Hərbi-siyasi bloklar və Azərbaycanın regional balanslaşdırma siyasətinin əhəmiyyəti

 

Sual oluna bilər: Azərbaycan özünün balanslaşdırma siyasətindən əl çəkib hərbi-siyasi bloklara qoşula bilərmi? Bu suala birmənalı cavab vermək olar: Azərbaycanın hərbi-siyasi bloklara qoşulması onun təhlükəsizliyinə heç bir fayda verməz. Fikrimizi əsaslandıraq.

Birincisi, Dağlıq Qarabağ ərazisi və digər yeddi rayonu işğal altında olan Azərbaycan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanla birgə hərbi iştirakı qəbuledilən deyil. İlk növbədə ona görə ki, sülh danışıqları səmərə verməsə, Azərbaycan hərb yolu ilə öz torpaqlarını Ermənistan işğalından azad etməyi nəzərdə tutur. Bir faktı da unutmaq olmaz ki, Ermənistan vaxtilə Sovetlər Birliyinin dağılmasının ardınca keçmiş SSRİ-yə məxsus hərbi birləşmələrin köməyi ilə Azərbaycan torpaqlarını işğal edib və Rusiyanın hərbi bazalarını öz ərazisində saxlamaqla, bu dövlətin Cənubi Qafqazda strateji müttəfiqinə çevrilib. Ermənistan ordusu mütəmadi olaraq Rusiya tərəfindən silahlandırılır. Hələ 1990-cı illərin ikinci yarısında Rusiya Ermənistana təmənnasız olaraq bir milyard ABŞ dolları həcmində hərbi silah-sursat hədiyyə edibdir. Bundan əlavə, 2009-cu ilin yanvar ayında da daha 800 milyon ABŞ dolları dəyərində silah-sursat bağışladı. Düzdür, Rusiya dəfələrlə bəyan etmişdir ki, bu silahlar Ermənistana verilmir və onun Ermənistandakı hərbi bazalarına göndərilir. Bu baxımdan 2009-cu ilin mart ayının 2-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda keçirilən iclasında təşkilatın katibi Nikolay Bordyuja da bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində yaradılması nəzərdə tutulan ordunun heç bir münaqişəli ərazilərdə hərbi əməliyyatlarda iştirakına icazə verilməyəcəkdir. O cümlədən də Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar bərpa olunarsa, bu ordu həmin hərbi əməliyyatlarda iştirak etməyəcəkdir. Lakin bu bəyanat o qədər də inandırıcı və səmimi deyil. Rusiya ilə Gürcüstan arasında baş verən 2008-ci ilin avqust hadisələri bir daha göstərdi ki, Moskvanın Cənubi Qafqazdakı maraqları strateji əhəmiyyət kəsb edir və o, öz maraqlarını təmin etmək üçün hər zaman hərbi vasitələrə əl atmağa hazırdır. Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması və bu qurumlarda hərbi bazaların yerləşdirilməsi ilə Rusiya regionda əlavə üstünlük əldə edibdir.

Dağlıq Qarabağ münaqişəsində də Rusiyanın birbaşa maraqları vardır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. 2008-ci ilin avqust ayında baş verən Gürcüstan hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsini tamamilə nəzarətdə saxlamaq məqsədilə Rusiya regiona marağını daha da artırdı. Avqust hadisələrinin ardınca 2008-ci il noyabr ayının 2-də Moskvada prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında imzalanmış bəyanat ( bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini nəzərdə tutan və üç dövlət arasında imzalanan ilk rəsmi sənəddir) bir daha sübut edir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsində dərin maraqları var və münaqişə yalnız ona sərf edən formada öz həllini tapmalıdır. Məhz Rusiyanın təşəbbüsü ilə hazırlanmış həmin 2 noyabr 2008-ci il tarixli bəyanata əsasən, Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə variantından imtina edilir və sülh danışıqlarının davam etdirilməsi əsas götürülür.

Rusiyanın, eləcə də Qərbin ikili siyasətinə baxmayaraq, Azərbaycan tərəfi bəyan edir ki, sülh yolu səmərə verməsə, hərbi yolla öz torpaqlarını işğaldan azad edəcəkdir. Açıq şəkildə etiraf etmək lazımdır ki, münaqişələri dəstəkləməklə Rusiya Cənubi Qafqazın hər üç respublikasına təzyiq göstərir və bu dövlətlərin öz orbitindən uzaqlaşmasına imkan vermir. Azərbaycan və Gürcüstan Avropaya inteqrasiya proseslərinə qoşulublar, NATO, Avropa İttifaqı, Avropa Şurası və digər təşkilatlarla intensiv əlaqə qururlar. Azərbaycan Avropa İttifaqı ilə mehriban qonşuluq siyasəti yeridir. Bu amillər Rusiyanı narahat edir və Cənubi Qafqazı özünün Qərbə, xüsusilə ABŞ-a qarşı yaratdığı “təhlükəsizlik zonası”nın tərkibində gördüyünə görə bu regionun tamamilə ABŞ-ın Rusiya ətrafında yaratdığı “təhlükəsizlik qurşağı”na daxil olmasına mane olur. Münaqişələrin dəstəklənməsi də Azərbaycan və Gürcüstana mane olmaq vasitəsidir. Bu amilləri nəzərə alaraq, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilməz.

İkincisi, Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir. Öz hərbi sistemini NATO standartları əsasında qurur. Bu məqsədlə NATO ilə müxtəlif proqramlarda iştirak edir. Beynəlxalq sülhməramlı əməliyyatlarda öz hərbi kontingenti ilə iştirak edir. Azərbaycanın xarici hərbi siyasətinin istiqaməti formalaşıb. Bu səbəbdən də Azərbaycan öz formalaşmış xarici siyasətində kəskin dəyişikliklər edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilməz.

Üçüncüsü, nəzərə almaq lazımdır ki, iqtisadi amillər siyasətdə ən mühüm rola malikdir.

Azərbaycan regionda enerji layihələrinin əsas iştirakçılarından biridir. Rusiyanın iştirak etmədiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa layihələri vasitəsilə Xəzərin enerji ehtiyatları Qərb bazarlarına çıxarılır. Eləcə də Qazaxıstan neftinin müəyyən hissəsi də Azərbaycan vasitəsilə Qərb bazarlarına çıxarılır. Hazırda “NABUKKO” layihəsinin reallaşması gündəlikdədir. Bu baxımdan 2009-cu il yanvar ayının 28-də NABUKKO layihəsinə dair Budapeştdə keçirilən enerji sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır.

Azərbaycan etibarlı tərəfdaş ölkə olaraq öz təbii sərvətlərini Xəzər hövzəsindən Avropaya nəql edir. Azərbaycanın qaz ehtiyatları 2-3 trilyon kubmetrdir ki, bu da onilliklər ərzində ehtiyacları ödəyəcəkdir. Prezident əlavə olaraq bildirmişdir ki, layihənin reallaşmasında Azərbaycan həm tranzit, həm də enerji ixrac edən ölkə kimi maraqlıdır. Azərbaycan bu cür layihələrin icrasına dostluq əlaqələri kimi baxır. Azərbaycan Avropa İttifaqına və Avroatlantik məkana inteqrasiyaya üstünlük verir və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Layihənin reallaşmasında Avropa ölkələri daha maraqlıdır. Bu baxımdan sammitdə Çexiyanın Baş naziri Mirek Topolanek Avropa İttifaqı ölkələri üçün NABUKKO layihəsinin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, Avropa qaz təchizatının asılılığından qurtarmalıdır və bunun üçün layihənin reallaşması zəruridir. Baş nazir sonra Rusiyadan enerji asılılığının fəsadlarını misal gətirərək qeyd etmişdir ki, 2009-cu ilin yanvar ayının əvvəllərində Rusiya ilə Ukrayna arasında yaşanan qaz böhranı Avropaya da öz təsirini göstərmişdir və Avropa ölkələrinə qısa müddət ərzində 2-3 milyard dollar məbləğində zərər vurulmuşdur.

Həmin sammitdə iştirak edən ABŞ Dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri Metyu Brayzə ABŞ-ın mövqeyini açıqlayaraq bildirdi ki, Birləşmiş Ştatlar layihənin həyata keçirilməsində maraqlıdır, bunu dəstəkləyir, layihənin təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayacaq və hər zaman tərəfdaşlarının yanında olacaqdır.

Bu siyasəti də Rusiya öz bölgə maraqları və Avropa enerji siyasəti üçün təhlükə hesab edir. Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşularsa, bu layihələr üçün Rusiya tərəfindən əlavə təzyiq vasitələri meydana gələ bilər. Layihənin reallaşması təhlükə altında qalar.

Dördüncüsü, əgər Azərbaycan indiki vəziyyətdə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olarsa, Azərbaycanın hərbi siyasəti və ümumilikdə, dövlət təhlükəsizliyi siyasətinin istiqaməti dəyişə bilər.

Beşincisi, Azərbaycan 1993-cü ildən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından indiyədək regionda yeganə dövlətdir ki, tam şəkildə balanslaşdırma siyasəti həyata keçirir. Bu siyasətin də mahiyyəti ondan ibarətdir ki, Azərbaycan hərbi-siyasi bloklara qoşulmayaraq, öz dövlət təhlükəsizliyini müstəqil surətdə öz gücü hesabına təmin edir. Regional və kənar dövlətlərin ölkəmizdə və ümumilikdə bölgədəki maraqları təmin olunarkən, ilk növbədə Azərbaycanın dövlət maraqları əsas götürülür. Azərbaycan regional və regionda maraqları olan kənar dövlətlərlə münasibətlərdə qarşılıqlı fayda verən əməkdaşlıq prinsipini əsas götürür. Azərbaycanın bu siyasəti digər dövlətlər tərəfindən də qəbul edilir. Bu baxımdan Azərbaycan öz xarici siyasət kursunda birtərəfli olaraq dəyişiklik həyata keçirə bilməz.

 

Bəs Azərbaycan NATO-ya üzv ola bilərmi?

 

Nəzərə almaq lazımdır ki, Azərbaycan 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında yaxından iştirak edir. Gələcəkdə NATO-nun Şərqə doğru genişlənməsi siyasətində Azərbaycan prioritet təşkil edəcəkdir. Azərbaycanın həm coğrafi mövqeyi (Rusiya və İranla sərhəddə yerləşməsi, Mərkəzi Asiya regionu üçün Qərbə çıxış qapısı rolunu oynaya bilməsi), həm iqtisadi imkanları, həm də hərbi-siyasi və elmi potensialı NATO üçün cəlbedici amillərdir. Bu baxımdan NATO Azərbaycanla strateji əməkdaşlıq etməkdə maraqlıdır. NATO-nun hərbi bazalarının yerləşdirilməsi üçün də Azərbaycan olduqca əlverişli coğrafi məkana malikdir. Bu amillər nəzərə alınaraq, Azərbaycanın NATO-ya tam hüquqlu üzv olmaq məsələsi çox siyasi dairələri düşündürür. Bu məsələdə də fikirlər haçalanır.

Birincisi, nəzərə almaq lazımdır ki, Azərbaycan son yüzilliklərdə çar Rusiyasının və Sovet imperiyasının tərkibində olub. Bu baxımdan Rusiya Azərbaycanı hələ öz təsir dairəsinin tərkib hissəsi hesab edir. NATO-nun özü də Cənubi Qafqazda Rusiyanın köklü maraqlarını nəzərə alaraq, ehtiyatlı davranmağa çalışır. Bu, özünü Gürcüstan hadisələrindən sonra daha aydın büruzə verdi. Bu amilləri nəzərə alaraq, ABŞ regionun təşkilata tam inteqrasiyasından ehtiyatlanır. Region dövlətlərinin NATO-ya üzv olması həm ABŞ-Rusiya, həm Qərbi Avropa-Rusiya münasibətlərinə təhlükə törədə bilər və həm də region dövlətlərinə Rusiya tərəfindən təzyiqlərin sayını artırar, hətta hərbi müdaxilələrə gətirib çıxara bilər. Bu baxımdan Azərbaycanın NATO-ya tam hüquqlu üzv olması indiki zamanda düzgün siyasət hesab oluna bilməz.

İkincisi, nəzərə almaq lazımdır ki, NATO ərazisində münaqişə olan dövlətləri, xüsusilə keçmiş SSRİ respublikalarını təşkilata tam hüquqlu üzv qəbul etdirməyi məsləhət görmür. NATO dövlətlərin sərhəd problemlərinin həllini öz üzərinə götürmək istəmir. Gürcüstanın NATO-ya üzv qəbul edilməsinin qarşısını məhz Cənubi Osetiya və Abxaziya münaqişələri alır. NATO həm də qapalı təşkilatdır. NATO rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, NATO-nun Ermənistan-Azərbaycan münaqişəsinin həllində iştirak etmək niyyəti yoxdur və gələcəkdə də nəzərdə tutulmur. Bu baxımdan da Azərbaycanın NATO hərbi-siyasi blokuna tam hüquqlu üzv olmaq imkanları məhduddur.

Üçüncüsü, bir məsələni xüsusilə qəbul etmək lazımdır ki, NATO, əslində vaxtilə ABŞ-ın SSRİ-yə və sosialist düşərgəsinə qarşı, bu düşərgənin Avropaya tam nüfuz etməsinin qarşısını almaq üçün Avropanın kapitalist dövlətlərini öz ətrafında birləşdirərək yaratdığı bir hərbi qurumdur. Hərbi təşkilata həmçinin SSRİ-nin cənuba doğru irəliləməsinin, nüfuz dairəsinin genişlənməsinin və sosialist ideologiyasının Şərqə doğru geniş yayılmasının qarşısını kəsmək məqsədilə öz coğrafi mövqeyinə görə mühüm əhəmiyyət kəsb edən Türkiyə də cəlb edilmişdir. Avropanın aparıcı dövlətlərindən olan Fransa və Almaniya isə ABŞ-dan fərqli olaraq, Rusiyanın Avropaya iqtisadi, hərbi və siyasi cəhətdən təzyiq və təsir imkanlarını nəzərə alaraq, bu dövlətə qarşı balanslaşdırılmış siyasət həyata keçirirlər. Təcrübə də göstərir ki, Rusiya öz imkanlarından istifadə edərək, vaxtaşırı olaraq Avropaya təhdidlər edir. Ən böyük təhdid vasitəsi olaraq enerjidən istifadə məsələsi götürülür. Avropanın əksər dövlətləri, xüsusilə Şərqi Avropa dövlətləri Rusiyadan idxal olunan qazdan asılıdırlar. Bu baxımdan Fransa və Almaniya Böyük Britaniyadan fərqli olaraq, Rusiyanın təzyiqini hesablayaraq, Rusiya ilə münasibətlərin kəskinləşməsinin əleyhinə çıxırlar. Rusiya həm də bu dövlətlər üçün bir iqtisadi bazar rolunu oynayır. Avropada istehsal olunan məhsullar Rusiyada satılır ki, bundan da Avropa dövlətləri külli miqdarda qazanc əldə edirlər. Ukrayna və Gürcüstanı ABŞ NATO-ya tam hüquqlu üzv qəbul etdirmək istəsə də Almaniya və Fransa bu siyasətin onlar üçün mənfi nəticələrə gətirib çıxara biləcəyini hesablayaraq, Ukrayna və Gürcüstanı təşkilata üzv qəbul etdirmək siyasətinin əleyhinə çıxırlar. Bütün bu siyasi gedişatı və gerçəkliyi nəzərə alaraq, ABŞ Azərbaycanı gələcəkdə NATO-ya qəbul etdirmək istəsə də, Fransa və Almaniyanın etirazı ilə rastlaşacaqdır.

Dördüncüsü, əgər Azərbaycan NATO-ya qəbul olunarsa və bu təşkilatın hərbi bazalarını öz ərazisində yerləşdirmək siyasəti həyata keçirərsə belə, yenə ilk növbədə Rusiya tərəfindən kəskin hərbi müdaxilə ilə üzləşə bilər. Çünki Rusiya bu siyasətin dərhal onun əleyhinə olmasını bəyan edər. Gürcüstan variantı Azərbaycanda təkrarlana bilər. Rusiya hətta Ermənistanı da hərbi əməliyyatlara başlamağa sövq edər, Ermənistanı qəti surətdə dəstəkləyər və Azərbaycanı müharibəyə sürükləyər. Belə olan halda nə ABŞ, nə də NATO-nun digər üzvləri Azərbaycanı müdafiə edə bilməz. Nümunə üçün göstərmək olar ki, Gürcüstan hadisələri zamanı ABŞ bəyan etdi ki, onun Rusiya ilə hərbi qarşıdurma yaratmaq siyasəti yoxdur. Bu, o demək idi ki, Gürcüstana görə Rusiya ilə hərbi qarşıdurmaya gedə bilməz. Bu, nəticədə qlobal müharibələrə gətirib çıxara bilər. ABŞ Gürcüstan hadisələrində heç birbaşa diplomatik vasitələrdən də istifadə edə bilmədi və Fransanı vasitəçi etdi. Əgər bu hadisələr Azərbaycanda təkrarlanarsa, Azərbaycanın da təhlükəsizliyinə xələl gələr.

Beşincisi, belə bir fikir var ki, Türkiyə vasitəsilə Azərbaycan NATO-ya üzv qəbul oluna bilər və Türkiyə Azərbaycanın təhlükəsizliyinə təminat verər. Nəzərə almaq lazımdır ki, Türkiyə regionda müəyyən gücə və təsir imkanlarına malik olan və Azərbaycana çox yaxın olan qardaş bir dövlətdir. 2008-ci ilin avqust hadisələri zamanı bölgədə sülhün əldə olunması üçün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın “Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizlik” platformasının yaradılması fikrini irəli atması və dərhal Moskvaya səfər etməsi, Rusiya Prezidenti və Baş naziri ilə danışıqlar aparması onu göstərdi ki, Türkiyənin regionda tarixi maraqları var və hər zaman Azərbaycana dəstək olmağa hazırdır. Lakin bunlara baxmayaraq, etiraf etmək lazımdır ki, ümumi nisbətdə Rusiyanın hərbi potensialı önündə Türkiyənin hərbi potensialı və dövlətin siyasi çəkisi xeyli zəifdir. Türkiyənin strateji təyinatlı silahları mövcud deyil, özünün RƏM (raket əleyhinə müdafiə) elementləri yoxdur. Ən əsası odur ki, nüvə dövləti deyil. Bu baxımdan Rusiyanın hərbi müdaxilələrinin qarşısını alacaq imkanları yoxdur. Rusiya bəyan edir ki, onun Ermənistandakı hərbi bazaları Türkiyəyə və NATO-ya qarşı yönəlibdir. Əgər NATO-nun hərbi bazaları Azərbaycana gələrsə, Rusiya Azərbaycana hərbi güc tətbiq edərsə, Türkiyə bu hərbi müdaxilə zamanı Azərbaycana dəstək ola bilməz. Rusiya istənilən anda Ermənistandakı hərbi bazadan istifadə etməyə hazır ola bilər. Nəticədə Türkiyənin özünün də təhlükəsizliyi təhdidlə üzləşər. Etiraf etmək lazımdır ki, Türkiyə ilə Rusiya arasında qarşıdurma yaranarsa, Türkiyənin özü də ABŞ və Avropa tərəfindən dəstəklənməz. Azərbaycan bu reallıqları nəzərə alaraq, təhlükəni hesablayaraq NATO-ya üzv ola bilməz.

Altıncısı, o da məlumdur ki, ABŞ İrandakı siyasi rejimi devirmək məqsədini qarşıya qoyubdur. İranın regionda güclənməsi və gələcəkdə nüvə silahlarına sahib ola bilmək ehtimalı ABŞ-ı narahat edir. ABŞ-ın gələcəkdə İrana hərbi müdaxilə etmək siyasətinin olması da beynəlxalq aləmdə səslənir. İrana coğrafi baxımdan yaxın olan dövlət isə Azərbaycandır. Bir müddət öncə belə fikirlər də səslənirdi ki, ABŞ İrana hərbi müdaxilə edərsə, Azərbaycan ərazisindən də platsdarm kimi istifadə edə bilər. Lakin Azərbaycan Prezidenti İlham Əliyev həmin fikirlərə cavab olaraq bildirib ki, Azərbaycan ərazisi üçüncü bir dövlətə qarşı digər bir dövlətin hərbi istifadəsinə verilə bilməz. Bu gün bu siyasət Azərbaycanın hərbi-xarici siyasətində prioritet əhəmiyyət kəsb edən məsələlərdən biridir. Yəni, Azərbaycan öz qonşuları ilə mehriban qonşuluq siyasəti həyata keçirir, ərazilərinə hörmətlə yanaşır, ümumiyyətlə, bölgələrdə müharibələrin və digər münaqişələrin əleyhinə çıxır. Əgər Azərbaycan NATO-nun hərbi bazalarını öz ərazisində yerləşdirməyə icazə verərsə, İran tərəfindən də təzyiqlərə məruz qala bilər. Bu amili də nəzərə alaraq Azərbaycanın NATO-ya tam hüquqlu üzv olmaq siyasəti düzgün ola bilməz.

 

Balanslaşdırma siyasəti dövlətin təhlükəsizliyinə xidmət edir

 

Son 15 ildə Azərbaycanda yetkin xarici siyasət formalaşıb. Hadisələrin gedişatı onu sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən balanslaşdırma siyasəti dövlətin və xalqın təhlükəsizliyinə, eləcə də bölgədə sülhün qorunub saxlanmasına xidmət edir. Azərbaycan ilk növbədə, özünün milli maraqlarını əsas götürərək digər dövlətlərlə əməkdaşlıq əlaqələri qurur. Bu siyasətin nəticəsi olaraq Azərbaycan bölgənin nümunəvi dövlətinə çevrilib. Hərbi və iqtisadi qüdrəti ölkəmizi bölgənin söz sahibinə çevirib. Bu siyasətin nəticəsi olaraq Azərbaycan bölgədə maraqları olan Rusiya, Türkiyə, İran, ABŞ, Avropa və digər dövlətlərlə ikitərəfli əlaqələri gücləndirir. Azərbaycanın balanslaşdırma siyasəti bu dövlətlərin Azərbaycana qarşı siyasətini mülayimləşdirir. Bu baxımdan 2009-cu il fevral ayının 27-də Bakıda səfərdə olan Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin bildirmişdir ki, Rusiyanın Azərbaycanla əməkdaşlığı strateji xarakter daşıyır. Rusiya Azərbaycanla əməkdaşlıq sahələrinin genişləndirilməsinin tərəfdarıdır. Son illər iki ölkənin rəhbərləri arasında dialoq qurulmuşdur. Bu dialoq həm siyasi, həm humanitar, həm də hərbi sahədə əməkdaşlığımızı daha da inkişaf etdirməyə imkan verir.

Azərbaycan dövlətinin təhlükəsizliyi, dövlətin iqtisadi, hərbi və siyasi potensialının güclənməsi onun bugünkü balanslaşdırma siyasətindən asılıdır. Gələcəkdə siyasi şəraitə müvafiq olaraq Azərbaycanın xarici siyasətində müəyyən dəyişikliklər ola bilər. Nəzərə almaq lazımdır ki, geosiyasi şərait xarici siyasətə hər zaman təsir göstərə bilər. Lakin tam əminliklə demək olar ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət hələ uzun illər boyu Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyini, inkişafını və firavanlığını təmin edəcəkdir.

 

 

Elşən NƏSİBOV,

politoloq

 

Xalq qəzeti.- 2009.- 14 aprel.- S. 3.