Azərbaycan muğamı muğamların şahıdır

 

“Muğam aləmi” Beynəlxalq Festivalı haqqında sənətkar sözü

 

Hələ məktəb illərindən atamın muğam haqqında, qəzəliyyat barədə söhbətlərini maraqla dinləyərdim. O, ayrı-ayrı sənət xiridarları ilə söhbətlərdə tez-tez bu fikri işlədərdi: “Azərbaycan muğamı dünya muğamlarının şahıdır”.

O vaxt mən bu sözlərin dərinliyinə o qədər də vara bilmirdim. Bəlkə də bunu atamın millətsevərliyi, Azərbaycan xanəndələrindən Xan Şuşinskinin, Seyid Şuşinskinin, Yaqub Məmmədovun, Zülfü Adıgözəlovun, Rübabə Muradovanın, Həqiqət Rzayevanın və digər ustadların sənətlərinə ehtiram kimi başa düşürdüm. İllər keçdi, mən Bakıya gəldim. Həm filarmoniyadakı ustad konsertlərinə baxdım, həm özüm sənət yolunu tutdum. Atamın sözlərinin həqiqət olduğunu özüm üçün bir daha qətiləşdirdim.

Bu il Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq Festivalı çərçivəsində həm müsabiqədəki çıxışları, həm də ustadların konsertlərini dinlədim. Muğam Mərkəzində verilən bu konsertlərdə həmyerlilərimizdən Mənsum İbrahimov “Rast”, Mələkxanım Əyyubova “Bayatı-Şiraz”, Ağaxan Abdullayev “Segah”, Səkinə İsmayılova “Humayun”, Nuriyyə Hüseynova “Şüştər”, Alim və Fərqanə Qasımovlar birlikdə “Çahargah”, Zabit Nəbizadə “Şur” muğam dəstgahlarını ifa etdilər. Qonaqlardan İtaliyadan Sipideh Raissadat, Suriyadan Omar Sarmini, Çindən uyğur Ayşemqul Memmet, İraqdan Taha Qərib Əl-Əlaq, Mərakeşdən Taofik Himmiçi, Özbəkistandan Nodira Pimatova, İrandan Müzəffər Şafii, İraqdan Hüseyn Əl-Ədhəmi, Misirdən Aişə Redvan, Hindistandan Vasumati Badrinatan öz xalqlarının muğamlarını təqdim etdilər.

Biz də gördük, sıravi tamaşaçılar da, festivala gəlmiş dünya alimləri də, lap elə televiziya ilə bütün qitələrdə yaşayan sənətsevərlər də gördülər ki, Azərbaycanın həm yaşlı, həm orta, həm də gənc nəslə mənsub muğam ifaçıları nəyə qadirdirlər. Onu da gördülər və təsdiqlədilər ki, Azərbaycan muğam ifaçılığı necə möcüzədir. Gördülər ki, Azərbaycan muğam boğazları, muğam zəngulələri dünyanın heç bir xalqında yoxdur. Onu da gördülər ki, Azərbaycan xalqı qədər muğama bağlı, onu bütün varlığı ilə sevən xalq yoxdur.

Bütün bunlar üçün mən və bütün musiqiçi həmkarlarım Heydər Əliyev Fonduna, şəxsən Mehriban xanım Əliyevaya səmimi minnətdarlığımızı bildiririk. Festivalın layihəsini irəli sürən də, onun belə təntənəli keçməsinə rəhbərlik edən də odur. Dünyada misli olmayan Beynləxalq Muğam Mərkəzini, əsl müqəddəs Muğam evini tikən də odur. Hələ neçə il əvvəl “Qarabağ xanəndələri” layihəsini yüksək peşəkarlıqla reallaşdıran da Mehriban xanımdır. Milli incəsənətimizi, o cümlədən də musiqi sənətimizi YUNESKO səviyyəsində dünyaya bir daha çatdıran, sevdirən neçə-neçə layihənin müəllifi də elə Mehriban xanım Əliyevadır. Dahi Üzeyir bəy Hacıbəylinin Şərqin ilk muğam operası olan “Leyli və Məcnun”unu Parisdə tamaşaçılara təqdim edən də Mehriban xanım Əliyevadır.

Mehriban xanımın vətənsevərliyi, sənətsevərliyi Azərbaycan Respublikasını, Azərbaycan xalqını, eləcə də Azərbaycan muğamını dünyaya dönə-dönə tanıtdı. Hələ bundan sonra da çox-çox tanıdacaq.

Mən bu yazıda nə “Segah”, nə “Çahargah”, nə “Rast”, nə “Şur”, nə “Bayatı-Şiraz”, nə “Humayun”...muğamlarının incəliklərini, guşələrinin fəlsəfi-psixoloji tərəflərini təhlil etmək fikrində deyiləm. Nə də hansısa xanəndənin oxusunu dəyərləndirmək məqsədim yoxdur. Festivaldakı çıxışlarda bu muğamlar, yaxud onlardan guşələr müxtəlif sənətkarların ifasında səsləndi. Qətiyyətlə və böyük məhəbbətlə, tam həqiqətə söykənib deyirəm ki, dünyada Azərbaycan muğam məktəbinə bənzər, sənətkarlıqda ona yaxın dura biləcək məktəb yoxdur!

Festival günlərində keçirilən Beynəlxalq elmi simpoziumun materialları toplanmış sənədlərlə də tanış olmuşam. Oradakı əksər məqalələri oxumuşam. Mən alim deyiləm, amma muğama az-çox bələd olan bir sənətkar kimi deyirəm ki, bütün dünya alimlərinin əsas istinad nöqtəsi elə Azərbaycan muğamıdır. Orada azərbaycanlı alimlərin çoxlu məqalələri var. İstəyərdim ki, həmin məqalələrdəki elmi tezislər, irəli sürülən konsepsiyalar gələcəkdə daha iri, daha sanballı tədqiqatlarda öz əksini tapsın. Həm də bu əsərlər ingilis, rus, fransız, alman, ərəb və digər dillərə tərcümə edilsin. Qoy bütün dünya Azərbaycan muğamının tərəqqisini və möcüzəsini görsün.

Fürsətdən istifadə edib Azərbaycan televiziya kanallarına da dərin minnətdarlığımı bildirmək istəyirəm. Məhz televiziya vasitəsilə milyonlarla azərbaycanlı və dünyanın müxtəlif ölkələrinin musiqisevərləri festivalın gedişatını bütün əzəməti və mötəşəmliyi ilə izləyə bildilər. Mən özüm müəyyən çıxışlara həm canlı, həm də televiziya ilə təkrar baxmışam. Bütün ifalar peşəkarlıqla, vicdanla, sənətə məhəbbətlə çəkilib.

Xüsusilə Azərbaycan Televiziyasının (AzTV-nin) musiqi ilə məşğul olan əməkdaşlarını, operator və rejissorların çoxunu yaxından tanıyıram. Festival tədbirlərində hara gedirdimsə, qonaqlardan kiminlə görüşürdümsə, yanımızda birinin əlində qələm, digərinin əlində kamera olan AzTV əməkdaşlarını görürdüm. Beynəlxalq festivaldakı operativliyi və peşəkarlığı, musiqi sənətinə ehtiram və məhəbbətlə yanaşması, bir gündə eyni vaxtda 5-6 məkandan çəkilişlər aparması və bunu ustalıqla efirdə canlandırması bir daha sübut etdi ki, bu kollektiv əsl peşəkarlardan ibarətdir. Onu da soruşub öyrənmişəm ki, kollektivin müxtəlif yaradıcı qrupları çəkilmiş onlarla saat materialdan neçə-neçə film, portret-oçerk, elmi-nəzəri, bədii-publisistik janrlı verilişlər hazırlayacaqlar. Qəzet vasitəsilə onlara bu şərəfli işdə yeni uğurlar arzulayıram.

Artıq bir neçə gündür “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı başa çatıb. Qonaqlar öz vətənlərinə qayıdıblar. Ancaq sənət adamları hələ də bu festivalın təəssüratı ilə yaşayırlar. Hansısa çıxışı təhlil edir, kiminsə daha yaxşı sənətkarlıq nümayiş etdirdiyini söyləyir, bir başqasının ifasının şirinliyindən danışırlar. Aramzıda fikir ayrılığı, müəyyən mübahisələr də olur. Lakin yekdilliklə və alovlu ehtirasla hamı bir ağızdan deyir:

Bu festival əsl milli bəşəri sənət bayramı idi! Bu festival Azərbaycan muğamının böyük zəfəri idi! Bu festival Azərbaycan muğamının gül-çiçək gülüstanına ilahi bir səyahət idi!

Bütün bunlar üçün bir daha Heydər Əliyev Fonduna ilk növbədə onun prezidenti Mehriban xanım Əliyevaya dərin ehtiram rəğbətimi çatdırmaq istəyirəm. Arzu edirəm ki, bu xanımda olan vətən qeyrəti, millət təəssübkeşliyi, sənətə məhəbbət, sənətkarlara hörmət duyğuları başqalarına da örnək olsun. Yalnız o zaman milli mədəniyyətimizi, o cümlədən musiqi sənətimizi bütün ləyaqət dəyəri ilə dünyaya tanıda bilərik.

 

 

Sabir MİRZƏYEV,

əməkdar artist

 

Xalq qəzeti.- 2009.- 15 aprel.- S. 7.