layihəsinə də diqqət yetirir və bu layihə üzrə də sammitin keçirilməsi nəzərdə tutulmuşdur.

Balanslaşdırma siyasəti həmçinin təhlükəsizlik məsələlərində də özünü büruzə verir. Belə ki, 2009-cu ilin mart ayının 4-də NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüssel toplantısında Rusiya ilə münasibətlərin yüksək səviyyədə bərpasına dair qərar qəbul olundu.

Məlumdur ki, 2008-ci ilin avqust hadisələrindən sonra NATO Rusiya ilə əməkdaşlığı dondurmaq barədə qərar qəbul etmişdi və Alyans öz qərarını Rusiyanın Gürcüstana hərbi təcavüzü ilə əsaslandırmışdı. Brüssel toplantısında həmçinin Rusiya-NATO Şurasının fəaliyyətinin bərpası da təklif olunub. Bundan əvvəl Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Norveç və İspaniya bəyan etmişdilər ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar əks-səmərə verir.

 

 

Elşən NƏSİBOV,

politoloq

 

Xalq qəzeti.- 2009.- 12 aprel.- S. 3.