İmişli: aqrar bölgə sənaye məkanına çevrilir

 

2008-ci ildə rayonun sosial-iqtisadi inkişafı barədə qısa məlumat

 

Sərlövhəyə bu fikirlər təsadüfən çıxarılmayıb.Bir dəfə söhbət zamanı rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev son illər burada baş verən yeniliklərə, iqtisadiyyatın sürətli inkişafına diqqət çəkərək bildirdi ki, bütün bu uğurları respublika səviyyəsində həyata keçirilən genişmiqyaslı tədbirlər sırasında təbii saymaq olar, ancaq maraqlı məqam ondan ibarətdir ki, əsasən aqrar sahənin xüsusi çəkiyə malik olduğu İmişlidə vəziyyət köklü surətdə sənayenin xeyrinə dəyişib, həm də bu dəyişiklik cəmi bir neçə ilin ərzində baş verib. Doğrudan da, statistik göstəricilərə nəzər salanda bu fikrin təsdiqini açıq-aşkar görmək mümkündür və icra başçısının da qeyd etdiyi kimi, İmişli sənaye məkanına çevrilir. Təkcə 2008-ci ilin göstəricilərinə baxmaq kifayət edir ki, deyilənlərin dəqiqliyinə bir daha inanasan.

İmişli rayonunda 2008-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə 182,9 milyon manatlıq məhsul istehsal olunmuş və xidmət göstərilmişdir. Bunun 89,3 milyon manatı və ya 48,8 faizi sənayenin, 59,3 milyon manatı və ya 32,4 faizi kənd təsərrüfatının payına düşür. Ümumdaxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 milyon manat və ya 11,3 faiz artmış, həmin artım rabitədə 34,4 faiz, ticarətdə 25,8 faiz, sənayedə 10,8 faiz, kənd təsərrüfatında 8,8 faiz, tikintidə isə 5,0 faiz təşkil etmişdir.

 

Sənayenin inkişafı

 

Sənayedə artım əsasən rayonda Şəkər zavodunun fəaliyyətə başlaması hesabına olmuşdur. Zavodda il ərzində 268181,4 ton şəkər tozu, 73,9 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ümumi sənaye məhsulunun 82,8 faizini təşkil edir. Ümumiyyətlə, rayon üzrə istehsal olunan sənaye məhsullarının 93 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Muradxanlı İriləşdirilmiş Neft Mədəni üzrə 2008-ci ildə 32113 ton neft hasil olunaraq illik plan tapşırığına 107 faiz əməl olunmuş, orta hesabla gün ərzində 88 ton neft istehsal edilmişdir. Planda nəzərdə tutulan həcmdə – 600 min kubmetr qaz hasil edilmiş və daxili ehtiyaclara sərf olunmuşdur. Dayandırılmış 3 quyunun fəaliyyəti bərpa edilmiş, 12 quyuda isə əsaslı təmir işləri aparılmışdır. Mədən üzrə 3 yeni quyu (Cəfərli 31, 34 və 37 saylı) istismara verilmiş, həmin quyulardan 8806 ton neft hasil olunaraq gündəlik hasilat 24,1 ton təşkil etmişdir. Hazırda Cəfərli yatağındakı 30 saylı quyuda son tamamlama işləri aparılır, 35 və 36 saylı quyularda isə qazma işləri davam etdirilir.

 

Kənd təsərrüfatının uğurları

 

Ötən il rayonda 2007-ci ildəkindən 694 hektar çox - 16325 hektar sahədə taxıl əkilmiş, 54118 ton, 2007-ci illə müqayisədə 2518 ton çox məhsul yığılmış, hər hektardan məhsuldarlıq 33,2 sentner olmuşdur ki, bu da “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamının uğurla icra olunmasının bariz nümunəsidir. 2008-ci ildə artım təkcə taxılçılıqda yox, bir çox kənd təsərrüfatı məhsullarının istehsalında da qeydə alınmışdır.

Rayonda ət və süd məhsullarının emalı üçün “İmişli Yağ-pendir” və “Taleh” ASC müəssisələri fəaliyyət göstərir.

Quşçuluq məhsullarının emalı ilə bağlı “İmişli Broyler” fabrikində yenidənqurma işləri aparılmış, əlavə inkubator və kəsim sexləri tikilib istifadəyə verilmişdir. Hazırda fabrikdə keyfiyyətli quş əti istehsal olunur.

Rayonda təsərrüfat hesablı Aqroservis filialının yaradılması fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatının ödənilməsində mühüm rol oynamışdır. Aqroservis filialı indiyədək 198 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və qoşquları gətirərək fermerlərin istifadəsinə vermiş, bunun üçün 6 mexanikləşdirilmiş dəstə yaradılmışdır. 2008-ci ildə aqroservisə gətirilmiş 9574,6 ton azot gübrəsi, 2716 ton superfosfat gübrəsi güzəştli şərtlərlə fermerlərə paylanmış, hazırda aqroservisin anbarında 4422,7 ton azot gübrəsi, 2428,3 ton superfosfat gübrəsi qalmışdır. İmişli rayon Aqroservis filialı üçün tikilmiş yeni inzibati və yardımçı binalar kənd təsərrüfatı naziri İsmət Abasovun iştirakı ilə 2009-cu il fevral ayının 6-da təntənəli açılışla istifadəyə verilmişdir.

 

Dövlət Proqramı: birinci mərhələnin yekunu

 

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın icrası ilə bağlı 2008-ci ildə İmişli rayonunda xeyli iş görülmüşdür.

Proqrama uyğun olaraq 330 kv-luq 2-ci İmişli-Parsabad və 330 kv-luq İmişli-Şirvan DRES elektrik ötürücü xətlərinin inşası “Azərenerjitikinti” MMC tərəfindən davam etdirilmiş, İmişli-Parsabad elektrik ötürücü xəttində dayaqların quraşdırılması, bünövrələrin tökülməsi işləri başa çatdırılmışdır, hazırda naqillərin quraşdırılmasında son tamamlama işləri aparılır. İmişli-Şirvan DRES elektrik ötürücü xəttində isə dayaqların quraşdırılması, bünövrələrin tökülməsi işləri başa çatmaq üzrədir.

Sarıxanlı kəndində 220 şagird yerlik yeni məktəb binasının, Muradallı kəndində isə 160 şagird yerlik 8 əlavə sinif otağının tikintisi də tamamlanmaqdadır. 5 saylı orta məktəb əsaslı təmir edilmiş, əsaslı təmirinə ötən il başlanılmış Bəhramtəpə qəsəbə və Xəlfəli kənd orta məktəblərində aparılan təmir işləri 2008-ci il mayın 2-də başa çatmışdır.

Mirili kəndində 192 şagird yerlik yeni məktəb binası 2008-ci ilin 19 avqustunda, Qaralar kəndində 600, Gənclik məhəlləsində 360 şagird yerlik yeni məktəb binaları və əsaslı təmir olunmuş 1 saylı şəhər orta məktəbi 15 sentyabrda, Murğuzallı kəndində 180, Muradxanlı kəndində 120 şagird yerlik məktəb binaları isə noyabr ayında şagirdlərin istifadəsinə verilmişdir.

“Azərsun Holdinq” şirkətlər qrupunun rayon ərazisində Bitki yağları , Qarışıq yem və Spirt emalı zavodlarının tikintisi başa çatmış, Spirt emalı zavodu məhsul istehsalına başlamışdır.

“Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2007-ci il tarixli sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaraqaşlı, Xoşçobanlı, Xubyarlı, Cavadxanlı, Qaradonlu və Göbəktala kəndlərində modul tipli su təmizləyici qurğuları quraşdıraraq əhalinin istifadəsinə vermiş, Məzrəli və Muradallı kəndlərində bu sahədə işlər davam etdirilir.

2008-ci ildə İmişli şəhərində Olimpiya İdman Kompleksinin, DSMF-nin rayon şöbəsinin, Qaz İstismar İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarələri üçün inzibati binaların, Baytarlıq İdarəsinin, Baytarlıq diaqnostika kabinetinin və Əliqulular kənd baytar sahəsi üçün inzibati binaların tikintisi davam etdirilmiş, YAP rayon təşkilatının inzibati binası və Avtomobillərə texniki qulluq stansiyası əsaslı təmir edilmişdir. Vergi ödəyicilərinə xidmət terminalı üçün tikilən inzibati bina 3 may 2008-ci ildə istifadəyə verilmişdir.

Dövlət Proqramına uyğun olaraq Bəhramtəpə Hidroqovşağında bərpa işləri “Azərsutikinti” SC-nin Muğan Su Tikinti törəmə müəssisəsi tərəfindən davam etdirilmiş, rayon ərazisindəki suvarma kanallarında 292 kilometr uzunluqda 850 min kubmetr həcmində, kollektorlarda isə 116,7 kilometr uzunluqda 550 min kubmetr həcmində lildən təmizləmə işləri görülmüşdür.

İmişli 36 saylı Yol İstismarı idarəsi il ərzində Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun müəyyən hissələrində və İmişli şəhərinə giriş yolunun Araz çayı üzərindəki körpüdə təmir işləri aparmış, yol çiyinlərini bərkidərək yeni yol nişanları qoymuşdur. Hacıqabul – Bəhramtəpə – Mincivan avtomobil yolunda yol çiyinləri avtoqreyderlə hamarlanaraq çınqılla bərkidilmiş, yol örtüyündə əmələ gəlmiş çalalar asvalt-betonla təmir olunmuşdur. İmişli şəhərinin küçələrinə yol nişanları quraşdırılmış, yerli əhəmiyyətli yolların əksəriyyətində əmələ gəlmiş çalalar çınqılla bərkidilmiş, yollar avtoqreyderlə hamarlanaraq digər təmir işləri aparılmışdır. Qaravəlli, Məmmədli-Ağamallar, Əliyetməzli, İmişli-Cəfərli avtomobil yoluna çınqıl döşənmiş, İmişli-Otuziki avtomobil yolunun 3 kilometrinə və İmişli-Ağammədli avtomobil yolunun 9 kilometrinə asfalt-beton örtük qoyulmuşdur. 2008-ci ildə 36 saylı Yol İstismarı İdarəsi üzrə cəmi 654,2 min manat məbləğində iş görülmüş, idarənin inzibati binası əsaslı təmir edilmişdir.

Həmçinin 2008-ci ildə Dövlət Proqramının icrası ilə bağlı onlarla kiçik sahibkarlıq obyekti tikilmiş, bir sıra ticarət və xidmət obyektləri fəaliyyətə başlamış, 784 iş yeri yaradılmışdır.

Ümumiyyətlə, Dövlət Proqramının icrası ilə əlaqədar 2009-cu il yanvar ayının 1-nə kimi 14827 iş yeri yaradılmışdır ki, onun da 10417-si daimi iş yeridir.

 

Sahibkarlıq inkişaf edir

 

Dövlət başçısı İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində İmişli rayonunda da sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılmışdır. Bunun nəticəsidir ki, 2008-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 92,6 faiz olmuş, həmin göstərici kənd təsərrüfatında 99,9 faiz, ticarətdə 99,1 faiz, nəqliyyatda 99 faiz, sənayedə 93 faiz, tikintidə isə 34,5 faiz təşkil etmişdir.

Sahibkarlığın inkişafına maliyyə yardımı göstərmək üçün 2008-ci ildə 2767,6 min manat qısamüddətli, 545, 4 min manat məbləğində uzunmüddətli kreditlər verilmişdir. Bu sahədə əsas problem kreditlərin qısa müddətə verilməsidir.

 

Rabitə xidmətinin keyfiyyəti yaxşılaşır

 

İl ərzində rayonun Qızılkənd, Otuziki, Qaragüvəndikli və Boşçalılar kəndlərində müasir tipli elektron avtomat telefon stansiyası quraşdırılmışdır. Hazırda xətt təsərrüfatında tikinti işləri aparılır. Göbəktala və Şahverdili kəndlərində 256 nömrəlik EATS quraşdırılıb əhalinin istifadəsinə verilmişdir. Bəhramtəpə qəsəbəsində 512 nömrə tutumlu EATS quraşdırılmış, Aranlı və Muradxanlı kəndlərində EATS-nın quraşdırılması üçün rekonstruksiya işləri aparılır. Rabitə xidmətinin yaxşılaşdırılması üçün şəhərin M.Müşfiq küçəsində 100 ailə üçün yeni telefon xətti çəkilmişdir.

İmişli şəhərində 5500 nömrə tutumlu EATS və 1000 nömrəlik CDMA tipli simsiz rabitə quraşdırılıb istifadəyə verilmişdir. Rayonun telefon xətti olmayan yaşayış məntəqələrinə peyk rabitəsi qurulmuşdur.

 

Abadlaşdırma geniş vüsət alır

 

2008-ci ildə rayon iqtisadiyyatının və sosial sahənin inkişafı üçün 32,7 milyon manat həcmində investisiya qoyulmuşdur ki, onun da 22,2 milyon manatı idarə, müəssisə və təşkilatların payına düşür, 8,6 milyon manatı cəlb edilmiş vəsaitlər, 1,9 milyon manatı isə əhalinin və fərdi sahibkarların vəsaitləridir.

Ötən il şəhərdaxili küçələrə təxminən 35 kilometr uzunluqda 280 min kvadratmetr asfalt örtük döşənilmiş, 18 ictimai binanın üst örtüyü dəyişdirilmiş, Qələbə xiyabanında və M.Əzizbəyov küçəsində təmir-bərpa işləri aparılmışdır.

Prezident İlham Əliyevin birbaşa göstərişi ilə İmişli şəhərinin abadlaşdırılması üçün ayrılmış 1 milyon manatın 915 min manatı şəhərdaxili küçələrin asfaltlaşdırılmasına, 85 min manatı isə çoxmərtəbəli ictimai binaların dam örtüyünün dəyişdirilməsinə xərclənmişdir.

 

Elektrik enerjisi, qaz və içməli su təminatı

 

Son vaxtlar əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə bir çox işlər görülmüşdür. 2008-ci ildə müxtəlif güclərdə olan 91 transformator əsaslı, 65 transformator cari təmir edilmiş, şəhərin Şadlinski küçəsində 40 kva gücündə 1, Məzrəli kəndində isə 63 kva gücündə 1 ədəd yeni transformator quraşdırılmışdır. Rayonun şəhər, qəsəbə və kəndlərində 320 ədəd istismara yararsız elektrik dayağı dəyişdirilmiş, 3 kilometrə qədər yararsız naqillər yeniləri ilə əvəz olunmuşdur.

2008-ci ildə istifadə edilmiş elektrik enerjisinin dəyəri 100 faiz ödənilmişdir. Bu davam etdirilir.

Əhalinin təbii qazla təmin edilməsi sahəsində də xeyli iş görülmüşdür. Şəhərin 26 küçəsində qaz boru xətləri bərpa olunmuş, həmin küçələrə 10 ədəd qaz tənzimləyici şkaf quraşdırılmışdır. Şəhərin Depo məhəlləsi, M.Müşfiq, A.Şadlinski, Koroğlu küçələri və Gənclik məhəlləsinin qazlaşdırılması üçün 2123 paqonmetr yeni qaz boru xətti çəkilmişdir.

2008-ci ildə 68 ədəd çoxmərtəbəli ictimai binanın qazlaşdırılması üçün layihə-semata sənədləri hazırlanmış, həmin binaların 16-da yaşayan 201 abonent təbii qazla təmin olunmuşdur. Hazırda şəhərin Ə.Şıxlinski, M.Müşfiq, S.Qurbanov, E.İbrahimov küçələrində təmir-bərpa işləri aparılır. Rayona təbii qazın verildiyi 01.12.2005-ci ildən indiyədək 3599 abonentin evi qazlaşdırılmış və qaz sayğacları quraşdırılmışdır.

Şəhər əhalisinin içməli su ilə təmin olunmasını İmişli Müştərək Məhdud Məsuliyyətli Su Cəmiyyəti və İmişli Su Kanal müəssisəsi həyata keçirir. 2008-ci ildə həmin idarələr 2208 abonentə xidmət göstərmiş, 14 abonentin evinə yeni su xətti çəkilmiş, bir çox küçələrdə təmir-bərpa işləri aparılaraq 3 ədəd yeni dərinlik su nasosu quraşdırılmışdır.

Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) maliyyə dəstəyi ilə görülmüş işlər Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) maliyyə dəstəyi ilə 2008-ci il ərzində İmişli rayonunda bir çox layihələr həyata keçirilmişdir. Məmmədli kəndində 2,8 kilometr uzunluğunda yolun bərpası üçün 19,3 min , Cavadxanlı kəndində 4,7 kilometr yol üçün 26,6 min , Hacalmuradlı kəndində 5,4 kilometr yol üçün 30,2 min , Boşçalılar kəndində 6,2 kilometr yolun bərpası üçün 29,7 min , Qaravəlli kəndində 6,2 kilometr yol üçün 34,9 min, Çaxırlı kəndində 7 kilometr yolun bərpası üçün 29,8 min , Məzrəli kəndində 8 kilometr yol üçün 36,5 min , Soltanmuradlı kəndində 3,5 kilometr yol üçün 17,1 min , Telişli kəndində 4,2 kilometr yolun bərpası üçün 28,3 min , Xəlfəli kəndində isə 5,7 kilometr yol üçün 39,9 min manat, cəmi 10 layihə üzrə 292,3 min manat məbləğində vəsait ayrılmış, təmir-tikinti işləri başa çatdırılmışdır.

 

Təhsil, səhiyyə, mədəniyyət

 

2008-ci ildə tədris müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. 5 yeni məktəb binası tikilmiş, 4 məktəbdə əsaslı təmir işləri aparılmış, 2 məktəbdə isə tikinti işləri başa çatmaq üzrədir. Yeni tikilən və əsaslı təmir olunan məktəblər müasir tədris avadanlıqları və inventarlarla təmin olunmuşdur.

Ümumtəhsil məktəblərindəki kompyuterlərin internet xidmətinə qoşulması istiqamətində də işlər aparılır. Rayon üzrə 14 məktəb beşgünlük iş həftəsi olmaqla birnövbəli iş rejminə keçmişdir.

Rayon ərazisində 10 xəstəxana, 9 həkim ambulatoriyası, 2 Gigiyena və Epidemiologiya Mərkəzi və 32 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Səhiyyə müəssisələrində 117 həkim, 467 orta tibb işçisi çalışır. Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, eləcə də səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsi əsaslı təmir edilmiş və müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Həmçinin Mərkəzi xəstəxananın poliklinika şöbəsində və Uşaq xəstəxanasında da cari təmir işləri aparılmışdır.

İl ərzində vaxtaşırı olaraq aparılan profilaktik tədbirlər nəticəsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşdırılmış, nəticədə bir sıra yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınaraq onların sayı minimuma endirilmişdir.

Hazırda rayonda 1 mədəniyyət sarayı, 7 kənd mədəniyyət evi, 1 şəhər və 26 kənd klubu, 1 mərkəzləşdirilmiş kitabxana sistemi və 63 kənd kitabxanası, 1 Tarix-diyarşünaslıq muzeyi, 1 Uşaq incəsənət və 1 Uşaq musiqi məktəbi, Heydər Əliyev muzeyi, 1 Dövlət rəsm qalereyası, 1 mədəniyyət və istirahət parkı və 1 kinovideo müəssisəsi fəaliyyət göstərir. Mədəni-maarif müəssisələrində 427 nəfər işçi çalışır. 2008-ci ildə rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulmasına, təmirinə və maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmiş, rayon kitabxanasında, Tarix-diyarşünaslıq muzeyində, Mədəniyyət sarayında və Musiqi məktəblərində cari və əsaslı təmir işləri aparılmışdır.

Tarixi abidələrin qorunması istiqamətində də Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən müəyyən işlər görülmüşdür. Hazırda İmişlidə ölkə əhəmiyyətli 9 arxeoloji abidə qeydə alınmış və həmin abidələrə inventar nömrələri verilmişdir. Qeydə alınmış abidələrin şəkilləri çəkilmiş, qoruq lövhələri vurulmuş və onların mühafizəsi təmin olunmuşdur.

Əlbəttə, 2008-ci ildə İmişlidə görülmüş işləri tam surətdə və ətraflı təsvir etmək imkan xaricindədir.Sadəcə olaraq, bütün bunları ümumiləşmiş şəkildə birinci mərhələnin uğurlu yekunu, növbəti mərhələnin isə sağlam başlanğıcı adlandırmaq daha doğru olar.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2009.- 14 aprel.- S. 5.