Ölkəmizin qazlaşdırılmasında Elmi-Tədqiqat Layihə Qaz İnstitutunun rolu əvəzsizdir

 

Respublikamızın qaz təsərrüfatında həyata keçirilən və nəticə etibarilə çox uğurlu olan bütün işlər ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovet İttifaqı dönəmində ulu öndərin təşəbbüsü ilə “Azərbaycanın qaz sisteminin bərpası” layihəsi, Qaradağ-Şimal Elektrik Stansiyası yüksək təzyiqli magistral qaz kəməri və Qaradağ Kompressor Stansiyası layihələri həyata keçirilmişdir. Ulu öndər tərəfindən 2000-ci ildə “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” sərəncam imzalanmışdır. Qaz təminatı dayandırılmış rayon və kəndlərə təbii qazın bərpası işlərinə başlanmışdır. Az vaxt ərzində respublikanın bölgələrinə qaz nəqli reallaşdırılmış və bu, ölkə əhalisinin sosial problemlərinin həllinə öz müsbət təsirini göstərmişdir.

Azərbaycan iqtisadiyyatında, o cümlədən, yanacaq-enerji kompleksində aparılan quruculuq işləri ölkəmiz müstəqillik qazandıqdan sonra daha da inkişaf etdirilmişdir. Ümummilli liderimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın ictimai-siyasi həyatında yaranan sabitlik sayəsində qaz təsərrüfatının inkişafı üçün geniş imkanlar yaranmışdır.

Ulu öndərin yanacaq-enerji kompleksi sahəsində müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının davamı olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı” qaz təsərrüfatının inkişafında, ölkə iqtisadiyyatının və əhalisinin enerjidaşıyıcıları ilə təminatında çox böyük stimul yaratdı. İran İslam Respublikası ilə aparılan danışıqların nəticəsi olaraq 2005-ci ildə 14 illik fasilədən sonra Naxçıvan MR-ə təbii qazın nəqlinə başlanıldı. Bu isə MR əhalisinin həyatında müstəqillik dövründə əldə olunan çox böyük əhəmiyyətli hadisə idi.
Artıq ölkənin bölgələr üzrə sosial problemlərin həlli istiqamətində əsas amillərdən sayılan təbii qazla təminatı sahəsində bir dinamizm yaranmışdır. Bölgələrlə yanaşı, Bakıətrafı kəndlərdə də mövcud problemlərin diqqət çəkməsi və 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Bakıətrafı kəndlərin sosial-iqtisadi inkişafı” Dövlət Proqramı buna bariz nümunədir. Dövlət Proqramından irəli gələn tələblərin həyata keçirilməsi ilə Abşeron yarımadasında yaşayan insanların da sosial rifah halının yaxşılaşdırılması yönümündə böyük dönüş yaranmışdır.

Respublikanın qaz təsərrüfatının inkişafında Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu (AzETLQİ) mütəxəssislərinin də böyük əməyi olmuşdur. Respublikanın qaz təsərrüfatının inkişafı üçün institutun mütəxəssisləri tərəfindən hazırlanmış proqram perspektivdə ölkənin iqtisadi-sosial inkişaf sürətini nəzərə almaqla xalq təsərrüfatının, ilk növbədə, ölkə əhalisinin təbii qazla fasiləsiz və etibarlı təchizatını təmin edən strategiyanın həyata keçirilməsini nəzərə alır. Yeni modul istilik-elektrik stansiyalarının təbii qaz təminatı, təbii qaz almayan rayon mərkəzlərinə (Lerik, Yardımlı, Ağcabədi, Beyləqan, İmişli) qaz verilməsinin bərpası, bütün respublika üzrə qazdan istifadə edən əhalinin mənzillərində qaz sayğaclarının quraşdırılması üçün AzETLQİ-yə verilmiş həcmcə çox böyük tapşırıqlar artıq yerinə yetirilmişdir. AzETLQİ bu gün respublikanın qaz təchizatı sisteminin yenidən qurulması və qaz yanacağından səmərəli istifadə problemlərinin həllində fəal iştirak edir. Zəngin “Şahdəniz” qaz-kondensat yatağının açılışı ilə əlaqədar AzETLQİ qaz təchizatı sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə yeni layihələrin işlənməsi vəzifəsini uğurla yerinə yetirmişdir.

Fərəhli haldır ki, “Azəriqaz” QSC tərəfindən yeni qaz kəmərlərinin tikintisi, istismarda olan kəmərlərin yenidən qurulması və əsaslı təmiri ilə bağlı yerinə yetirilən tikinti işləri üzrə bütün layihə-smeta sənədləri Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu (AzETLQİ) tərəfindən tərtib edilir. AzETLQİ-nin “Azəriqaz” QSC-nin struktur bölmələri arasında özünəməxsus yeri, adı çəkilən qurumun qazandığı uğurlarda AzETLQİ əməkdaşlarının böyük zəhməti vardır. Azərbaycan Respublikası regionlarının, o cümlədən Bakı şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yanacaq-enerji kompleksinin inkişafı üzrə dövlət proqramlarında qazlaşdırma üzrə nəzərdə tutulan işlərin yerinə yetirilməsində AzETLQİ əməkdaşlarının rolu böyükdür.

Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu (AzETLQİ) 1997-ci ildə Azərbaycan Qaz Problemləri İnstitutu (1965-ci ildən fəaliyyət göstərən) və “Azərqazlayihə” Texnoloji İnstitutunun (1980-ci ildən fəaliyyət göstərən) birləşməsi nəticəsində yaradıldı. 1974-cü ildə ulu öndər Heydər Əliyevin səyi nəticəsində Ümumittifaq Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu adını almış müəssisə keçmiş SSRİ üzrə qazın nəqlə hazırlanması və emalı sahəsində elmi-tədqiqat, layihə-konstruktor işlərini koordinasiya edən bir təşkilat oldu. İnstitut tərəfindən təbii və mürəkkəb tərkibli səmt qazlarının mədəndə nəqlə hazırlanması, zavod şəraitində kompleks emalı üçün yeni proqressiv texnoloji proseslərin, həmçinin yerli xammal bazasında yüksək effektli adsorbent, katalizator, köpüksöndürücü və ingibitorların tətbiqinin, tükənmiş Qalmaz və Qaradağ qaz və qaz-kondensat yataqlarında ümumi həcmi 4,5 milyard kubmetr olan yeraltı qaz anbarlarının yaradılmasının elmi əsasları işlənildi.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkənin qazlaşdırılması siyasətinin həyata keçirildiyi ötən əsrin 80-ci illərinin əvvəllərində şəhər və kənd yaşayış məntəqələrinin kütləvi surətdə qazlaşdırılmasının təmin edilməsi məqsədi ilə Baş Qaz Təsərrüfatı İdarəsinin tərkibində Layihə-Smeta Bürosu yaradıldı. 1981-ci ildən layihə kontoruna, 1989-cu ildə “Azəryanacaqlayihə” Layihə-Texnoloji İnstitutuna çevrilən büro 1980-90-cı illərdə respublikanın yüzlərlə şəhər, qəsəbə və kəndinin qazlaşdırılması üzrə olduqca böyük həcmdə layihə-smeta sənədlərini tərtib edən yeganə institut oldu. Bu illərdə respublikanın qazlaşdırılması ən yüksək səviyyəyə çatdı: 65 böyük şəhər və rayon mərkəzi, 45 şəhər tipli qəsəbə, 2000-dən çox kənd, 800 sənaye müəssisəsi, 13 mindən artıq kommunal-məişət və sosial obyektlər təbii qazla təmin olundu.

AzETLQİ Azərbaycanda təbii qazın emalı, nəqlə hazırlanması, nəqli, saxlanılması və paylanması problemlərinin həlli ilə məşğul olan elmi-tədqiqat və layihə institutudur. Respublikada qaz sənayesinin və qaz təsərrüfatının inkişafı ilə əlaqədar institut qazın nəqli, paylanması, saxlanması və emalı üzrə aktual elmi-texniki məsələlərin həlli sahəsində ixtisaslaşmışdır.

1997-1998-ci illərdə Fransanın “Sofreqaz” şirkəti ilə “TASİS” proqramı çərçivəsində Qaradağ və Qalmaz yeraltı qaz anbarlarının yenidən qurulması (daha sonra “Bateman” şirkəti ilə), həmçinin 2000-2001-ci illərdə bp şirkəti ilə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin layihələşdirilməsi üzrə bəzi texniki-iqtisadi əsaslandırılmaların işlənib hazırlanmasında AzETLQİ-nin əməkdaşları yaxından iştirak etmişlər.

2001-2004-cü illərdə AzETLQİ tərəfindən Şirvan, Mingəçevir elektrik stansiyaları və Gürcüstan Respublikasının idxal (Rusiya) qazı ilə təchiz edilməsi üçün magistral qaz kəmərlərinin təmir-bərpası, Naxçıvan Muxtar Respublikasının qaz təchizatının bərpası, “Azəri— Çıraq—Günəşli” yataqlarından hasil edilən qazın magistral qaz kəmərləri vasitəsi ilə nəql edilməsi, Azərbaycan Respublikası iqtisadiyyatının və əhalinin qaz təminatının yaxşılaşdırılması, genişləndirilməsi, qazlaşdırılmayan regionların qazlaşdırılması, Astara-Qazıməmməd magistral qaz kəmərinin təbii qazın idxalı, ixracı və yerli istehlakçılara verilməsi məqsədi ilə bərpası və s. problemlər üzrə onlarla texniki-iqtisadi əsaslandırma və yüzlərlə işçi layihələr tərtib edilmişdir.

AzETLQİ-nin mütəxəssisləri bu gün respublikanın qaz təchizatı sisteminin yenidən qurulması və qaz yanacağından səmərəli istifadə problemlərinin həllində fəal iştirak edirlər. Onlar zəngin “Şahdəniz” qaz-kondensat yatağının açılışı ilə əlaqədar qaz təchizatı sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə yeni layihələrin (o cümlədən “Səngəçal BQ-Qazıməmməd KS”, “Səngəçal BQ-Qaradağ YQA”, “Səngəçal BQ-Qaradağ QPS” magistral qaz kəmərləri layihələri) işlənilməsi vəzifəsini uğurla yerinə yetirmişlər. 2006-cı ildə AzETLQİ-nin hazırladığı “Azərbaycan Respublikasının karbohidrogen yataqlarından hasil olunacaq qazın respublikanın qaz nəqletmə sisteminə qəbulu, paylanması konsepsiyası və onun texniki əsaslandırılması” sənədi sifarişçilər tərəfindən yüksək qiymətləndirilmişdir.

Hazırda AzETLQİ-də Azərbaycan Respublikası regionlarının, o cümlədən Bakı şəhərinin 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar təbii qaz təminatı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş işlər üçün texniki-iqtisadi hesabatlar və işçi layihələr hazırlanır.

AzETLQİ geniş beynəlxalq əlaqələrə malikdir. İnstitutun elmi işlərinin coğrafiyası tək Azərbaycanla məhdudlaşmır, keçmiş SSRİ-nin neft-qazçıxarma rayonlarını, Bolqarıstan, Almaniya, Polşa, İngiltərə, Fransa, Kanada və s. ölkələri əhatə edir. Rusiya, Ukrayna, Belarus, Pribaltika, Zaqafqaziya, Orta Asiya respublikalarının qaz və qaz-kondensat yataqlarının qaz və kondensatının emalı üzrə bir çox elmi işlərin nəticələri sənayeyə tətbiq olunmuşdur.

İnstitutun mütəxəssisləri müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş beynəlxalq Xəzər neft-qaz sərgilərində yaxından iştirak edirlər. Hazırda müxtəlif ölkələrin, o cümlədən MDB dövlətlərinin analoji elmi-tədqiqat və layihə institutları ilə yeni əlaqələrin yaradılması istiqamətində işlər aparılır.

Respublikada hazırda tətbiq edilən keçmiş ittifaqın tikinti normativ sənədlərinin (qaz təsərrüfatına aid) əvəzinə yeni qəbul olunmuş normativ-hüquqi aktlara, beynəlxalq və dövlətlərarası norma və standartlara uyğun olaraq, həmçinin ölkəmizin mövcud sosial-iqtisadi, təbii-iqlim, seysmoloji və digər xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Elmi -Tədqiqat və Layihə Qaz İnstitutunun mütəxəssisləri tərəfindən dövlət və sahə tikinti normalarının layihəsi işlənilib başa çatdırılmış və nəzarət orqanları ilə razılaşdırılaraq təsdiqə hazırlanmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qaz təsərrüfatının fəaliyyətinə verilən yüksək qiymət bu sahədə çalışan hər bir işçidə haqlı qürur hissi doğurur, onların gələcəkdə də əzmlə işləməsinə stimul yaradır. Bu isə sabit və sosialyönümlü iqtisadiyyatın yaradılmasına, bunun əsasında isə həmrəyliyə arxalanan vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların dövlətçilik ətrafında birləşdirilməsinə gətirib çıxarır.

 

 

Azər SEYİDOV,

Azərbaycan Elmi-Tədqiqat və

Layihə Qaz İnstitutunun layihə

işləri üzrə baş mütəxəssisi

 

Xalq qəzeti.- 2009.- 14 aprel.- S. 4.